Sarayburnu əfsanəsi
Bu günlərdə rəfiqəmlə Qalata
körpüsünün üstündə dayanıb Topqapı
sarayına baxır, Rəşad Əkrəm Koçun
hazırda oxumaqda olduğum "Tariximizin qəribə
olayları" ("Tarihimizde garip vakalar") kitabından
danışırdıq. Yeri gəlmişkən, bilənlər
bilir, sözügedən körpünün üstü ilin
bütün mövsümləri o qədər basırıq
olur ki, iynə atsan, yerə düşməz. Bir növ yeni
açılan kafelərin burun-buruna düzülən
masaları kimi bir yerdir; ağzından çıxan kəlmə
mütləq şəkildə yanındakının
qulağına ilişir. Söhbətin ortasında rəfiqəmə
Topqapı sarayının qurulduğu tarixdən bu günə
qədər necə kiçildiyindən
danışırdım. Elə bu vaxt söbətimiz orta
yaşlı bir kişinin qulağına çatdı.
İstehza ilə güldü və Topqapıdan
danışdığımızı dəqiqləşdirdikdən
sonra dəvətsiz qonaq gəlib söhbətimizin düz
ortasında oturdu, "verdiyiniz məlumat
yanlışdır" dedi. Bu haqda araşdırma
apardığımı və yanlışlıq
ehtimalının olmadığını dedim. Bu səfər
kişinin istehzalı gülüşü ağzından
dalğalanaraq çıxdı, "Xanım əfəndi, elə
şey olar? Saray ərazisi illər ərzində necə
kiçilə bilər? Bunun mümkün olduğuna necə
inanırsınız? Öz dediyinizə özünüz
inanırsınızmı?" kimi kiçildici cümlələr
qurmağa başladı. Bir anlıq tərəddüd elədim,
"görəsən, mən yanılıram" fikrinin
beynimə gəlməyi ilə getməyi bir oldu.
Çünki bilmədiyimi doğru kimi sırımaq, bilmədiyim
mövzularda danışmaq adətim deyil. Hələ əgər
mövzu İstanbuldursa... Bu labrintli şəhərlə
bağlı bilmədiyim çox şey ola bilər, amma
doğru bildiyim yanlış olmaz. Çünki şəhərin
tarixini o qədər sevirəm ki, az qala hər hekayəsini
beynimə parça-parça qazıyıram - sadəcə
oxuyaraq deyil, yerində araşdıraraq, görərək
öyrənirəm. Naməlum adamla açılan bu
mövzuda geri addım atmadım, jurnalist olduğumu söylədim.
Xüsusi bir əda ilə çantasından yaxa
kartını çıxaran və adının Məlih
olduğunu yeni öyrəndiyim bu adam, sən demə, bələdçi
imiş, alman turistlərə 15 ildir şəhərin tarixini
tanıdırmış. Bu məlumat qarşısında
çaşıb qaldım. Bilmədim, bu şəxsin
Osmanlı İmperatorluğunun 400 il Topqapıdan yönləndirildiyini
və ərazisinin yeddi yüz min kvadratmetrdən səksən
min metrə düşdüyünü bilmədiyinəmi
yanım, yoxsa turist bələdçisi olduğunamı? Bu şəhərdə belə
halla mütəmadi olaraq rastlaşmaq mümkündür.
Böyük əksəriyyət "bilmirəm" kəlməsinə
yaxın durmur, bilməsə də, bildiyini deyir, əksəriyyəti
səni uçuruma yönləndirməyə razı olur, amma
bu sözü qəti istifadə eləmir. Bilməmək əskiklik
deyil, amma bilmədiyi halda bildiyini iddia etmək psixoloji
narahatlıqdır.
Saray necə muzey oldu?
Topqapı İstanbulun Sarayburnu yarımadasında 600
illik Osmanlı İmperatorluğunun 400 illik idarə mərkəzi
və padşahların yaşadığı yer olub. Vaxtilə
burada dörd mindən artıq insan yaşayırdı. Saray
Fateh Sultan Mehmet tərəfindən 1478-ci ildə inşa
edilir. Sultan Əbdülməcidin Dolmağaça
sarayını inşa etdirdiyi vaxta qədər bu belə davam
edib. Daha sonra Ulduz sarayını tikirlər, beləliklə,
saray xalqı Topqapıdan dağılışmağa
başlayır. Amma saray heç vaxt əhəmiyyətini
itirmir. Saray xüsusilə ramazan günlərində padşah
və ailəsi tərəfindən ziyarət edilirdi.
Topqapı sarayının muzey kimi ziyarətə
açılması Əbdülməcid dönəminə təsadüf
edir. Sarayın xəzinəsindəki əşyalar, o dönəmdə
ilk dəfə ingilis səfirinə göstərilir. Daha sonra
digər əcnəbilər də bu karvana qoşulur, beləliklə,
yeni adət yaranır. Əbdüləziz zamanında ampir
üslubda şüşə vitrinlər yaradırlar. Qədim
əsərlər burada nümayiş etdirilməyə
başlanır. Daha sonra Mustafa Kamal Atatürkün əmri ilə
xalqın ziyarətinə açılır.
