Bir həyat hekayəti  

 

 

İlğım

 

- Qağa, nə olar, mənə də gilas at da... Nə olar, Fərhi, mən də gilas istəyirəm e...

8-9 yaşlarında bir qız uşağı gilas ağacının altında dayanıb qardaşına yalvarırdı:

- Qurban olum, mənə də at, mən də yeyim. May gilasından xoşum gəlir. Ölürəm gilasdan ötrü!

Bacısının “Fərhi” deyə çağırdığı oğlan ağacın iri budaqlarının şaxələndiyi yerdə rahatlanıb bala-bala gilas yeyirdi. Əlləri, ağız-burnu gilasın şirəsinə bulaşmışdı. Hər dəfə yetişmiş gilas dənələrini içəri ötürdükdən sonra dili, dodağı yanırmış kimi nəfəsini çəkib ağzını  marçıldadırdı.

Artıq yarım saat olardı ki, ağacın başına fırfıra kimi fırlanan bacısı ona yalvarırdı. Tərs kimi ağac qızın boyuna görə çox hündür idi, qızcığaz isə yarpaqların arasından qardaşını görmək üçün boynunu  geriyə o qədər əyirdi ki, deyirdin saçları pırtlaşıq bu baş indicə yerindən qopacaq, diyirlənə-diyirlənə gedib ağacın dibində dayanacaq.

Lakin bacısının yalvarışları, yazıq görkəmi Fərhinin vecinə deyildi - nə budaqları silkələyirdi, nə də goppuş, şirəli gilasdan bacısına atırdı.

- Paxılın biri, paxıl! - Bayaqdan bulud kimi dolmuş qızcığaz nəhayət ki, özünü saxlaya bilməyib ağlamağa başladı və sonrakı sözlərini göz yaşlarını çirkli yanaqlarına yaxa-yaxa dedi:

- Elə bilirsən, mənə işin düşməyəcək?! Elə dəşəcək ki! Nə olar, indi Sahib qağaya deyərəm, dərsini verər!

Qız yuxarı boylanmaqdan az qala əyilmiş boynunu zorla düzəltdi, gözlərini övkələyə-övkələyə ağacdan beş-altı addımlıqda göy otların üstündə uzanmış o biri qardaşına yaxınlaşdı. Bu oğlan ağacdakından bir-iki yaş böyük olardı. Qardaşına və bacısına nisbətən daha təmiz, səliqəli geyinmişdi. Dirsəklərini yerə dirəyib, əlləri ilə qulaqlarını tutmuşdu. Kitab oxumaq üçün seçdiyi bu qəribə duruş heç şübhəsiz, şalvarının və köynəyinin ütüsünü pozmamaq, dirsəklərini və dizlərini yumşaq otun yaşıl rəngindən qorumaq istəyindən irəli gəlirdi. Ən maraqlısı isə o idi ki,  geyiminə bu dərəcədə diqqət yetirən oğlan kitabı da unutmamış, onu balaca, təmiz bir döşəyin üstünə qoymuşdu.

Qız qardaşına çatıb, bayaqkı kimi ağlamsına-ağlamsına, lakin ərklə dedi:

- Qağa, Fərhini görürsən? Mənə gilas vermir e...

Qağanın heç tükü də tərpənmədi, gözlərini açıq səhifəyə zilləyib, dodaqlarının altında nəsə mızıldanırdı. Əlləri ilə qulaqlarını tutduğundan, bacısının dediklərini eşitmədiyinə görə cavab vermirdi, yoxsa onu saya salmırdı - bilinmirdi. Qızcığaz isə səsini bir az da qaldırıb, dil boğaza qoymurdu:

- Ay qağa, nə olar, Fəhiyə denən də.

