Keçmişin və
gələcəyin adamı
Bilirəm, bu sərlövhəni görəndə təvazökarlıq
edəcək. Ancaq mən də onun kimi oxuduqlarıma və
gördüklərimə inanıb dürüst olmaq istəyirəm,
indiyə qədər çəkdiyi zəhmətin bu tərifə
layiqliyini bilə-bilə söz əsirgəmək yox,
düşündüklərimi tamamilə yazıb Müsəllim
Həsənovu tanıyan insanlarla bölüşdürmək
niyyətindəyəm.
Keçən həftə onunla Milli
Kitabxanamızın mətbuat zalında rastlaşdıq.
"Kommunist" qəzetində 1945-1950-ci illərdə Həsən
bəy Zərdabi haqqında yazılanları axtarırdı.
Heç təəccüblənmədim, fikrim çox uzaqlara getdi. 1981-ci il
sentyabr ayının birinci günü yaradıcılıq
imtahanlarından bizə doğmalaşan müəllimlərimizlə
birlikdə dekanımız Tofiq Rüstəmov yenicə
jurnalistika fakültəsinə qəbul olunmuş tələbələri
H.Zərdabinin ziyarətinə aparıb, onun ənənəsinə
sadiq qalacağımıza inamını söyləmişdi.
Bizdən bir il əvvəl gənc Müsəllim də Fəxri
xiyabanda həmin günü yaşamışdı.
Tələbəlik illərimiz xoş xatirələrlə
və sevimli müəllimlərin dərsləri ilə həmişəlik
yadda qalıb.
Universitetə qəbul olunduğu il ingilis dili
imtahanında təsadüfən içəri girib
yaxşı cavab vermədiyi üçün Müsəllimə
pis qiymət yazmaq istəyən müəllimə mane olan
dekan - böyük şəxsiyyət T.Rüstəmovun sözlərini Müsəllim
heç zaman unutmayacaqdı: "Mən sadəcə
anlamışdım ki, jurnalistika fakültəsində
oxumağa layiqsən, amma hər hansı xırda bir nüans
səni kənarda qoya bilər. Ona görə mən sənə
yaxşılıq etmək istədim... Universiteti bitirəndən
sonra işsiz-gücsüz idim. Günlərin birində Abbas
Zamanov məni çağırıb dedi ki,
"Uçitelskaya qazeta"da iş var, səni
tapşırmışam. O vaxt A.Zamanov mənə təmənnasız
bir yaxşılıq etdi. Mən də sənə etdim, sən
də kiməsə edərsən".
Abbas Zamanov gələcəyin professoru Tofiq müəllim
kimi bir ziyalını, Tofiq Rüstəmov isə Müsəllimi
kəşf etmişdi.
Tofiq Rüstəmov bu cavan oğlanın gələcəyini
bəsirət gözü ilə görürmüş. O,
ümid edib ki, Milli mətbuatımızın qocaman
keşikçisi Qulam Məmmədlinin işini davam etdirəcək çox zəhmətkeş,
işdən qorxmayan bir jurnalist yetişdirmək
vaxtıdır. Əksəriyyət asanı seçir. Bəs
çətinliklərin öhdəsindən kim gələcək,
kim cəsarətlə klassik mətbuatın xəzinəsini
açıb aləmə bizim milli ziyamızı paylayacaq və
bu işdən ömrü boyu bezməyəcək?!
Jurnalistlər müxtəlifyönümlü, fərqli
üslüblu olduqları halda, bəzən eyni mövzuda
ixtisaslaşırlar. Gündəlik hadisələr, bədii
publisistika, ictimai-siyası problemlər və s. onların
peşəkarlıq sahəsi olur.
Mətbuatın keçmişi, tarixi ilə maraqlanan Müsəllim
bilirdi ki, onun gününün çox hissəsi arxivlərdə keçəcək.
Axtarışlar, tapıntılar yeni maraq doğuracaq və
onu xalqa hazır çatdırmaq üçün xeyli zəhmət
çəkəcək.
