Cəmiyyətin
inkişafına töhfələr verən milli mətbuat
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 25 aprel 2024-ci il tarixli Sərəncamı
ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi
ölkəmizdə geniş şəkildə qeyd olunması
ilə bağlı verdiyi Sərəncam ölkəmizdə Azərbaycan
mediasına verilən yüksək dəyərin və
jurnalistika sahəsində çalışanlara göstərilən
hörmətin açıq təzahürüdür. Bir əsr
yarım şərəfli yol keçən Azərbaycan mətbuatı
dövlətçilik tariximizin inkişafında misilsiz rol
oynayıb. Azərbaycan xalqının milli dirçəliş
dövrünə qədəm qoyması, dövlət və
dövlətçilik dəyərlərinin
formalaşması, milli şüurun oyanışı və
özünüdərk prosesində milli mətbuatın rolu
böyük və əvəzolunmazdır.
Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin
nəşrə başlamasının 150 ili tamam olur. 1875-ci
ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas
alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin
əsasını qoyduğu “Əkinçi” qəzeti ilə
xalqımızın milli oyanışında yeni səhifə
açılıb. 1877-ci ilin 29 sentyabr tarixinə qədər
çapını davam etdirən “Əkinçi” ayda iki dəfə
300-400 tirajla nəşr edilib. Bu müddət ərzində qəzetin
56 nömrəsi işıq üzü görüb. Bu qəzetin
Azərbaycan milli mətbuatının təşəkkül
tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən
maarifçilik missiyasını üzərinə
götürmüş “Əkinçi” qısa müddətdə
həm ziyalı təbəqə, həm də sadə insanlar
arasında çox məşhurlaşıb. Azərbaycan milli
mətbuatının təməlini qoyan bu qəzet, ikiillik
ömür yaşasa da, o dövrün görkəmli
maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində
öz maarifçi və demokratik ideyalarını təbliğ
edərək ictimai, siyasi və bədii fikrin inkişafına
böyük təsir göstərmişlər.
Bu gün yüksək dövlət qayğısı
ilə əhatə olunan Azərbaycan mətbuatı
özünün inkişaf dövrünü yaşayır.
Ulu öndərin mətbuata və mətbuat nümayəndələrinə
göstərdiyi diqqət və qayğı Ümummilli liderin
layiqli varisi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat
azadlığı tam təmin olunub. Təsadüfi deyil ki,
hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və
jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf
edir. Müasir dövrdə informasiya texnologiyalarının
inkişafı Azərbaycan mətbuatını qlobal informasiya
şəbəkəsinin bir hissəsinə çevirib. Bu
gün müstəqillik yolu ilə inamla irəliləyən və
hərtərəfli inkişaf edən Azərbaycanda söz və
mətbuat azadlığının təmin olunması istiqamətində
ciddi addımlar atılır, bu sahənin inkişafı ilə
bağlı bir sıra uğurlu layihələr həyata
keçirilir. Ölkədə mətbuatla bağlı mükəmməl
qanunvericilik bazasının yaradılması, maddi-texniki
bazanın möhkəmləndirilməsi, senzuranın ləğvi,
qəzet və jurnalların borclarının dondurulması,
medianın fəaliyyətinin genişləndirilməsi və
inkişafının təmin edilməsinə dair qəbul
edilmiş qərarlar Ulu öndərin ölkə
jurnalistikasına verdiyi yüksək dəyərin
sübutudur. Heydər Əliyev qələm sahiblərinin əməyini
qeyri-adi, zəhmətli, hünər və fədakarlıq tələb
edən əmək kimi ifadə edirdi, jurnalistlərə hər
zaman xüsusi münasibət bəsləyirdi. Bunun məntiqi
nəticəsidir ki, Ulu öndər dəfələrlə
keçirilən sorğularda “Jurnalistlərin dostu”
mükafatına layiq görülüb. Ümummilli lider xarici
ölkələrə olan səfərləri zamanı onu
müşayiət edən jurnalistləri adlarına qədər
tanıyırdı. Bu, onu həm mahir siyasət adamı, həm
də insanların qayğısı ilə yaşayan millət
adamı kimi səciyyələndirirdi.
Azərbaycanda mətbuatın, ümumiyyətlə,
kütləvi informasiya vasitələrinin hazırkı
inkişafını şərtləndirən əsas amillər
dövlətin bu sahəyə yüksək səviyyəli
diqqəti və media nümayəndələrinin söz, fikir
və özünüifadə azadlığından sərbəst
surətdə istifadə etməsi üçün hüquqi əsasların,
həmçinin əlverişli şəraitin mövcud
olmasıdır. Ölkəmizdə söz, fikir və
özünüifadə azadlığı konstitusion əsasda
təsbit edilib, hər bir yazılı və elektron KİV
özünün hüquq və azadlıqlarından sərbəst
surətdə istifadə edə bilir.
