Laçınlı
Sultanovların savaşı
Qarabağın tanınmış və köklü nəsillərindən
biri də Sultanovlardır. Onlar XVIII əsrdən
Qarabağın Hacısamlı nahiyəsinin
Qasımuşağı obasında yaşayıblar. Bu nəslin
yetirdiyi dövlət adamları, ictimai xadimlər,
döyüşçülər, ziyalılar onun tarixi
missiyasını və mənəvi
böyüklüyünü nümayiş etdirir.
Elə görkəmli şəxsiyyətlərdən
biri tələbəlik zamanında sol gözünü bir
qadını qorumaq naminə dueldə fəda edən, Bakı
Müsəlman Xeyriyyə Cəmiyyətinin baş müvəkkili,
Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, daha
sonra kənd təsərrüfatı və dövlət əmlakı
naziri, Qarabağın general-qubernatoru doktor Xosrov Paşa bəy
Sultanovdur.
Azərbaycanın xalq qəhrəmanı, Zəngəzur
Milli Polis Dəstəsinin rəisi, erməni
terrorçularının qənimi Sultan bəy Sultanov və
İttihad Partiyasının Təbriz komitəsinin rəhbəri,
Güney Azərbaycanda mühacirlərin partizan dəstəsinin
rəisi İsgəndər bəy Sultanov (Paşa bəy
oğlu) da bu nəslin parlaq nümayəndələri
arasındadırlar.
Sultanovların mübarizliyi onlara əcdadlarından
qalmış mirasdır. Bu nəslin nümayəndələrində
müşahidə olunan döyüşkənlik, müdriklik,
alicənablıq, xeyirxahlıq, vətənpərvərlik və
xalqa bağlılıq kimi xüsusiyyətlər
Sultanovların atası Əlipaşa bəy Sultanovun xarakteri
idi. Əlipaşa bəy Sultanov (qısaca Paşa bəy)
1843-cü ildə Zəngəzurun Hacısamlı
mahalının Qasımuşağı obasında dünyaya gəlib
(Nazir Əhmədli, "Zəngəzur qəzasının
kameral təsviri", 2022).
Sultanovlar ulu babaları Nəbi oğlu
Xıdırın adı ilə əlaqədar
Qasımuşağı obasının Nəbioğlu nəslinin
Xıdırlar qoluna mənsubdurlar. Paşa bəyin atası
Xıdır oğlu Xanmurad bəy mahalın əsas mülkədarlarından
biri olaraq zəhmətlə qurduğu böyük təsərrüfata
sahib idi. Zəngəzur nahiyəsinin bəylərinin
1863-cü il siyahısında Qasımuşağı
obasının Qurdqacı kəndindən 20 yaşlı
Paşa bəyin adı qeyd olunub (ARDTA, F.10, s.1, s.v.135 - Nazir
Əhmədli, "Zəngəzur qəzasının kameral təsviri",
2022).
Paşa bəy bəyliyini kağız üzərində
deyil, qanı, canı bahasına döyüş meydanında
təsdiqləmişdi. 1905-1906-cı illərdə erməni
quldur dəstələri müsəlman kəndlərinə
hücum edərək xüsusi amansızlıqla qətliam
törətdikləri zaman Paşa bəy könüllülər
dəstəsi ilə xalqın köməyinə çataraq
bir çox qırğının və bölgədə
baş verə biləcək daha böyük
soyqırımının qarşısını alıb.
Sultanovlar yalnız döyüş meydanında deyil,
elm və təhsil yolunda da irəlidə olaraq həm silahla, həm
də qələmlə millətinə xidmət edən
nüfuzlu nəsillərdən biri kimi tarixə həkk
olublar. Beş xarici dil bilən Xosrov bəy təhsil
aldığı dövrdə Gəncə Kişi
Gimnaziyasını qızıl medalla bitirən yeganə azərbaycanlı
olub (ARDTA, F.319, s.4, s.v.2090) və Xarkov Universitetində, daha
sonra Novorossiya Universitetində tibb təhsili alıb.
