Bakı Enerji Həftəsi: 30 illik
uğurlu yol
Bu günlərdə bütün dünyanın diqqəti
yenidən Azərbaycanın paytaxtına yönəlib. Belə
ki, sayca artıq 30-cu olan “Bakı Enerji Həftəsi” yenidən
enerji rəsmilərini, aparıcı şirkətləri,
biznes dairələrini, ekspertləri bir araya gətirib.
Dünyanın, xüsusilə Avropanın hazırda enerjiyə
ehtiyacı daha çoxdur. Bu gün enerji təminatı həm
də milli təhlükəsizlik üçün önəm
kəsb edir. Bu mənada “Bakı Enerji Həftəsi” artıq
təkcə neft-qaz hadisəsi kimi deyil, ümumilikdə
geoiqtisadi məsələləri əhatə edən
mühüm və hər kəsin gözlədiyi bir tədbirə
çevrilib. Builki foruma 39 ölkədən 267 şirkət
qatılıb. Böyük Britaniya, ABŞ, Norveç,
Yaponiya, Finlandiya, Sinqapur, Türkiyə, Gürcüstan,
Qazaxıstan, Almaniya və BƏƏ-dən nümayəndə
heyətləri tədbirlərdə iştirak edirlər.
Bu il “Baku Energy Week” çərçivəsində
üç əhəmiyyətli tədbir - 30-cu Yubiley Beynəlxalq
Xəzər Neft və Qaz sərgisi “Caspian Oil and Gas”, 13-cü
Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgisi
“Caspian Power” və 30-cu Yubiley Bakı Enerji Forumu birləşdirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin hər il
açılış mərasimində iştirakı tədbirin
yüksək statusunu bir daha nümayiş etdirir. Eyni zamanda,
aparıcı dövlətlərin liderlərinin təbrik məktubları
da forumun önəmini nümayiş etdirməklə
yanaşı, Azərbaycana münasibətin göstəricisidir.
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri
üzrə baş məsləhətçisi Vyatt Toehlke sərgi
iştirakçılarına Prezident Donald Trampın müraciətini
çatdırıb. Rəsmi müraciətdə Azərbaycanın
regionda enerji sektorunda liderliyi və qlobal enerji təhlükəsizliyindəki
rolu vurğulanır. Tramp vurğulayıb: “Otuz il ərzində
iki millətimiz, iki xalqımız həqiqətən də
enerji sərvətləri fonunda karbohidrogen sektorunda liderliyini
nümayiş etdiriblər... ABŞ Azərbaycanla tərəfdaşlığını
enerji sabitliyinin həyata keçirilməsinin
mümkünlüyü istiqamətində də davam etdirmək
əzmindədir. Biz bu önəmli sektorla birlikdə səylərimizi
enerji müstəqilliyinin dayanıqlılığı və
iqtisadi artım istiqamətində reallaşdıra bilərik”.
Türkiyə Respublikasının energetika və təbii
sərvətlər naziri Alparslan Bayraktarın səsləndirdiyi
Prezident Rəcəb Tayyib Ərdoğanın təbrikində
isə qeyd olunub ki, - üç əsas səbəb - təhlükəsiz
təzminat, asılılığın azaldılması və
əlçatanlılıq məsələləri önəmlidir.
Bunların təmin olunması üçün alternativ enerji,
nüvə enerjisi, neft və qaz sənayesinin, həmçinin
kritik mineral qazıntıların inkişaf etdirilməsi
önəmlidir. Türkiyə ilə Azərbaycan
arasındakı tərəfdaşlıq həqiqətən də
bir strateji modeldir. Onun kökləri tarixi, mədəni və
ortaq bağlarla ifadə olunur. Eyni zamanda, digər liderlər,
Avropa İttifaqı tərəfindən tədbirə dəstək
ifadə olunub.
Əlbəttə ki, hazırkı nöqtəyə
çatmaq elə də asan olmayıb. Azərbaycan 90-cı
illərin əvvəlində çox çətin
siyasi-iqtisadi vəziyyətlə üz-üzə idi, bir tərəfdən
Ermənistanın işğalı, qaçqın və məcburi
köçkün problemi yenicə müstəqilliyini əldə
etmiş dövləti ağır sınaqlarla üz-üzə
qoymuşdur. Məhz Ulu öndər Heydər Əliyevin
uzaqgörənliyi, səyləri nəticəsində bu vəziyyətdən
çıxmaq, xarici investorlarda inam yaratmaq, enerji sektorunu Azərbaycanın
iqtisadi inkişafının təməl daşına
çevirmək mümkün oldu.
