Yad şəhərin doğmalığı
Mənsurə Qaçayqızının şeirləri
və "Yad şəhərin yuxusu" hekayələr
kitabı haqqında bir-iki abzas
Əvvəl soyadını qəbul etmişdim,
vaxtı ilə bir tanışımın adı
keçmişdi bu soyadın içindən.
Qaçayqızı imzası yaddaşıma söykənmişdi.
Daha sonralar sosial şəbəkədən ("Yarpaq" ədəbiyyat
saytından) bir neçə şeiri ilə tanış
olmuşdum. İllah da şəhid anası haqqındakı o
yazının havası qəlbimi qarsmışdı:
Gecələr evinin qapısı açıq,
Qapı bağlamağa əlləri gəlməz.
Birdən şəhid oğlu qayıdıb gələr
Qapısı döyülər, ana eşitməz.
Bəlkə ana olmağın ən sitəmli
dövranı budur. Bunu ancaq analar anlar. Bəlkə bu da bir təsəlli,
oğul düşmən çəpərimi? Ya oğul Vətən
üçündür? Şeirlərin sırasını
unutmuşam, amma "Şuşanın qızları
Şuşaya getmir" deyimi bir zamanların ən çətin
suallarını doğururdu, eynən Mənsurənin dediyi
kimi:
Qırmızı koftalar qaradı indi
Təbiətin də rəngi Şuşada itir.
Bilirəm, yazı da daha yaz deyil,
Görəsən lalələr Şuşada bitir?
Və göy üzü, sadə bir həqiqət, tuta
tamsınan kəndli nostaljisi:
Bir azdan silkələnəcək göy üzü...
buludda xətlər görünür.
Tut ağacının budaqlarına oxşayır
Yayda kənddə tut çırpardıq,
Ağ-şirin tutlar
Tamını hiss eliyirəm.
Hə, bir də əlacsızlığın ən
tutumlu nümunəsi, "Yenə şeh çiləndi
yuxularıma" şeirindən bir bənd:
axır, pəncərənin o üzündən ay
Gözümdə gizlənən şehə tamaşa.
Baxır, əlindən heç nə gəlmir ki,
Qalıram bu gecə ayla baş-başa.
Bu tanış misralarla feysbuk səhifələrindən
dinləmişdim, şeiri bütünlüklə Şabran
vadisinin mirvari gözlü bir xanımı çox ifadəli
oxumuşdu.
Mənsurə Qaçayqızının digər bir
neçə misrası da yadıma düşür:
Son günlər adım yuxuma girir,
iri-iri hərflərlə MƏN-SU-RƏ.
Tanımadığım adlar içindən
özüm kimi dəli adım...
Beləcə, Mənsurə
Qaçayqızının şeirlərinə etinasız qala
bilmədim və bu səbəbdən
hekayələri haqqında deyəcəyimi sona saxladım.
Mənsurə Qaçayqızının "yad şəhərindən"
bir kitablıq hekayə oxudum. Dar macalda hekayələri fasilələrlə,
çox rahat oxudum və dinclik tapdım. Yad şəhər
gözümdə doğmalaşdı.
Hekayələrdə hadisələr real həyat səhnəsidir.
Hər kəs bu səhnənin müşahidəçisi, bəlkə
də iştirakçısıdır. Bu yad şəhərin
qəhrəmanları sadə, xeyirxahdır. Adamların
içində işıq seli var. Adamlar bir-birinin taleyinə
biganə deyil, onlar üçün narahat gecələr
keçirirlər. Yuxuları o qədər də qorxulu deyil,
zəlzələ qorxusu da yoxdu bu şəhərdə.
İnsanlar bir-birinə hörmət və izzət
göstərmək üçün qarşılıqsız
istəklidilər. Və bu insanların qəlb təmizliyi
var. Bu yad şəhərdə insanlar rahat həyat
yaşayırlar. Adamların bir-birinə qarşı doğma
münasibəti var.
Hekayə qəhrəmanlarının yüksək mədəniyyəti
və mərifəti elə yazıçının
özünün əxlaqi keyfiyyətinin inikası saymaq olar.
Və bu belədir.
Yazıçı (şair) təkcə qələmi
ilə deyil, ruhu ilə də öz qəhrəmanlarının
arxasındadır. Öz hüsnü-rəğbətini
insanlardan gizlətmir. Amma bu şəhərdə sevgisiz
yaşamaq bir məşəqqətdir. Qarlıdır,
yağışlıdır.
"Yad şəhərin yuxusu"nun mesajları
budur:
Ay kimi, su kimi təmizliyi görmək
üçün Ay-su olmalısan, dostun uğurunu görmək
üçün Ay-şən olmalısan ("Bir
gül").
Hətta təsadüfən rastlaşdığın
yad adamların taleyindən nigarançılıq keçirməlisən
("Yad şəhərin yuxusu").
Adamların çoxhərfli deyil, tək bir, A
variantı var. Sev, ayrıl, amma düsturu budur, insan insanın
dostudur ("A-dan B-yə").
Gözlərin görmürsə, qəlbinin
gözüylə görməlisən ("Nənəmin rəfiqəsi").
Şam yandırın, axirətiniz işıqlı
olsun. Və bir aforizm "işıq olmayanda adamın
içinə qaranlıq çökər" ("Axirət
gününün şamı").
Yad şəhərin dəlisi də bu şəhərə
yad deyil ("Sevgi").
Bu şəhərin yüzüncü sökük evlərində
də torpaq həsrəti yaşanır ("Torpaq ətri").
Cənnəti pulla almaq mümkün deyil ("Cənnətlə
cəhənnəm arasında").
Qarlı günlər ilk sevginin xatirəsini
yaşadır ("Qar dənələri").
Məzarın üstünə gizlicə gül qoymaq
sevgidəndi ("Ziyarətçi").
Diplomun rəngi uğursuzluğa dəlalət etmir
("Qara diplom").
Və nəhayət şərəf, ləyaqəti
qorumaq üçün cocuqlara bıçaq gərək deyil
("Yad").
Beləcə, son qənaətə gəldiyim fikrimi
belə ifadə edərdim: əslində bu yad şəhər
hamının şəhəridir - Bakıdır, Şəkidir,
Gəncədir, Bərdədir - hamının doğma şəhəridir.
Gecəsi də, gecə yuxusu da, gündüzü də,
göy üzü də yad deyil, doğmadır.
Xosrov NATİL
525-ci qəzet .- 2025.- 23 iyul(№127).- S.11.