Bakı Enerji Həftəsi regional və
qlobal əhəmiyyət daşıyır
Azərbaycanın böyük günəş və
külək enerjisi potensialı regionun enerji təhlükəsizliyinin
formalaşmasına yaxından dəstək olacaq
Azərbaycanda hər il keçirilən “Baku Energy
Week” (Bakı Enerji Həftəsi) beynəlxalq müstəvidə
böyük maraqla qarşılanır. Sayca 30-cu olan bu tədbir
hər il bütün dünyanın enerji sənayesi sahəsində
mövcud olan liderlərini bir araya gətirir və bununla da
diqqəti Azərbaycana cəmləşdirir. Prezident İlham
Əliyevin Bakı Enerji Həftəsinin
açılış mərasimində iştirakı tədbirin
yüksək statusunu təsdiqləyir. Eyni zamanda,
dünyanın aparıcı ölkələrinin liderlərinin,
beynəlxalq qurumların rəhbərlərinin
ünvanladıqları məktublar da onların bu tədbirə
vacib əhəmiyyət verdiklərini göstərir.
Ötən illər ərzində “Baku Energy Week” həm
regional, həm də beynəlxalq səviyyədə
etibarlı enerji platforması kimi formalaşaraq, qlobal tədbirlər
arasında mühüm hadisələrdən birinə
çevrilib.
“Baku Energy Week” özündə üç mötəbər
tədbiri birləşdirir: 30-cu Yubiley Beynəlxalq Xəzər
Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər
Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian
Power” və 30-cu Yubiley “Baku Energy Forum”.
“Caspian Oil and Gas” və “Caspian Power” sərgiləri
Bakı Ekspo Mərkəzində, “Baku Energy Forum” isə ekoloji
konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində
təşkil edilib.
Sərgilər çərçivəsində təşkil
edilən ənənəvi ikitərəfli işgüzar
görüşlər (B2B və B2G) zamanı yerli və xarici
şirkətlərin nümayəndələri üzbəüz
formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq
yollarını müzakirə etmək imkanını əldə
edirlər. Bundan əlavə, ikitərəfli işgüzar
görüşlər çərçivəsində özəl
şirkətlərin nümayəndələri dövlət
qurumlarının təmsilçiləri ilə
görüş fürsəti qazanırlar. Tədbir çərçivəsində
uzunmüddətli əməkdaşlığın gücləndirilməsi
məqsədilə bir sıra Anlaşma Memorandumlarının
imzalanması da nəzərdə tutulur.
Qeyd edək ki, sərgi çərçivəsində
sessiyalar və panel müzakirələrin keçirilməsi nəzərdə
tutulub. Belə ki, “Enerji sənayesində davamlılıq”,
“Karbon emissiyasının azaldılması istiqamətində
alternativ enerji kimi nüvə enerjisinin rolu”, “Təcrübə
mübadiləsi: Gənc istedadları cəlb etmək və
inkişaf etdirmək üçün ən yaxşı HR təcrübələri”,
“Enerjidə innovasiyalar: Gələcəyin sənayesinin
formalaşmasında təhsilin rolu”, “Enerjinin səsi”
mövzularında panel müzakirələri keçiriləcək.
“Baku Energy Week” öz əsasını müstəqil
Azərbaycanın beynəlxalq ixtisaslaşmış sərgisi
olan “Caspian Oil and Gas” sərgisindən alır. Ulu öndər
Heydər Əliyevin təşəbbüsü ilə
başlanmış bu tədbir Prezident İlham Əliyevin dəstəyi
ilə dünyanın ən nüfuzlu enerji tədbirlərindən
birinə çevrilib.
“Caspian Oil and Gas” regionun enerji sektorunun
inkişafında mühüm rol oynayaraq, 1994-cü ildə
imzalanan “Əsrin Müqaviləsi”nin müjdəçisi oldu.
