"Şükriyyə":
taleyimiz, tariximiz və yaddaşımız
CAVİD ZEYNALLININ "ŞÜKRİYYƏ"
PYESİNİN TAMAŞASI HAQQINDA QEYDLƏR
Azərbaycanda yeni dramaturqlar nəslinin teatr səhnələrimizdə
fəallığı və tamaşaçıların diqqətini
özünə çəkməsi çox önəmlidir. Bəzən
düşünülür ki, yeni nəslin pyes yazmağa,
teatr üçün nələrsə etməyə
marağı, gücü və istedadı çatmır. Bəzi
məqamlarla razılaşmaq olar. Ancaq bu gün
teatrlarımızda yeni tamaşalar, obrazlar və yanaşmalar
da var. Bu baxımdan Cavid Zeynallının "Şükriyyə"
pyesi əsasında hazırlanan tamaşanı xüsusi qeyd
etmək istərdim. Azərbaycanın istiqlal şairi Əhməd
Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin
Qazaxıstandakı sürgün həyatı haqqında
hazırlanan tamaşa həm də Azərbaycan
qadınının böyüklüyünü, mərdliyini
və sadiqliyini simvolizə edir. Şükriyyə xanım
1937-ci il oktyabrın 14-də həbs olunub. Ona 8 il həbs cəzası
verilib və "xalq düşməninin arvadı" kimi
Şimali Qazaxıstanın Akmolinski vilayətinə - əmək
koloniyasına göndərilib.
Əvvəla bildirim ki, "Şükriyyə"də
hadisələr o qədər canlı və
axıcıdır ki, tamaşaçı səhnədə
baş verənləri nəfəsini tutub izləməli olur.
Tamaşanın həyəcan dolu səhnələri gərginliyi,
bir o qədər də emosional atmosferi ilə yadda qalır.
"Şükriyyə"nin səhnə təcəssümü
üç istiqamətdə tamaşaçını
düşünməyə və nəticə
çıxarmağa vadar edir: 1. Zamanın amansız
qanunları və qəddar rejimin insanlığa
sığmayan siyasəti. 2. İnsanın duyğu və hisslərinin
bütün çılpaqlığı ilə
nümayişi. 3. Böyük sevginin dolğun və aydın
fraqmentlərlə təsviri.
Tamaşa dövrün ağır Stalin
ab-havasını məharətlə nümayiş etdirir. Bir
anlıq o dövrün soyuq ölüm nəfəsini
duymuş olursan. Heç bir güzəştə yer olmayan
soyuq bir ölüm maşınının cənginə
düşürsən. Bu ölüm maşını
"düşünən beyinlərin" yox olması
üçün ixtira olunub.
İnsanın duyğuları müxtəlif olduğu
kimi, heç də həmişə eynilik təşkil etmir.
Tamaşanın əsas qayəsini təşkil edən
insanlıq faciəsi və bəşəri duyğular
bütün çılpaqlığı ilə səhnədə
canlanır. Şükriyyənin Əhməd Cavada olan sevgisi
böyüklüyündən əlavə, həm də o qədər
incə və zərif təsvir olunur ki, tamaşaçı
bunu bütün varlığı ilə hiss edə bilir.
Müəllif və rejissor bu mənada alqışa layiq bir
iş ortaya qoyublar. Qeyd edim ki, tamaşanın
quruluşçu rejissoru Əməkdar incəsənət
xadimi Bəhram Osmanovdur.
Tamaşa sanki qaranlıq dünyanın fonunda
işıqlı insanın sükutudur. İnsan faktorunun təsirli
ifadəsi obrazların bütün əzab və məhrumiyyətləri
ilə önə çəkilərək səhnə əsərini
daha da maraqlı edir. Əlbəttə, burada aktyor işini də
xüsusilə vurğulamaq lazımdır.
