AZƏRBAYCANIN
SƏSİ OLMAQ BƏXTİYARLIĞI
Azərbaycan radiosu iki-üç ilə güc
yığıb özünü tutandan, dalğaları
respublikanın yeni-yeni şəhərləri və kəndləri
boyu yayılmağa başlayandan etibarən onillərcə
davam edəcək nəcib bir ənənəsi də
yarandı. O həm də uşaqlarınkı oldu.
Uşaqlar üçün müxtəlif illərdə
hazırlanmış və balacaların məhəbbətini
qazanmış, məktəblilərlə bərabər
onların valideynləri üçün də
doğmalaşmış və hərəsi bir tarix olan silsilə
verilişlər öz yerində, 1930-cu illərdən
başlayaraq Azərbaycan radiosu həm də balaların ortaq nəğmə
müəlliminə çevrildi.
Orta məktəblərin aşağı siniflərində
nəğmə dərsləri keçilirdi. Ancaq bu, cədvəldəki,
müəllimlərin öz qabiliyyəti, imkanları səviyyəsində
yola verdiyi saat idi. Məhz “yola vermək” - çünki nə
bundan ötrü ayrıca dərsliklər vardı, nə də
heç olmazsa müəllimlərin əlindən tutacaq
mahnı topluları nəşr edilmişdi.
Ümumən hələ bəstəkar
mahnıları az idi, uşaq mahnıları isə elə yox
kimi idi. Məktəbdəsə bu boşluq artıq əsrin əvvəllərindən
sezilirdi. Həmin kəsiri duyduğundan vaxtilə Abbas Səhhət
də, Mirzə Ələkbər Sabir də, daha sonralar Abdulla
Şaiq də uşaq şeirləri yazaraq onları bəlli
el havaları üstündə dərs dedikləri məktəblərdə
uşaqlara oxutdurardılar ki, heç olmazsa azacıq da olsa dərdə
çarə olsun.
İlk səslənişlərindən başlıca
hədəflərindən biri bütün Azərbaycandan
ötrü məktəbə çevrilməkdən ibarət
olan milli radio 1930-cu illərdəncə uşaqların və
gənclərin musiqi tərbiyəsini də bir mənəvi
öhdəlik kimi boynuna götürmüşdü.
Üzeyir Hacıbəyli də, Müslüm Maqomayev də
Qori seminariyasında oxuyanda musiqi dərsi keçmişdilər
və oranı bitirib gələndən sonra ilk işləri də
məktəbdə müəllimlik olmuşdu. Odur ki, bəstələnmiş
sadə, tez əzbərlənən, dillərə düşəsi
uşaq mahnılarının yoxluğunu bilavasitə öz
müəllimlik təcrübələrində hiss etmişdilər.
Ona görə də 1929—1930-cu illərdən başlayaraq Azərbaycan
radiosundan səslənmək və bu yolla da tezcə
bütün məktəblərə çatmaqçün
Üzeyir bəyin yazdığı “Səni gözləyir”,
“Komsomolçu qız”, “Süvarilər mahnısı”,
Müslüm bəyin bəstələdiyi “Bizim kənd”,
“Tarla”, “Yaz” kimi mahnılar elə vaxtın tələbi,
ictimai sifariş idi.
Soltan Nəcəfov danışırdı: “Yeni
mahnılar yarandıqca bunları radio ilə geniş dinləyici
kütləsinə öyrətmək məsələsi də
ortaya çıxdı. Bu təşəbbüsü birinci
olaraq “Uşaq verilişləri” redaksiyası öz öhdəsinə
götürdü. 1936-cı ildə “Uşaq verilişləri”
redaksiyasının məsul redaktoru Əbdül Əzimzadə
məni yanına çağırıb radioda mahnı öyrətmək
üçün mətn tərtib etməyi
tapşırdı. Mən bu tapşırığı məmnuniyyətlə
qəbul edib hazırlıq işinə başladım. İlk
dəfə Üzeyir Hacıbəyovun “Süvarilər”
mahnısını öyrətdim. Yeni mahnılar az
olduğuna görə, əvvəllər ayda bir dəfə,
sonra isə yeni əsərlər meydana gəldikcə həftədə
bir dəfə radioda mahnı öyrətməyə
başladıq”.
Üstündən çox illər ötəndən
sonra belə “Süvarilər” mahnısının melodiyası
da, sözlərindən bəzi misralar da Soltan müəllimin
yadında qalmışdı və onları şirin
zümzüməsində canlandırırdı.
Mahnının sözlərini Hüseyn Natiq
yazmış, musiqisini Üzeyir Hacıbəyov bəstələmişdi.
Biz qızıl süvarilər vuruşub aslan kimi,
Tarixə yazılmışıq böyük bir dastan
kimi.
Göylərdə dalğalandı atəş
saçan bayraqlar,
Öz ana yurdumuzdur bu yerlər, bu torpaqlar.
Biz qızıl süvarilər cəsarətlə
doluyuq,
Bu ana torpaqların dönməz, sadiq oğluyuq.
Biz qızıl süvarilər minmişik qıratlara,
Şahinlər heyran qalır bizdəki qanadlara.