“Azəri-Çıraq-Günəşli” yataqlarının
tammiqyaslı işlənməsi ilə bağlı sazişin
imzalanmasından hələ bir neçə ay əvvəl
danışıqların nəticəsi qeyri-müəyyən
idi. Məhz bu zaman Ulu öndər Heydər Əliyevin təşəbbüsü,
səyi və təşkilatçılığı ilə
Bakıda ilk dəfə neft-qaz sərgisi keçirildi. 2012-ci
ildə sərginin açılışında
çıxış edən Prezident İlham Əliyev həmin
dövrü belə xatırlayır: “O sərgi 1994-cü ildə
təşkil edilmişdi. Birinci sərginin Azərbaycanın nəinki
neft-qaz sənayesində, ümumi inkişafında çox
böyük rolu olub. Çünki Azərbaycan gənc
müstəqil dövlət idi. Dünyaya hələ
özünü tanıtdıra bilməmişdi. Azərbaycanın
zəngin neft-qaz yataqları haqqında, əlbəttə ki,
mütəxəssis dairələrində bilgilər var idi.
Ancaq geniş biznes dairələri bundan xəbərsiz idi. Məhz
sərginin 1994-cü ildə keçirilməsi ilə Azərbaycanın
imkanları, xüsusilə neft sektorundakı imkanları
dünyaya təqdim edildi. Azərbaycana çox böyük
maraq göstərilməyə başlandı. Təsadüfi
deyil ki, sərgidən bir neçə ay sonra “Əsrin
kontraktı” imzalandı ki, bu gün biz hamımız onun nəticələrini
görməkdəyik”.
Yarandığı gündən etibarən, “Caspian Oil
and Gas” sərgisi neft, qaz və energetika sahəsinin
aparıcı mütəxəssislərinin
görüşdüyü və memorandumların, habelə gələcək
əməkdaşlığa dair saziş və müqavilələrin
imzalandığı məkana çevrilib. Keçirildiyi 30
il ərzində “Baku Energy Week” Azərbaycanda neft, qaz və
enerji sənayesinin inkişafına töhfə vermiş,
dünyanın 80 ölkəsindən 9000-dən çox
şirkəti, 170 mindən artıq ziyarətçini cəlb
edib.
Bu il “Baku Energy Week” 39 ölkədən 267 şirkəti
qəbul edir. Ölkələr arasında Azərbaycanla
yanaşı, Almaniya, Amerika Birləşmiş
Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş
Ərəb Əmirlikləri, Böyük Britaniya və
Şimali İrlandiya, Bolqarıstan, Çexiya, Çin,
Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İsrail,
İsveçrə, İtaliya, Qazaxıstan, Qvineya-Bisau,
Lüksemburq, Macarıstan, Misir, Monako, Niderland, Norveç,
Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə
Ərəbistanı, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna,
Yaponiya iştirak edir. Almaniya Federativ Respublikası Milli pavilyon
ilə iştirak edir.
Bu il sərgi iştirakçılarının 35
faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın
neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi
iştirakçılarının təxminən 70 faizini
xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr
təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq
əməkdaşlıqla yanaşı, yerli biznesin fəal
iştirakını da bir daha nümayiş etdirir. Sərginin
daimi iştirakçıları olan sənayenin aparıcı
şirkətləri sərgi sahəsinin 40 faizini əhatə
edir. Ənənəvi olaraq, onların bir çoxu enerji
sektorunun inkişafına töhfələrini təsdiqləyərək
sponsor kimi iştirak edirlər.
13-cü Xəzər Beynəlxalq Energetika və
Yaşıl Enerji “Caspian Power” sərgisində beynəlxalq və
yerli şirkətlərin energetika və yaşıl enerji mənbələrinin
inkişafı və istifadəsi sahəsindəki yeniliklər
və bununla bağlı təkliflər gündəmdə
olacaq. Sərgidə günəş enerjisi, külək
enerjisi, geotermal enerji, istilik energetikası,
maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat
vasitələri, enerji resurslarına qənaət edən
texnologiyalar və digər sektorlar üzrə məhsul və
xidmətlər, eləcə də yeni layihələr
nümayiş ediləcək.