Bu nəslin ziyalıları sırasında Azərbaycanın
ilk qadın pedaqoqlarından biri (Rafiq Səfərov,
"Rus-tatar qadın məktəbinin tanınmış
pedaqoqu Leyla xanım Rüstəm bəy qızı
Sultanovanın həyatı və pedaqoji fəaliyyəti
haqqında bəzi qeydlər", 26 yanvar 2024), fəlsəfə
elmləri doktoru, repressiya qurbanı Leyla xanım
Sultanovanın, Azərbaycanın ilk mühəndis-texnoloqlarından
biri, Azərbaycan Xalq Cümhuriyyətinin hökumət
zavodları müdiri, Azneftin mühəndisi, repressiya qurbanı
Rüstəm bəy Sultanovun və Bakının azad edilməsi
uğrunda Qafqaz İslam Ordusu ilə birgə
döyüşmüş, 1919-cu ildə Qarabağın
general-qubernatorunun yavəri olmuş, ermənilərlə
döyüşdə əmisi Xosrov bəy kimi sol
gözünü qurban vermiş, Osmanlının "Məcidiyyə"
ordeni ilə təltif edilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin
dəstəyi ilə Berlin Texniki Universitetində ali təhsil
almış, repressiya qurbanı, mühəndis İsgəndər
bəy Sultanovun (Rüstəm bəy oğlu) adlarını
xüsusən qeyd etmək lazımdır (Misir Mərdanov,
Ədalət Tahirzadə, "1920-ci ilədək ali məktəblərdə
oxumuş azərbaycanlılar", VII cild, 2022).
Sultanovlar Zəngəzurda ilk genişmiqyaslı ticarətin,
köklü iqtisadiyyatın təməlini qoyanlardandırlar.
Onlar böyük fermer təsərrüfatı qurmaqla Avropadan
cins mal-davar gətirib Zəngəzur yaylaqlarında
saxlayırdılar. Daha sonra işi təkmilləşdirib yeni
iribuynuzlu heyvan cinsi yetişdiriblər. Bu yeni cins
Hacısamlı bölgəsinin adı ilə
"Hacısamlı cinsi" adlandırılıb. Sultanovlar
bu işi o qədər inkişaf etdirmişdilər ki, təsərrüfat
indiki Laçın rayonunun böyük ərazisini, neçə-neçə
kənd və yaylağı əhatə edirdi. Hətta onlar kənddə
süd emalı zavodu tikdirib yaylaqdan bu zavoda saxsı boru xətti
çəkdirmişdilər. Yaylaqda heyvanlardan əldə
edilmiş süd bu boru xətti vasitəsilə zavoda gəlib
emal edilirdi.
Sultanovların geniş imkanlara malik təsərrüfatları
Azərbaycan Xalq Cümhuriyyəti dövründə də
diqqətdən kənarda qalmayıb. AXC parlamentinin
üzvü Qara bəy Əliverdilər 1919-cu ildə
Şuşada ümumqarabağ müəllimlərinin
qurultayında Şuşa qəzasının Ağdam və Zəngəzur
qəzasının Hacısamlı kəndlərində kənd
təsərrüfatı məktəblərinin
açılması haqqında məsələ
qaldırmışdı. O belə bir fikri parlamentdə də
səsləndirmişdi (Ənvər Çingizoğlu,
"Qara bəy Əliverdilər: Cümhuriyyət
deputatı", 12 iyun 2020).
Sultanovlar iribuynuzlu heyvan təsərrüfatından əlavə
atçılıqla da məşğul olublar. Böyük
ilxılara malik olan Sultanovlar Hacısamlıda naxırları
saxlamaq üçün inşa etdirdikləri təsərrüfat
binaları ilə yanaşı, at saxlama və yetişdirmə
binaları da inşa etdiriblər. Həmin binalardan bəzilərinin
qalıqları bu günə qədər qalır. Sultanovlar
Azərbaycan Xalq Cümhuriyyəti zamanında öz
ilxılarını döyüşçülərə
paylayaraq süvari dəstələrin formalaşmasına dəstək
olublar. Sovet dövründə isə Laçın rayonunun ən
böyük südçülük və damazlıq sovxozu olan
Nağdalı sovxozu məhz Sultanovların müsadirə
edilmiş təsərrüfatları üzərində
qurulmuşdu. Nağdalı sovxozu çox böyük
olduğu üçün nəinki digər kəndlərdən,
hətta digər bölgələrdən də işləmək
üçün buraya gələnlər olub.
