Azərbaycanda peşə təhsilinə
diqqət və qayğı artır
2026-cı İLƏDƏK TƏXMİNƏN 28
MİN TƏLƏBƏNİN PEŞƏ TƏHSİL
MÜƏSSİSƏLƏRİNƏ CƏLB
EDİLMƏSİ NƏZƏRDƏ TUTULUR
İyulun 22-dən etibarən peşə təhsili
müəssisələrinə 2025-2026-cı tədris ili
üzrə tələbə qəbuluna başlanılıb.
Peşə təhsili almaq istəyən şəxslər 22
iyul-11 avqust tarixlərində portal.edu.az platformasında
qeydiyyatdan keçməklə "Peşə təhsili
müəssisələrinə elektron tələbə qəbulu"
xidməti vasitəsilə müraciət göndərməlidirlər.
Qəbul prosesi ümumi və ya tam orta təhsil
bazasını bitirən şəxslər üçün
açıqdır. Son müraciət tarixi 11 avqust
18:00-dır.
2025-2026-cı tədris ili üzrə tələbə
qəbulu 78 peşə təhsil müəssisəsində 152
ixtisas olmaqla 32 620 plan yeri üzrə aparılacaq. Bu yerlərdən
24 280-ı dövlət sifarişli, 8340-ı isə ödənişlidir.
Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki
məlumatların doğruluğu yoxlanıldıqdan sonra
iştirakçının ixtisaslar üzrə seçimi
sistem tərəfindən təsdiqlənir. Qəbul ilk və
texniki peşə təhsili səviyyələri üzrə ərizəçinin
attestatında göstərilən müvafiq fənlər
üzrə qiymətlərinin orta balı əsasında,
yüksək texniki peşə təhsili səviyyəsi
üzrə isə buraxılış imtahanlarının nəticəsi
əsasında həyata keçirilir. Tələbə qəbulu
prosesində iştirak edən hər bir şəxsə
maksimum 5 ixtisas üzrə seçim etmək imkanı
yaradılır. Müraciət edən şəxslərin nəticələri
barədə məlumatın "şəxsi kabinetim"
bölümündə yerləşdirilməsi və həmçinin,
SMS vasitəsilə də təqdim edilməsi nəzərdə
tutulur. Müsabiqədən uğurla keçən namizədlər
növbəti mərhələdə qəbul olduqları
müəssisəyə sənədlərinin əslinin təqdim
edilməsi üçün dəvət olunacaqlar.
Elektron qeydiyyatdan keçən zaman tələb olunan
sənədlər şəxsiyyəti təsdiq edən sənəd,
təhsil haqqında sənəd (attestat), əlilliyi olan şəxslər,
eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqlar müvafiq olaraq əlilliyini təsdiq
edən sənəd, valideynlərini itirməsini və valideyn
himayəsindən məhrum olmasını təsdiq edən sənəd.
Azərbaycanda peşə təhsilinin inkişafı
ümumi təhsilin inkişafı ilə bağlı
mühüm hədəflərdən biridir. Bu çərçivədə
peşə təhsilinin əhatəliliyinin və keyfiyyətinin
artırılması qarşıya məqsəd kimi qoyulub. Son
illərdə də peşə təhsilinin əhatəliliyinə
dair bir çox hədəfə artıq nail olunub. Bu da son on
ilin ən yüksək göstəricisidir. 2026-cı ilədək
təxminən 28 min tələbənin peşə təhsil
müəssisələrinə cəlb edilməsi
planlaşdırılır.
Peşə Təhsili üzrə Dövlət
Agentliyinin sədri Ceyhun Kərəmov deyir ki, informasiyanın
son dərəcə çox olduğu bir dövrdə peşə
seçimi getdikcə çətinləşir. Peşəni
doğru seçmək üçün həm ailə, həm
də məktəblərin daha məlumatlı olması
üçün imkanlar yaratmalıyıq. Bu məqsədlə
peşəyönümlü işləri məktəblərdə
daha keyfiyyətli şəkildə aparmaq vacibdir. Vətəndaşlara
və şagirdlərə peşələr haqqında məlumat
daha əlçatan olmalıdır. Valideynlər
övladlarına seçim etməyə şərait
yaratmalıdır. İndiki dövrdə şagirdlər
texnologiyaya yönəldikləri üçün valideyn və
müəllimlər bu prosesdə iştirak etməsələr
də, internetdən ixtisaslar haqqında məlumat əldə
edə bilirlər. Peşə təhsili müəssisələrindən
istəyimiz odur ki, uşaqlar yalnız eşitməsin, eyni
zamanda, görsünlər: "Məsələn,
qaynaqçı işinin əhəmiyyətini bəzən
başa düşmürük. Ancaq ətrafımıza baxanda
hər sahədə qaynaq işinin yerini görmək olur.
