Hər əvvəl bir sondan
başlar...
ŞAİR MƏMMƏD TAHİRİN 70 YAŞINA
Poeziyası ilə ürəklərə yol tapan
şair Məmməd Tahir yaradıcılığı
haqqında bir çox yazıçı və şairlər
məqalələr yazıb, münasibət bildiriblər.
Fikrimizcə, ədəbiyyatşünas, tənqidçi Arif
Əmrahoğlunun Məmməd Tahir haqqında söylədiyi
fikirlər, bütövlükdə onun
yaradıcılığının sərrast təqdimatıdır:
"Məmməd Tahir ədəbiyyatın və ədəbi
prosesin yaşamasında rolu olanlardandır".
"Vətən, məni sən qınama" adlı
kitabı ilə oxucularla görüşə gələn Məmməd
Tahir tezliklə ədəbi aləmin diqqətini çəkib.
Milli ruhlu, milli düşüncəli, öz səsi, nəfəsi,
öz ifadə vasitəsi olan şair çağdaş
poeziyamızın tanınmış nümayəndələrindən
biridir. Şairin poeziyasında doğulub,
böyüdüyü mühitin nəfəsi duyulur, tarixi
yaşayır.
Məmməd Tahirin "Gəncləşən şəhər"
poemasını oxuduqca, sanki gözlərimin önündə
"Naxçıvan" adlı rəsm əsəri
canlanır. Əslində, əsl poeziya belə
olmalıdır. Şair doğma, qədim şəhəri -
Naxçıvanı vəsf edərkən sözlərin,
epitetlərin, bənzətmələrin ən gözəlini,
ən yaraşanını seçir: "Xan Araz", "Qədim
şəhər", "Yaşlı qoca",
"müdrik", "ötkün" və sair.
Məmməd Tahir poeziyasında təbiət-insan-Uca Yaradan vəhdətdədir.
Bizi əhatə edən hər bir şey - təbiətdir.
İnsan ömrü boyu onu əhatə edən təbiəti
ruhani müstəvidə anlamağa çalışır. Bu
kontekstdə təbiət - insan əlaqəsi Məmməd
Tahir poeziyasının təməl elementlərindən biridir.
Təbiət içindəki insan və ya insan və təbiət
bütövlükdə tamdır. İnsan Yaradanın şah əsəri,
təbiət, Poeziya mənəviyyatdır, tarixdir. Hətta:
"Poeziya tarixdən daha fəlsəfi və ciddidir, poeziya
daha çox ümumidən, tarix xüsusidən
danışır" (Aristotel). Məmməd Tahirin tarixə
müraciətlə yazdığı "Mağara əshabələri"
mənzum dramında daş yaddaşımız, müqəddəs
inanc yerlərimizdən olan "Əshabi-kəhf"
mağarasının keçmişindən bəhs edilir.
Şairin daş yaddaşımıza müraciətlə
yazdığı dram təbiət - insan - Yaradan kontekstindədir.
Dram, eyni zamanda, keçmişdən günümüzədək
gəlib çatan rəvayətin, Dəqyənusun (Daqyanus və
ya Dağ Yunis) zülmünün, ədalətsizliyinin poetik
ifadəsidir:
Bu nə zülm, bu nə qan?
Başdan-başa Naxçuan,
Matəmgaha dönübdür.
Neçə ocaq sönübdür.
Dəqyənus (Dağ Yunis) yalnız qəddar,
zülmkar olmayıb, eyni zamanda Allahlıq iddiasında olub,
xalqına ona Allah kimi ehtiram göstərməsini əmr edib.
Başqa bir çarəsi qalmamış xalq ona itaət etsə
də, aralarında Təmliha, bəzi mənbələrə
görə, Təmirxan (Təmleyxa) adlı bir nəfərin də
olduğu əsilzadə mənşəli yeddi nəfər onu
Allah kimi tanımaq istəməyərək və şəhərdə
qalmaqdan qorxaraq şəhərdən qaçır,
yaxınlıqdakı mağaraya sığınır və
orada dərin yuxuya gedirlər. Mövzusu bu qədər qədim
olan bir əfsanədən alınan dramda bütün
bunların hamısı, Dəqyənusun zülmü,
özünü Allah elan etməsi, mağaranın nədən
müqəddəs məkana çevrilməsi, Ptolomeyin bu qədim
şəhərdə olması və sair məsələlər
öz əksini tapır. Müəllif oxucusunu ən qədim
dövrə, "dinənin dili", "qalxanın
başı" kəsilən", "xalqının
üzündən dərd-qəm yağan" Dağ Yunisin
dövrünə götürür. Dramdakı maraqlı məqamlardan
biri də yunan Klavdi Ptolomeyin Naxçıvanda olması və
Dəqyənusla görüşünü əks etdirən səhnədir.