Sultanovlar təkcə kənd təsərrüfatı
ilə deyil, eyni zamanda taxta istehsalı ilə də bölgənin
iqtisadi inkişafına ciddi töhfələr veriblər.
Hacısamlı bölgəsi dünyaca məşhur
Qırmızı palıd meşələri ilə zəngindir.
Nadir ağac növlərindən biri olan Qırmızı
palıd ağaclarının dəyəri, keyfiyyəti qədər
tələbatı da yüksəkdir. Bunun fərqində olan
Paşa bəy Sultanov Qarabağın təbii sərvətini
xaricdə tanıtdırıb bölgə əhalisinin
rifahını yüksəltmək məqsədilə
müasir Hacısamlı kəndi ərazisində taxta
emalı zavodu inşa etdirib. Zavodun inşasını və
onun qurğularının quraşdırılmasını
alman mütəxəssislər həyata keçirib.
Hacısamlı zavodunda emal edilmiş taxtalar, eləcə də
təsərrüfatdan əldə edilmiş yağ-pendir məhsulları
Avropaya ixrac edilib və əsas alıcılar sırasında
fransızlar üstünlük təşkil edib. Fransaya ixrac
edilən məhsulların aparıldığı yolu yerli əhali
"Firəng yolu" adlandırıb. Zavodun fəaliyyəti
bolşevik işğalı nəticəsində
dayandırılsa da, İkinci Dünya müharibəsindən
sonra bərpa edilib. Hacısamlıdakı taxta emalı
zavodunun qalıqları və Qırxqız
yaylağındakı "Firəng yolu" bu günə qədər
qalır.
Sultanovlar iqtisadi sahədəki uğurları ilə
yanaşı, həm də vətənin və millətin
müdafiəsi naminə döyüş meydanında göstərdikləri
fədakarlıqla seçiliblər. Paşa bəy Sultanov
1905-1906-cı illərdə ermənilərin törətdikləri
qırğınlar zamanı öz könüllü dəstəsi
ilə önə çıxaraq erməni
terrorçularına qarşı qətiyyətlə
mübarizə aparıb. Şuşalı tarixçi,
yazıçı, alim Mir Möhsün Nəvvab da
özünün "1905-1906-cı illərdə erməni-müsəlman
davası" kitabında Paşa bəyin mübarizəsi
haqqında təfərrüatlı məlumatlar qeyd edib. Bu
döyüşlərdə Paşa bəyin ən yaxın
silahdaşlarından biri böyük oğlu Sultan bəy olub.
Sultan bəy Sultanov 1871-ci ildə Zəngəzur qəzasının
Hacısamlı nahiyəsinin Qasımuşağı
obasının Qurdqacı kəndində dünyaya gəlib.
Onun anası Qarabağın Pərioğlu bəylərinin
qızı Bəyim xanım olub. Atası Paşa bəy isə
Qasımuşağı tayfasına mənsub olub və öz
dövrünün mütərəqqi, müdrik, səxavətli
bəylərindən idi. Digər övladları kimi, Sultan bəyi
də uşaq yaşlarından elm, təhsil yoluna yönəldib.
Sultan bəy Şuşada və Gəncədə oxuduqdan sonra
Sankt-Peterburq şəhərində hərbi təhsil alsa da,
naməlum səbəbdən təhsilini yarımçıq
qoyub. O, Qarabağ və ətraf bölgələrdə
1905-1906-cı illərdə ermənilərə qarşı
mübarizə aparması ilə tanınıb. 1918-ci ildə
Şuşaya soxulub bütün Qarabağı Ermənistana
birləşdirmək istəyən erməni silahlı birləşmələrinin
başçısı Andranik Ozanyanın bir neçə
minlik qoşununu cəmi bir neçə yüz nəfərlik
könüllülər dəstəsi ilə indiki
Laçın rayonu ərazisində darmadağın edib.
