Poeziyanın
başına gələn xoşbəxt hadisə
Esse
Çarlz Bukovski deyirdi: “İnsanlar adətən məktublarda
reallıqdakından daha yaxşı görünürlər”.
Bukovskinin vaxtında indikindən fərqli olaraq hələ
insanlar bir-birinə məktub yazırdı. O məktublarda
hamı yaxşı idi. Hər halda reallıqda olduğundan
daha yaxşı.
Məmləkətimizin də öz Bukovskisi var -
yazıçı dostum, usta Seyran Səxavət. Bu insan kimin,
nəyin haqqında olursa-olsun, təkcə həqiqəti deyəcək.
Həm də olduğu kimi. Bəzək-düzəksiz. O da iki
ola qadın. Həm də Söz
yaradıcılığının qadın cinsi.
“Bu məsələlər üzrə ekspert” Seyran Səxavət
bir gün mənə dedi: “Bir gözəl şair var, Nigar Həsənzadə.
Sən onu tanımalısan”. Azca pauza verib əlavə
etmişdi: “Zalım qızı yaman yaxşı yazır”.
Mən də bu şairin bir neçə şeirini
tapıb oxudum, bəyəndim. Bu təəssüratlarla bir
bürkülü-duyğulu may axşamında İçərişəhərə
- Şirvanşahlar saray kompleksindəki poeziya ziyafətinə
getdik. Nigar Həsənzadənin yaradıcılıq gecəsinə.
Sanki nağıllardakı ortama düşmüşdüm.
Uzun, zərif ziyafət geyimində qarşımıza
çıxan Nigar Həsənzadənin üzündəki həyəcanlı
təbəssüm onun ruh ovlayan qadın şarmına yeni
cizgilər qatırdı. Sonra Nigar öz şeirlərini
oxuyacaqdı; inanılmaz intonasiya zövqü və yüksək
yaradıcılıq şövqü ilə. Onun hər
vurğusu öz ritmik ladında, hər misrası öz poetik
dadında idi. Nigarın hər kəlməsi fərdi ahəngini
tapırdı; şeirlər şair xanımın səsinin rənglərinə
“boyandıqca” göz önündə al-əlvan bir nəzm
xalısı canlanırdı.
Mən xeyli müddət bundan əvvəl “Uğur mələyi,
incə sənət əsəri” adlı essemdə belə bir
cümlə qurmuşdum: “Allah özü qəsdən
qadını belə gözəl yaradıb ki, onu sevməkdən
başqa çarə qalmasın”.
Mən bu cümləni quranda heç Nigarı
tanımırdım, onun poetik Planetinin sakini də deyildim.
Ancaq o şeir dolu may axşamında bu cümləyə
öz beynimdə bir balaca “əl gəzdirdim”; bircə kəlmə
əlavə etdim və ortaya yeni - tamamlanmış anlam
çıxdı: “Allah özü qəsdən qadını
belə gözəl şair yaradıb ki, onu sevməkdən
başqa çarə qalmasın”.
Mənə elə gəlir, Allah insanları cürbəcür...
janrlarda yaradıb. Kafka, tutaq ki, ağır dram janrını
təmsil edir. Heyne poetik fəlsəfəni, Prust bədii
sözün zəhmini... Nigarı yaradanda isə, deyəsən,
Tanrının “şairliyi tutubmuş”.
Nigarın poeziyasında bir sükut “kultu” da var: bu,
sevgi lisanıdır. Susmağın bir halda bəraəti olur,
o da sevəndə. Çünki ən dürüst sevgi
etirafları, ən inandırıcı eşq mesajları
aşiq baxışların “susqun harayı” olsa gərək.
Axı Sevgi elə bir-birini ruhu ilə dinləyən iki
sükutun dialoqudur. Bu eşq sükutunun ən həzin
janrı isə poeziyanın özüdür. Nigar Həsənzadənin
öz yaradıcı şəxsiyyət profili də, öz fərdi
qadın fakturası da o axşam, yazıçı Afaq Məsudun
dediyi kimi, təpədən dırnağa qədər
poetikadır. Ramiz Rövşəni isə şairin teatral
tempramenti daha çox özünə çəkmişdi:
“Əsas tempramentdir, qalan hər şey ondan sonra gəlir”.