Tarixi və dini mövzuda əsər yazmaq o qədər
asan deyil. Tarixə sədaqət və keçmişə
hörmətlə yazılan "Mağara əshabələri"
mənzum dramı bu mövzuda
yazılan yaxşı əsərlərdəndir.
"İnsan hara gedirsə getsin,
doğulub-böyüdüyü torpağın
oğludur", - deyirlər. M.Tahirin "Könlümdən
Naxçıvan keçir" şeiri məhz bu
duyğulardan hörülən bir çələng kimidir.
Gah Naxçıvanın qışını, gah
yayını xatırlayan şair xəyalən o yerlərə,
Şərqin qapısı Naxçıvana səyahət edir:
Könlüm vətən yollarıdı,
Təbriz, Dərbənd, Rəvan keçir.
Dönüb sevgi qatarına
Könlümdən Naxçıvan keçir.
1990-cı illərdə qələmini süngüyə
çevirən şairin yaradıcılığında,
xüsusilə, "Ulu yurda xitab", "Vətən, məni
sən qınama", "Anam torpaq, gülüm Vətən",
"Bir ağac - Vətən", "20 Yanvar
günü", "Vətən", "Ağlama"
şeirlərində əks olundu. Şair Məmməd Tahir, vətəndaş
Məmməd Tahir olaraq vətənə əsgər kimi xidmət
etdi. Yalnız Azərbaycan cəmiyyətində baş verən
hadisələrə deyil, bütöv Azərbaycan məsələsinə,
Təbrizdə yaşananlara biganə qalmadı, haqq səsini
ucaltdı. Bir şeirində şair "o tayda ucalan səs"ə
görə, ellərə gözaydınlığı verir:
O tayda ucalan səs
Çatıbdı Haçadağa.
Gözünüz aydın, ellər,
Təbriz qalxıb ayağa!
Ana yurd, gözün aydın,
Təbriz qalxıb ayağa!
Şairin poetik düşüncəsinin mərkəzində
dünya və insan durur. Xüsusilə, poemalarında insan
sevgisi, narahatlıqları, ağrıları ön plana
çəkilir. Bu baxımdan şairin günümüzün
bəzi ictimai-siyasi prosesləri təsvir olunan "Qara
zon" poeması da diqqətçəkicidir. Poema
üç hissədən - "Lemma", "Dilemma" və
"Trilemma"dan ibarətdir. "Lemma" hissəsində
şair "Biri vardı, biri yox" - deyə bir həbsxanadan,
buradakı insanların acınacaqlı taleyindən, burada
qurulan hakimiyyətdən, təbəqələşmədən
bəhs edir.
"Şahdağda bir zirvə var" poeması Azərbaycanın
Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsində,
1992-ci ilin iyun ayının 15-də Əsgəran rayonunun
Naxçıvanik kəndində şəhid olan qəhrəman
jurnalist Çingiz Mustafayevə yazılmış
elegiyadır. Poemada Çingizin uşaqlıq illərindən
başlayaraq Qarabağda peşə borcunu yerinə yetirərkən
şəhidlik zirvəsinə ucaldığı anadək faciəli,
bir o qədər də şərəfli ömür yolu əks
olunur və Qafqazın ən uca zirvəsi sayılan
Şahdağın ən uca zirvəsinə Çingizin
adının verilməsiylə başa çatır:
Təpələr tətikdə, zirvələr oyaq,
Bizi ora çəkir hər cığır, hər
iz.
Qafqazın ən uca zirvəsi Şahdağ,
Şahdağın ən uca zirvəsi Çingiz.
"Qanadı yanmış pərvanə"
poeması isə Füzuli-Cəbrayıl cəbhəsində
şəhid düşmüş kəşfiyyat-bölük
komandirinin müavini, Naxçıvandakı Heydər Əliyev
adına Hərbi liseyin məzunu, müəllimi olduğum
Ceyhun Orucəliyevin xatirəsinə ithaf edilib. Dahi fransız
yazıçısı O.Balzak kitablarının birinin müqəddiməsində
yazır ki, "Əsl tarixçi fransız cəmiyyətidir,
mən isə ancaq onun katibiyəm". Birinci və İkinci Qarabağ
müharibəsində şəhid və qazilərimiz qəhrəmanlıqları
ilə dastanlaşdılar. Şairlər isə vətəndaşlıq
duyğusu ilə bu qəhrəmanların adına ayrıca
dastan bağladılar.
