Biz xərabət əhliyik,
çün çayxanalardan çıxmışıq
("Bazar... Ağdam bazarı"nın davamı)
Əslində şəhər özü çox
böyük bazar idi, minlərlə dükan, yeməkxana, dərzixana,
sexlər fəaliyyət göstərirdi, çox
böyük profilaktoriyalar vardı. Bundan başqa, onlarla
maşın ustası da həyətində sex
açmışdı. Bura maşın düzəltdirməyə
təkcə Qarabağdan deyil, Gürcüstandan, Ermənistandan
gəlirdilər. Ustaların əlləri qızıl idi,
darmadağın olunmuş maşını verərdin, bir
aydan sonra götürəndə elə bilərdin ki, zavod
buraxıb.
Füzuli adında iki ayağı dizdən yuxarı kəsilmiş
bir usta vardı. Qucaqlarında gətirib qoyurdular mühərrikin
üstə, söküb təzədən
yığırdı.
Pambığın vurhavur vaxtı, təsərrüfat
rəhbərləri heç qonşu kəndə də
keçə bilməzdi. Ağcabədinin Bayat kəndindəki
Lenin adına kolxozun sədri Şahlar kişi dostu Azəri
Hüseynə deyir ki, Şuşanın ən yaxşı
vaxtıdı, gedək bir İsa bulaqda yeyib-içək, gələk.
Otururlar Azəri Hüseynin Zimbalasına üzü güləbədinə,
yəni İsa bulağına, yaxşı yeyib-içirlər.
Qayıdanda şər vaxtı
Ağdama çataçatda maşını
aşırırlar. Dərhal Ağdamdakı dostlarına xəbər
göndərirlər ki, gəlib maşını aparsınlar
ustalara. Və xahiş edirlər ki, maşın səhərə
qədər hazır olsun. Özləri də oturur bir dostun
maşınına, gəlirlər kəndə.
Gecə Birinci Katibə deyirlər ki, bəs Lenin
adına kolxozun sədri dostu Azəri Hüseynlə xəlvətcə
gedib Şuşada
yeyib-içiblər, qayıdanda da maşını
aşırıblar.
Katib bərk hirslənir və səhər tezdən əyanlarıyla
durub gəlir Şahlar kişinin evinə. Şahlar kişi
görür katib, prokuror, rəis hamısı bir yerdə gəlib.
Soruşur:
- Yoldaş katib, tezdən xeyirdimi?
Katib başlayır danlamağa:
- Sən kimdən icazə alıb Azəri Hüseynlə
Şuşaya getmisən və qayıdanda maşını
aşırtmısız.
- Boş sözdür, yoldaş Katib. Mən dünən
bütün günü təsərrüfatda olmuşam. Azəri
Hüseyn də evində yatıb, yəqin ki,
maşını da həyətdə. İnanmırsız, gedək.
Və gəlirlər Azəri Hüseyngilə. Girirlər
həyətə, görürlər Zimbala saz vəziyyətdə,
heç bir qəza izi yoxdur, çaşıb qalırlar.
Şahlar kişi:
- Yoldaş Katib, görürsüz, sizə səhv məlumat
veriblər. Bu maşın dünən gecə aşan
maşına oxşayır?
Katib başını bulayır, əyanlarını
götürüb çıxıb gedir.
Yəni Ağdamda elə ustalar var idi ki, bir gecəyə
maşının bütün əzik-üzüyünü
düzəldib, rəngləyib səhərə yaxın gətirib
qoymuşdular Azəri Hüseynin həyətinə.
Şəhərin belə iqtisadi inkişafı Pənah
xanın adıyla bağlı idi. Ağdam Qarabağın
düz mərkəzində yerləşirdi. Bir dəfə
yazmışam, eybi yox, bir də yazım. Şəhərdən
Füzuliyə 48 kilometr, Ağcabədiyə 48 kilometr, Bərdəyə
48 kilometr, Ağdərəyə, Tərtərə 44 kilometr,
Şuşaya 37 kilometr, Xankəndinə 25 kilometr,
Laçına 73, Kəlbəcərə 80 kilometrdi, yəni
Qarabağın düz mərkəzi. Ona görə də bu
şəhəri inkişaf etdirmək üçün Pənah
xan belə bir fərman vermişdi ki, kim bu şəhərdə
nə tikirsə tiksin, nə açırsa açsın, nə
sexi qurursa qursun, vergilərdən azaddı. Yəni indiki dillə
desək, Pənah xan Ağdamı azad iqtisadi zona elan
etmişdi.