Döyüş zamanı işğalçı qüvvələr
o qədər itki verib ki, hadisə baş verən dərədə
çay bir neçə gün qanlı axıb. Ona görə
el arasında bu yerə "Qanlı dərə" deyilir. Bu
hadisədən sonra Sultan bəyin şöhrəti, nüfuzu
Qarabağı aşıb və xalqın ona olan etimadı, rəğbəti
daha da artıb. Hətta bu döyüş bolşeviklər arasında
da böyük əks-səda yaradıb. Şiddətli
qarşıdurmanın nəticəsindən təşvişə
düşən Stalinin yaxın yoldaşlarından Serqo
Orconikidze 1918-ci il oktyabrın 12-də Vladimir Leninə
ünvanladığı teleqramda Andranikin Qarabağda
öldürüldüyünü və ermənilərin Sovet
Rusiyasından kömək gözlədiklərini bildirib
(Teleqramma Q.K. Ordjonikidze V.İ. Leninu o polojenii na Kavkaze i Kubani.
Vladikavkaz, 12 oktəbrə 1918 q. // Q.K. Ordjonikidze. Statği i
reçi, 1956, t. I, str. 44-45.).
Xosrov bəy Sultanov Qarabağın general-qubernatoru təyin
ediləndən sonra qardaşı Sultan bəy Sultanov Zəngəzur
Milli Polis Dəstəsinin rəisi təyin edilib və qısa
zaman ərzində iki min nəfərədək təlim
görmüş silahlı dəstə
formalaşdırıb. Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi
orqanı olan "Azərbaycan" qəzetində ölkəsi
üçün göstərdiyi xidmətlər sayəsində
sağlığında xalq qəhrəmanı adı
almış Sultan bəyin şəninə təriflər,
alqış və dualar dərc edildiyi kimi, onun polis rəisi
olmasını bildirən yazılar da var.
Sultan bəy Sultanov tarixdə daha çox Qarabağda
işğalçı erməni dəstələrinə
qarşı apardığı mübarizə ilə
tanınır. Onun bolşeviklərə qarşı
apardığı mübarizəsi, həyata keçirdiyi əməliyyatlar
haqqında məlumat azdır, xüsusən 1920-1923-cü illərdəki
fəaliyyəti az araşdırılıb. Xarici qəzet
arxivlərindən əldə etdiyim məlumatlardan aşkar
olur ki, Sultan bəy Sultanov 1920-ci ilədək erməni
işğalçılarına qarşı uğurla
mübarizə apardığı kimi, 1920-ci ildən sonra da
sovet işğalına qarşı dəyanətlə
müqavimət göstərib. Sultan bəyin antibolşevik
mübarizəsi dünya qəzetlərində gündəm
yaradacaq qədər böyük təsirə malik olub. O nəinki
sovet işğalını qəbul edib, eyni zamanda Şuşa
şəhərinə daxil olaraq Qarabağın hakimiyyətini
bolşeviklərdən geri alıb. Bu barədə
Böyük Britaniyanın "The Guardian" qəzeti 4 iyun
1921-ci ildə belə yazır: "Tiflisdən məlumat
verildi ki, çoxsaylı dəstələr məşhur
Sultanovun rəhbərliyi altında Şuşa şəhərinə
daxil oldu. Beləliklə, bütün Qarabağ bolşeviklərdən
azad edildi".