Əlyazmasını Hüseyn Natiqdən qalan
yazıların arasından tapdığım bu şeirdən
yalnız “Budyonnu”lu misraları çıxartdım və bu
gün də uşaqlarımızın oxuya biləcəyi
gözəl nəğmə durdu qarşımda. Üzeyir bəydən
saxlanc olana “gözəl”dən başqa hansı sözlə
qiymət vermək olar ki! Ancaq 1930-cu illərdə Üzeyir və
Müslüm bəylərin bəstələdiyi və radioda
səslənən uşaq mahnıları çox olmuşdu
axı! Olsun ki, hansınınsa sözləri bugünlə
tanınacaq musiqiyə nə vaxt. Özü də dahilərdən
qalan musiqi olmuş ola! Sözlərə yüngülvari əl
gəzdirəcəksən, ya həmin ölçüdə
musiqiyə uyğun başqa şeirlər yazacaqsan, uşaq
musiqi xəzinəmiz İki Zirvəmizin yenidən həyata
qayıdan inciləri ilə zənginləşəcək.
Radiodan səsi gələn ilk müğənnilərdən
olmuş Bikə Səmədzadə, Qüdrət
Əmiraslanova da 1970-ci illərin sonlarında bizimlə
söhbətlərində vaxtilə efirdən uşaq
mahnılarını öyrətməkçün ayrılan
saatlara dəvət olunduqlarını, bu işi necə həvəslə
yerinə yetirdiklərini söyləyirdilər. Sonrakı illərdə
Münəvvər Kələntərli, Gülağa Məmmədov,
Ramiz Mustafayev, Nizami Məmmədov, Firəngiz Əhmədova,
Zeynəb Xanlarova da Azərbaycan radiosundan gələn “nəğmə
dərsi” demək təkliflərini həmişə məmnuniyyətlə
qəbul etmiş, bunu sadəcə radiodakı növbəti
çıxış yox, xalqa xidmətin daha bir ifadəsi
saymışdılar.
Ancaq elə həmin çağlarda
yazılmış bir mahnı da olmuşdu ki, bəxti gətirməmişdi,
bircə səslənişdən sonra yolu qapanmışdı
və kimsəyə bilinmədən illərcə arxivdə
kirimişcə qalmışdı.
1970-ci illərin sonlarında təsadüfən həmin
mahnının notları da, sözləri də əlimə
keçdi. Bu bəxtsiz nəğmə iki qiymətli və
ömürləri vaxtsız qırılmış sənətkarın
əsəri idi. Hər ikisini 1930-cu illərin siyasi
qasırğaları aparmışdı. Birini həbs edərək,
güllələyərək yox etmişdi, digərini çərlədərək
öldürmüşdü.
Bakıda Mərkəzi Pionerlər sarayının
yaradılmasına ciddi hazırlıqlar gedirmiş və
sonralar Bakı məktəblilərinin sevimli
ünvanlarından birinə çevriləcək bu məkanın
açılışı 1937-ci ildə baş
tutmalıymış.
Bu, sonralar ilk kosmonavt Yuri Qaqarinin adını
daşıyacaq, artıq müstəqillik dönəmində
və “pioner” anlayışının dünəndə
qalmasından sonra Tofiq İsmayılovun adıyla qovuşacaq gələcək
Respublika Uşaq-Gənclər Yaradıcılıq Sarayı
idi.
(Söz gəlib, gərək deyəm. Təqvim
dolandıqca istiqlalımızın üstünə artan hər
il onu daha möhkəm, müstəqilliyimizi daha dönməz
edir. Ancaq millət olaraq bütün varlığımız
boyunca qazandığımız bu ali nemət əbədi və
yenilməz olsun deyə mübarizələr və
çalışmalar gərək hər gün davam edə.
Bunun təməl şərtlərindən biri də dünəndə
olan yaxşıları bir kənara atmaq deyil, yeni günə
və şəraitə uyğun cilalayıb onlardan
ağılla və faydayla yararlanmaqdır. Sovetin məqsədi
süni sovet xalqı yaradıb inkişaf etdirmək, süni məfkurə
üstündə möhtəşəm əqidə qalası
qurmaq idi. Bunu edə bilməkçün zəruri təsisatlar
yaratmışdı. Həm də bunlar elə ustalıqla
qurulmuş və elə səliqə-sahmanla yönəldilirdi
ki, hətta süni olana da güc verə bilmişdi. Baxın
ki, biz tarixən uğurla işləmiş təsisatları
gerçək, ədalətli və ümummilli amallar naminə
doğru istifadə edəriksə, əldə etdiyimiz nəticələr
nə qədər bol və əhəmiyyətli olar. Sovet
dönəmində məktəblilərin qovuşduğu
pioner təşkilatları əsl tərbiyə məktəbi
idi. Hər rayonda məktəblilərlə qaynayan pionerlər
evləri fəaliyyətdə idi. Hamısında cürbəcür
dərnəklər, məktəbli ansamblları,
yaradıcılıq qabiliyyətini inkişaf etdirən
müntəzəm məşğələlər və
hamısı da pulsuz-pənəsiz. Pionerlər
üçün nə qədər nəsihətamiz, vətənsevərliyə,
saf mənəvi keyfiyyətlərə kökləyən
şeirlər, nəğmələr yazılır, qəzet-jurnallar
nəşr edilir, filmlər çəkilirdi. Mükəmməl,
özünü doğrultmuş belə qəliblərə
niyə biganə qalaq? O bəlli ülgülərdən millətimizi,
dövlətimizi, yurdumuzu daha qüdrətli etmək, yeniyetmələri,
gəncləri daha vətənsevər, daha üstün
yetişdirməkçün nədən yararlanmayaq? Biz
böyük millət quruculuğunun sınaqlı yolları
ilə irəliləməkdəyik və bizim ölkə
içində də, sərhədlərimizdən
aralılarda da təşkilatlanmaq və bütövləşmək
üçün etməli olduqlarımız hələ lap
çoxdur. Ülvi məqsədlərə sadəcə
arzulamaqla deyil, əməllə yetişmək
mümkündür. Sabahımız olan məktəblimizi
yetkinləşdirmək, vətənçiləşdirmək,
mütəşəkkilləşdirmək, daha gərəkli
edə bilməkçün onların vaxtilə ayrı bir məfkurə
mühiti içərisində olmuş təşkilatlarını
təmənnasızca, dövlət iradəsi ilə və
artıq öz milli maraq və istəklərimizə uyğun
olaraq dirçəldək, gücləndirək, yeni həyat
verərək yaşadaq. Çox qazanarıq! Bunlar
bütöv, sağlam millət olmanın təməl kərpicləridir.