Pənah xan şəhərdə ər-arvad iki
ağır seyidin məzarları üstündə məqbərə
tikdirmişdi. Özü də vəsiyyət eləmişdi
ki, öləndə onu seyidlərin ayaqları altında dəfn
etsinlər. Xanın ölümü də çox dəhşətli
olmuşdu. Kərim xan onu yanında qoşun
başçısı adıyla girov saxlayırdı. Xan isə
Qarabağa qayıtmaq üçün nə illah eləyirdi,
gedə bilmirdi. Dostu olan saray həkimi
ilə məsləhətləşir ki, ona elə bir
bihuşdar versin ki, Kərim xan elə bilsin ölüb və
vəsiyyətinə görə aparıb Ağdamda dəfn
etsinlər. Həkim də razılaşır. Amma Kərim xan
tapşırır ki, yol uzaqdı, Xanın nəşi iylənə
bilər, yarın, içinə buz doldurun və həkim də
qorxusundan bir söz deyə bilmir və ağlaya-ağlaya Pənah
xanı diri-diri yarır, içinə buz doldurur və sonra da
gətirib Ağdamda dəfn edirlər.
Şəhərin tarixini bilən yoxuydu. Professor Rəşid
Göyüşov arxeoloji qazıntılardan belə bir nəticə
çıxarmışdı ki, Ağdamın tarixi 2000 ilə,
3000 ilə, Aquan tayfalarına gedib çıxır. Şəhərin
kənarındakı məşhur Qarağacı qəbiristanlığında
aparılan tədqiqatlar da bunu sübut edirdi.
Pənah xanın şəhərini ermənilər
darmadağın etdilər, daşı daş üstə
qalmadı, hətta məqbərəsini də
dağıtdılar...
...İndi həmin şəhəri, Qarabağın
paytaxtını cənab Prezident İlham Əliyev təzədən
Pənah xanın adına və
elə öz adına layiq tikir. Özü də bu dəfə
Qarabağın paytaxtı kimi deyil, ölkənin paytaxtı
kimi...
Şəhər həm də çayxanaları, yeməkxanaları
ilə də məşhur idi. Şəhərdə ondan
çox böyük çayxana vardı ki, hər
çayxananın da özünün
zümrəsi.
Bakıda yaşayan və oxuyan tələbələr
də paytaxtda dörd çayxanaya
yığışırdılar, onların da ən məşhuru
"Araz" idi.
Başlayaq elə Bakıdakı çayxanalardan, sonra
gələrik Ağdama.
Vaxtilə, yəni inqilabdan qabaq şəhərdə çayxanalar
çox idi. İndi də çoxdu, day əvvəlki
çayxanalar deyil. İndiki çayxanalardakı hesab o
vaxtkı "İnturist"in hesabıdı.
Niyəsini deyim. Əvvəlki çayxanalarda müxtəlif
rayonların adamları,
xüsusilə də gəncləri eyni çayxanaya
yığışardı. Bunun müsbət bir cəhəti
o idi ki, əgər bir problemin varsa, bir dərdin varsa, dərhal
həmyerlilərinin yığışdığı
çayxanaya gedirdin və orda çalışırdılar
ki, sənin problemini həll etsinlər. Bəzən də
qız üstə kimləsə dalaşırdınsa, səhər
səni davaya çağırırdılarsa, gedirdin yenə
həmyerlilərinin yanına, sabahısı gün o
çayxana boş olurdu. Çünki hamısı gedirdi
davaya.
"Araz"a ağdamlılarla dostluq eləyən
ağdaşlılar da gəlirdi. Və burda hər nəslin
nümayəndəsini görə bilərdin, ən əsası
da Xalq Təsərrüfatı İnstitutunda oxuyan tələbələri.
Elə bil ataları bir ətək pul verib bu uşaqları
Xalq Təsərrüfatına deyil, "Araz"
çayxanasına düzəltmişdilər. Dörd il
otururdular orda, semestr imtahanlarını da pulla
yazdırırdılar, sonra da diplomu alırdılar, bəziləri
doğrudan "oboxeis" gedirdilər, bəziləri
qayıdırdılar rayona, mağazadan-zaddan
götürüb işlədirdilər, bəziləri də
sonra yenə çayxanada
vaxtını keçirirdi və gözləyirdilər ki, nə
vaxt onları "oboxeis" göndərəcəklər.
