"Tələbə dərs
oxumursa, günah müəllimdədir"
Professor Fəridə Səfiyeva: "Gecələr
çalışıb səhər dərsə gələn gəncdən
necə narazı qalasan?"
Bu qarışıq, ziddiyyətli zamanda hansı tərəfə
çevrilsək də, görünən odur ki, cəmiyətin
gələcəyi, tərəqqisi təhsildən
başlayır. Ulu öndərin dediyi kimi: "Təbii sərvətlər
tükənən dəyərlərdir, ancaq təhsil, bilik,
elm əbədi, hər bir ölkənin güclənməsinə
töhfə verən amildir".
Söhbətimizi təhsildən sıradan olsun deyə,
salmadıq. Artıq çoxlarının səbirsizliklə
gözlədiyi yay öz axarına düşüb.
İmtahanlar bitib, məktəblər, ali təhsil ocaqları
həm məzunlarını, həm də sakinlərini yola
salıb. Tələbə adını qazananlar yeni dərs
ilinin tezliklə başlanmasını gözləyir. Əksəriyyət
isə yayın dadını çıxarmaqla, tətil
ab-havasının davam etməsində israrlıdır. Biz isə
imtahan həyəcanının son günlərində olsa da,
bir pedaqoq, alim, ziyalı bir müsahiblə
görüşüb söhbətləşmək
imkanından yararlana bildik.
Həmsöhbətimiz Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin Ədəbiyyat və
dillər kafedrasının rəhbəri, professor Fəridə
Səfiyevadır.
- Daha bir tədris ili başa çatdı və yəqin
ki, narahatlıqlar da bitdi...
- Narahatlıq həmişə var... Yaxşı mənada
keçirdiyimiz həyəcan belə, narahatlıqsız
ötüşmür. Amma bü gün dünyamız sanki bir
burulğana düşüb, orada baş verən hadisələrə
görə, övladlarımıza görə narahatam. Bununla
belə, ümidim var ki, hər şey yoluna düşəcək
və ona görə də hər zaman öz işimin
başındayam. Düşünürəm ki, kimliyindən
asılı olmayaraq, hər kəs öz işində, öz
yolunda olsa, dünya da sakitliyini tapar.
- Sözə, qələmə dəyər verilən
ailədə böyümüsünüz...
- Ümumiyyətlə, mənimlə bacımın
sırf ədəbi-ziyalı bir mühitdə böyüməyimiz
hər ikimizin həyatında əhəmiyyətli rol oynayıb,
hətta deyərdim ki, bizim xoşbəxtliyimiz olub. Əvvəla
onu deyim ki, hər iki babam zamanında Qori Müəllimlər
Seminariyasını bitirib. Atamın ana babası milyonçu
Sadıxov qardaşlarından biri olub. Anam Əməkdar
jurnalist Svetlana Nəcəfova Azərbaycan mətbuatında
öz sözünü deyərək, imzasını qoyan,
ölkənin ictimai həyatında rolu olan bir ziyalı kimi bu
gün də hörmətlə yad edilir. Çevrəmizdə
gördüyümüz yazıçı və şairlər,
qələm sahibləri ilə mütəmadi ünsiyyət
sözsüz ki, öz izini qoymalıdı idi.
Yadımdadır ki, gecənin hansı saatında
gözümüzü açsaydıq, görərdik ki,
işıq yanır və anam işləyir. Biz valideynlərimizdə
həmişə böyük məsuliyyət hissi
görmüşük və istər-istəməz bu, bizə
sirayət edib. Bacım respublikanın Əməkdar artisti Nərgiz
Əliyarova bu gün uzaq Amerikada yaşasa belə, Vətənə
bağlılığından savayı, Azərbaycan naminə
gördüyü işlərdə daşıdığı
məsuliyyətin əhəmiyyətini hər zaman vacib bilir.
- Deməli ki, ədəbiyyata marağınızda
mühit öz sözünü deyə bilib...
