Qadınlar həyatı bəzədiyi
kimi, tarixdə də fərqlənmişlər
(Əvvəli ötən şənbə
sayımızda)
Tomiris - Massaget çariçası
Tomiris massagetlərin məşhur
çariçası olmaqla, tarixdə Persiya çarı
Böyük Kiri (Sirusu) məğlub edən sərkərdə
kimi tanınmışdır. Lakin onun real mövcudluğuna
çətin inanılırdı.
Tomiris sak-massagetlərin hökmdarı olmaqla, b.e.ə.
575-525-ci illərdə hakimiyyətdə olmuşdur. Bu
qadının hərbi hakimiyyətlərini tarixin atası
Herodot təsvir etmişdi. Herodota görə, Tomiris çar
Sparqapisin ailəsində doğulub dünyaya gəlmişdi.
Doğum vaxtı anası öldüyündən, onu atası
tərbiyə etmişdi. O, qızını bacarıqlı
döyüşçü və özünü ləyaqətlə
əvəz edəcək bir varis kimi
böyütmüşdü.
Tomiris uşaq vaxtından hərbçi sənətinə
xas olan xüsusiyyətlərə yiyələnmiş, fəndləri
öyrənmişdi. Beş yaşı olanda çox
yaxşı at çapmağı bacarırdı, bir il sonra
isə artıq döyüş qılıncını işlətməyə
başlamışdı. 13 yaşında isə gələcək
çariça hər iki əli ilə yayın oxunu ata
bilirdi, vuruş səhnəsinə əsl
döyüşçü kimi qılınc və nizə ilə
girirdi.
Tomiris kəskin ağlı, güclü iradəsi və
təbii cazibədarlığı ilə seçilirdi. O, istənilən
igid massaget döyüşçüsü üçün
arzu edilən gəlin ola bilərdi. Lakin o, qonşu tayfanın
çarının oğlu Rustamı öz əri olmaq
üçün seçdi. Atası öldükdən sonra isə
massagetlərə hökmranlıq etdi. Əri güclü
döyüşçü olsa da, Tomirisin ambisiyalarını
bəyənmirdi, onlara şübhə ilə baxırdı.
Bu adam arvadını dəstəkləmək əvəzinə,
daha çox eyş-işrətlə məşğul olurdu.
Ona görə də yalnız Rustam öləndən sonra,
Tomiris öz yüksək niyyətlərini həyata
keçirə bildi.
Çariçanın Rustamdan oğlu olmuşdu. Lakin
o, ehtiyat hissini itirdiyindən, persiyalıları qurduğu tələnin
qurbanı oldu. Onun səhv hərəkəti
döyüşçüləri ilə birlikdə
özünün həlak olması ilə nəticələndi.
Tomirisin hökmranlığı dövründə ən
mühüm hadisə Persiyanın məşhur çarı və
sərkərdəsi Böyük Kir üzərində
çalınmış qələbə idi. Əvvəllər
Persiya çarı Tomirisə öz müttəfiqi kimi
baxırdı və həm də bu xoş münasibətdən
öz imperiyasının ərazisini böyütmək
üçün istifadə etmək istəyirdi. Digər tərəfdən,
o, Massaget döyüşçülərini də öz
ordusunda xidmətə cəlb edə bilərdi. Lakin yad
çara itaət etməyi bacarmayan Tomiris onun planlarını
pozdu, hətta dünyanı fəth edən çarın ona ərə
getmək təklifini də rədd etdi.
Çariçanın ona qarşı olan müqavimətinə
cavab olaraq, Kir Massaget döyüşçüləri
üçün tələ qurdu və bu tələyə
Tomirisin oğlu Sparqapis də düşdü. Pers
döyüşçüləri massagetlərin
yaxınlaşdığını görüb, hiyləgərliklə
düşərgələrini tərk etdilər. Sparqapis gecə
vaxtı düşərgəyə hücum edəndə,
müqavimət görmədiyindən güman etdi ki, perslər
qorxudan qaçmışlar. Bu vəziyyət isə qələbə
sevinci yaradır. Sparqapisin özü və
döyüşçüləri burada düşmənin
qoyduğu bol şərabı içib, kefləndilər.