Azərbaycan dünyanın enerji siyasətində,
enerji təhlükəsizliyində təkcə ənənəvi
enerji ilə deyil, həm də yaşıl enerji potensialı
ilə mühüm oyunçuya çevrilir. Prezident İlham
Əliyevin 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və
30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimindəki
çıxışında söylədiyi kimi, ölkəmizin
yaşıl enerji gündəliyi çox genişdir: “Azərbaycan
neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər,
məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da bizim məsuliyyətimizi
nümayiş etdirir”.
Dövlət başçısı, həmçinin
bildirib ki, bütün bu yaşıl enerji potensialımız
nəticəsində biz Azərbaycanın elektrik enerjisinə
artan tələbatını məhz bərpaolunan enerji
hesabına təmin edəcəyik.
Ümumiyyətlə, yaşıl enerjiyə
keçid Azərbaycanda enerji siyasətinin əsas istiqamətlərindən
birini təşkil edir. Ölkənin “yaşıl enerji” mənbələrindən
əldə edilən enerjinin payının getdikcə
artırılmasına nail olmaq aparılan islahatların əsas
məqsədidir. Ölkəmiz 2050-ci ilə qədər
istixana qazı emissiyalarını 40 faiz azaltmaq və enerji
istehsalında bərpaolunan mənbələrin payını
2030-cu ilə qədər 30 faizə çatdırmaq kimi
mühüm məqsədlər müəyyən edib. Bu məqsədə
çatmaq üçün günəş, külək və
bioenerji kimi mənbələrin istifadəsi
artırılır. Xüsusilə, azad edilmiş ərazilərdə
böyük yaşıl enerji layihələri
reallaşdırılır. Bərpaolunan enerjidə Azərbaycanın
texniki potensialı quruda 135 giqavat və dənizdə isə
157 giqavat təşkil edir. 2030-cu ilə qədər təxminən
altı giqavatlıq günəş, külək və hidroenerji
stansiyalarının tikilməsi planlaşdırılır.
Bütün bu amillər, Azərbaycanın malik olduğu
böyük potensial ölkəmizi əməkdaşlıq
üçün daha cəlbedici edir.
Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə
bağlı bildirib ki, Bakı Enerji Həftəsi
dünyanın aparıcı enerji şirkətlərinin rəhbərlərin,
dövlət rəsmilərinin, beyin mərkəzlərinin əməkdaşlarının
qatıldığı mühüm platformaya çevrilib. Bu məlumatların
bölüşdürülməsi, potensialın təqdim
olunması və çağırışların müzakirəsi
üçün ciddi bir imkandır: “Enerji həftəsi
çərçivəsində keçirilən tədbirlər,
sessiyalar qlobal eneji məsələlərinin müzakirəsinə
imkanlar yaradır. Enerji sahəsində dövlət-özəl
əməkdaşlığının gücləndirilməsi,
yeni ideyaların müzakirəsi bu sahədə real və səmərəli
addımların atılmasına gətirib çıxaracaq
ki, bu, innovasiya və texnologiyaların təyinatı
baxımından da vacibdir”.
Deputat bildirib ki, yaxın illərdə Azərbaycan
Avropa İttifaqına yaşıl enerji ixracı həyata
keçirəcək. Bu, enerji keçidi çərçivəsində
ölkəmizdə həyata keçirilən fəaliyyətlərin
nəticəsi kimi qiymətləndirilməlidir: “Azərbaycan
böyük günəş və külək enerjisi
potensialı ilə regionun enerji təhlükəsizliyinin
formalaşmasına yaxından dəstək olacaq.
Enerji sahəsində ən vacib məqamlardan biri
innovativ dəyişikliklərdir. Bakı Enerji Həftəsi
yeni texnologiyalarının şirkətlər tərəfindən
təqdim edilməsi və bu sahədə dördüncü sənaye
inqilabının nəticələrinin müzakirəsinə
də imkan yaradır. Bu baxımdan Bakı Enerji Həftəsi
regional və qlobal əhəmiyyət daşımaqla
yanaşı, Azərbaycanın bu sahədəki potensial və
imkanlarının təqdim olunması üçün önəmli
rol oynayır”.
Pərvanə
525-ci qəzet .- 2025.-3 iyun(¹95).- S.5.