O vaxt “pioner” idi, indi “yolaçar” olsun, ya “öncər”, ya bir
başqa söz. Əsas odur millətə və gəncliyimizə
gərəkli bir istiqamətdə mahiyyət yaşayıb
davam etsin!).
Zəmanənin ayrı bir təzadı idi ki,
amansız tuthatutların davam etdiyi, talelərin şikəst
qoyulduğu, neçə nəslin çıraqlarının
söndürüldüyü həmin 1937-ci ildə bayramlar da
vardı, sevincli, fərəhli hadisələr də cərəyan
etməkdə idi.
Həmin sarayın açılışından xeyli əvvəl
- artıq 1936-cı ildə sabahkı bayramı bəzəyəcək
nəğmə də tədarük edilmişdi: sözlərini
Mikayıl Müşfiqin yazdığı, musiqisini
Müslüm Maqomayevin bəstələdiyi “Pionerlər
sarayı” adlı nəğmə.
Maestro Niyazi o dövrün fəal yaradıcı
cavanlarındanmış və təbii ki, Azərbaycanın həyatında
işıq kimi parlamağa başlayan radio ilə onun da yolu
qovuşmuşdu.
Özü söyləyirdi ki, radioda ayrı-ayrı
mövzularda çıxışları da olmuşdu, bəstələri
də səslənmişdi. 1930-cu illər radiosundan söz
açanda Maestro iki adı həmişə xüsusi həyəcanla
çəkırdi - Mikayıl Müşfiq, bir də
Hüseyn Natiq. Söyləyirdi ki, radioda çıxış
edənlərin, mikrofon qarşısında dayananların
hamısından bu iki cavan həm səsi ilə, həm
danışığının, ifasının tərzi ilə,
həm də saçdıqları od-alovla seçilərdi.
Maestro sənədlə 1912-ci ildən idi və Hüseyn
Natiqlə yaşıddı. Müşfiqləsə
aralarında bir neçə il yaş fərqi vardı.
Özü deyərdi ki, indi üç-dörd il yaş fərqi
sən deyən nəzərə çarpmır, o vaxtlarsa hərdən
zahirən tay-tuş kimi görünənlər arasında
çəpərə də dönə bilirdi. İkisi ilə
də yaxın olmuşdu, amma Hüseyn Natiqlə möhkəm
dost olmuşdu. Bunu bir zamanlar özü mənə deyərdi,
indi Hüseyn Natiqin arxivindən tapdığım fotolar -
Niyazinin Hüseyn Natiqə bağışladığı
çoxlu şəkillər, onların arxasındakı yazılar
bunu təsdiq edir.
Müslüm bəyin Müşfiqin sözlərinə
bəstələdiyi “Pionerlər sarayı” mahnısı
radioda bircə dəfə səslənmişdi, bunu efirdə
elan edən də Hüseyn Natiq olmuşdu.
Maestro bunu da xatırlayırdı ki, Hüseyn Natiq həmin
nəğmənin radioda getməsindən sonra ona deyibmiş
ki, məktəblilər üçün bir pyes yazıram,
içində iki-üç mahnı da olacaq, sözlərini
verəcəyəm, onları da sən bəstələyərsən”.
İndi nə o var, nə bu, amma Hüseyn Natiqin
arxivindən həmin nəğmələşməli
şeirlərdən birini - “Bəxtiyar uşaqlar”ı tapıram:
Ay uşaqlar, gəlin, gəlin,
Bəxtiyarlar şənliyinə.
Qanadlanıb hey yüksəlin
Ölkəmizin göylərinə.
Günəş bizim, sular bizim,
Yaşıllıqlar məskənimiz.
Çəmənlərdə, meydanlarda
Oynayırıq təmiz-təmiz.
Həyatımız deyil sadə,
Günəş almış bu diyarı.
Yalnız bizik bu dünyada
Uşaqların bəxtiyarı!
Azərbaycan radiosunda bircə dəfə oxunmuş
“Pionerlər sarayı” Müslüm bəylə
Müşfiqin yalnız birgə son işləri deyil, ikisinin
də axırıncı mahnısı olmuşdu.