Şərab həm də zəhərli imiş.
Atasının şəraba olan meyli yəqin ki, oğluna da
keçmişdi. Perslər qayıdıb, yatmış sərxoş
döyüşçüləri öldürdülər.
Sparqapis isə əsir götürülənlərin
arasında idi. O, bu həqarətə dözməyib
özünü öldürdü.
Çariça oğlunun ölümünü deyil, əsir
düşdüyünü eşitdikdə, göndərdiyi
qasidlə, Kirdən oğlunun azad edilməsini tələb
etdi. Əgər Persiya çarı razılaşmasa, Tomiris
ona öz hədəsini də çatdırdı.
Qızğın döyüşün, ölüm-dirim
mübarizəsinin gedəcəyi labüd idi.
Hiddətlənmiş çariça təkcə
massagetləri deyil, digər sak tayfalarını da ələ
qılınc götürməyə, silahlanmağa
çağırmışdı. Oğlunun
öldüyünü bildikdə isə o, perslərə
hücum etməyi qərara aldı. Onun
yığdığı qoşun persləri darmadağın
etdi və Kirin özü də həlak oldu. Əfsanəyə
görə, Tomiris məğlub edilərək,
öldürülmüş Persiya çarının
başını kəsməyi əmr etdi, onu insan qanı ilə
dolu olan dəri kisəyə saldırıb dedi: "Sən
qana susayırdın, perslərin çarı, indi doyana qədər
onu iç".
Tomiris bacarıqlı sərkərdə qabiliyyətinə
malik idi, yeni döyüş qaydaları tətbiq edirdi. Onun
ağır süvari dəstəsi zirehli paltar geyinmiş
atlılardan ibarət olmaqla, ilxının arxasında gizlənib,
son ana qədər hücumlarını düşməndən
gizlədə bilirdilər. Onun dövründə həm də
çox sayda qadın döyüşçülərdən
ibarət olan ordu da meydana gəldi. Onlardan çoxu
döyüşdə heç də kişilərdən geri
qalmırdı.
Tarixdəki amazonkalar qadın skif
döyüşçüləri olduğundan, Tomirisin
qadın ordusunu da əsl amazonka qoşunu saymaq olar.
Tomiris perslər üzərindəki qələbəsi
ilə sak-massagetlərin əfsanəvi
çariçasına çevrildi. Axı Persiya
çarı II Kir əvvəlcə Lidiya çarı Krezi məğlub
edib, Kiçik Asiyadakı bu dövlətin ərazisini
işğal etmişdi. Sonralar isə o, Yeni Babilistanı
işğal edib, yəhudiləri Babil əsirliyindən azad
etmişdi. Kir Persiya ərazisini xeyli böyüdərək,
Şərqdə nəhəng imperiya yaratmışdı.
Tomiris bu qələbə hesabına çox sayda
köçəri tayfalarını birləşdirməyi
bacarmışdı. O, həm də öz xalqının,
yadelli başçının itaətinə düşməsinə
imkan verməmiş, onun azadlığını qoruyub
saxlamışdı. Nomad tayfaları birləşdirmək,
heç də asan məsələ deyildi, onları çox
şeylər ayırırdı. Tomirisin bu təcrübəsi
unudulmadı, birbaşa əxz olunmasa da, tarixdə sonrakı
dövrlərdə də təkrar olundu. XIII əsrin əvvəllərində
Çingizxanın nəhəng ordusu təkcə monqollardan
ibarət deyildi, döyüşçülər arasında
başqa xalqların nümayəndələri də heç
də az deyildi. Çingizxan ordusunu yaratmaq vasitəsilə həm
də köçəri xalqları birləşdirmişdi.
Karfagenli Hannibalın ordusunda olduğu kimi,
döyüşçülər ayrı-ayrı dildə
danışır, başqa dinlərə sitayiş edirdilər,
ancaq onları ordudakı xidmət birləşdirmişdi.