- Əslində məktəb illərindən o
zamankı M.F.Axundov adına Pedaqoji İnstituta daxil olmaq istəyirdim.
Lakin mən qəbul olan ili həmin instituta yalnız bölgələrdən
gələnlərə yer verilmişdi. Beləcə, qismət
məni indiki Bakı Dövlət Universitetinin Filologiya
fakültəsinə gətirdi və tam səmimi deyirəm
ki, heç də peşman deyiləm. Universitetdə o qədər
işıqlı müəllimlərim oldu ki, hər birini bu
gün də ehtiramla anıram. Heç zaman unutmaram rəhmətlik
Tofiq Hüseynov birinci kursdan əlimdən necə tutdusa, məndə
inam yarada bildi. Tofiq müəllim təkidlə məni Tələbə
Elmi Cəmiyyətinə gətirdi və birinci kursda
"Elçinin yaradıcılığında bədii şərtilik"
mövzusu ilə elmi konfransda iştirak etdim və respublika tələbələri
arasında birinci yeri tuta bildim. Kursdan kursa keçdikcə
müəllimlərimin sayəsində elmi istiqamətə
yönəldim. Lakin dördüncü kursda ailə
qurduğumdan universiteti bitirəndən sonra elmdən
uzaqlaşdım, çünki ailə qayğıları daha
çox idi.
- Elmdən uzaqlaşdım deyirsiniz, amma bu gün
professorsunuz...
- Bəli, uzaqlaşsam da, yenə də müəllimlərimin
məni geri qaytardı. Tofiq Hüseynov, Cəlal Abdullayev anama
dedilər ki, o qız evdə oturmamalıdır və yenə
də onların israrı ilə elm sahəsinə
qayıtdım. Namizədlik işi üçün "Bəxtiyar
Vahabzadənin dramaturgiyası" mövzusunu
götürdüm. Uğurla müdafiə etsəm də, mənim
üçün şairin özü ilə olan ünsiyyət,
ondan eşitdiyim məsləhətlər, fikirlərimə
qarşı anlayışı daha əhəmiyyətli oldu. Hətta
onun ilk dram əsərlərinə qarşı bir qədər
tənqidi yanaşanda belə, Bəxtiyar Vahabzadə mənimlə
razılaşırdı. Onun mənə qarşı alicənablığı,
böyüklüyü, bir gənc alim kimi qəbul etməyi,
sözümü deməyə imkan yaratmağı gələcək
həyatımda böyük rol oynadı, çünki ondan
öyrəndiklərim çox oldu. Sonrakı mərhələdə
böyük şəxsiyyət
"Nəbi Xəzrinin yaradıcılığında fərdi
üslub və poetika problemləri" mövzusunu doktorluq
işim üçün seçdim və eynilə onunla da
ünsiyyət bir insan, bir fərd olaraq
formalaşmağımda yeni bir mərhələ oldu.
Ümumiyyətlə, həyat qarşıma mənəviyyatca
zəngin insanlar çıxarıb və onlardan o qədər
həssaslıq görmüşəm ki, bu gün bu hissləri
tələbələrimə ötürməyə
çalışıram. İstəyirəm ki, onlarda müəlliminə qarşı
yaratdığım inam hissini özlərində də
yaşatsınlar. Ən əsas çalışıram ki, gənclərin
həyatında hansısa məqamda mənim də rolum olsun. Və
görəndə ki, on-on beş il əvvəlki tələbələrim
məni bayramlarda yada salır, deməli, onların xatirəsində
özümə yer edə bilmişəm. Bəxtiyar Vahabzadədən
iki misranı özümə şüar götürmüşəm:
"Bircə ondan razıyam ki, özümdən
narazıyam". Hər gecə yatmadan əvvəl
özümə hesabat verirəm. Görə bilmədiyim
işlərə görə özümü danlayıram, amma
təriflədiyim vaxtlar da olur. Düşünürəm ki,
həm valideynlərimdən, həm müəllimlərimdən
düzgün istiqamət götürə bilmişəm.