İlk yazısı məktəbdə oxuduğu zaman
rayon qəzetində çap üzü görüb, bir
pambıqçı haqqında idi. Univeristet illərində "Azərbaycan gəncləri"
qəzetində əməkdaşlıq edib, özü
demişkən "nədən və necə
yazmağı" peşəkar qəzetçi Şakir
Yaqubovdan öyrənib. Hətta, o zaman məşhur aktrisa Nəsibə
Zeynalovadan müsahibə alıb, "Mən yaxşı
qayınanayam" yazısı ilə tanınıb.
Gənc mütəxəssis kimi Azərbaycan Dövlət
Nəşriyyatında təyinatla işə başlayıb,
siyasi hadisələrinin tüğyan etdiyi (1985-1989) illərdə
orada siyasi şöbədə çalışıb. 1988-ci
ildə Bəxtiyar Vahabzadənin "Gəlin açıq
danışaq" (publisistika) kitabının redaktoru olub. Xalq
şairi Müsəllimin gələcəyinə böyük
hörmətlə yanaşıb, ona geniş müsahibə də
verib.
Qəzet işini daha çox sevdiyi üçün
1989-cu ildən 1997-ci ilə qədər müxtəlif qəzetlərdə
redaktor müavini və şöbə müdiri olub.
Yaradıcılığının ən məhsuldar
dövrü İctimai Televiziya ilə bağlıdır.
"XX yüzillik, faktlar, hadisələr və insanlar"
proqramının müəllifi və aparıcısı kimi
xalqın böyük rəğbətini qazanıb. Məsuliyyəti,
əməksevərliyi, işindəki
davamlılığı onun uğurlarına gedən yolda
yardımçısı olub, halal zəhmətindən
aldığı güc sözünə və səsinə
qüvvət verib. Amiranə səsiylə
"bilirsinizmi?" marağıyla geniş auditoriyanın
sevimli adamına çevrilib.
Müsəllimin "Fatehin divanı" verilişində
dedikləri: "Əsrin bir ilini araşdırmaq
üçün çox şey izləməlisən. Elə
1901-ci ilin hadisələrini yazmaqdan ötrü dövrün
bütün materiallarını, məsələn,
"Kaspi" qəzetinin tam nəşrini - 280 sayını
oxumaq gərəkdir ki, sənə vacib olanları seçəsən".
Ziyalı ömrünü kitabxanalarda, arxivlərdə
qəzet, jurnal, kitab qoxulu nostalgiya ilə yaşamaq,
yorğunluğu sözlərin izlərinə baxıb unutmaq
şərəfliir.
V. Şekspir "tarix hadisələrin
romanıdır" deyib:
1. Adi və qeyri-adi Amerika (Bakı - 2006)
2. Qərib məzarlar (Fransa, Bakı - 2006)
3. Azərbaycanda gəmiçilik: sənədli tarix
(Bakı -2018)
4. Nobellər neft, milyonçular və qoçular
şəhərində (Bakı - 2018)
5. Hacı Zeynalabdin Tağıyev (2022, 2024-cü ildə
təkrar nəşr edilib)
6. Neftimizin Avropaya uzun yolu
(Bakı - 2025)
Bu kitablarda Azərbaycan xalqının 125 illik tarixi
araşdırılıb. Keçmiş reallığı
yazmaq, öyrətmək üçün "tarixi oxuyaraq onu
sulamaq lazımdır" (Kazım Paşa, türk ordu
komandiri).
Müsəllim hadisələri o qədər həvəslə
danışır ki, auditoriyasının yaşı yoxdur,
hamı - uşaq da, böyük də maraqla dinləyir. O,
tarixin aşiqi və aşığıdır. Aristotel sanki
onun üçün "həqiqət axtarışından
kənarda keçirilən vaxta mən itirilmiş zaman kimi
baxıram" demişdi.
Elmi dərəcəsi olmayan (yəqin buna vaxtı
çatmayıb) 25 ildə 6 kitab, 20-yə yaxın film ssenarisi
və s. yazan, hər həftə televiziyanın ən popular
verilişini hazırlayan və bütün bu işlərin
açarını arxivlərdə axtaran bir adamın nə qədər
vaxtı olar ki. Bircə araşdırma ilə alimlik dərəcəsi
alan, sonra onu da unudan adamlar tanıyırıq. Bəzən
şöhrət üçün doktorant, dissertant olub quru
adla öyünənlər görmüşük ki, ziyalı
deyil.