Fransanın "Le Temps" qəzeti isə 30 iyun
1921-ci ildə yazır ki, Qarabağın keçmiş
general-qubernatorunun qardaşı Sultan bəy Sultanovun rəhbərlik
etdiyi üsyan yatırıla bilmir və getdikcə daha
geniş ərazilərə yayılır. Qəzetdə
üsyançıların yüksək manevr qabiliyyəti,
çətin relyef, rabitə
çatışmazlığı və əhalinin
bolşeviklərə qarşı düşmənliyi səbəbindən
Qırmızı Ordunun üsyançıları
dayandırmaqda aciz qaldığı bildirilir. Bolşeviklərin
irəli sürdüyü bütün təklifləri rədd
etdiyi üçün onlar Sultan bəyi hədələrlə
qorxutmağa çalışıblar. Həmçinin qəzetdə
Qarabağda yaşayan xalqların həmrəyliklə Sultan bəyin
rəhbərliyi altında bolşeviklərə qarşı
birgə mübarizə apardıqları qeyd olunub. Xəbərdən
belə məlum olur ki, bolşeviklər Sultan bəyi silah
gücü ilə özlərinə tabe edə bilməyərək
yeni təzyiq metodlarından istifadə ediblər. 11 iyun 1921-ci
ildə Sultan bəy Sultanovun qardaşı Rüstəm bəyin
qızı, tanınmış pedaqoq Leyla xanım Sultanova həbs
edilib (Şəlalə Məmmədova, "Anaların fəryadı",
2006). Böyük ehtimal ki, bolşeviklər Leyla xanımı
həbs etməklə Sultan bəyin müqavimətini
qırmaq istəyiblər, fəqət faydası olmayıb.
Sultan bəy sadəcə bir sərkərdə kimi deyil, həm
də xalqının milli qürurunu təmsil edən lider kimi
davranırdı. Onun rəhbərlik etdiyi və gündən-günə
sayı artan könüllü dəstələr təkcə
hərbi baxımdan deyil, eləcə də mənəvi baxımdan
xalqın dayağına çevrilmişdi.
5 iyul 1921-ci ildə Almaniyanın "Deutsche Allgemeine
Zeitung" qəzetinin yazdığına görə, Sultan bəy
Sultanovun rəhbərliyi altında birləşmiş hərbi
qüvvələr Qarabağda bolşeviklərə
qarşı uğurlar əldə edib. Müxtəlif xalqlar,
tayfa süvariləri Sultan bəyin silahlı qüvvələrinə
qoşulub. Bolşeviklərə qarşı üsyanlar həm
Qara dəniz sahilindəki dağlıq ərazilərdə
yaşayan abxazlar, həm də Qafqaz və
Dağıstandakı zabitlər arasında baş
qaldırmaqdadır. Xəbərdə həmçinin Batumi
dairəsinin və Acarıstanın Sovet
Gürcüstanından ayrılması da əhalinin
bolşevik iqtisadi sistemindən narazılığının
artmasının sübutu kimi qiymətləndirilib.
Böyük Britaniyanın "Evening Standard" və
"The Guardian" qəzetləri də Sultan bəydən
yazır. 19 iyul 1921-ci il: "Londondakı Azərbaycan
İnformasiya Bürosunun məlumatına görə,
Zaqafqaziya dövləti olan Azərbaycanda antibolşevik
üsyanı genişlənir. Bütün Qarabağ bölgəsi
hərəkatın başında duran Sultanovun nəzarətindədir.
Beş yüz bolşevik əsir götürülüb,
qalanları isə geri çəkilməyə məcbur
olub".
London qəzetlərində dərc edilmiş bu xəbərdən
aydın olur ki, bolşeviklər Qarabağda tam nəzarəti
əlində saxlayan Sultan bəy Sultanova növbəti dəfə
məğlub olublar. Onların 500 əsir verərək geri
çəkilməsi siyasi sadəlövhlük və hərbi-strateji
xamlıq əlaməti kimi qiymətləndirilir.