1937-ci il iyunun 4-də Mikayıl Müşfiq həbs
edilmişdi və “xalq düşməni” damğalı bir
şairin sözlərini daha adam arasına çıxarmaq
olmazdı, Müslüm bəysə uzun müddət vərəmlə
çarpışandan sonra elə həmin il iyulun 28-də
Nalçikdə canını tapşırmışdı.
Müşfiqin həmin şeiri 1936-cı il
noyabrın 28-də “Gənc işçi” qəzetində dərc
edilibmiş:
...Məktəb deyə, dəzgah deyə, cəbhə
deyə
Çiçəklənir qəlbimizin umudları.
Yarın uçub təyyarəmiz göydən-göyə,
Yaracağıq qartal kimi buludları.
Biz sabahın mühəndisi, komandiri,
Biz müəllim, biz sənətkar olacağıq.
Biz addımlar atacağıq iri-iri,
Hər cəbhədə qələbələr
çalacağıq.
Müslüm bəysə
bu sözlərə mahnını 1936-nın dekabrında bəstələmişdi.
Əlyazması indi Dövlət Ədəbiyyat və İncəsənət
Arxivində qorunmaqdadır. Mən bu nəğməylə ilk
dəfə 1978-ci ildə rastlaşmışdım, əlyazmanı
tapınca da “Bənövşə” uşaq xorunun rəhbəri
Əfsər Cavanşirovla (1930—2006)
danışmışdım, o da ləngimədən
mahnını lentə yazdırmışdı və növbəti
bazar günlərindən birində Radionun “Ulduz” proqramında
həmin nəğmənin tarixçəsi ilə
bağlı söhbətlərimdən sonra “Pionerlər
sarayı” müəlliflərinin əbədi gedişindən
(Müşfiq həbsxanada 1939-cu ilin yanvarında həlak edilsə
də, əslində elə onun da həyatı 1937-ci ildə
— zindana atılınca bitmişdi) 42 il sonra ilk dəfə səslənmişdi.
1984-cü ildə isə bu nəğməyə və onun
müəlliflərinə radioda “Axşam görüşləri”nin
ayrıca buraxılışını həsr etdim.
Maestro həmişə təəssüf edərdi ki,
Müşfiqlə Hüseyn Natiqin gedişi radiomuzda da,
odövrkü poeziyada da dərin boşluq yaratdı, hər
ikisi təşəbbüskar, yenilikçilik şövqü
ilə dolu insanlardı.
Hüseyn Əliyevin ruhu, təbiəti başqa olsa da,
tərcümeyi-halı dövrün inqilabi tələbatlarına
çox uyğun idi. Avtobioqrafiyasında göstərirdi ki,
atası Mir Abdulla Nobellərin 7-ci mədənində işləyirmiş.
1916-cı ildə gizli siyasi fəaliyyətə
başlayır, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra
isə Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən
təbliğatçı-təşviqatçı kimi
partiyanın Göyçay dairə komitəsinə göndərilir,
ancaq tezliklə orada xəstələnərək vəfat
edir. Anası da 1924-cü ildən partiya üzvü imiş,
uşaq bağçasında işləyirmiş. 1928-ci ildə
Sabunçu İkinci Dərəcəli Şura Məktəbini
bitirdikdən sonra Hüseyn Pedaqoji İnstituta daxil olmuş,
1932-ci ildə ali təhsilini başa vurunca Azərbaycan
Kommunist (bolşeviklətr) Partiyası mətbuat bölməsi
tərəfindən səfərbərliyə
alınmış, Puşkin (indi Biləsuvar) rayon qəzetinə
məsul katib göndərilmişdi. 1933-34-cü illərdə
əvvəlcə Salyanda, sonra Gədəbəydəki rayon qəzetləri
redaksiyalarında çalışmışdı. 1934-cü
ildən 1939-cu ilədəksə Azərbaycan radiosunda diktor, ədəbi
qiraətçi, uşaq bölməsinin ədəbi
işçisi vəzifələrini daşımış,
1939-cu ildə cəbhəyə gedənədəksə
“Ədəbiyyat qəzeti”ndə ədəbi işçi
olmuşdu.
Hüseynin ədəbi aləmə atılması,
radio ilə əməkdaşlığısa hələ tələbəlik
illərindən başlamışdı.
Soltan Nəcəfov onunla ilk
tanışlığının 1928-ci ildə Azərbaycan
Proletar Yazıçılar İttifaqı nəzdində təşkil
olunmuş “Gənc ədəbiyyat həvəskarları” dərnəyində
iştirak edərkən baş verdiyini deyirdi. O vaxt artıq tələbə
Hüseyn Natiqin Bakı neftçilərini tərənnüm
edən kiçik şeirləri mətbuatda dərc
edilibmiş. Lakin Soltan müəllim bunu da
xatırlayırdı ki, 1931-ci ildə radioya gəldiyi zaman
Hüseyn Natiq hələ burada rəsmən əməkdaş
olmasa da, hər gün onlarla birgə imiş və elə o
vaxtdan aralarında səmimi dostluq münasibətləri
yaranıbmış: “Hüseyn özünə “Natiq” təxəllüsünü
əbəs yerə seçməmişdi. Bu təxəllüs
ona çox yaraşırdı. O, sözün əsl mənasında
natiq idi. Natiq mikrofon qarşısında hərarətli,
şirin, səmimi danışığı ilə başqa
diktorlardan fərqlənirdi. Səsində qəribə cazibə
qüvvəsi var idi. O, diktorluqla yanaşı radio aktyoru kimi də
dinləyicilərin məhəbbətini qazanmışdı.