Prezident İlham Əliyev 30-cu “Caspian Oil and Gas”,
13-cü “Caspian Power” sərgilərinin və 30-cu “Baku Energy
Forum”un rəsmi açılış mərasimindəki
çıxışında bununla bağlı deyib:
“Artıq qeyd edildiyi kimi, ilk neft-qaz sərgisi
1994-cü ildə təşkil edilib. Həmin sərgidən dərhal
sonra Azərbaycan beynəlxalq neft şirkətləri
konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi”
adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi
vəziyyəti dəyişdirən sazişi imzaladı. Bunlar
Prezident Heydər Əliyevin baxışı sayəsində
mümkün oldu. O, aydın şəkildə anlayırdı
ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq
əməkdaşlıq olmadan - nəzərə alsaq ki, o
zaman bizim iqtisadiyyatımızın ən cəlbedici sahəsi
məhz enerji idi, - Azərbaycan çətinliklərin öhdəsindən
gələ bilməyəcək və həqiqi müstəqil
dövlət ola bilməyəcək. Çünki bu gün həmin
dövrə nəzər salanda aydın olur ki, müstəqillik
uğrunda yol həmin tarixi məqamdan başladı. O zaman Azərbaycan
müəyyən obyektiv səbəbdən xarici investorlar
üçün riskli ölkə hesab edilirdi. Ölkədə
vətəndaş qarşıdurması yeni başa
çatmışdı, iqtisadiyyat iflic vəziyyətində
idi, inflyasiya 1000 faizlə ölçülürdü və
yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin
Ermənistan tərəfindən işğalı nəticəsində
100 minlərlə azərbaycanlı etnik təmizləməyə
məruz qalmışdı. Təsəvvür edirsiniz ki, gələcəklə
bağlı nə dərəcədə qaranlıq mənzərə
yaranmışdı?! Bu gün isə onu görürük ki,
bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun
aparıcı qüvvəsidir.
Bu gün Azərbaycan sabit siyasi sistemə və
inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir. Neft
və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən
artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata
keçirir. Bizim iqtisadiyyatımız özünü təmin
edir”.
Azərbaycan Vətən müharibəsindəki parlaq
qələbəsi ilə regionda yeni reallıqlar yaratdı. Bu
gün həmin reallıqlar qlobal müstəvidə qəbul
edilir. Açıq dənizə çıxışı
olmayan Azərbaycan, bununla belə Avrasiyanın vacib nəqliyyat
qovşaqlarından birinə çevrilib. Azərbaycan tərəfdaşlarla
birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq
dənizi ilə birləşdirən strateji boru kəmərləri
inşa edib. Dövlət başçısının dediyi
kimi, bunların tacı Azərbaycanın dəniz
yataqlarından İtaliyanın sahilinə qədər uzanan
3500 kilometrlik Cənub Qaz Dəhlizidir. Hazırda Azərbaycan
12 ölkəyə təbii qaz ixrac edir. Təbii qaz ixracı
ötən il 25 milyard kubmetrə çatıb, 2030-cu ilədək
qaz ixracının 8 milyard kubmetrə qədər
artırılacağı gözlənilir.
Ölkəmiz bərpaolunan enerji sahəsində də
böyük potensiala malikdir. Belə ki, Azərbaycan 2030-cu ilədək
6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan
enerji gücünə malik olacaq ki, bu da ümumi enerji
istehsalının 35 faizdən çoxunu təşkil edəcək.
Milli Məclisin deputatı Aydın Hüseynov mövzu
ilə bağlı deyib ki, Bakı Enerji Forumu çox
mühüm bir tədbirdir. Hər il bu tədbirlərdə
iştirak edən şirkətlərin sayı artır: “Bu
forum ABŞ-ın Prezidentinin, Avropa İttifaqı liderlərinin
və digər aparıcı tərəflərin diqqət mərkəzindədir.