Özünüdərketmə biliyi, davamlı
mücadiləsi, milli təfəkkürün rüşeyminin
araşdırılması və gələcək nəsillərə
ötürülməsi bir ziyalının vətəndaş
borcudur. Təkcə özü üçün yaşamayan,
elmi ilə bəşər tarixinə bir xalqın zəngin
keçmişini tanıdan alim kimi işləyib, mətbuat
işçisi kimi tanınan Müsəllim adı müəllim
sözü ilə kök qafiyədir.
Onun auditoriyasında eyni vaxtda milyonlarla dinləyici
olur. "Bilirsinizmi!" kəlməsi ilə
başladığı çıxışlarla müəllimləri
Tofiq Rüstəmovun, Şirməmməd Hüseynlinin, Nəsir
İmanquliyevin, Abbas Zamanovun, Qulu Xəlilovun, Əjdər
Xanbabayevin, Kamil Vəli Nərimanoğlunun,
Nəriman Zeynalovun və başqalarının ümidlərini
yaşadıb.
M.Həsənovun Hacı Zeynalabdin Tağıyev haqqında
yazdığı kitabı çapdan çıxanda "Azərnəşr"də
işlədiyim günləri xatırladım. Nəşriyyatımızın
qarşısındakı binanın zirzəmisində
milyonçunun xəstə qızı Sara Sarayeva -
Tağıyeva yaşayırdı. Biz gənclər ona hərdən
baş çəkər, yemək aparardıq. Zəmanəni
qınayar, ədalətsizliyə üsyan edərdik. Axı,
"Hacı Zeynalabdin Tağıyev təkcə maddi
baxımdan deyil, mənəvi baxımdan da milyoner idi"
(M.Ə.Rəsulzadə).
Müəllifin bu kitabı çox bərəkətli
olub, yəni 2024-cü ildə təkrar nəşr edilib.
"1961-ci ildə Sara
Sarayeva - Tağıyev artıq yeddinci il idi ki, hökumət
idarələrinin qapısını döyür, şikayət
ərizələri verirdi ki, tarixçilərin
Tağıyevin fəaliyyətinə kölgə salan
yazılarına son qoyulsun.
Atasının maarifçilik işinə dair kitab
üçün materiallar Sara xanımın daim özü ilə
gəzdirdiyi çantasında idi. "Kaspi" qəzetində
çap edilmiş, ayrı-ayrı yazıların, məktəb
və təhsil üçün Tağıyevə inqilabdan əvvəl
verilən arayışlar və məktubların makinada
yazılmış mətni və Sara xanımın illər
boyu qapı-qapı gəzib topladığı saralmış
vərəqlər. Bu kağızlarda atasını tanıyanların
danışdığı xatirlər çap
edilmişdi".
Müsəllim Həsənov "necə var, elə də
yazıram" deyərək, yalnız arxivdəki sənədlərə
əsaslanır. Dünyada tanınmış, əfsanələşmiş
əməlləri olan Hacı Zeynalabdin haqqında
yalanların və şayiələrin üstündən xətt
çəkir.
H.Z.Tağıyevin xeyriyyə işlərinin
siyahısı 127 səhifədən ibarətdir.
Ancaq zalım dövran onun savadlı, kübar
qızı Sara xanım Avropa generallarının və nazirlərinin
ziyafətə toplaşdığı dəbdəbəli
sarayda böyüsə də, ömrünün son günlərinədək
heç kəsin bəyənmədiyi zirzəmidə
yaşamışdı.
"Nobellər neft, milyonçular və qoçular
şəhərində" kitabını ərsəyə
çatdırmaq üçün gərgin əmək sərf
edən müəllifin əsas məqsədi Nobelləri
varlandıran Bakı neftinin dəyərini tarixə
yazmaqdır. Qara qızıl bu ölkə vətəndaşlarının xoşbəxtliyi
üçündür.
Lakin xalqın savadsızlığı ucbatından bu
sərvət mühacirlərin əlinə keçmişdi.
Nobel mükafatı insan əməyinə verilən qiymət
kimi dəyərli bir missiyanı daşısa da, indiyədək
heç bir azərbaycanlıya verilməyib.