Bu xanımın poeziyasında ac canavar dişinin
yırtıcı sərtliyi də var, hürkmüş qurban
ürəyinin son döyüntüləri də. Bu poeziyada
“bir udum tənhalıq” duyğusu da var,
ayrılığın keşiyini çəkərkən
“boğulan dəniz” də. “Yarımsəslə danışan
aktyor ümidi” də var, sübh çağı duz səpilmiş
təzə yaralar da.
Seyran Səxavət də bu füsunkar bax, bu
xanımın ecazkar poetik dünyasındakı “başqa” hava
ilə “ciyərdolusu” nəfəs almışdı.
Bilirsiniz, yazıçının metaforu mənim
kiçik Vətənim Qarabulaqdakı Ərgünəş
silsiləsini yadıma saldı. Ağciyər həkimləri
öz ümidsiz xəstələrinə o dağların
şəfalı havasını dərman yazırdı, bu hava
“darıxan” nəfəsləri həyata qaytarırdı.
Nigarın o axşam öz zərif səsi ilə, səsinin
min bir rəngi ilə, o səliqə-sahmanlı intonasiya ilə
oxuduğu şeirləri də sanki insana ikinci, bəlkə də
üçüncü... beşinci... on beşinci... nəfəs
verən Ərgünəş mehi idi. Bu, ağrı və təlaş
qoxularının bir-birinə qarışdığı
reanimasiya otağının hər mənada
gözyaşardıcı, burun göynədən ağır
havası deyildi. Bu, ruh sərinlədən, dərdli gözləri
belə güldürə bilən ürəkdolusu sevginin incə
əsintiləri idi.
Bilirəm, bu cür “estrada poeziyası” bəzi
insanların tənqid hədəfinə də çevrilir,
necə deyərlər, qınaq nişangahına gəlir. Elə
Ramiz Rövşən kimi azman poetik qocamanı da bu “günah”
üstündə çox çəkişdirirlər.
Şair öz səsi, öz intonasiyası ilə öz
şeirini ən “uzaq” ürəklərə belə
daşıya bilir deyə, bundan rahatsız olan, hətta sanki
“incinmiş” kimi üsyankar ruhlar da var. Onlara görə Ramiz
Rövşən “elə də” böyük şair deyil, sadəcə,
“şeirini gözəl deyir”. Başqa sözlə, bədii
sözün uğurlu “logistikası” şairin başına “bəla”
olub.
Amma yox! Bax, “estrada poeziyasının” o əqidəli
skeptikləri həmin Şirvanşahlar sarayının may
axşamına - Nigar Həsənzadənin poeziya ziyafətinə
gəlsəydilər, bəlkə də öz fikirlərini dəyişərdilər.
Axı bir dəlilər, bir də ölülər öz
fikirlərini dəyişmir. O gün o şeir şöləninə
onlar da gəlmiş olsaydılar, “Bədii Söz Məhkəməsində”
Ramiz Rövşənə də “bəraət hökmü”
çıxardı bəlkə. Əlbəttə, Nigarın ədəbi
şarmının özünəxas estetikası sayəsində.
Bu İlahi poeziyadan xoş nəsibini alan insan olaraq
düşündüm. Ləbələb günah dolu bu Yer
kürəsinin üstündə, sonu bilinməyən
hüdudsuz Göy qübbəsinin altında
özümüzü bir az da olsa, insan kimi hiss edək deyə
Tanrı poeziyanı yaratdı. Hərçənd
başlanğıc İslam şeirə, şairə az qala
günah donu da biçmişdi. Bu, ayrı bir söhbətdir.
Amma poeziyanın bizdə yeri ayrıdır. Əgər
biz millət kimi tariximizi, taleyimizi incələsək, janrlara
bölsək, incə şeir də var, ağır nəsr də.
Amma dram, faciə də çox olub. Ona görə bizim
klassiklərimizin çoxu şairlərdir. Şeir həmişə
xalqın mənəviyyatının önəmli bir
elementidir, parçasıdır.
Bizə şair xalq deyirlər. Biz şeirin
xalqıyıq. Tarix boyu yaşadıqlarımızın
çoxu isə dramdır, faciədir. Bu qədər dərdi
də, iftixarı da ancaq şeirlə demək olar.
