"Füzuli dağın ətəyində"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Fatimə Ağayevadır.
Müsahibimizlə Xalq rəssamı Eldar Mikayılzadənin
"Füzuli dağın ətəyində" əsəri
haqqında danışmışıq.
Eldar Hidayət oğlu Mikayılzadə 18 yanvar
1956-cı ildə Bakının Əmircan kəndində anadan
olub. Əzim Əzimzadə adına Rəssamlıq məktəbinin
Rəngkarlıq fakültəsini, daha sonra Azərbaycan
Dövlət İncəsənət İnstutunun (indiki
ADMİU) Dekorativ Tətbiqi Sənət fakültəsini
xalçaçılıq ixtisası üzrə başa
vurub. Rəssamın sənətə yanaşması
yaradıcı və təhlilyönümlüdür.
Xalçaçı rəssam Azərbaycan təsviri sənətində
və xalçaçılıq sahəsində öz dəsti-xətti
ilə seçilir. O, əsərlərində klassik
poeziyanı, milli ornamentlərdən istifadəni və fəlsəfi
düşüncələri bir arada birləşdirən sənətkardır.
Rəssamın üslubu milli boyaların çağdaş tərzdə
ifadəsi ilə seçilir. E.Mikayılzadə həm monumental
əsərlərin, həm də tematik tablo janrlı
mühüm işlərin müəllifidir.
- Eldar Mikayılzadə yaradıcılığına
xas hansı xüsusiyyətləri bu əsərdə
görürük?
- "Füzuli dağın ətəyində" əsəri Azərbaycan rəssamlıq və
dekorativ sənətinin ən parlaq nümunələrindən
biridir. Tabloda bir-birini qarşılıqlı şəkildə
sintez etmiş poetik və fəlsəfi düşüncələri
görmək mümkündür. Əsərin ideyası
Klassik Azərbaycan poeziyasının nəhəng siması
olan Məhəmməd Füzuli
yaradıcılığına həsr olunub. Rəssam Eldar
Mikayılzadə burada yalnız obraz yaratmaqla kifayətlənməyib,
həm də yaddaşımızda xalça sənətini
yaşatmaq istəyib. Rəssam Füzulinin iç
dünyasını, poetikasını və
yaşadığı dövrün ümumi məzmununu sanki
bir araya gətirir. Eldar Mikayılzadənin digər əsərlərində
- məsələn, "Qopuzun sədası", "Dədə
Qorqudun sorağı ilə", "Musiqi ruhu" kimi
tablolarında da musiqi, xalq yaddaşı, qocalıq və
müdriklik mövzularına rast gəlinir. Lakin
"Füzuli" bu motivləri bir kompozisiyada birləşdirərək,
həm vizual, həm də semantik baxımdan daha dərin mənalar
daşıyır. Bu tablo insan siması ilə təbiəti həmçinin
fəlsəfi düşüncələri birləşdirərək
onları ayrılmaz bir varlıq kimi təqdim edir. Həm də
burada rəssamın ən güclü fəlsəfi-estetik
yanaşması müşahidə olunur.
- Əsərin rəng həlli necədir?
- Bu işdə rəng palitrası olduqca zəngin və
çoxşaxəlidir. Səmanın mavisi, qürubun
narıncı və qırmızı tonları,
torpağın isti rəngləri, ağacların yaşıl
və çəhrayı çalarları, insan obrazlarının
canlı və ifadəli rənglərlə təqdim
olunması rəssamın koloristik ustalığını
göstərir. Müdrik
dağın simasında təbiətin əsas tonları
- torpaq və ağac rəngləri hakimdir. Saqqal və baş
nahiyəsindəki ağ və gül rəngləri isə
baharın, təzələnmənin və ruhani
saflığın rəmzidir.
- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?
- Əsərin kompozisiyası mərkəzdə yerləşən
nəhəng müdrik sima üzərində qurulub. Bu sima həm
dağa, həm insana, həm də zamana aiddir. Çox hssəsi
karotondandır, əsərin orta hissəsində isə
yağlı boya ilə kətandan istifadə edilib. Həmçinin
bu sima Məcnunun təbiətlə vəhdətini, insan dərdinin
təbiətə hopmasını simvollaşdırır. Bu səhnə
məhz Füzulinin poemasında Məcnunun tənhalaşması,
insanlardan uzaqlaşması və heyvanlara, təbiətə
qarışması ilə səsləşir.
Üst hissədəki qanadlı mələklər və
şir motivləri Füzulinin əsərlərindəki sanki
ilahi eşq anlayışını canlandırır. Həmçinin
"Leyli və Məcnun" poemasında sevgi yalnız insani
deyil, ilahidən gələn bir nemət kimi dəyərləndirilir.
Tablonun aşağı hissəsində bir çox şair dərviş
və musiqiçi təsvir olunub. Bu həm Füzulinin öz
daxili aləminin, həm də "Leyli və Məcnun"
hekayəsinin xalq içində yayılmasını göstərir.
Əsərin kompozisiyasında sanki Səfəvi dövrü
miniatürlərini xatırladan canlı geyimlər, realistik təbiət
məkan perspektivliyini görmək mümkündür. Rəssam
burada "Leyli və Məcnun" poemasını əsas
sujet xətti kimi götürür, bununla yanaşı,
şairin digər poemalarından səhnələrə də
istinad edib. Həmçinin rəssam müdrik sima
obrazının baş hissəsində ağac
kötüyünü xatırladan və üzərində
meyvələri təsvir edib. Burada hər bir meyvənin
özünə xas simvolik mənası mövcuddur.
İslam və Şərq dünyasında nar birlik,
çoxluq, eşq simvoludur. Qocanın başında narın
olması da müdrikliyin və dolğun düşüncədə
olmağına işarədir. Üzüm
salxımı-Üzüm şərabla şərab isə
ilahi eşqlə bağlıdır. Füzulinin "Bəngü
Badə" əsərində də badə, içki motivləri
öz əksini tapmaqdadır. Digər təsvir edilən meyvələr
isə keçici gözəlliyin rəmzidir, sanki dünyayla
ilahi həqiqət arasında keçid rolunu oynayır.
- Tablo hazırda harada saxlanılır?
- Bu iş rəssamın şəxsi qalereyasında
qorunub saxlanılır. Ümumiyyətlə, Eldar Mikayılzadənin
əsərlərinin bir çoxu şəxsi kolleksiyalarda,
Dövlət Rəsm Qalereyasında və ya tematik sərgilərdə
nümayiş etdirilir.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Tablo xalqın tarixini, mənəviyyatını,
müdrikliyini və təbiətlə vəhdətini əks
etdirir. Burada çox dərin mənalalarla dolu fəlsəfi
fikirlər və düşüncələr
çatdırılır. Əsər eyni zamanda təbiətə
ehtiram, musiqiyə sevgi və ruhani düşüncəyə
çağırışdır.
Aytac SAHƏD
525-ci qəzet .- 2025. -30 iyul(№132).- S.10.