Şagirdlərə peşələrin əhəmiyyətini
göstərə bilmədiyimiz üçün cəmiyyət
olaraq bunu daha geniş şəkildə təqdim etməliyik.
Uğur hekayələrini cəmiyyətə çatdırmaq
da vacibdir. Hər hansı bir peşə olsun, əgər o sahəyə
maraq varsa və sevərək işləyirsənsə, həyatda
uğur qura bilərsən. Bu proses həm ailə, həm məktəb,
həm də cəmiyyət tərəfindən dəstəklənməlidir.
Təhsil müəssisələrində doğru sistemli
maarifləndirmə və peşəyönümlü işlər,
ailələrdə isə övladlara peşələr
haqqında məlumat vermək düzgün seçim etməyə
kömək edir. Gənclər daha çox ürəklərinin
səsini dinləyərək düşüncələrinə
əsasən qərar verməlidir. Bu prosesdə onlara şərait
yaradılmalıdır".
O vurğulayıb ki, peşə təhsilində həyata
keçirilən islahatların əsas motivləri sosial və
iqtisadi inkişafı ilə bağlı olan hədəflərdir.
"2022-2026-cı illərdə ölkəmizin sosial-iqtisadi
inkişaf Strategiyasında" konkret olaraq peşə təhsili
ilə bağlı hədəflər müəyyən edilib.
Ən başlıca hədəf peşə təhsilinin əhatəliliyini
və keyfiyyətini artırmaqdır. Bu istiqamətdə
2026-cı ilin sonuna qədər peşə təhsili sisteminə
28 min tələbənin cəlb olunması hədəfi
qoyulub. Son 5 ildə hər il tələbə qəbulunda 10-15
faiz artım müşahidə edilib. Məsələn,
2024-cü ildə peşə təhsili müəssisələrinə
25 minə yaxın tələbə qəbul olunub ki, bu da son
illərin ən yüksək göstəricisidir. Bundan əlavə,
peşə təhsilinin infrastrukturunun genişləndirilməsi
də strateji hədəflərdən biridir. Yeni, müasir
peşə təhsili verə bilən müəssisələrin
sayı artdıqca, ora müraciət edənlərin sayı
da artır. Son on ildə Qəbələ, Bərdə, Gəncə,
Bakı, Cəlilabad və digər regionlarda yeni müəssisələr
açılıb. Hər bir yeni müəssisə tələbə
sayında artıma səbəb olur. Məsələn, Bərdədə
açılışdan sonra tələbə müraciətləri
10 dəfə artıb, Cəlilabadda da eyni tendensiya
müşahidə edilir. Bu cür infrastruktur inkişafı, əhatəliliyin
artırılmasına və keyfiyyətin yüksəlməsinə
xidmət edir. Bu müəssisələrdə tələbəyönümlü
mühit yaradılır, emalatxanalar və laboratoriyalar vasitəsilə
praktiki biliklərin əldə olunmasına şərait
yaradılır. Məsələn, Bərdədə və Cəlilabadda
STEAM mərkəzləri yaradılıb. Bu mərkəzlər
tələbələrə iş yerinə yaxın mühitdə
təhsil almaq imkanı verir. Keyfiyyət də islahatların əsas
istiqamətlərindəndir. Son 5-6 ildə təhsil
proqramlarının yenilənməsi və yeni proqramların
hazırlanması ilə bağlı əhəmiyyətli
addımlar atılıb. Bu müddət ərzində 100-ə
yaxın yeni proqram hazırlanıb. Bunda məqsəd təhsil
proqramlarının əmək bazarının tələblərinə
cavab verməsidir. Əlavə olaraq, son 7 ildə 550 mindən
çox dərslik tələbələrə təqdim edilib.
Peşə təhsilində müxtəlif ixtisaslar olduğu
üçün dərsliklərin sayı da çoxdur, bu səbəbdən
həm ümumtəhsil, həm də ixtisas dərslikləri
mütəmadi nəşr olunaraq müəssisələrə
göndərilir".