Buna misal olaraq bir faktı qeyd etmək istəyirəm. Cəlil
Məmmədquluzadənin “Ölülər” pyesinin radio
tamaşalarında İsgəndər rolunu səhnəmizin
görkəmli aktyorlarından Ülvi Rəcəb və
Ağasadıq Gəraybəyli ifa edirdi. 1934-cü ildə bu
tamaşa təkrar edildikdə isə radio rejissorumuz Mustafa Mərdanovun
təklifi ilə bu rolun ifası Hüseyn Natiqə
tapşırıldı. Natiq də məsul
tapşırığı şərəflə yerinə
yetirdi. Sənət yoldaşları onu hərarətlə
alqışladı. Bundan sonra o, başqa radio
tamaşalarında da baş rolları məharətlə ifa edirdi.
Məmməd Səid Ordubadi Hüseyn Natiqin
yaradıcılığını həmişə yüksək
qiymətləndirirdi. Hüseyn Natiq radioda işlədiyi vaxtda
Ordubadinin sifarişi ilə dram qrupumuz üçün bir
neçə səhnəcik və radio kompozisiyaları
yazmışdı. Natiq ədəbiyyatı sevdiyi kimi, eyni
zamanda, musiqiyə, xüsusən klassik bəstəkarların
simfonik əsərlərinə də dərin məhəbbət
bəsləyirdi. Bu əsərlər içərisində o,
Rimski-Korsakovun “Şəhrizad” simfonik süitasını,
Rossinin “Vilhelm Tel” simfonik uvertürasını, Verdinin “Aida” və
Üzeyir Hacıbəyovun “Koroğlu” operalarını dəfələrlə
dinləməkdən doymazdı.
Üzeyir Hacıbəyli Hüseyn Natiqin musiqiyə
olan zövqünü, marağını hiss edərək bəslədiyi
bir neçə yeni mahnının sözlərini ona
yazdırmışdı. Bəstəkarın 1930-cu illərdə
yazdığı “Komsomol qız”, “Qaragöz”
mahnılarının sözləri Hüseyn Natiqindir”.
Hüseyn Natiq çoxcəhətli istedad sahibi idi və
onun qabiliyyətləri bu sadalananlarla da bitmir. Onun rəssamlığı
da varmış və çəkdiyi rəsmlərdən ibarət
ayrıca bir albom da qalmaqdadır. Ümumənsə rəssamlıq
vergisi elə onların ailəsində varmış. Onun
1918-ci il təvəllüdlü bacısı Gülsüm
Əliyeva 1933—1937-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq
Texnikumunda təhsil almışdı (Gülsüm sonralar,
artıq Hüseynin həyatda olmadığı illərdə
Bakı Dövlət Universitetinin Filologiya fakültəsini də
bitirmişdi).
Fəhləlikdən alovlu döyüş
meydanlarına qədər uzanan qısa ömrü içərisində
Hüseyn Natiq bir çox iş yerlərini dəyişmiş
olsa da, özünüifadənin ən müxtəlif istiqamətlərinə
yönəlsə də, radionu həmişə əsas
saymışdı.
“İnqilab və mədəniyyət” jurnalının
1930-cu ilin aprelində çıxan 4-cü nömrəsi
Şura Azərbaycanının 10 illiyinə həsr
edilmişdi və buraxılışda yer alan yazıların
hər birində ayrı-ayrı isqtiqamətlər üzrə
bu müddətdə keçilmiş yoldan,
qazanılmış uğurlardan bəhs edilirdi. Radio həmin
vaxt daimi yayınlara başlamasının beşinci ilində
olsa da, yeni dövrün ən əlamətdar hadisələrindən
biri kimi bu sahədəki nailiyyət və irəliləyişlər
də ayrıca məqalədə təhlil edilirdi.
“Allo, allo, danışır Bakı” sərlövhəli
məqalədə radio verilişlərinin özünün keyfiyyətinin
artmasından ötəri söz açılsa da, əsas diqqət
hazırlanmışların xalqa çatdırılması səmtinə
yönəldilir. O mərhələdə vacib olan da məhz
bu idi. Məqsəd radionun səsinin Azərbaycanın
bütün kənd-kəsəyinə, hər evə
çatması idi: “Radio verilişlərinin kəndli kütləsinə
çatması məsələsi bir çox çətinliklərə
rast gəlməkdədir. Kəndlərimizin çoxusunda baha
qiymətə başa gələn lampalı radioqəbuledici
aparatlar qoyulmuşdur ki, bunlar çox vaxt batareyalar
yoxluğundan, bacarıqsız yanaşıldığından
və başqa bu kimi səbəblərdən ilin 8-9
ayını yatmaqda və danışmamaqdadırlar. Ona
görə də lampalı radio aparatları vasitəsilə
radionu kəndlərimizə yaymaq və geniş kütləyə
çatdırmaq mümkün olmayacaqdır. Hal-hazırda Azərbaycanda
tel vasitəsilə radiolaşdırma işi çox tərəqqi
tapmışdır. Bu üsul radio işində ən sadə
bir üsuldur: müəyyən bir mərkəzdə
lampalı radioqəbuledici aparat ilə böyük bir qüvvətləndirici
aparat qoyulur, sonra burada qəbul edilən radio tellər (xətlər)
vasitəsilə şəhərin hər tərəfinə
yayılır”.