Sahib deyilən oğlan nəhayət qəfildən başını qaldırdı. Gözlərini qəribə bir tərzdə bərəldib əvvəl bacısına, sonra onun göstərdiyi səmtə boylandı. Ağacın yarpaqları arasından qardaşının yumru başını, ağaran dişlərini gördü və qəfildən kəskin bir səslə:

- Görüm, qarnınıza şiş batsın! - dedi. - Səhərdən başımı dəng eləmisiniz. Nə olub, bu qarın sizdən aşağı deyil? Nəfsinizi boğa bilmirsiniz?!

Oğlanın görüb-götürmüş, ağsaqqal ədası ilə danışığı nə səsinə, nə də balaca boyuna, cılız görkəminə yaraşırdı. Onun görkəmində gülməli nəsə vardı - sanki yetkin xoruz kimi quqquldamaq istəyən, amma boğazından quqqultuya bənzər qəribə səslər çıxan cavan beçə idi.

Qız qardaşının bu sayaq partlayışını gözləmirdi. Pərt oldu, hönkür-hönkür ağlamağa başladı və elə ağlaya-ağlaya bağın alçaq taxta qapısına tərəf addımladı. Bu dəfə təskinlik üçün öz-özünə dediyi sözlər yanıqlı hıçqırıqlarının içindən birtəhər eşidilirdi:

- Zərər yoxdur... Qoy papa gəlsin... Qoy papa gəlsin...

Uşaq elə yanıqlı ağlayırdı ki, deyirdin ətini kəsirlər. Onun səsi, yazıq görkəmi deyəsən, Sahibin ürəyini bir az yumşaltdı:

- Ə, ay heyvan, niyə uşağı ağladırsan? Ə, şümrüsən?! - uğursuz beçənin yarım quqqultuya bənzəyən səsi həyətin səssizliyini pozdu.

- Heyvan da özünsən, hələ üstəlik, şümrü də! - Bunu, ağzını növbəti dəfə ləzzətlə marçıldadan Fərhad dedi. - Belə canın yanırsa, durub özün bacına gilas dərəydin də!

- Sən ağacdasan da. Bir-iki budaq silkələsəydin, dünya dağılmazdı ki...

- Mənim mərifətim, qanacağım çatmır, amma sən mərifətdə, qanacaqda oğulsan e, oğul! Durub öz insanlıq borcunu yerinə yetirəydin, nümunə göstərəydin!

- Oxuduğum Quran haqqı, sənin ağzının üstünə bir yağlı şillə çatışmır!

Qardaşının bu sözlərinə Fərhad elə ürəkdən gülməyə başladı ki, az qala ağacdan yıxılacaqdı. Bir xeyli güldükdən sonra gilasın rənginə bulaşmış əllərinin arxası ilə yaşarmış gözlərini silib, istehza ilə dedi:

- Belə şillə vuran idin, Quluya, Samirə vuraydın da. Ağız-burunlarını yaxşıca möhürləmişdilər. Sənin sarsaqlığın üzündən az qala mənim də başımı yaracaqdılar!

Qulu və Samir Sahibin sinif yoldaşları idi. Beş gün əvvəl onu döymüşdülər. Daha doğrusu, məktəbin boş sinif otaqlarından birində hərəsi onun üzünə bir şillə ilişdirmişdi ki, dilini dinc saxlasın. Təbii ki, bu “şillə ziyafəti”ndən sonra Sahib onlara ürəyində min bir qarğış oxumuşdu. Amma iş bununla da bitməmişdi...

O, belə hadisələri özünə qarşı paxıllıqdan, qibtədən doğan böyük haqsızlıq bilirdi. Buna görə də axşam süfrə başında birinin üstünə beşini də qoyub, yastı-yastı hər şeyi danışdı. Atası və anası da həmin o şillələrin “günahını” süfrə arxasında sakitcə oturub çörəyini yeyən Fərhadın üstünə yıxdılar. Üzlərini ona tutub nə deyilməli idisə, dedilər. Və bu deyilənlərdən çıxan nəticə o idi ki, Fərhad o süfrənin başında rahatca oturub o vaxt çörək yeyə bilərdi ki, qardaşını onun paxıllığını çəkənlərin, gözü götürməyənlərin haqsız hücumlarından qorusun, ona əl qaldıranların cavabını versin!