Azərbaycan jurnalistikasında söz, fikir
azadlığının yaradılmasını,
demokratiyanın inkişafını özündə əks
etdirən bu siyasət nəticəsində Azərbaycan
dünyada sözə, insan hüquqlarına hörmət edən
ölkə kimi tanınır.
Əminliklə deyə bilərik ki, Prezident cənab
İlham Əliyevin savaş günlərində
dünyanın media orqanlarına verdiyi çoxsaylı
müsahibələrdə səsləndirdiyi prinsipial mövqe
jurnalistlərimizi həm qətiyyətləndirdi, həm də
dövlətimizin başçısının irəli
sürdüyü tezislər onları xaricdən edilən
informasiya təxribatlarına qarşı mübarizənin
müsəlləh əsgərinə çevirdi
Vətən müharibəsi zamanı Azərbaycan mətbuatı
kütləvi dezinformasiya hücumlarının
qarşısının alınmasında, cəmiyyətimizin
operativ və düzgün məlumatlandırılmasında
böyük rol oynayıb. Jurnalistlərimiz Qarabağla
bağlı tarixi həqiqətləri, o cümlədən
işğal dövründə ermənilərin
torpaqlarımızda törətdikləri vəhşilikləri
və vandallığı beynəlxalq ictimaiyyətə
çatdırmaq üçün fəaliyyətlərini bu
gün də yorulmadan davam etdirirlər.
Hər zaman Azərbaycan həqiqətlərinin təbliği
missiyasını böyük peşəkarlıqla həyata
keçirən mətbuatımızın, postmüharibə
dövründə də bu işi əzmlə davam etdirməkdədir.
Azərbaycan mediası dövlətimizin
başçısı, Silahlı Qüvvələrin Müzəffər
Ali Baş Komandanı İlham Əliyevin sülh təşəbbüslərinin,
işğaldan azad edilmiş ərazilərimizdə həyata
keçirilən möhtəşəm bərpa-quruculuq
işləri barədə xəbərlərin ölkə və
dünya ictimaiyyətinə çatdırılmasında fəal
rol oynayır, Böyük Qayıdış prosesini geniş
işıqlandırır.
Hazırda media məkanında sürətli
qloballaşma prosesi gedir. Bu da, öz növbəsində, mətbuatla
bağlı qanunvericiliyin təkmilləşdirilməsini
gündəmə gətirir. 2021-ci ildə Azərbaycanda “Media
haqqında” Qanunun qəbul edilməsi ilə bu sahədə fəaliyyətin
təşkilati, hüquqi və iqtisadi əsasları, həmçinin
informasiyanın əldə edilməsi, hazırlanması,
ötürülməsi, istehsalı və yayımının
ümumi qaydaları müəyyən olunub.
Prezident cənab İlham Əliyevin “Azərbaycan
Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi
haqqında” 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə
Medianın İnkişafı Agentliyinin (MEDİA)
yaradılması media məkanında islahatların dərinləşdirilməsinə
imkan yaratmaqla, milli mətbuatımıza yeni ruh və nəfəs
gətirib.
Artıq üç ildir ki, Milli Mətbuat Günü
ərəfəsində Şuşa Qlobal Media Forumu təşkil
edilir. Forum dünyanın aparıcı media, jurnalist təşkilatları
rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində
nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir
araya toplayır. Şuşa Qlobal Media Forumuna dünya media
orqanlarının artan marağı dövlətimizin media
siyasəti çərçivəsində həyata
keçirdiyi davamlı tədbirlərin nəticəsidir
Azərbaycan mediası Şuşadan, Xankəndidən,
Xocalıdan, Füzulidən, Zəngilanda, Laçından və
işğaldan azad edilmiş digər ərazilərimizdən
xəbərlər, reportajlar hazırlayır, Qarabağın
bərpasına informasiya dəstəyi göstərir. Dövlətçilik
maraqlarını daim uca tutan jurnalist kollektivləri insanlarda
yüksək milli şüur formalaşdırılması, cəmiyyətin
ali məqsədlər uğrunda səfərbər edilməsi
işinə dəyərli töhfələr verirlər.
Bu gün Azərbaycanın milli mətbuatı 150 illik
yubileyini dövlət və xalqın birgə bayramına
çevirməklə həm tarixi mirasına sahib çıxır,
həm də gələcək nəsillərə örnək
olacaq bir jurnalistika mədəniyyətini yaşadır.
Qarşıda duran vəzifə isə bu ənənəni
qorumaq, inkişaf etdirmək və müasir dünyanın
çağırışlarına uyğun şəkildə
daha da gücləndirməkdir.
Fuad Hüseynzadə
Binəqədi Rayon İcra Hakimiyyəti yanında
İctimai Şuranın katibi,
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi
İctimai Birliyinin sədri
525-ci qəzet .- 2025.- 22 iyul(¹126).-S.10.