Çingizxan ordusu köçəri xalqların toplumundan ibarət
olan yeni Monqolustanın böyük ərazilərini əhatə
etməklə, həm də o vaxtkı dünyanın
üçdə birini özündə birləşdirən
imperiya yaratmışdı.
Tomirisə gəldikdə, bu qadın tarixin səhifələrini
bəzəyir, çünki o, azadlığın və sərkərdəlik
etdiyi ordusunun sarsılmazlığına və qələbələrinə
görə izi silinməyən bir simvola çevrilmişdi.
Kleopatra - Misir şahzadəsi
VII Kleopatra Filipator b.e.ə. 69-cu ildə anadan
olmuş, 10 avqust 30-cu ildə ölmüşdü. Kleopatra 22
il ərzində Misirə hökmranlıq etməklə, əvvəlki
çar XII Ptolomeyin qızı idi. Yuli Sezarla və Mark Antoni
ilə sevgi əlaqələrində olmuş, birincidən
Sezarion adlı oğlu, sonrakı məşuqu Antonidən isə
iki oğlu və qızı olmuşdu.
Kleopatra haqqında Plutarx, Svetoni və digər
tarixçilər, yəhudi alimi İosif Flavi
yazmışdı. Onların rəyinə görə, Oktavian
Misiri işğal edəndən sonra onu qaralamağa
başlamışdı, çünki bu qadını o, Roma
üçün təhlükəli düşmən hesab
edirdi. Lakin tarixçilərin çoxu Kleopatranın şəxsiyyətini
müsbət çalarda təsvir edir. İki min il ərzində
bu qadının şöhrəti qorunub saxlanmış, XX əsrdə
isə yaranan eyni adlı amerikan filmi isə onu daha da məşhurlaşdırmışdı.
Kleopatra Ptolomeyin çarlığının 12-ci
ilində Aleksandriyada dünyaya gəlmişdi. O,
çarın üç qızından biri idi, lakin onun
uşaqlığı barədə heç nə məlum
deyildir. Atası XII Ptolomey Romanın Suriyadakı valisi Qabinin təsiri
ilə ölkəsində qırğınlara, təqiblərə
və qətllərə əl atdı. O, Misirdə olan
romalıların hesabına marionetkaya çevrildi.
Kleopatra da atasının hakimiyyət üsulundan dərs
alıb, öz qarşısında dayanan bütün əleyhdarlarından
xilas olmaq üçün vasitələr seçməkdə
zəiflik göstərmirdi, öz qardaşı XIV Ptolomeyi də
və sonralar isə bacısı IV Arsinoyu da məhv
etmişdi.
Tarixçilər onun portretində fiziki sifət cizgilərini
ideallaşdırsalar da, bu barədə dəqiq bir xatirə
yoxdur. Ölümündən əvvəl ona qoyulan büst
heç də uşaqlığındakı büstünə
bənzəmirdi. Sonrakı büstdə reallığa məhəl
qoyulmadan, o, klassik bir sifətdə təsvir edilir. İri
gözləri olan bu qadın, həm də iri buxağa malik
idi, burnu isə qartal dimdiyinə bənzəyirdi, bunlar da onun
irsi xüsusiyyətləri ilə əlaqədar idi. Digər
tərəfdən o, qeyri-adi məlahəti, cazibədarlığı
ilə seçilirdi, bunlardan isə xoşa gəlmək
üçün ustalıqla istifadə edirdi. Onun heyranedici səsini
və iti ağlını, romalı yunan tarixçisi Plutarx
xüsusi qeyd edir, axı o, çariçanın portretlərini
şəxsən görmüşdü. Tarixçi həm də
çariça ilə Mark
Antoninin sevgisini ayrıca əsərində böyük
ustalıqla və təfsilatı ilə təsvir edir.