Təbii ki, Fərhad da yemək süfrəsinin arxasında rahat oturmaq haqqını qorumaq üçün elə səhəri gün qardaşını incidənlərin “dərsini verməyə” getdi. Amma bu dəfə daş qayaya rast gəldi. Qardaşına dəyən şillələrin əvəzini çıxmaq istədiyi halda az qaldı ki, onun öz başını yarsınlar.

Əslində həmin şillələr qardaşının ağzının üstünə boş yerə vurulmamışdı.

Dərslərini yaxşı oxuduğuna görə Sahib sinifdə özünü hamıdan ağıllı, hamıdan hörmətli şagird bilirdi və öz təsəvvüründə yaratdığı bu üstünlüyü yeri gəldi-gəlmədi hamının gözünə soxurdu. Bir də görürdün əllərini birinə qoyub, əzabkeş adam ədası ilə pis oxuyanlara dərs verirdi:

- Ə, oxuyun da, oxuyub adam olun da. Nə vaxta qədər məndən köçürəcəksiniz, nə vaxta qədər sizin yerinizə də dərs danışıb boğazımı yırtacağam mən?!

Yaxşı oxumadan adam olmağın qeyri-mümkünlüyünə onu hələ uşaq vaxtından inandırmışdılar. Bu inam ağlına, dünyagörüşünə elə oturuşmuşdu ki, sinifdə ətrafına, böyür-başına baxıb özündən başqa “adam” tapa bilmirdi.

O, fəhmli uşaq idi, buna söz ola bilməzdi. Ötən yay ata-anasının təkidi ilə dizlərini qatlayıb ərəb əlifbasını öyrənmişdi, az sonra yenə də onların təkidi ilə “Yasin”, Quran oxumağa başlamışdı. Qarşısına qoyulan məqsədə bu qədər asanlıqla nail olması ilə əlbəttə ki, öyünməyə dəyərdi. Düzdür, oxuduqlarının mənasını doğru-dürüst anlamırdı. Amma bu yaşda Quranı sərbəst oxumağın özü də az şey deyildi. Hər halda tay-tuşları arasında indi təkcə yaxşı oxumağına görə yox, hətta yaşlı adamların da bacarmadığı bir işi bacardığına, çoxlarının girə bilmədiyi kola baş soxduğuna görə fəxr eləməyə dəyərdi.

O, hamıdan fərqlənirdi, seçilirdi, amma əlaçı uşaqlara müəllimlərin xüsusi hörmətlə yanaşdığı, hamıya nümunə göstərdiyi vaxtlar çoxdan arxada qalmışdı. İndi yaxşı oxumaqla heç kimi heyrətləndirmək olmurdu, adamları heyrətə salan o qədər şeylər var idi ki... Seçilmək, hamıdan fərqlənmək yanğısı isə bu uşağın canında, qanında idi. Gərək sinif yoldaşları arasında ən ağıllı sözü o deyəydi, ən dərin fikri o səsləndirəydi. Qonşuları - çopur Səfərin oğlu İldırım - o İldırım ki qolunun gücünə sinifdə bütün uşaqların gözünün odunu almışdı - hər dəfə yazı taxtasının qarşısında xəcalət içində dayananda, uşaqlar arasındakı nüfuzunun onların gözü qarşısında əskildiyini, ucuzlaşdığını görmək ona gizli bir zövq verirdi. Sanki içindəki qibtə hissi sönür, düşmənindən qisas almış adam kimi az da olsa rahatlanırdı.