Onda ağdamlılar üçün iki institut dəbdə
idi. "Oboxeis" olmaq istəyənlər Xalq Təsərrüfatını,
həkim olmaq istəyənlər də Tibb İnstitutunu
seçirdi. Az qala Tibb İnstitutunun yarısı
ağdamlıydı. Pambığın, üzümün,
şərab zavodlarının pulu axırdı bu iki institutun
müəllimlərinin cibinə.
O vaxt belə bir anekdot vardı. Bir ağdamlı gedir
Amerikaya, qayıdanda dostlarına gördüklərini
danışır:
- Hamısının maşınında
"Mersedes" kalpağı, hamısının da
uşağı medinstitutda
oxuyur.
Mən isə nə "oboxeis" olmaq istəyirdim,
nə də həkim. Ona görə də universiteti
seçdim, ədəbiyyat fakültəsini. Daha doğrusu,
atamın pulu ora çatdı.
"Araz" çayxanasının
qarşısındakı Parapet bağına cənub bölgəsinin uşaqları
yığışırdı. Burda həm çayxana
vardı, həm də bir köşk. O köşkdə
bütün günü ərzində televiziya və radioya
buraxılmayan, el arasında ara müğənniləri deyilən,
əslində isə hər biri bir gözəl sənətkar
olan gənclərin melodiyaları
səsləndirilirdi. Təbii ki, həm də məşhur
sənətkarların - Qədir Rüstəmovun, Rəmişin,
Məmmədbağırın, Ağadadaşın. Deməli,
yaxınlaşırdın bir manat
verirdin, iki dəqiqəyə istədiyin musiqini vala
köçürüb verirdilər sənə. O vallar da əslində
bir-iki aya xarab olurdu.
Çox qəribəydi ki, ağdamlıların
başqa rayonlarla davasının həmişə şahidi və
iştirakçısı olsam da, amma üzbəüzdəki
cənublularla heç vaxt
mübahisələrini görməmişəm.
"Araz"da bəzən söhbət gedirdi ki, mən
65-ci ildən burdayam. Biz təzə gələnlər də
deyirdik ki, vay dədəm vay, kişi beş ildi Bakıda
yaşayır.
İndi mən özüm 55 ildir Bakıda
yaşayıram, vay dədəm vay, deyənim olmayıb.
Xallı Şahin əsgərliyə gedəndə Ağdamda pul verirlər ki, bunu verərsən
Bakıda Qaraya. O da soruşub:
- Mən onu hardan tapım, adresin də verin dana.
- Əşi, get Araza, orda olajax dana.
Xallı Şahin gəlir ki, doğrudan da Qara tələbə
yoldaşlarıyla, təbii ki ağdamlılarla, oturub
"Araz"da, pulu verir ki, dədən
göndərib.
İki il keçir, Xallı Şahin əsgərlikdən
qayıdır, gəlir "Araz"a. Görür Qara yenə
həmin curlarıyla çayxanada eyni stulda oturub.
Gülür:
- Ə, Qara, bir stulunu dəyiş də, bəlkə
altını islatmısan?
Xallı Şahinin bir zarafatı da vardı.
Deyirdi:
- Bu Ağdam uşaqları Bakıya gələndə
elə bil hərəsinə bir qırmızı udastavereniya
verirlər ki, Bakıda kimlə istəsən, dalaşa bilərsən.
Həqiqətən də tez-tez elə öz
aralarında dava düşürdü. Çayxananın
arxasında "Araz" restoranı idi. Girib orda
yeyib-içirdilər, sonra mübahisə
başlayırdı, təbii ki, mübahisənin sonu da
şillə-təpik davası idi.
1964-65-ci ildən Bakıda
yaşayanlar özlərini avtoritet sayırdı və mənim
kimi instituta təzə girənləri bəzən
sındırmağa çalışırdılar.
Çayxananın kənarında dostlarla söhbət edirik, özünü
saytal sayanlardan biri restorandan
çıxandan sonra bizə yaxınlaşdı.
Gözünə ən zəif mən dəydim:
- Ə, düz dur, ə!
- Düz durmuşam!
- Saa deyirəm, düz dur!
- Mən əsgər deyiləm, sən də general. Nə
istəyirsən?
- Sən əsgərsən, mən də general.
Düz dur, deyirəm sənə.
Qəfildən üstündən bir yarım metrlik xəncər
çıxartdı, cumdu mənə. Təbii ki, mən də
igidlik ondu, doqquzu qaçmaqlıq atalar sözünə əməl
edib qaçdım.