Sovet dövründə bizə imkan vermişdilər
ki, ancaq Vətən və sevgi şeiri yazaq. Vətən və
sevgi şeirlərinə icazə vardı, Vətən sevgisinə
yox! Biz olsa-olsa, Səməd Vurğunun “Azərbaycan”
şeirindəki Vətəni sevə bilərdik, ondan
qıraqda isə bizə, sadəcə, əkinə yararlı
torpaq sahələri, neftlə dolu mədən əraziləri,
bir də sənaye zonalarına bölünmüş fəhlə
şəhərləri buraxmışdılar. Biz də oturub
pambığa, üzümə, gülə, bülbülə,
neftə, qaza şeir yazırdıq. Amma indi şeirin sərhədləri
genişlənib. Şeir hüdudlarını aşıb.
Artıq dünya Nigar Həsənzadənin “qələminin ucundadır”.
Bu istedadlı-ismətli azərbaycanlı xanımın
kövrək, ancaq yüyrək ifasında poeziyamız
Şimali Amerikada ABŞ və Kanadadan Qərbi Avropada
İtaliyaya və Almaniyaya qədər, Şərqi Avropada
Macarıstandan, Polşadan Yaxın Şərqdə İsrailə,
Şimali Afrikada Misirə qədər, Orta Şərqdə
Türkiyədən Avrasiyada Rusiyaya qədər, Britaniyadan
uzaq Avstraliyaya qədər çox geniş coğrafiyaya
yayılıb.
Xəritəyə bir azca diqqətlə baxsaq, görərik,
Nigar Həsənzadənin simasında və ifasında Azərbaycan
poeziyası ekvator boyunca dolanıb, dünyanı
dolaşıb gəlib, bizimlə Şirvanşahlarda
görüşüb. Bu qədər çox sevən ürəkləri
Bakının ürəyinə - İçərişəhərə
ancaq ürəkdən gələn sevginin gücünə
toplamaq olardı, başqa cür mümkün deyildi.
Nigarın şəxsində milli şeirimizin öz
doğma coğrafiyamızı aşması ilk növbədə
istiqlal təfəkkürümüzün təntənəsidir.
Xatırlayırsınızsa, biz Milli Azadlıq
meydanlarına şeirlə çıxmışdıq, sonu
istiqlal bəyannaməsi ilə bitdi. Bədii sözə
sığınıb getdiyimiz mübarizə axırda
hüquqi aktla yekunlaşdı.
Baxın, dövlətlər də, ailələr də
şeirlə başlayır. Həyatımız da şeirlə
başlayır, şeirlə bitir. Hər birimiz bir kişinin və
bir qadının bir-birinin ürəyinə
pıçıldadığı sevgi sözcüklərinin
meyvəsiyik. Bu pıçıltıların hamısı
poeziya janrındadır. Ömrün qalan bütün
zamanları tam anlamda dramatik üslubda “səhnələşdirilib”.
Orda komediya bir yana, tragikomediyanın özünə də
çox yer qalmayıb.
Bəli, əslində Sevgi də poeziyadır, sevinc də,
hüzn də. Şeir cavan xanım anaların dilində
körpə laylası, xanım-xatın nənələrin
ağzında süfrə duasıdır. Şeir, dediyim kimi,
həm sevgi mesajıdır - eşq etirafıdır, həm də
şəhid məzarı üstündə dul
ağısıdır. Şeir bir yandan cəng
havasıdır, əsgər marşıdır, bir yandan da Zəfər
tərənnümüdür. Şeir həm dərdli ruhdan
qopan yanıqlı bayatıdır, həm də qəlbi
qürurlandıran dövlət himnidir.
Bilirsiniz, həyatını diri yaşayanların
ölümünə inanmaq olmur. Diri yaşamaq isə ruhun həmişə
oyaq olmağı, bədəndə cövlan eləməyidir.
Ruhu qidalandıran, təkcə qidalandıran yox, həm də
qanadlandıran nəsnələr arasında isə poeziya
başda gəlir. Bu mənada Nigar Həsənzadə
özü poeziyanın başına gələn ən
xoşbəxt hadisədir.
Bahəddin HƏZİ
525-ci qəzet .- 2025.-3 iyun(¹95).- S.11.