Sultan bəy Sultanovu sovetlərin gələcəyi
üçün təhlükə hesab edən bolşeviklər
ona qarşı daha ciddi tədbirlər görmək qərarına
gəlirlər. Qızıl Ordu komandanlarından general Mixail
Levandovski qoşunu ilə birlikdə Sultan bəy Sultanovun
üzərinə göndərilir. General Levandovski
Qızıl Ordunun peşəkar zabitlərindən idi. Hərbi
təhsil aldıqdan sonra Birinci Dünya müharibəsində
müxtəlif cəbhələrdə döyüş yolu
keçib və daha sonra Rusiyadakı vətəndaş
müharibəsində fəal iştirak edib. O, 9-cu
Qızıl Ordunun və Bakını işğal edən
11-ci Qızıl Ordunun komandanı, o cümlədən Azərbaycan
Xalq Cümhuriyyətinin devrilməsinin əsas
icraçılarından biri olub. General Levandovski
Gürcüstanda sovet hökumətinin qurulması
üçün hərbi əməliyyatlarda iştirak etdiyi
kimi, Dağıstanda da antisovet qiyamın
yatırılmasına rəhbərlik edib. "Müqəddəs
Vladimir" ordeni, "Müqəddəs Anna" ordeni, iki dəfə
"Müqəddəs Stanislav" ordeni,
"Qırmızı Bayraq" ordeni və digər
mükafatlarla təltif edilib. General Levandovski güclü komandan
olsa da, nə Sultan bəyi devirə, nə də onun müstəqillik
qiyamını yatıra bildi. Sultan bəy Qarabağa soxulan
Qızıl Ordu hissələrinin 4000 nəfərini
yararsız hala saldı. 1000 ölü, 3000 yaralısı olan
bolşevik qoşunu dağıdıldı və onların 6
topu, 18 pulemyotu və bütün sursat ehtiyatları qənimət
olaraq götürüldü. Bununla da işğalçı
general Levandovskinin rütbəsi, bütün hərbi təltifləri
və cəbhələrdə qazandığı nüfuzu
Qarabağda heçə çevrildi. Bu döyüş qətiyyət
və vətənpərvərlik ruhunun qalib gəldiyi iradə
savaşı idi.
General Levandovski bu döyüş zamanı yalnız
Qarabağ döyüşçülərinin əzmini deyil,
eyni zamanda Qurdqacı kimi münbit və sərt təbiətə
malik bir məkanda doğulub böyüməyin nə demək
olduğunu da yaxından gördü. Sultan bəyin doğulub
böyüdüyü, dağlarla əhatə olunmuş
Qurdqacı kəndinin adı etimoloji baxımdan "qurd dərəsi",
"qurdlar oylağı" anlamına gəlir. Elə o da bu
vəhşi təbiətin sərtliyini və azad ruhunu
özündə daşıyaraq el-obasını işğal
etməyə gələnlərə qarşı həmin təbiətin
formalaşdırdığı möhkəm xarakterlə -
dönməzlik və cəsarətlə cavab verdi.
Sultan bəyin qazandığı qələbə
Avropa və Amerikanın aparıcı mətbu orqanlarından
olan "The Washington Post" (Vaşinqton, ABŞ), "Tampa
Bay Times" (Florida, ABŞ), "Le Matin" (Paris, Fransa),
"Daily Chronicle" (London, Böyük Britaniya) kimi
nüfuzlu nəşrlər də daxil olmaqla 20 müxtəlif
qəzetdə dərc edilib. Xəbərlərin məzmunca
eyni olmasını nəzərə alaraq bu yazıda onlardan
yalnız birini təqdim etməyimiz kifayətdir.
"Daily Chronicle" (London) 6 oktyabr 1921-ci ildəki
yazısını "Sovetlərin geriləməsi. Azərbaycandakı
döyüşlərdə 1000 ölü və 3000
yaralı" başlığı ilə dərc edib: "Azərbaycan
İnformasiya Bürosunun verdiyi bəyanata görə, Azərbaycan
Respublikasında baş qaldıran antisovet üsyanı getdikcə
daha da güclənir və intensivləşir. Qarabağda son
döyüşlərdə Rusiya Qırmızı Ordusu
ağır itkilər verib - 1000 nəfər həlak olub, 3000
nəfər yaralanıb. Bundan əlavə, sovet
qoşunları 6 top, 18 pulemyot və bütün sursat
ehtiyatlarını itirib. Üsyançı hərəkata Azərbaycan
vətənpərvəri Sultan bəy Sultanov rəhbərlik
edir".