- Hara qaçırsan, ə?
- Xəncəri at, əlbəyaxa dalaşaq.
O isə məni qovmağa başladı. Nəhayət,
dostlar girdi araya, onu sakitləşdirə bildilər. Mən də
çox pərt olmuşdum. Bir sözlə, "general"
"əsgəri" sındırmışdı, yəni məni.
Axşam kirayə qaldığım evə gələndə
xalam oğlu Göygöz Vahidə dedim ki, bəs dünən
çayxanada belə bir hadisə olub, filankəs müəllimin
oğlu üstümə xəncər çıxarıb. Göygöz Vahid başını
buladı və dedi ki, yaxşı.
Sabah yenə "Araz"dayam, o "general" da
ayıqdı. Bir az yuxarıda
oturub, hərdən də qalib gözlərlə məni
süzür.
Bu vaxt Göygöz Vahid gəldi, həmin
"generalı" çağırdı çayxananın kənarına və
dedi:
- Qaqa, sən dünən xalam oğluna xəncər
çıxarmısan?
- Vahid, sən öl, bilməmişəm sənin xalan
oğludu.
Göygöz Vahid də ona elə bir yumruq vurdu ki,
ağız-burnu partladı və yıxılıb qaldı
yolda. "Araz"dakılar gəlib onu qaldırdı.
Göygöz Vahid:
- Get, üzr istə.
Ağız-burnu qan içində gəldi yanıma:
- Bağışla, tanımamışam. Bilməmişəm
ki, Göygöz Vahidin xalası oğlusan.
Və sınan mən yox, o oldu.
Bir dəfə rejissor Aydın Dadaşov riqalı bir həmkarını
gətirmişdi "Araz"a. Çayxana kinorejissorun
çox xoşuna gəlmişdi.
- Aydın, nə xoşbəxt millətsiniz,
yığışıb şirin-şirin söhbət edə-edə
çay içirsiz. Bizdə isə
yığışırlar barlara, bütün günü ya
pivə içirlər, ya araq.
Riqalı kinorejissorun gözü dəydi, gün gəldi
çayxanaları bağladılar, bizimkilər də üz
tutdular barlara.
Əslində bu çayxanada əksəriyyət
ağdamlılar olsa da, ağsaqqallığı
ağdaşlı Şiraz edirdi. Mən bu Şirazın kimləsə
dalaşdığını görməmişdim, özü
də boylu-buxunlu oğlan idi, qolu da qüvvətli. Amma
çayxanadakılar ona qolunun qüvvətinə görə
yox, ağsaqqallığına görə hörmət edirdilər.
Sonra Şiraz çıxıb getdi Dubaya. Bir dəfə
mən Şarjada olarkən könlümdən içmək
keçdi. İçki də yoxuydu, Şiraza zəng elədim.
Təxminən iyirmi dəqiqədən sonra mənim
otağıma bir litrlik rus arağı gətirdilər.
Əslində hava isti olduğuna görə heç onu da
içmədim.
Ağdamlılar "Araz"dan başqa Beşmərtəbədəki
"Fərhad" çayxanasında da olurdular. Bura lap gənclər
gəlirdi. Rəşad Məcidi də orda
tanımışdım. İndi həmin çayxananı
söküb yerində otel tikiblər.
Bir də Bakıxanov küçəsində Pedaqoji
İnstitutun yataqxanasının yanında bir çayxana
vardı, ora da yığışırdılar. Bura əsasən
Tibb İnstitutunda oxuyan ağdamlılar daha çox gəlirdi,
bir də ağsaqqal ağdamlılar. Əlləri bəy
şeyinə dəymiş məşhur taksi sürücüləri
də, Sabir əmi də bu çayxanaya gəlirdi. Maraqlı
söhbətlərinə görə hamı onun başına
yığışırdı. Bir davakar qardaşı
vardı, neçə ildi həbsxanalardaydı. Uşaqlar
soruşanda ki, çıxmağına nə qədər
qalıb, deyərdi ki, hələ beş ili var.
Hamı da bir ağızdan:
- Allah qapısını açsın.
Sabir əmi:
- Allah bunu harda tapsın qapısını
açmağa, şestoy kalonda, vtaroyda, sedmoyda?
Bir dəfə Sabir əmi çayxanaya girərkən
kiminsə ayağını tapdayır və dərhal da qayıdır ki,
üzr istəyirəm.