Onun dediyinə görə, peşə təhsili
sistemində ən çox tələbat olan ixtisaslar sənaye,
turizm, xidmət sektoru və IT sahələridir: "Bir
çox hallarda Azərbaycanda bu ixtisaslarla bağlı müəllim
hazırlığı yetərli deyil. Bu istiqamətdə əhatəliliyi
artırmağa çalışırıq. Yeni müəssisələr
istifadəyə verildikcə, onların kadr potensialını
gücləndirmək məqsədilə təlimlər və
təkmilləşdirmə prosesləri davam edir. Məsələn,
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət
Peşə Təhsili Mərkəzində koreyalı mütəxəssislərin
iştirakı ilə kurikulum təsdiq olunub və həmin
müəssisələrdə çalışan müəllimlər
uzun müddət Koreyada təlimlər alıblar. Eyni zamanda,
turizm və xidmət sahələrində müəllimlərimiz
Türkiyədə təlimlərə qatılıblar.
2023-cü və 2024-cü illərdə Koreyadan mütəxəssislərlə
təlimlər keçirdik, bu təlimlər əsasən IT və
sənaye ixtisasları üzrə oldu. Lakin tələbə qəbulu
elan edildikcə, həmin sahələrdə müəllimlərimizin
inkişafına da diqqət yetiririk. Bu gün ən vacib
olanı gələcəkdə əmək bazarında
hansı ixtisaslara ehtiyac olacağını əvvəlcədən
müəyyənləşdirərək kadr
hazırlığını ona uyğun qurulmasıdır. Bu
məqsədlə peşə təhsili proqramlarını
hazırlayarkən mövcud əmək bazarındakı
boşluqları və gələcək iqtisadi hədəfləri
nəzərə alırıq".
C.Kərəmov bildirib ki, azad edilmiş ərazilərdə
peşə təhsilinin bərpası və inkişafı
istiqamətində konkret tədbirlər həyata
keçirilir. Hazırda Füzuli şəhərində
peşə təhsili müəssisələri inşa olunur:
"Bu il Şuşada da peşə təhsil müəssisələrinin
yenidən qurulması və əsaslı təmir işlərinə
başlanılacaq. Qubadlı, Ağdam və Zəngilanda isə
peşə təhsili müəssisələrinin layihələndirmə
işləri 2025-ci ilin ortalarında yekunlaşacaq".
Mütəxəssis qeyd edib ki, bu gün Azərbaycanda
təxminən 50 faizə yaxın peşə təhsili müəssisələrində
məcburi köçkün ailələri yaşayırlar.
Hazırda Quba, Qax, Tovuz və digər rayonlarda yeni peşə
təhsili müəssisələrinin layihələndirilməsi
və tikinti işləri davam edir: "Birinci Qarabağ
müharibəsi dövründə məcburi
köçkün vətəndaşlarımız bir sıra
təhsil müəssisələrinin infrastrukturunda məskunlaşmışdı.
2020-ci ildə şanlı qələbəmizdən sonra həmin
vətəndaşlarımız öz doğma yurdlarına
qayıtdıqca yeni təhsil müəssisələri
üçün müasir infrastrukturun yaradılması və
daha keyfiyyətli təhsil şəraitinin təmin edilməsi
davam edir. Son illərdə Bakı, Gəncə, Bərdə,
Qəbələ, İsmayıllı, Cəlilabad və Lənkəranda
da yeni peşə təhsil müəssisələri
tikilib".
Təhsil eksperti Ramin Nurəliyev bildirib ki, bu qəbul
ilində peşə təhsilinə olan plan yerlərinin
artırılması qeyd edildi. Həmçinin bəzi
ixtisaslar üzrə peşə təhsilinə olan tələbatın
artması, digərlərində isə azalması
müşahidə olunub. artmanın əsas səbəbi
texnologiya və süni intellektlə bağlı sahələrə
marağın artmasıdır: "Kompüter
yönümlü, informasiya texnologiyaları sahələrindəki
artan maraq bu ixtisaslara qəbul sayını da yüksəldir.
Əksinə, bəzi sahələrdə, məsələn,
toxuculuq və tikiş sahələrində maraq azalır.
Bunun əsas səbəbi isə texnoloji avadanlıqların
artıq insan əməyini əvəz etməsidir. Tək bir
texnoloji cihazla 20-30 nəfərlik işçi qüvvəsinin
əvəz olunması bu sahəyə marağı
azaldır".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 31 iyul(№133).- S.15.