Tamaşada Əməkdar artist Münəvvər
Əliyeva (Şükriyyə), Xalq artisti Nurəddin
Mehdixanlı (Fyodor Alekseyeviç), Xalq artisti Əli Nur
(Süleyman bəy), Əməkdar artistlər Mehriban Xanlarova
(Zöhrə), Vəfa Rzayeva (Mariya), aktyorlar Afət Məmmədova
(Tamar), Rada Nəsibova (Lola), Ləman İmanova (Suğra),
Əməkdar artist Şəlalə Şahvələdqızı
(Qadın müstəntiq), aktrisa Dilarə Nəzərova
(Olqa), aktyor Rüstəm Rüstəmov (Nəzarətçi),
aktrisalar Aylin Həşimova (Lali), Lalə Süleymanova (Nino),
Nəzrin Abdullayeva (Ayçiçək), aktyorlar Elsevər Rəhimov
və Tural İbrahimov (Nəzarətçilər)
istedadları ilə səhnə əsərinə məxsusi
ovqat və rəng qatmağı bacarırlar.
İzlədikcə tamaşadan bir an olsun qopa bilmirsən.
Zöhrə rolunu xüsusi qeyd etmək istəyirəm.
Zöhrənin tamaşanın əvvəlində "Hələ
başınız çox müsibətlər çəkəcək"
sözləri adamın iliklərinə qədər işləyir.
Çünki özünü səhnədə, hadisələrin
içində hiss edirsən. Bir anlıq özünü
1937-ci ilin ağır məngənəsində, sanki o hissləri
yaşamış biri kimi görürsən. Bu, çox vacib
məqamdır. Tamaşanın düşüncə mexanizmində
əsla pafosa və yersiz replikalara yer verilməyib.
Çamadanların ifadə etdiyi məna yükündə
asılı qalan fikirlər çox dərinə gedir.
Ağrılı olsa da, bu, bir həqiqətdir. O
çamadanların içinə insan taleyinin bütün
ağrıları və kədəri
sığışıb. Bu ağrı və kədəri
daşımaq isə məhz çamadanların
görüntüsündə qabardılır. Bu, Cavid
Zeynallının hekayələrində də rast gəlinən
tipik insan hisslərinin səciyyəvi təqdimatıdır. O
baxımdan müəllifin "Coğrafiya müəlliminin
pencəyi" hekayəsini qeyd edə bilərik.
Ümumiyyətlə, C.Zeynallının pyes təcrübəsi
nisbətən az olsa da, onun yazıçılıq
imkanları uğurlu işin ortaya çıxması
üçün kifayət edib. Düzdür, tarixi olduğu
kimi yazmaq, onu pyesə çevirmək elə də asan iş
deyil. Ancaq əldə xeyli faktların olması bir az işi
asanlaşdırır.
Teatrşünas alim İsrafil İsrafilovun da qeyd
etdiyi kimi, çağdaş dünyanın teatr seqmentində
müşahidə olunan dekonstruksiya meylləri (əslində,
bu, meyl yox, baş verən faktdır - İ.İ.) və həmin
dekonstruksiyanın təşəbbüskarları və müəllifləri
olan teatr xadimləri çağdaş bədii
yaradıcılıq ərazisində fəaliyyət göstərən
rejissor sənətinə münasibətdə yetərincə
güzəştsiz və tələbkar mövqe
tutmaqdadırlar". Bu mənada gənc müəllif kimi
Cavid Zeynallının teatr dünyasına addım
atmağı olduqca cəsarətli və alqışalayiq bir
hadisədir.
Tamaşa boyu hadisələr irəlilədikcə hiss
və duyğuların çəkisi baxımından
gedişat qismən ağırlaşır.
Düşünürəm ki, bir az sentimentallığın
dozasını azaltmaq olardı. Çünki bu
ağırlıq müasir tamaşaçı
üçün çoxdur. İndi tamaşaçı səhnədən
aldığı stress və depressiyanı asan qəbul edə
bilmir. Ancaq ədalət naminə deyilməlidir ki, bu
tamaşada stress və depressiv hal ustalıqla, həm də təbii
şəkildə çatdırılır.