Sinifdə dərs vaxtı belə idi - o anların ağası, ən nüfuzlu, ən ağıllı uşağı olurdu. Amma elə ki zəng vurulurdu, uşaqlar gülə-gülə məktəbin həyətinə axışırdılar, hər şey bitirdi. Bir az əvvəlki üstünlükdən əsər-əlamət qalmırdı. İri ərik ağacının altında toplaşıb gülən, danışan yaşıdları ona o qədər uzaq, o qədər əlçatmaz görünürdülər ki, nəinki onlara yaxınlaşmağa, heç yanlarından ötüb keçməyə belə cəsarəti çatmırdı. Çünki üstünlük duyğusunun verdiyi özümdənrazılıq ədası onu öz yaşından xeyli böyük göstərirdi.  Başından böyük danışmağını, lovğa adamlara xas yerişini, duruşunu yaşıdları qəbul edə bilmirdilər.

Amma uşaqlara qoşulmaq, təsəvvüründə yaratdığı yüksəklikdən enmək istəyi ona rahatlıq vermirdi. Bu işdə həddini aşanda duruş gətirə bilmir, canını dişinə tutub son addımı atmaq üçün bütün cəsarətini toplayırdı. Di gəl, o addımı ata bilmirdi. Çünki istəyində səmimiyyət yox idi. Bu cəhd onun özünə qayıtmasına yox, özünə və tay-tuşlarına yaltaqlanmasına daha çox bənzəyirdi. Belə olanda dişlərini qıcayıb uşaqlardan uzaqlaşır, bütün varlığını çuğlayan, içini göynədən hirsdən, əsəbdən xilas olmaq üçün harasa qaçıb ağlamaq, ürəyini boşaltmaq istəyirdi.

Bir də görürdün, təskinlik tapmaq, qəlbinin göynərtisinə məlhəm olmaq üçün cürbəcür fikirlərə dalırdı: “Eybi yoxdur, qoy indi onu saymasınlar, lağa qoysunlar. Onsuz da bütün bunlar müvəqqətidir. Vaxt gələcək və əsl həqiqəti anlayacaqlar. Başa düşəcəklər ki, o, İldırımdan üstündür. İldırım heç onun əlinə su da tökə bilməz. Çünki o, İldırım kimi konyak içmir, həftə səkkiz, mən doqquz cırcır Əşrəfin kənd klubunda gizli göstərdiyi biədəb filmlərə baxmır. Allah adamıdır, Quran oxuyur, gündə beş dəfə namaz qılır, ruhani mədrəsəsinə girməyə hazırlaşır...”

Bu fikirlərin doğurduğu xoş duyğular sarı yağ kimi canına yayıldıqca əvvəlki enerjisi vücuduna qayıdır, kefi durulur, xəyalları daha geniş, daha möhtəşəm üfüqlərə açılırdı. Bəli, o, hamıdan üstün idi. Tezliklə bu kəndin ən nüfuzlu, ən hörmətli adamlarından biri olacaqdı. Onunla rastlaşanlar özlərini yığışdırıb hörmətlə yol verəcək, qarşısında ikiqat əyiləcək, ikiəlli görüşəcəkdilər. Bütün məclislərdə başda oturacaq, hamı onunla məsləhətləşəcək, məsləhətini ondan alacaqdı...

- Mama, qağa mənə gilas vermədi ee...

Evin gəlini eyvanda, elə quruca döşəmənin üstündə oturub, yanındakı tabağın içindəki pomidorları seçirdi. Təxminən 40-42 yaşlarında olan bu qadın alabəzək çitdən don geyinmişdi. Saçlarını yığıb arxadan rezinlə bağlamışdı ki, başını aşağı əyəndə üz-gözünə tökülməsin. Baxışları dodaqları kimi gərgin idi - narahat və əsəbi olduğu dərhal hiss olunurdu. Deyirdin, bir himə bənddir, barıt kimi alışacaq.

 

(Ardı var)

 

Əlisəfdər HÜSEYNOV

525-ci qəzet .- 2025.- 18 iyul(¹124).-S.14.