Sultan bəy üçün vətənin müdafiəsi
milli hökumətin mövcud olub-olmamasından asılı
olmayıb. O, istər çar Rusiyası dövründə,
istər Azərbaycan Xalq Cümhuriyyəti dövründə,
istərsə də sovet hakimiyyəti dövründə vətəninin,
millətinin müdafiəsi naminə qətiyyətlə
mübarizə aparıb. O, sanki "Dövlət süqut etsə
də, burada dövlət yerindədir!" deyərək
özü var olduqca vətəninin, millətinin, dövlətinin
müstəqilliyini qoruyub yaşadıb.
Sultan bəy daha iki il də Qarabağda yaşayaraq
mübarizəsini davam etdirib. Rusiya Dövlət Hərb
Arxivində saxlanılan, 1922-ci ilə aid sənəddə
qeyd olunur ki, kəşfiyyat məlumatlarına əsasən,
1921-ci ildə Qırmızı Orduya qarşı əməliyyatlar
aparan Sultan bəy Sultanov yenidən dəstə təşkil
edir, onun adamları Şuşada və ətraf ərazilərdə
tələsik silah və patron alır. Məlumatda Sultanovun qərargahının
Şuşadan 3 verst aralıda, Çurmanda (Çormanda) yerləşdiyi
bildirilib (Mustafazadə T., Əliyeva F., 2023. Rusiya Dövlət
Hərb Arxivi Materialları: 1920-1922-ci illərdə Azərbaycanda
hərbi-siyasi durumu öyrənmək üçün mənbə
kimi. Akademik Tarih ve Düşünce Dergisi, 10(2), 43-61). Bu arxiv
sənədindəki məlumatdan da görünür ki, Sultan
bəy növbəti illərdə də geri çəkilməyib,
əksinə, yenidən dəstə formalaşdıraraq
mübarizə üçün səfərbər olub. Sultan bəy
Sultanovun indiki Laçın rayonu Yuxarı Çorman kəndi
ərazisindəki mülkünün qalıqları bu günə
qədər qalmaqdadır.
Hərbi güclə Sultan bəyi özlərinə
tabe edə bilməyən bolşeviklər digər təzyiq
yollarına əl atıblar, fitnə-fəsad yaymaqla, nəsillər
arasında düşmənlik, dostlar arasında kin-küdurət
yaratmaqla və həvəsləndirici vədlər verməklə
Qarabağın vətənpərvər müdafiəçilərini
daxildən sarsıdıb parçalamağa
çalışıblar. Şura hökuməti Sultan bəyə
də Sovet Azərbaycanında yüksək vəzifə təklif
etmişdi, lakin Sultan bəy nə sovet hakimiyyətini
tanıdı, nə də onların təklifini qəbul etdi.
Sovet xüsusi xidmət orqanlarının çevrəsinə
yeridə bildiyi casuslar Sultan bəyə sui-qəsd də edib.
Ağır yaralanmasına baxmayaraq, tez zamanda ayağa
qalxır, lakin birliyin pozulduğunu, fitnə və
parçalanmanın dərinləşdiyini gördükdə
mübarizəsini Güney Azərbaycanda sürdürmək qərarına
gəlir.
1923-cü ilin noyabr ayında Araz çayını
keçərək qardaşları İsgəndər bəy,
Zülfüqar bəy və bəzi tərəfdaşları
ilə birgə Qacarlar İmperiyasına mühacirət edir. Onlar
digər qardaşları Xosrov bəy Sultanovun da dəstəyi
ilə Azərbaycandakı sovet rejiminə qarşı 1931-ci
ilədək Güney Azərbaycanda mübarizə
aparırlar. Sultanovlar İranda İttihad Partiyasının
Tehran və Təbriz komitələrini yaradırlar. İsgəndər
bəy Sultanov İttihad Partiyasının Təbriz komitəsinin
sədri olmaqla yanaşı, partizan dəstəsinə də
rəhbərlik edir. Eləcə də Sultan bəy mühacirləri
ətrafına toplayaraq təşkilatlandırır. "Odlu
Yurt" jurnalının 1 dekabr 1930-cu il
buraxılışına əsasən, 1930-cu ilin noyabr
ayında partizan dəstəsinin rəisi Sultanov (böyük
ehtimal ki, İsgəndər bəy Sultanov) Qarabağda
Qızıl Ordu birləşmələri ilə şiddətli
çarpışmada həlak olur. Sultan bəy isə Təbrizdə
həbs edilir (Musa Qasımlı, "Azerbaycan Türklerinin
Milli Mücadele Tarihi. 1920-1945", 2006) və Dokumentı
vneşney politiki SSSR. T. XIII. 1 ənvarə-31 dekabrə 1930 q.