Yunanlar öz qızlarına hətta çar ailəsində
də yaxşı təhsil verirdilər, bu isə onlardakı
təbii ağılın üstünə gəlməklə,
gözəl nəticələr verirdi. Ona görə də Kleopatra
sonralar əla çariça oldu, o, doğma yunan dilindən
başqa, Misir dillərini, qədim yəhudi dilini və berberlərin
dilini yaxşı bilirdi. Ona xas olan linqvistik tələbatı
latın dilini öyrənməkdən də kənarda
qalmamışdı. Ondan fərqli olaraq maariflənmiş romalılar
bu xüsusiyyətləri ilə öyünə bilməzdilər,
məsələn, Yuli Sezarın özü yunan dilini
yaxşı bilmirdi.
B.e.ə. 51-ci ildə XII Ptolomeyin vəsiyyətinə
görə, taxt-taca Kleopatranın kiçik qardaşı XIII
Ptolomey keçməli idi, bu vaxt onun 9 yaşı var idi, həm
də ənənəyə görə, bacısı ilə
formal nikahda idi. Qədim Misir adətinə görə,
qardaş bacıya evlənməli idi, bu yolla faraonların təmiz
qanı qorunub saxlanılırdı. Kleopatranın 18
yaşı var idi, qardaşı olan ərindən yaşca
böyük olduğundan regentə çevrilmişdi. Ona
görə də Kleopatra təkbaşına hökmranlıq
edirdi. Lakin sonra yevnüx Potinin köməyi ilə
qardaşı revanş götürə bildi. B.e.ə. 50-ci
ildən onun adı birinci yerdə çəkilirdi. 48-ci ildə
isə Kleopatra sürgünə qaçdı, qardaşı
onun ölkəyə gəlməsinə mane olurdu. Pompeyin
Farsal döyüşündəki məğlubiyyətdən
sonra Misirə qaçması və orada Potin tərəfindən
öldürülməsi, onun taleyi üçün
dönüş nöqtəsi oldu.
Sezar Aleksandriyaya gələndə, Kleopatra onun
yanına emissarlar göndərdi. Sonra özü Misirə gəldi
ki, romalı sərkərdəni görsün. O, cazibədar
bir qaydada geyinmişdi, çarpayı kisəsinin içində
gizlənmişdi ki, Sezarla görüşmək
üçün saraya girə bilsin. XIII Ptolomey biləndə
ki, bacısı saraydadır, Aleksandriya əhalisini ayağa
qaldırmaq istədi, lakin Sezar tərəfindən həbs
edildi. Bu vaxt Roma ordusu 4 min nəfərdən ibarət idi.
Misirin ordusu isə 20 min nəfərlik idi. Sezarla Kleopatraya paytaxtda
hücum edildi. Sezar başqa döyüşlərdə
olduğu kimi, yenə qalib gəldi.
Kleopatra sonrakı hadisələrdən
artıq kənarda idi. Sezardan hamilə olduğuna görə,
48-ci ilin sentyabrından sarayda yaşayırdı. Sezar isə
bir il davam edən diktatura qurdu. 12 yaşlı XIV Ptolomeyi 22
yaşlı Kleopatra ilə birlikdə həmçar təyin
etdi.
Sezar b.e.ə. 47-ci ilin aprelində Misiri tərk etdi. VI
Mitridat Yevpatorun oğlu çar Farnakı Pontda məğlub
etdi. Kleopatradan həmin il oğlu olduqdan sonra Sezar, görkəmli
Roma qadını olan Kalpurniyaya evləndi. Kleopatranın
Sezardan olan oğlu Sezarion adlandırıldı. Romalı onu
öz oğlu kimi etiraf etməsə də, özəl qaydada
himayə göstərməklə, ona valideynlik edirdi.
Kleopatra və XIV Ptolomey b.e.ə. 46-cı ildə
Romaya səfər etdilər. Onlar Sezarın villasında
qalırdılar. Roma xalqının dostları
adlanırdılar. Çariça Romadakı Luperkala
bayramında iştirak etdi. 44-cü ilin martında Sezar Senatda
öldürüldükdə, Kleopatranın arzusu puç
oldu, o istəyirdi ki, atası bastard oğlu Sezarionu öz
varisi elan etsin. Sezar isə buna getməyərək,
özünün nəvə qohumu Oktavianı varis elan
etmişdi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 19 iyul(№125).- S.22.