- Söhbətininzdə tələbələrin
adını çəkdiniz, gəlin müəllimdən
danışaq...
- İyirmi dörd ildir pedaqoji fəaliyyətdəyəm,
bunun iyirmi ilini kafedra rəhbəri kimi
çalışıram. Bu müddət ərzində bir əqidəm
olub. Müəllimlər tələbədən şikayət
edəndə həmişə deyirəm ki, əgər tələbə
dərs oxumursa, günah müəllimdədir. Müəllim tələbəni
elə istiqamətləndirməli, fənninə qarşı
elə məhəbbət yaratmalıdır ki, ən zəif tələbə
belə, onun fənninə maraq göstərsin. Müəllim
insanlıq xüsusiyyətlərinin
daşıyıcısı olmaqdan əlavə, əsl insan
olmalıdır. Müəllim mütləq qayğıkeş
olmalıdır, əks halda o, nə şagirdi, nə də tələbəni
sevə bilər. Alim olmaq asandır, lakin müəllim olmaq
çox çətin. Təcrübə də onu göstərib
ki, alim bildiyini tələbəyə lazım olan şəkildə
çatdıra bilməyib, çünki o, pedaqoq deyil, elm
adamıdır. Müəllim elə dərs deməlidir ki,
onun fənni tələbənin beynində özünə yer
edə bilsin. Bu, ona görə vacibdir ki, müəllimin dedikləri
onun həyatında nə zamansa bir rol oynaya bilər. Müəllim
öz evində bir valideyndir və daşıdığı
bu missiyanı qarşısındakı şagirdə və tələbəyə
qarşı da hiss etməlidir, yəni onları sevməlidir.
İnanın ki, bu sevgini hiss edən bir yeniyetmə və ya gənc
müəlliminə qarşı heç zaman biganə qala
bilməyəcək və onun fənnini oxuyacaq. Ona görə
də hər zaman vurğulayıram ki, tələbəni
oxumağa məcbur etməyin, onda fənnə qarşı
maraq yarada bilin, əsas budur.
- Təhsilimizin bu günü...
- Ümumən Azərbaycan təhsili dedikdə, onu təhlil
edə bilmərəm, çünki burada
individuallığı görürəm. Lakin hər bir
müəllim öz yerində üzərinə düşən
məsuliyyəti düzgün
yerinə yetirərsə, təhsilimiz yüksək səviyyədə
ola bilər. Yenə əvvəlki sözümə
qayıdıram ki, əgər müəllim öz yerində
deyilsə və ya yerində olub da fənnini sevdirə bilmirsə,
bunu ümumi təhsilin səviyyəsinə aid etmək
düzgün deyil.
- Tələbələrdən ağızdolusu
danışırsız, belə başa düşmək olar
ki, bugünkü gənclikdən razısınız...
- Razıyam, ona görə ki, onların
formalaşmasında bizim rolumuz var. Bilirsiniz, gəncləri məhz
biz müəllimlər istənilən istiqamətə yönəldə
bilərik. Necə ki bir heykəltaraş əlindəki gildən
nələrsə yapa bilir, bizim də gəncləri yönəltməyimizdən
çox şey asılıdır. Qoy bu ifadəm primitiv səslənməsin,
amma müəllim həqiqətən böyük qüvvədir. Bugünkü gənclərlə
müqayisədə biz xoşbəxt yaşamışıq,
o mənada ki, qayğılarımız olmayıb. Bu gün
görürəm ki, tələbə dərsdə istəmədən
yuxuya gedib. Soruşanda ki, a bala, niyə yatmısan? Cavab verir
ki, ehtiyaclarımı təmin etmək üçün gecələr
işləyirəm. Ailəsini əlavə maddi yükdən
xilas etmək üçün gecələr
çalışıb səhər dərsə gələn gəncdən
necə narazı qalasan? Onlara qayğını da, diqqəti də
artıqlaması ilə göstərmək lazımdır. Biz
beş il əvvəl Vətən müharibəsi
yaşadıq. O torpaqları alan kimlər idi? Hətta ölkə
başçısı özü vurğuladı ki, dövlət
nə qədər qüdrətli, ordu nə qədər
güclü olsa da, qələbəni qazanan zabitdir, əsgərdir.