Gülhanə sarnıcı
İndi gələk əsas məsələyə.
Topqapı sarayının bir yeri var ki, ora məni həmişə
düşündürüb. Bu günlərdə Gülhanə
parkında restavrasiyadan keçirilərək, yeni istifadəyə
verilən sarnıcı görməyə getdim. Yeri gəlmişkən,
bu sarnıc digərlərinə nisabətən çox
balacadır. Bizans dönəminə aiddir. V əsrdə
inşa edildiyi deyilən bu yer Bizansı su ilə təmin edən
qaynaqlardan biri imiş. Abidə Padşah Mehmet Rəşadın
1912-ci ildə abidəni xalq açıq elan etməsi ilə
gün üzünə çıxarılır. Bu gün
sarnıca elə də çox tələb yoxdur. Gülhanə
parkında yüzlərlə insan olmasına və bu
sarnıcın da biletsiz ziyarətə açıq
olmasına rəğmən, insanlar abidəni görməyə
elə də can atmırlar. Müşahidə etdiyim qədərilə
deyə bilərəm ki, buradakı insanların əksəriyyəti
necə bir şəhərə sahib olduqlarının fərqində
deyillər.
Sarayburnu - ölüm nöqtəsi
Sarnıcdan çıxdım, çoxdandır
görmək istədiyim, Osmanlı dönəmində adı
gələndə ayaqlar titrədən, ürək
dayandıran, nəfəs kəsən, qorxu mənbəyinə
çevrilən Saray burnuna gəldim. Gülhanə
parkının dənizə çıxış nöqtəsidir
bura. Doğrudur, saraydan xeyli aralıdır, amma yuxarıda da
qeyd etdiyim kimi, Topqapı da balaca yer olmayıb, 700 min
kvadratmetrlik ərazi ilə dünyanın ən böyük
saraylarından biri olub. O vaxtlar Topqapı sarayının
hasbağçası olan Gülhanə parkının bir
parçası olsa da, 1890-cı ildə parkın içindən
dəmiryolunun keçməyi ilə ilk bölünmə
gerçəkləşir.
Sarayburnunun Osmanlı üçün nə demək
olduğunu çoxları bilir. Gözə batan,
özünü yaxşı aparmayan, haqlı, haqsız,
gözəl çirkin, zəngin, kasıb, padşah anası,
kölə... çoxlarının həyatı Sarayburnunda
sonlanıb. Hətta saray içində kimsə kimisə təhdid
edəndə "Elə etmə ki, bir gün içində
özünü Sarayburnun dərin sularında görəsən"
deyilirdi. Edilirdi də. Ayağına daş bağlayıb
atılanlar da olub, un kisəsinə qoyularaq batırılanlar
da.
Təbii ki, "sadəcə ölüm burnu"
deyildi. Sarayburnu tarix boyu İstanbulun strateji və
kültür olaraq önəmli yeri sayılırdı.
Haliç, Mərmərə dənizi və Boğazın birləşdiyi
nöqtədə yerləşən bu bölgə şəhərin
ürəyi hesab edilirdi. Əvvəli Bizansa qədər gedib
çıxır. Bizanslılar ərazini "Golden horn"
(Qızıl buynuz) adlandırırdılar. Çünki həmin
vaxtlar bura şəhərin bir nömrəli ticarət mərkəzi
idi. Ancaq işə bax ki, Osmanlı dönəmində
"ölüm nöqtəsi"nə çevrildi.
Cümhuriyyət dönəmində isə Atatürkün
vasitəsi ilə kültür nöqtəsi oldu.
Struma faciəsi
Tarixə qara hərflərlə həkk olan "Struma
faciəsi"nin də burada dərin izi var. II Dünya
müharibəsi zamanı Struma gəmisi 1942-ci ilin fevral
ayında nasistlərdən qaçan 700-dən çox yəhudini
Rumıniyadan götürür, Fələstinə
çatdırmaq üçün yola çıxır. Gəmi
motor probleminə görə bir müddət Sarayburnu tərəfdə
dayanmalı olur. Lakin gəminin mühərriki təmir edilmir.
Gəmi birtəhər Şilə açıqlarına qədər
yol gedir. Elə həmin ilin fevral ayının 24-də gəmi
Sovet sualtı qayığı tərəfindən
batırılır və bu faciədə 768 nəfər
göz görə-görə həlak olur. Bu hadisə tarixə
ləkə olaraq keçir. Fikir verirsinizmi, şəhərin
hekayələri eyni şəkildə bitmir.
Altı-üstü, sağı-solu, havası-suyu...
hamısının öz şifrəsi var.
Türkan Turan
525-ci qəzet .- 2025.- 26 iyul(№130).- S.21.