Burada energetika sahəsini təmsil edən rəhbər şəxslərin
iştirakı bir daha onu göstərir ki, bu, çox önəmli
tədbirdir. Ölkə lideri öz
çıxışında Azərbaycanın indiyə kimi
enerji sektorunda əldə etdiyi nailiyyətlər, ümumiyyətlə
enerji siyasəti və qarşıdakı perspektivlərlə
bağlı çox dəyərli fikirlər səsləndirdi.
Dövlət başçısının
çıxışının əsas məğzini
keçdiyimiz bu yolun tarixi, hansı nailiyyətlər əldə
etdiyimiz və həmin nailiyyətlərin hansı istiqamətlərə
yönləndirilməsi yəşkil edirdi. Məlumdur ki,
1994-cü ildə neft konsersumu əldə olundu. Bu konsersumun əldə
olunması elə bir dövrə təsadüf edirdi hər
birimiz bilirik ki, o zaman Azərbaycanın iqtisadiyyatı tam bir
böhran vəziyyətində idi. Bu, bizim yaxın tariximizdir.
Söhbət 1993-1994-cü illərdən gedir. Ulu öndər
Heydər Əliyevin çox böyük qətiyyəti sayəsində
neft konsersumu əldə olundu. Bu neft müqavilələri
ümumən dünya iqtisadiyyatının, dünya enerji siyasətinin
coğrafiyasını və istiqamətini dəyişdi.
Əlbəttə ki, burada ən mühüm məqsəd
ölkə iqtisadiyyatını böhranlı vəziyyətdən
çıxarmaq idi. Bunun da yeganə yolu Xəzər dənizinin
karbohidrogen ehtiyatlarının dünya bazarlarına
çıxarılması idi. Bu sahədə atılan
addımlar az vaxt ərzində öz bəhrəsini verdi. Yəni
1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı, bir il
sonra, 1995-ci ildə Azərbaycan iqtisadiyyatında artıq
artım qeydə alındı.
Bununla da biz iqtisadi böhrandan, tənəzzüldən
iqtisadi inkişafa doğru irəliləmiş olduq. Sonrakı
mərhələlərdə Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi- Ərzurum kəmərləri, eyni zamanda, TANAP,
TAP layihələri və s. hamısı məhz həmin illərdən
başlayaraq çox düzgün şəkildə müəyyən
edilmiş strategiyanın bəhrələridir”.
Deputat deyib ki, indi dünyanın özünün
marağında olan ən başlıca məsələlərdən
biri alternativ enerji, yaşıl enerjidir: “Ölkə
iqtisadiyyatının, ümumiyyətlə neft strategiyasının
hədəfləri o qədər düzgün şəkildə
seçildi ki, neft gəlirləri qeyri-neft sektoruna yönəldildi
və bu sektorun əsas qollarından olan bərpaolunan enerji sahəsinin
inkişafı üçün böyük nailiyyətlər
vəd edən addımlar atıldı. Cənab Prezidentin qeyd
etdiyi kimi, Azərbaycan dünyanın 12 ölkəsinə qaz
ixrac edir, bunlar bizim əlbəttə ki, büdcə gəlirlərimizi,
valyuta ehtiyatlarımızı artıran mənbələrdir.
Digər tərəfdən yaşıl enerjiyə keçməklə
biz yenidən dünya bazarında bu sahədə önəmli
ölkələrdən birinə çevriləcəyik.
Enerji istehsalımızın 35 faizə qədərini
yaşıl enerji və bərpaolunan enerji mənbələrinin
hesabına ödənilməsi bir perspektiv olaraq qarşıya
qoyulub. Azərbaycanın bu sahədə böyük
potensialı var. Ən böyük potensialımız həm də
Xəzər dənizindədir. Azərbaycanın öz
yanacağını Avropaya, ümumiyyətlə dünya
bazarlarına çıxarması həm də ölkəmizin
nüfuzunun artması deməkdir. Bu həm də Azərbaycanın
müstəqil siyasət həyata keçirməsindən irəli
gəlir. Azərbaycan iqtisadi cəhətdən tam müstəqildir.
Biz heç bir mənbədən asılı deyilik,
bütün layihələri Azərbaycan öz gücünə,
daxili maliyyə mənbələri hesabına icra edir”.
Pərvanə
525-ci qəzet .- 2025.-4 iyun(¹96).- S.5.