Ayağı tapdalanan:
- Nə üzr istəyirsən ey, ayağının
altına bax də
- Dedim ki, üzr istəyirəm. Bağışla.
- Nə bağışlayım?
Sabir əmi başını bulayıb deyir:
- Yaxşı, get onda Qayi çağır.
Bu çayxanaya tez-tez də Sabir müəllimin
oğlu Süleyman gəlirdi, Nəsimi rayon ticarət idarəsinin
rəisi idi. Gələn kimi birinci yaxınlaşırdı
ağsaqqallara, çıxarıb stolun üstünə xeyli
pul atardı və deyərdi:
- Axşam yaxşı yeyib-içərsiz.
O ağsaqqallardan biri saqqal saxlayan din adamı idi. Bir dəfə
Süleyman çayxanaya dilxor gəldi. Həmin din adamı
soruşdu ki, oğul, niyə dilxorsan?
- Sən dua yaza bilirsən?
- Hə, yaza bilirəm. Nə olub ki?
- Mənim xalam xəstələnib, ona bir dua yazarsan?
- Yazaram. Xəstəliyi nədir?
Süleyman yenə dilxor-dilxor dedi:
- Pis yola düşüb, əlac edə bilmirik.
Süleyman bizə qoşulub çay içənədək
həmin din adamı kağıza nəsə yazıb gətirdi:
- Al, oğul.
Aradan bir həftə keçəndən sonra
Süleyman yenə çayxanaya dilxor gəldi. Həmin din
adamı qalxıb boynunu qucaqladı və dedi:
- Noldu, oğul?
Süleyman:
- Nə olajax, sənin duandan sonra xalamı kamazlardan
düşürə bilmirik.
Süleyman çox əliaçıq, gözütox
bir adamıydı. Ticarət İdarəsinin müdiri olandan sonra da nə qədər
ağdamlının çörək ağacına
çevrilmişdi. Ürəyi xəstə idi, tez-tez də
bizi söyərdi:
- Ə, lotular, mənim qədrimi bilin ey, ölüb
gedəcəm, sonra yanıb-töküləcəksiz.
Nə qədər İsrailə müalicəyə
getsə də, xeyiri olmadı. 40 yaşı tamam olan gün
dünyasını dəyişdi və bizi hələ də
yana-yana qoyub.
Dustaq həyatı yaşamış ağdamlılar
isə Dərnəgüldəki çayxanaya
toplaşırdılar. Bunların hərəsi 10-15 il günəşli
Maqadanda, ya da Varkutada istirahət eləmişdilər. Onlar
ağır toplar sayılırdılar. Hər davaya
çağırılmazdılar. Girişdikləri davada isə
bəzən ölüm-itim olurdu. Özlərinin belə hadisələrdə
bəzən əli olmasa da, dostluq xətrinə cinayəti
boyunlarına götürərdilər.
Deyərdilər:
- Bizə çöl də bayır kimidi.Qəribə
də ayamaları vardı: Mazandaran Pələngi, Bığ
Hümbət, Armatur Məzahir... Bunlar vaxtilə Bakıda
igidliyi ilə ad çıxarmış Ağdamlı Reyin
yolunu gedirdilər. O Reyin ki, xaincəsinə arxadan xəncərlə
vurub öldürmuşdülər. Amma adı-sanı
qalmışdı...
...İndi Qarabağ qazisi Kərimoğlu Rey də
adını daşıdığı igidin yolunu gedir...
...Bir tələbə yoldaşımız Raufu qız
üstə ağır bir davaya
çağırmışdılar. O da Dərnəgülə
xəbər göndərmişdi, ağır toplar
yığışıb gəlmişdilər. Davada Mazandaran
Pələngi birini bıçaqla vurmuşdu. Amma nə qədər
elədi Rauf dedi ki, mən vurmuşam, siz mənim
üçün davaya gəlmişdiniz. Rauf da belə
oğlanıydı. Buna görə universitetdən qovuldu, bir
ildən sonra yenidən bərpa oldu.
Bir dəfə "Araz"da oturmuşam, Surxay
Əlibəyli gəldi. Tutdu qolumdan, məni çəkdi kənara:
- Ə, səfeh, burda çox oturma. Axırda ya kursda
qalacaqsan, ya da səni universitetdən qovacaqlar. Dur gedək, səni
ayrı çayxanaya aparım.