İndi, hər kəsin cibində bir telefon varkən
istənilən anda radiolara da, televiziyalara da qoşulmaq, dinləmək,
seyr etmək, elə telefonla da o verilişlərin bir
çoxuna elə canlı-canlı qatılmaq imkanı varkən
XX yüzilin üçüncü onilinin bu söhbətləri
adama ibtidai əyyamların rəvayətləri kimi gəlir.
Ancaq əslində bu, böyük mədəni inqilabın həvəslə,
coşqu ilə həyata keçirilən, minlərlə
insanın qatıldığı gedişatı idi ki, hər
evə radionun gəlməsi hər mənzildə bir mükəmməl
məktəbin yaranmasına bərabərdi. Tarixi təcrübənin
də anlatdığı həqiqət ondan ibarətdir ki,
bundan siyasətini yeritmək və xalqın hər nəfərinin
şüuruna sahib olmaq məqsədi güdən dövlətdən
daha çox sovet onillərində qat-qat artıq maarifə, mədəniyyətə,
biliyə, zövqə təqribən pulsuz və birbaşa
körpü qazanan xalq, sadə insanlar oldu.
“Siyasi maarif idarəsi tərəfindən Ağdamda,
Salyanda, Naxçıvanda və həmçinin, tamamilə
kollektivləşmiş dairələrdə 150-200 nöqtəliyə
qədər radioqəbuledici aparatlar qoyulmuşdur. Qiraət
komalarına, klublara və kitabxanalara radio çəkilmişdir.
Zaqafqaziyanın beş illik radiolaşdırma planı
üzrə Poçta-Teleqraf Komissarlığı şəhərlərdə
205.000, kəndlərdə isə 200.800 radio aparatı
qoymalıdır. Bu sürətlə 1930-1931-ci ilin
axırlarında yalnız poçta teleqraf xətti üzrə
bizim 39.862 radioqəbuledici nöqtəmiz olmalıdır. Hazırda
poçta teleqraf xətti vasitəsilə Bakıdan başqa Gəncə,
Nuxa və Astara şəhərləri də
radiolaşdırılmışdır. Aprel ayının
axırına qədər radio mərkəzi Salyan okruqunu və
Lənkəran, Quba dairələrini
radiolaşdıracaqdır”.
Radio isə axtarışda idi. Hər təzə
gündə bir yenilik etmək eşqi radioda
çalışanların hər birində vardı.
Hüseyn Natiqsə onların hamısından seçilib - həm
diktorluq və aparıcılıq edib, həm aktyorluq, həm
ictimai-siyasi məzmunlu verilişlər hazırlayıb, həm
radiopyeslər yazıb, həm bədii tərcüməçiliklə
məşğul olub, həm cavan və orta nəsil bəstəkarlarla
radioda ilk dəfə səslənəcək nəğmələrin
mətnlərini qələmə alıb və “həm”lərini
artıra biləcəyimiz bu sıradakı işlər
haqqında bu gün quruca sözlə deyil, təfərrüatı
ilə danışa bilməyimiz üçün də əsas
yaradıb - yalnız bilavasitə özünə aid olan
yazıların deyil, mətnini oxuduğu bir çox
verilişlərin də əlyazmalarını
götürüb saxlayıb. Bu qiymətli yadigarlar bir tərəfdən
onun özünün radio yolunu ayrıntıları ilə təsəvvür
etməyə fürsət verirsə, digər tərəfdən
radionun başlanğıc dönəmdəki
çalışmalarının, gündəlik iş həyatının
etibarlı güzgüsünə çevrilir.
Bu, mənim 1930-cu illər poeziyamızda rast gəldiyim
ilk “radiolu” şeirdir. Bəlkə o çağın başqa
Azərbaycan şairlərinin də qoşqularında 1930-cu
illərin əvvəllərində ömrümüzə
yenicə daxil olmuş radionun adı çəkilib. Ancaq
Hüseyn Natiqin günün möcüzəsini misralarına
gətirməsi yalnız bir şairin heyranlığından
deyil, həm də ilk qədəmlərini atan radionun onun
ömrünün bir parçası olmasından, oradan hər
gün səsinin vətənə dalğa-dalğa
yayılmasından gəlirdi.
Radiolar əsrimizi tərənnüm eylər,
Minarədə əzançıya verməyir aman.
Dodaqlarda dalğalanır süzgün nəşələr,
Ürəklərdə bahar vardır, deyildir xəzan.