Düşünürəm ki, tamaşanın
auditoriyası yaş etibarilə 18-in üzərindədir. Bu,
mənim şəxsi fikrimdir. Ola bilər ki,
tamaşaçının psixololoji durumu ilə bu dəyişər.
Bir sözlə, "Şükriyyə" psixoloji faktorlarla
həm tamaşaçını özünə cəlb edir,
həm də onu bir az gərginliyə salaraq bəlli məsafədə
saxlayır. Misal üçün, dovşanların alma
ağaclarının kökünü yeməsi və bunun
qarşılığında bir tikə çörəyin həsrəti
çox təsirli səhnələrdən biridir.
Azyaşlı uşağın heç nədən xəbəri
yoxmuş kimi oyuncağı ilə oynamağı isə
ayrıca bir dərin məqamdır. Bu səhnə bəs edir
ki, ötürülən əhvalı qəlbən duyasan.
Soyuq Sibiri iliklərinə kimi hiss etdirən səhnələrdə
səs amili də xüsusi vurğulanmalıdır. Qatar səsinin
kövrəkliyi və həsrəti fonunda duyğulanmamaq
mümkün deyil. Bu qatar səsi milyonların
ağrılarını ifadə edir. Sanki o səs
milyonların ayrılıq naləsidir. O qatar səsində kədər,
qəm, hicran iztirabı var...
"Şükriyyə" pyesi
"bağışlamaq" və
"bağışlanmaq" istəyinin ortaq məxrəci
kimi, həm də bütün zamanların ritorik sualı olan
"Həyatın mənası nədir?" sualına
cavabdır. Həyatın mənasını getdiyin yoldan
dönməmək, əqidənə sadiq qalmaq,
ölümün üzünə dik baxmaq, sevginin gücünə
inanmaq və beləliklə, tarixin parlaq səhifəsinə həkk
olunmaq kimi böyük səadətin bir parçası olmaqda
görən müəllif burada insanlığın faciəsi
fonunda böyük amalların
qalıcılığını da göstərmiş olur.
İnsan iradəsinin azadlığı və bu iradənin
gücü həm psixoloji, həm də fəlsəfi aspektdən
çox aydın mənzərə ilə
çatdırılır. Bu mənzərə təslim
olmamaq, mənən kirlənməmək, ölümün
şərəflisini seçmək, insan ləyaqətinin
önəmini vurğulamaq kimi cəhdləri birləşdirir.
"Şükriyyə" pyesi müasir teatr
anlayışına həm də varislik və tarixizm prinsiplərini
yeni formatda təqdim etmiş oldu. Bu format daha real,
inandırıcı və dəqiqdir. Tamaşaçı da
reallığı, inandırıcılığı və dəqiqliyi
ilk anlardan etibarən sezmiş olur. Bu fakt çox önəmlidir.
Əgər belə olmasaydı, hadisələr sönük,
tamaşa təsirsiz və maraqsız olardı.
Ötürülən informasiya və əsas ideya səhnəyə
ölü döl kimi düşərdi. Ancaq tamaşanın təbiiliyi
və inandırıcılığı elə bir səviyyədədir
ki, irəli sürülən ideya səhnədə canlı
doğulur.
Bir də xüsusi olaraq qeyd etmək lazımdır ki,
tamaşa zaman ölçümünə görə çox
uğurlu reqlamentdədir, uzun-uzadı, yorucu deyil, lakonik və
aydındır. Düşünürəm, bu da
tamaşanı bir udum su kimi içib düşüncə
süzgəcindən keçirməyə şərait
yaradır.
Yekunda bir qənaəti də vurğulayım ki, zənnimcə,
"Şükriyyə" tamaşası dünənin və
ya bu günün yox, əsasən sabahın
tamaşasıdır. Çünki tamaşanın özəyində
duran "bağışlamaq" və
"bağışlanmaq" arzusu dünən bitib, bu
gün gerçəkləşməyib, sabah isə yenə
olacaq.
Türkan CƏFƏRLİ
525-ci qəzet .- 2025.- 23 iyul(№127).- S.14.