/M-vo inostr. del SSSR. - M.: Politizdat, 1967. - 886 s.). Həmin
dövrdə azərbaycanlı üsyançıları zərərsizləşdirmək
məqsədilə sovet hərbi birləşmələri sərhədləri
aşaraq İran ərazisinə yeridilir və antibolşevik hərəkatı
zəiflətmək üçün başqa tədbirlər
görülür. Mərhum tarixçi, professor Nəsiman
Yaqublunun Xosrov bəy Sultanovun 140 illik yubiley tədbirində
söylədiyi fikrə görə, Azərbaycan-İran sərhədinə
tikanlı məftillərin çəkilməsi Sultanov
qardaşlarının Güney Azərbaycandakı
antibolşevik fəaliyyətləri ilə
bağlıdır.
Sultan bəy Sultanov 1931-ci ildə Türkiyəyə
mühacirət etməli olub. Sultan bəy özü vətənindən
didərgin düşdüyü halda ailəsi və
qohumları da 1937-ci ildə repressiyaya məruz qalıb, vətəndən
sürgün ediliblər. Sultan bəyin ailə üzvlərindən
bəziləri 1956-cı ildə vətənə geri dönsə
də, qardaşı Rüstəm bəy Sultanov və onun
oğlu İsgəndər bəy sürgündə müəmmalı
şəkildə həyatlarını itirib və bir neçə
qohumuna sovet xüsusi xidmət orqanlarının qərarı
ilə güllələnmə hökmü verilib.
Sultanovların zirvə şəxsiyyətlərindən
biri olan Sultan bəy Sultanovun vətəni, milləti
uğrunda keçən şərəfli və məşəqqətli
ömrü 1942-ci ilin aprel ayında Türkiyədə
başa çatıb.
Sultan bəy Sultanovun xidmət etdiyi, uğrunda
mübarizə apardığı vətəni bu gün
müstəqildir və gündən-günə dirçəlir.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müzəffər
ordumuzun qüdrəti, xalqımızın həmrəyliyi,
şəhidlərimizin və qazilərimizin qanı
hesabına Qarabağ, Şərqi Zəngəzur və o
cümlədən Sultan bəyin doğma yurdu Laçın
erməni işğalından azad edilib.
Azərbaycan sovet əsarətindən xilas olub öz
müstəqilliyini bərpa edəndən sonra Sultanovlara
layiqli dəyər verilib. Prezident Heydər Əliyev 6 may
1996-cı ildə Şuşa və Laçın rayonları
sakinlərinin bir qrupu ilə görüşəndə Azərbaycanın
xalq qəhrəmanı Sultan bəy Sultanovu xüsusi
xatırlamış və onun xidmətlərini yüksək
qiymətləndirmişdi. 2012-ci ildə Ağcabədi
rayonunun Taxtakörpü qəsəbəsində Sultan bəy
Sultanovun 140 illiyinə həsr olunmuş təntənəli
yubiley tədbiri keçirilib. 28 may 2023-cü ildə isə
Prezident İlham Əliyevin iştirakı ilə
Laçın şəhərində Xosrov bəy Sultanov
küçəsinin açılışı olub.
Mən inanıram ki, Qarabağın iqtisadi və hərbi
quruculuğunda mühüm izlər qoymuş Sultanovlara məxsus,
müsadirə edilmiş və işğal dövründə
erməni vandalizminə məruz qalmış bütün
mülklər dövlətimizin nəzarəti altında tarixi
həqiqətlərə və ilkin görkəminə
uyğun şəkildə bərpa olunacaq.
Toğrul MAHMUDLU
ADA Universitetinin tələbəsi
525-ci qəzet .- 2025.- 17 iyul(№123).-S.10-11.