Həmin zabit və əsgərlərin böyük əksəriyyəti
isə bizim gənclər oldu. Gənclərimizdən
narazı qalmağa haqqımız yoxdur. Mən bayaq
özümüzlə bir müqayisə apardım, lakin
bugünkü gənclik də bizdən çox fərqlidir,
çünki o, texnologiya dövrünün yetirməsidir. O,
elə bir informasiya bolluğunda yaşayır ki, çox
asanlıqla elmi işləri belə, yaza bilir və bu
imkanlardan rahatlıqla istifadə edir. Bununla yanaşı,
aralarında tənbəllik edənlər, gələcəyi
haqqında düşünməyənlər də var ki, onlara kömək etməyə
borcluyuq.
- Bu gün yetişməkdə olan nəslə hələ
də mütaliəni sevdirə bilməmişik, elektron
kitabxanalar olsa da...
- Haqlısınız, mütaliə təbliğatı
hələ də axsayır. Amma bunun da yollarını tapmaq
olar. Əgər tələbə mütaliə etmək istəmirsə,
onu buna məcbur etmək mümkün deyil. Çünki
sosial şəbəkələr onların vaxtını o qədər
alır ki, dərsə də
biganə yanaşırlar. Bu halda texnologiya ilə müəllim
arasında bir rəqabət yaranır, ya tələbəni
yönləndirə bilirik, ya da uduzuruq. Uduzmamaq
üçünsə müəllim bir çıxış
yolu tapmalıdır. Özümdən bir nümunə çəkim.
Mən dünya ədəbiyyatından dərs deyirəm. Fənni
sxemlər üzərində qururam. Bununla da tələbəni
uzun-uzadı 10-15 səhifəlik bir məlumat oxumaqdan xilas edərək,
bir səhifədə sxematik şəkildə onu ədəbi
cərəyanlarla, bu cərəyanı təmsil edən
yazıçılarla tanış edirəm. Müəyyən
bir yazıçının əsərində aid olduğu cərəyanın
əlamətlərini kimin daha çox tapa biləcəyi kimi
bir oyun qururam. Həm bu oyun, həm rəqabət tələbədə
maraq oyadır, öz aralarında qalib olmaq üçün həmin
yazıçılardan birinin əsərini mütləq
oxuyur. Nəticədə mütaliəyə qarşı
addım atılır. Yəni ali məktəbə enerjisi bol,
marağı böyük, istəkləri çox olan bir
yeniyetmənin gələcək həyatını müəllim
hərtərəfli istiqamətləndirə bilər.
- Hər cavabınızın sonunu müəllimlə
tamamlayırsınız...
- Valideyn bir uşağa həyat verəndir, onun gələcək
həyatının bünövrəsini qoyan isə müəllimdir.
Bünövrə nə qədər möhkəmdirsə, onun
gələcəyindən arxayın olmaq olar. Sağlam gələcək
hər bir dövlətin, cəmiyyətin sütunudur. Bu gələcəyin
təminatçısı isə müəllimdir.
Sualınıza Aristotelin kəlamı ilə cavab verim:
"Atam məni bu dünyaya gətirib, amma müəllimim isə
mənə bu dünyada həqiqi səadət yolunu tapmaqda yol
göstərib". Mən hələ də müəllimlərimə
borcluyam.
SÖZARDI: "Dünyada hər şeyə dəyər
vermək mümkündür, lakin müəllim adına əsla
dəyər verilə bilməz". Bu fikir isə Sokrata aiddir.
Günümüzün reallığına baxarkən, arzu edək
ki, bu əməyə ilk dəyər verən elə müəllimlərin
özü olsunlar.
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2025.- 19 iyul(№125).- S.15.