Hüseyn Natiq yolunu başlayan Azərbaycan radiosunun ən
parlaq simalarındanmış. Onun qısa müddət ərzində
hazırladığı verilişlər, qələmə
aldığı radio səhnələşdirmələri,
etdiyi tərcümələr və məhz efirdə
eşidilməkçün yazdığı müxtəlif
mövzulu şeirlər bir neçə cild kitaba
sığacaq qədər çoxdur. Ancaq müharibə
başlanır, o da əsgər aparılır və 1942-ci ildə
“qara kağız”ı gəlir. Beləcə, istedadla
çağlayan ilhamlı bir ürək insafsızca erkən
susur.
Ancaq ola da bilərdi ki, oçağkı bir sıra
başqa fəal qələm sahiblərindən biri kimi, ya
radioya lazım əməkdaş olaraq heç davaya
yollanılmasın, Bakıda qalıb işini davam etdirsin. O təqdirdə
də sağ qalıb-qalmayacağını söyləmək
olmur axı!
1930-cu illərin siyasi burulğanları o qədər
belə cavan istedadları repressiya dəyirmanında məhv
etdi ki... Yazıçı Anar hələ yeniyetməlik illərində
anası Nigar xanım Rəfibəylidən eşitdiyi bir əhvalatı
- Hüseyn Natiqin sözlərini xatırlayır. Deyirmiş
ki, mənə neyləyəcəklər e, atam fəhlə,
anam kommunist, özümün də yazdığım
nöyüt.
Amma belə söyləyirmişsə, deməli, ona
yaxınlaşa biləcək təhlükənin vahiməsini
də hiss edirmiş, bunları bəlkə özünə təsəlli
üçün söyləyirmiş və xoflanmağa
haqqı da varmış. O dövrdə sözdən söz
çıxararaq ev yıxmağa, ömür
uçurtmağa nə vardı ki!
1931-ci ildə Bakıda Hüseyn Natiqin 1500 tirajla
“Buruqlar” adlı ilk şeirlər kitabı
çıxmışdı və əlbəttə ki, gənc
şair üçün bu, bir xoşbəxtlik idi, amma elə
müqəddimədəcə həmin sevincini burnundan
tökmüşdülər.
Kitaba Mehdi Hüseyn “Buruqlar şairi” adlı
bolşevikanə bir önsöz yazmışdı və
Hüseyn Natiqi tərifləməkdən, ona uğur arzulmaqdan
daha çox proletar olduğunu deyə-deyə tənqid edirdi,
həm də bu tənqid şeirlərin bədii məziyyətlərindən
daha əvvəl siyasi mahiyyətinə aiddi: “Hüseyn Natiq
çocuqluqdan indiyə qədər mədənlər
arasında yaşamaqla bərabər onun yazılarında əsas
obraz neft və mazutdur. O, başqa məsələlərlə
az məşğul olur.
...Bir çox yerdə gənc şair məqsədsiz
bir adam kimi görünür. O, əsərini yazarkən
oxucusunun dimağına yapacağı təsirlə heç də
maraqlanmayır. Hətta çox zaman Natiq proletar şeirinin məqsədini
düşünmək istəməyir. Ona görə bəhs
etdiyi məsələ quru söz yığıntıları
arasında basdırılmış bir halda meydana
çıxır.
...Natiqin şeirlərində yalnız ədəbi
savadın azlığı və materialist dünyayı
görüş zəifliyinin nəticəsində buraxılan
nöqsanlar adi oxucunun belə nəzərini cəlb edir”.
Bunlar kiçik müqəddimədəki tənqidi
qeydlərin heç də hamısı deyil və
ayrı-ayrı şeirləri nəzərdən keçirən
önsöz müəllifi bunlardan da kəskin ifadələrdən
yan keçmir. Unudulmasın ki, bu, kitab çıxandan sonra
yazılmış və hansısa qəzetdə dərc
edilmiş məqalə deyil. İlk kitabı çıxan
şairi cəmiyyətə təqdim edən, guya ona xeyir-dua
verən yazıdır. Elə bu cür yanaşmanın
özü o dövrün komsomol, bolşevik
çılğınlıqlı və sərtlikli münasibətləri
haqda çox şey deyir. Bunu da yaddan çıxarmayaq ki,
dövlətin xüsusi diqqətində olan ideoloji ruporun -
radionun əməkdaşı Hüseyn Natiq iş yerindəki
hər yazısıyla da daim belə süzgəcdənkeçirici
nəzarət altında imiş.
“Bakinskiy raboçiy” qəzetində 1937-ci il iyulun 24-də
D.Vladimirov imzalı müəllifin yazısı ən ciddi təhlükələrin
siqnalıdır. Hüseyn Natiq artıq respublikanın rusca nəşr
edilən 1 nömrəli partiya qəzetində “xalq
düşməni” elan edilir: “Mayın 1-də diktorlardan biri -
Natiq Hüseynov (Hüseyn Natiqin adını belə yazır, əslində
o, Əliyevdir - R.H.) əksinqilabi əsər
yazmışdır. Tamamilə təsadüfən bu əsər
dayandırılmış və mayın birindəki
verilişdə getməmişdir. Bundan əlavə, məlum
idi ki, diktor Hüseynov - mənən
çürümüş bir insandır. Və belə bir
adamı ifşasından 2 ay yarım sonra da Nikbin diktor kimi
mikrofon qarşısında saxlamışdır.
Bu dəlillərin işığında Azərbaycan
Radio Komitəsinin sədri Nikbin qəribə
görünür. Azərbaycan Radio Komitəsində
bolşevik sahmanı yaratmağın vaxtıdır. Radio komitəsini
xalq düşmənlərindən və hər cür
tör-töküntülərdən təmizləməyin
zamanıdır”.