Bakıda,
Şəhidlər məzarlığında
Bir məzar var,
Şəhid məzarı.
İki ağlar körpəsi,
Bir gözüyaşlı yarı.
Şairin Birinci və İkinci Qarabağ
savaşından bəhs edən çoxlu sayda şeir və
poemaları var. Onun şeirləri emosional ovqatıyla
seçilir. Məmməd Tahir bir şeirində 44
günlük Vətən müharibəsində şəhidlik
zirvəsinə yüksələn 2780 vətən
övladının yasını tutur:
Payız yağışları yudu apardı,
Torpağın üstündən, daşın
üstündən.
Güllələr ötəndə başı
üstündən,
Ürəklərdən qalxan
Atəşi apardı, odu apardı.
Nəhayət, İkinci Qarabağ müharibəmiz zəfərlə
bitdi, müzəffər ordumuz Qarabağı düşmən
tapdağından azad etdi. Bu qələbə, Azərbaycan
dövlətinin və müzəffər Azərbaycan Ordusunun
zəfəridir. Daima vətənin problemlərini
düşünən vətənpərvər şairin
yaradıcılığında alqışın da,
qürurun da, kədərin də inikası özünəməxsus
şəkildə təqdim olunur. Məmməd Tahir
poeziyasını oxuculara daha çox sevdirən də elə
onun şeirlərindəki səmimiyyət və özünəməxsusluqdur.
"Poeziya bu dünyanı mənalandırır, onu
ucaldır; amma başqa bir dünya da yaradır" (Oktavia
Pas). "Səmimi və kövrək duyğuların tərənnümçüsü"
olan Məmməd Tahirin poeziyası bu ülvi duyğuya xidmət
edir, oxucunu başqa bir dünyaya aparır. Akademik
Möhsün Nağısoylu yazır: "Məmməd Tahirin
şeirləri ilk növbədə səmimi və təbii,
kövrək və ilıq duyğuların sadə və
axıcı bir dillə, həm də yüksək poetik bir
biçimdə bədii ifadəsi ilə diqqət çəkir.
Həcmcə çox da böyük olmayan, yüksək
obrazlılığı ilə seçilən şeirlərinin
hər birində özünəməxsus deyim tərzi, ifadə
orijinallığı, dərin məna tutumu qabarıq şəkildə
özünü göstərir, oxucunu həm
düşündürür, həm qəlbinə bir sərinlik
çiləyir, həm də ona xoş ovqat, gözəl əhvali-ruhiyyə
bağışlayır". Bu fikirlər, Arif
Əmrahoğlu, Vaqif Yusifli, Kəmaləddin Qədim, Məmməd
Oruc, Səyavuş Sərxanlı və Vaqif Məmmədovun Məmməd
Tahir haqqında yazdığı portret yazılarında da fərqli
şəkildə vurğulanır.
M.Tahirin poeziyasında fikir təzə və fəlsəfi
mahiyyətdədir. Çünki onun poeziya haqqında
özünəməxsus düşüncəsi var:
"Poeziya duyğu və düşüncənin dilidir. Bu
dili yer kürəsində hamı başa düşür.
Poeziya həyatın və insanların yaşayış tərzinin
estetik tərəfidir, zövqverici xüsusiyyətə
malikdir. Həyatın romantik tərəfləri yalnız
poeziyada öz əksini tapır. Bu mənada, insanların ona
ehtiyacı var".
"Həyatın mənası xoşbəxtlik,
xoşbəxtliyin açarı sevgidir. Sevgi bəşəriyyətin
günəşidir". Məmməd Tahirin sevgi haqqında
çox gözəl şeirləri var. Düşünürəm
ki, onlar ayrı bir yazının mövzusudur.
Hər şeyin əvvəli olduğu kimi, sonu, hər
sonun da bir əvvəli var. Hər son həm də bir
başlanğıcdır. Yeni başlanğıclar arzusuyla
yazımızın sonuna gəldik. Və bu sonu şairin
"Başlar" şeiri ilə bitirir, Məmməd Tahirə
yeni-yeni yaradıcılıq uğurları arzulayıram:
Hər sonun bir əvvəli var,
Hər əvvəl bir sondan başlar.
Hər şey onun içindədi,
Dünya elə ondan başlar.
Təbiniz tükənməsin, Məmməd Tahir!
Lütviyyə ƏSGƏRZADƏ
Filologiya elmləri doktoru, Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun baş elmi işçisi
525-ci qəzet .- 2025.- 22 iyul(№126).-S.15.