Surxay Akademiyanın Ədəbiyyat İnstitutunda
işləyirdi, şairliyi də vardı. Bəxtiyar Vahabzadəylə, Xəlil Rzayla, Xudu Məmmədovla,
sonradan "Elçibəy" olan Əbülfəz
Əliyevlə dostluq edirdi.
Sonralar məşhur futbol şərhçisi olan Altay
Əliyevin atası idi.
Altay futbolu çox sürətlə şərh
edirdi. Hətta belə söz çıxmışdı ki,
Azərbaycan millisinin baş məşqçisi Ağasəlim
Mircavadov bir dəfə deyib:
- Altay, oğul, bir az yavaş-yavaş şərh elə,
futbolçular çatdıra bilmir.
Kirvəsi də Əbülfəz Əliyev olmuşdu,
amma Elçibəy prezident olanda Surxay heç vaxt onun
yanına nəsə bir xahişə getmədi.
Və Surxay məni götürüb gətirdi indi
yerində otel tikilən, Qala divarına bitişik Rəfaelin məşhur
çayxanasına. Bu çayxanaya yad adam gəlmirdi.
Universitetin inqilabçı müəllimləri,
inqilabçı şair və
yazıçılar, bir də həmin inqilabçı
müəllimlərin yetişdirdiyi inqilabçı tələbələr.
Burda hər stolda söhbət ədəbiyyatdan, sənətdən,
siyasi həyatımızdan gedirdi.
Belə bir söz vardı ki, Hitler hakimiyyətə
pivəxanalardan gəldi, biz isə çayxanalardan gələcəyik.
Elə elə də oldu. Azərbaycanın istiqlaliyyət
qazanmasında bu çayxananın məzunlarının
böyük rolu oldu.
...Xalq yazıçısı Kamal Abdulla bu
çayxana barədə "Ədəbiyyat" qəzetində
çox maraqlı xatirələrini yazıb, tapın oxuyun.
Ona görə mən bir-iki detalı yazıram...
Bura bir universitet idi. Amma bu universitetin rektoru Faiq
Bağırzadə deyildi, Çayçı Rəfaeliydi. Və
bu universitetin ən dəcəl tələbəsi Vidadi Məmmədov
idi. Hərəyə bir atmaca atar, çox ustalıqla
özündənrazı şairlərlə məzələnərdi.
Bir dəfə gəldi çayxanaya dedi:
- Moskvadan gəlmiş iki kukla kimi qız tutmuşam.
Bir nəfər dursun gedək.
Radionun məşhur diktoru Qara Tağızadə
qalxdı ayağa ki, mən. Qara müəllim
yaraşıqlı oğlan idi, amma avtoqəza nəticəsində
ömürlük əlil olmuşdu, qoltuq ağacı ilə
gəzirdi.
Vidadi bir Qaraya baxdı, bir özünə, özü
də çəlimsiz idi, saçı da
tökülmüşdü, sözləri yaraşıqlı
olsa da, özündə bir tikə yaraşıq yox idi, əliylə
Qaranın çiynindən basıb dedi:
- Ə, otur aşağı. Gedib Moskvada danışacaqlar ki, millətin
hamısı şikəstdi. Zakir Fəxri, sən qalx.
Amma mən yenə "Araz"dan əl çəkmirdim.
Ona görə də Surxayın sözü düz çıxdı.
Üçüncü kursda oxuyanda bir müəllimlə dava
etdiyimə görə Faiq Bağırzadə məni
universitetdən qovdu. Düzdür, üç aydan sonra yenidən
bərpa olundum.
Dənizin qırağında Venetsiya adlanan bir yer
vardı, uşaqları orda qayıqla gəzdirirdilər.
İçində də ucuz bir cızbızxana vardı.
Çay içməkdən yorulandan sonra gəlirdik
Mişanın cızbızxanasına.
Bir dəfə yenə oturub yeyib-içirik,
özünü dahi sayan bir şair də oturub, birdən
Vidadi ona baxıb gülüb dedi:
- Televiziya işçiləri gəlib burda
yeyib-içirlər, sonra qayıqla gəzməyə
başlayırlar. Rejissor Rauf çox boylu-buxunlu bir
adamıydı, birdən qayıq aşır,
düşürlər suya. Rauf başlayır
çığırmağa ki, ay qoymayın batdım, ay
qoymayın batdım. Qıraqdan
keçən bir adam Raufa baxıb deyir, ə, qardaş, bir
ayağa dur. Rauf ayağa durur ki, su bunun dizinnəndi. İndi
bizim bu şair dostumuz elə bilir istedadın içində boğulur. Qardaş ayağa dursa,
görər ki, istedad onun dizinnəndi.