Bu isə 1937-ci ilin başlanğıcında, “Ədəbiyyat
qəzeti”nin 4-cü nömrəsində, həmin
“ifşa”lardan aylar əvvəl dərc edilmiş “Böyük
Leninə” başlıqlı Hüseyn Natiq şeiridir:
Lenin, ey böyük insan, ey tarixin mayakı,
Fikrin milyon qəlblərin səmalarında parlar.
Bizimlə yaşayırsan, bizimləsən, ey rəhbər,
Öldünsə, əməllərin daima yaşar,
yaşar!
Yaratdığın ölkədə ölməmiş
böyük adın,
Adınla da zəfərlər körpüsündən
keçirəm.
Hər yeni il başında qaldıraraq qədəhi
Ehtiyat ürəyinin sağlığına içirəm!
Yanvarda çap olunan bu şeir, bəlli olur ki, hələ
1936-cı ilin sonlarında yazılıbmış və
çox da ki, şair özü qəlbini ölməz
saydığı Leninin ehtiyat ürəyi hesab edir. 1937-ci il
idi, sovet məkri daxilinin bütün rəzaləti ilə
üzə çıxırdı və yüz belə
şeir yazsan da, nə qədər bu ideologiyaya, bu dövlətə
sədaqətindən desən də, səni qəbul etməyəcəklər,
düşmənlər cərgəsindən
çıxarmayacaqlar.
Bu qəzet kəsiyini də Hüseyn Natiq seçərək
əziz bildiyi yazılar arasında saxlayıb. Adicə
bildirişdir. Xəbər verilir ki, Azərbaycan Şura
Yazıçılar İttifaqı bu gün, martın 1-də
APİ-də Cəfər Cabbarlının xatirə gecəsini
təşkil edir. Cabbarlının
yaradıcılığına həsr edilmiş məruzədən
sonra yazıçılardan Sanılı, Mikayıl
Müşfiq, Qantəmir, Yusif Şirvan, Çəmənzəminli,
Cəfər Xəndan, Kraşi, Hüseyn Natiq, Kraborski və
Samvel çıxışda bulunacaqlardı.
Hüseyn Natiqin stixiyası bu idi. Ədəbi məclislər,
kitab müzakirələri, şeir gecələri, mikrofon
qarşısında qiraətlər, masa arxasında gecələr
boyu ürəyə yatan misra axtarışları.
Vaxtsa onu qısnayırdı, açıq-aşkar
ölümlə hədələyirdi. Haqqında “Bakinskiy
raboçiy”dəki o məqalə çıxan yayda artıq
Cavid də, Cavad da, Müşfiq də, Yusif Vəzir də və
Hüseynovun neçə başqa qələm qardaşı
da NKVD zindanlarında idi, onusa elə tutulmuşlara vurulan
damğa ilə ləkələyirdilər.
1938-ci il sentyabrın 30-udur, dünənki yol
yoldaşı, bugünsə artıq xatirə olan
Müslüm Maqomayevin adını daşıyan Filarmoniyada
Stalinə həsr edilmiş əsərlərdən ibarət
konsert gedir, proqramda Hüseyn Natiqin də adı var, bu
axşam onun sözlərinə Niyazinin bəstələdiyi
“Birinci deputat”ı xor və simfonik orkestr ifa edəcək.
Ancaq adın “qara siyahı”larda yer alırsa, belə
ithaflarla sığortalanmaq mümkün deyil. Ya başqa
cür də ifadə etmək olar: ziyalıya qarşı səlib
yürüşünə başlanılırdısa, onun lap ən
sadiq leninçi, ən ardıcıl stalinçi olması da
mühüm deyildi, getməsi qət edilibsə, daha aman
olmayacaq.
Hüseyn Natiqin başı üzərində 1930-cu
illərin ikinci yarısından etibarən
sıxlaşmağa başlayan qara buludlar həm də o təlatümlü
dövrdə radioda işləməyin nə qədər
çətin, riskli, bəzən lap yox yerdən taleyi tar-mar
edəcək aqibətlə üzləşdirəcək
gözlənilməzliklərlə dolu olmasının
nişanəsidir.
Hüseyn Natiq gənc idi, radionu sevirdi, əlbəttə
ki, ayıq bir cavan kimi ətrafda baş verənləri
görüb içərisindən də keçirirdi, söz
yox, bəlaların onu da haqlaya biləcəyini istisna etmirdi.
Ancaq gündəliklərindəki etiraflarından bu da duyulur
ki, Hüseyn Natiq radiodakı meydanı, belə münasib
özünütəsdiq və sözünüdemə girəvəsini
mümkün təhlükələrin hamısından daha
münasib sayırmış.
Yolu odla su arasından keçirdi. Gənc idi,
ümidli idi, hər şeyin yaxşı olacağına
inamı onu hər halda labüd qorxulardan üstün edirdi. Hər
gün mikrofon qarşısında idi, Bakı, Azərbaycan
onun səsi və sözü ilə danışırdı,
Hüseyn Natiq bununla da bəxtiyar idi.
18 iyul 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025. -30 iyul(¹132).- S.12-13.