Nobel qardaşları və onların təsis etdiyi
mükafat və mükafatçılar haqqında çox
şey yazılıb. Müsəllim Həsənov isə
"Nobellər neft, milyonçular və qoçular şəhərində"
kitabı ilə Bakı neftinin tarixini araşdırır:
"Robert Nobel niyə məhz Nargin adasını almaq istədiyini
belə izah edirdi: "Bakı buxtasının sahillərində
fərqli torpaq sahələrinə sahiblik məsələsi hələ
dəqiq müəyyənləşdirilməyib. Nargin
adası isə mülkiyyət kimi heç bir mübahisə
doğurmurdu". O, həm də bu adanı 24 illiyə icarəyə
götürmək istəyirdi.
Çünki bu şərt daxilində Qafqaz
canişinindən icazəni daha tez ala biləcəyini və
qısa vaxtda işə başlayacağını
düşünürdü".
Bütün sənədləri - ərizə, etibarnamə,
qərar, məktub və s. köhnə idarə və komitələrdən
tapıb hazır şəkildə dövlətimizə -
bütün azərbaycanlılara təqdim etmək Əməkdar
mədəniyyət işçisinin xalqına bəxşişidir.
Publisist yenə qələmini ("Qızıl qələmi"i
olmasa da) qara qızıla batırıb yazmaqda davam edir.
"Neftimizin Avropaya uzun yolu" (2025) yenicə
çapdan çıxıb.
Məşhur televiziya aparıcısı salnaməçi
peşəsinə sadiq qalıb 20-dən çox sənədli
filmin ssenarisini yazıb, həm də səsləndirib.
"Səbrli adam M.Ə.Sabir" (2022) filmi ilk heykəlləşən
müsəlman şairinə həsr olunub. Şeirləri
işıq üzü görməsə də, yazmaqdan
usanmayan, onlara "ziyan-zaval" dəyməsin deyə
"Hophopnamə" yazıb saxlayan publisist-satirik şairə
2 dəfə (birincisi gipsdən olub, dağılıb) heykəl
qoyan, açılış mərasimi təşkil edən
sovet hökumətinin sənədlərini ələk-vələk
edib, gizlinləri açıb töküb.
Müsəllim Həsənovun mövzuları ciddi,
faktları sərt olsa da, yazı üslubu sadədir. Səsi
özünəinamla doludur. Bu səs Şuşanın
başı dumanlı dağlarında da əks-səda verib.
"Şuşanın dağları başı
dumanlı" mahnısının adını sənədli filminə verəndə onun
zaman-zaman duman üstünə çökən tarixini
aydınlaşdırmaq məqsədilə Qalaya əlidolu
gedib.
Qarabağın keşməkeşli dövrlərini
dönə-dönə vərəqləyib "270 səhifə"ni
yazsa da, yenə qədim, gözəl Şuşanı arxivlərdən
axtarıb tapmaqda davam edir, yazır, səsləndirir -
nağıl kimi. Elə danışır ki, sanki İsa
bulağının suyu səsinə məlhəm olub.
Uşaqlara bu filmi göstərməklə, inanın ki, tarixi
sevdirmək olar. Məktəblərdə ədəbiyyat,
tarix, coğrafiya, musiqi dərslərində də müəllimlər
bu sənədli sərvətdən istifadə edə bilərlər.
Şuşa fatehlərini tanıtmaq üçün
Şuşanı görmək, tarixi unutmamaq üçün
Şuşanı sevib qorumaq gənc nəslə tövsiyə
ediləndə, əyani vəsait kimi bu filmlərdən bəhrələnmək
yerinə düşər.
Müsəllim sənətinin vurğunu olduğu
üçün heç yorulmur, yorulmasın da.
Çünki onun bərk yapışdığı hər
işin nəticəsi həmişə uğurludu. Bu
uğurun zəhmətlə, təmannasız xeyirxahlıqla
bağlılığı gizlin deyil, onun
araşdırmaları kimi hər şey həqiqətdən,
gerçək olana sadiqlikdən mayalanıb yaranır. Həmişə
haqlı olan tarix belə yazılır. Yazılır ki,
oxunsun, yaşasın və unudulmasın.
Tamella HƏMİDQIZI
525-ci qəzet .- 2025.- 17 iyul(¹123).-S.13.