Şairləri də nömrələmişdi: Ramiz
Rövşən 1, Vaqif Cəbrayılzadə 2, Zakir Fəxri
3, Ələkbər Salahzadə 4.
Vaqif Cəbrayılzadəyə deyəndə niyə
birinciliyin davasını eləmirsən, belə cavab verərdi:
- Birinciliyin üstündə çox böyük
qırğın gedir, amma ikinciliyin üstündə
qırğın yoxdu. Elə ikincilik daha yaxşıdı.
Vidadidən birini də deyim, day bəsdi.
Bir dəfə Ağdamda universitetin bir müəlliminin
toyudu. Bakıdan da müəllimlər və şairlər gəlib
toya. Həbsdən təzə çıxmış
Əbülfəz Əliyev mağara girəndə hamı
qalxıb alqışladı. Bu şair dostların birinin
xoşuna getmədi, sonra sağlıq deyəndə də
Əbülfəz müəllimi sancdı. Hamı pərt oldu.
Vidadi söz aldı, belə bir sağlıq dedi:
- Mən bayaq bura gələndə Bərdədən
keçdim. Maşında gizləndim ki, Bərdə
torpağı məni görməsin, utandım o torpaqdan,
çünki Bərdəyə heç bir şöhrət gətirməmişəm.
Əslində bizim şair dost da gizlənməliydi, amma gizlənmədi.
Biz bu Vətənə, bu torpağa nə vermişik? Vaqif Cəbrayılzadə
Cəbrayılda dik yeriyə bilər, Əbülfəz bəy
isə Sibirdən İstanbula qədər dik yeriyə bilən
bir kişidi.
Yənı hamı ayağa qalxıb Vidadinin bu
sağlığını alqışladı.
Hadisələrin qarışıq vaxtı idi. Cəbrayıla
Kamil Vəlinin atasının yasına getmişdik - Vidadi,
Çingiz Əlioğlu, bir də mən. Mənim
"Volqa"mla getmişdik, amma maşını Çingiz
Əlioğlu sürürdü. Gecə qaldıq Füzulidə
Qonaq evində. Səhər tezdən gedək bir Ağdama dəyək,
ordan qayıdaq Bakıya. Çingizə dedim ki, Martuni yolu
bağlıdı, gəl Ağcabədi yoluyla gedək. Bu yol
təxminən 200 kilometr edirdi, Martunidən getsək, 48
kilometr. Çingiz dedi ki, mən Martuni yolu sürəcəm.
- Çingiz, tərslik eləmə. O yol qorxuludu,
Martuninin içindən keçir, ermənilər bizi
qırarlar.
- Ə, mən sənin kimi qorxaq ağdamlı görməmişəm.
Martuni yolu gedəsi olduq. Yolun kənarına bəlkə
mindən çox əlində balta, yaba, silah olan ermənilər
yığışmışdı. Amma postlarda duranlar rus hərbçiləri
idi. Təxminən bir kilometr ermənilərin arası ilə keçməliydik,
Çingiz maşının sürətini azaltdı. Bir
sarsaq siqnalım vardı, vərə-vürə edən, əlini
qoydu siqnalın üstə, ermənilər də
çaşmışdı. Bu vaxt yanımızdan
ildırım sürətilə bir "06" keçdi.
Çingiz mənə baxıb ironiya ilə dedi:
- Yəqin sənin zemlyakındı, qorxusundan nə bərk
sürür?!
Nə isə, gəlib çıxdıq Ağdama. Səhər-səhərdi,
atamla qardaşım işə getməyə
hazırlaşır. Atam bizi görüb bərk təəccübləndi:
- Ay bala, hardan gəlirsiniz səhər tezdən?
- Füzulidən.
- Martunidən keçmisiniz?
- Hə.
Döndü Çingizə tərəf:
- Çingiz, mən səni ağıllı adam
bilirdim. O yolla adam gələr? Srağagün orda ermənilər
bir maşınımızı yandırdı, içindəki
adamlarla birlikdə.
Oturduq çörək yeməyə. Stolun üstdə
bircə quş südü yoxuydu - yağ, bal, qaymaq, təndir
çörəyi, yumurta, pendir.
Vidadi mənə baxıb dedi:
- Sənin papan hər səhər belə yeyir?
- Hə, nə var ki?
- Rəhmətliyin oğlu, mən ayda bircə dəfə
belə səhər yeməyi yesəm, Bakıda
qabağımda bir adam dura bilməz.
Bakıya qayıdanda Bərdənin Şirvanlı kəndində
qəbiristanlığın yanından ötəndə Vidadi
kədərli-kədərli dedi:
- Çingiz, sənə elə gəlmirmi ki, son
zamanlar qəbiristanlıq adamı yaman çəkir?
Çünki ordakı dostların həyatdakı
dostlarından çoxdu.
Üstündən ay yarım keçmiş Vidadi
Bakıda avtoqəzada həlak oldu və getdi həyatda olmayan
dostlarının yanına. Elə bil ürəyinə
dammışdı.
Bir dəfə cızbızxanada yeyib-içərkən
qonşu stolda beş-altı nəfər kursant geyimində əsgər
də oturub çörək yeyirdi. Vidadi onları görəndə
qalxdı ayağa, getdi kursantlarla görüşdü və
Mişanı da çağırdı ki, bu stolun hesabı mənlikdi.
Qayıdıb gəlib oturanda gördük kövrəlib.
- Vidadi, noldu?
- Görmürsüz, hamısı azərbaycanlıdı,
hərbi məktəbdə oxuyurlar. Gələcəyin zabitləridi,
fəxr elədim...
...Bəli, hərbi məktəbdə oxuyan həmin
kursantlar gün gələcəkdi torpaqlarımızı erməni
işğalından azad edəndə şəhid
olacaqdılar, qazi olacaqdılar, general olacaqdılar. Amma o
günə hələ vardı...
Nə isə, Vidadini xatırlamamaq günah olardı.
Həə, nəhayət, gəlib çıxdıq
Ağdam çayxanalarına.
Şəhərin ən böyük çayxanası
Fazil müəllimin kinoteatrının arxasında idi. Sonradan
bulvarın içində bir gümbəz çayxananı da
Cəfər tikdirmişdi.
Ümumiyyətlə, kinoteatrın ərazisi və
bulvar Fazil müəllimin özü üçün
yaratdığı bir respublikaydı, "Şkit"
respublikası. Fazil müəllim də bu respublikanın
prezidenti idi. Burda baş verən bütün cinayətlər,
dava-dalaşlar, bircə ölümdən başqa,
hamısı Fazil müəllimin səlahiyyətindəydi.
Bu çayxananın bir gözəlliyi də Fazil
müəllimin kabinetindən çıxıb gəlib burda
saatlarla oturması və özünün maraqlı söhbətləri
idi.
Bir bazar da Fazil müəllimin kinoteatrının
qabağında yox, yolun o biri tərəfində idi. Bu, futbol
bazarıydı. Adamlar SSRİ çempionatında keçirilən
oyunlara proqnoz verirdilər.
Yadımdan çıxıb,
proqnozun biri ya əlli qəpik, ya da bir manat idi. Onların
verdikləri proqnozlar oyunlardan bir gün qabaq foto şəklində
çap olunur və bütün proqnoz verənlərə
paylanırdı. Və futbolun səhərisi günü kimin,
ya kimlərin qalib gəldiyi bilinirdi. Bu futbol bazarının
bazarkomu kinoteatrın tinindəki kiçik bir ərzaq
köşkü olan Qaragöz adlı
süpürülmüş yerdən dava kağızı
axtaran bir oğlan idi.
Boylu-buxunlu, pəhləvan cüssəli
Qaragözün qəribə bir görkəmi vardı - uzun
saçları, enli qaşları, çənəsinin
altına qədər uzanan uzun və enli bığları və
bakenbardı sir-sifətini örtürdü.
Bir dəfə Fazil müəllim dedi:
- Qaragöz, ya saçını qırxdır, ya
qaşını, ya bığını, ya da
bakenbardını ki sifətin açılsın.
Toylarda da həmişə "Qaragöz boy-boy"
mahnısını sifariş edib oynayırdı. Day şəhərdə
hamı öyrəşmişdi, elə mağara girən kimi
"Qaragöz boy-boy" çalırdılar.
Bu mərc oyunu onun kəşfi deyildi. Deyilənə
görə, bunun əsasını
şəmkirli Saşa qoymuşdu. Qaragöz sadəcə
olaraq, onu Ağdama gətirmişdi...
(Ardı var)
Aqil ABBAS
525-ci qəzet .- 2025.- 24 iyul(¹128).- S.12-13.