Rəhim xan Kəngərli-Naxçıvanski
və onun varisləri haqqında qeydlər
Azərbaycan hərb tarixinin sənədlərində
Rəhim xan II Kalbalı xan oğlu Naxçıvanskinin də
özünəməxsus yeri var. Rusiya imperiyasının
ordusunda Azərbaycanı və onun ayrılmaz hissəsi olan
Naxçıvanı cəsurluqla və ləyaqətlə təmsil
edən general-mayor II Kalbalı xan Naxçıvanski öz
oğullarını da bu ruhda böyütmüşdü. Onun
oğlanlarının hamısı və oğul nəvələri
XIX və XX yüzilliklərdə öz andlarına sadiq qalan
hərbçilər olublar.
Arxiv sənədlərinə görə, Rəhim xan
17 fevral 1860-cı ildə Naxçıvan şəhərində
doğulub. Şərqin və Avropanın ən nəcib
xüsusiyyətləri ilə əhatə olunmuş bir ailədə
böyüyən Rəhim xan Tiflisdə realnı məktəbdə
təhsil alıb.
1877-1878-ci illərdəki rus-osmanlı müharibəsi
dövründə 18-ci Pereyaslavski draqun polkunda
döyüşə gedib. Naxçıvan şəhəri
İrəvan quberniyasının tərkibində olduğundan
həmin polkun tərkibində olan İrəvan dəstəsinin
içərisində “adi ovçu hüququ” ilə fəaliyyət
göstərib. Döyüşlərdə çox fərqlənən
Rəhim xan 29 oktyabr 1877-ci ildə unter-zabit hərbi rütbəsinə
layiq görülüb. Elə həmin il dekabr ayının
19-da əsgərlər və zabitlər üçün təyin
edilmiş Georgi hərbi ordeni ilə təltif edilib (Bu Georgi
ordeni IV dərəcəli Müqəddəs Georgi ordenindən
fərqlidir). 25 avqust 1878-ci ildə praporşik rütbəsini
alan Rəhim xan Tiflisdə hərbi məktəbə
oxumağa göndərilib və 11 sentyabr 1879-cu ildən 20
iyul 1880-ci ilədək Tiflis piyada yunker məktəbinin
kurslarında oxuyub. 3 oktyabr 1880-ci ildən 22 noyabr 1881-ci ilədək
Tiflisdə yerləşən Qafqaz təlim rota məktəbində
də kurs keçərək orduda hərbi xidmətini davam
etdirən Rəhim xan 1882-ci ildə kornet hərbi rütbəsinin
də sahibi olub. 1882-ci ildə hansı səbəbdənsə
hərbi xidmət zamanı sol gözünün zədələndiyi
arxiv sənədlərində qeyd edilib.
Çar hökuməti 1883-cü ildə ona
bütün il ərzində 414 rubl gümüş pul məbləğində
maaş təyin edib. 23 oktyabr 1883-cü ildə istefaya
çıxmış Rəhim xan Naxçıvana
qayıdıb. Onu da deyək ki, arxiv sənədlərindəki
səhvlərə baxmayaraq, Rəhim xan qardaşı Cəfərqulu
xandan bir yaş böyükdür. Bunu 1920-ci ildə
Naxçıvan İnqilab Komitəsinə verdiyi ərizədə
də göstərib. Rəhim xan öz ərizəsi əsasında
ordudan tərxis olunub (Bu haqda arxiv sənədi də
vardır). Bunun əsas səbəbi həmin ilin (yəni
1883-cü ilin) aprelində atasının vəfat etməsi
olub. Rəhmətə gedən generalın orduda olan
oğullarından biri Naxçıvana qayıdıb
atalarının mülklərini idarə etməliydi.
Qardaşların hamısının ortaq qərarına əsasən,
bu işlər Rəhim xana həvalə olundu.
Bir çox kitablarda və bəzi gündəliklərdə
Rəhim xanın nəinki Naxçıvanda, hətta qonşu
Şərq ölkələrində də böyük
nüfuza sahib olması haqqında maraqlı məlumatlar
vardır.
1905-ci ildə Naxçıvana gələn italyan
yazıçısı, səyyahı və diplomatı Luicu
Villari Rəhim xanla və Cəfərqulu xanla
görüşmüşdü. O bu görüşlərini
sonralar yazdığı kitabda təsvir edib. Həmin kitab belə
adlanır: “Fire and Suvord in the Caucasus”, (London, 1906, s. 279-283).
Kitabda Naxçıvanskilərə aid olan hissəni Moskvada
yaşayan, əslən naxçıvanlı olan tədqiqatçı
Fərhad Nağdəliyev ruscaya çevirib. L.Villari
kitabında Rəhim xan haqqında fikrini belə tamamlayır:
“O, bir çox başqa tatarlardan fərqli olaraq yaxşı təhsil
alıbdır. Rusiyaya və digər xarici ölkələrə
çox səyahət edibdir... İliyinə qədər
xandır. Bu, zahirən də görünür və belə
təəssürat yaradır ki, o, çox qədimlərdən
gələn hakim insanların nəslindəndir...”
Rəhim xan ulu babası I Kalbalı xandan qalma ata
sarayında (indi Xalça Muzeyidir) 1920-ci ilədək
yaşayıb (Bu haqda arxiv sənədi mövcuddur). O, Badamlı
kəndi və Kəndşahbuzun yarı hissəsinin,
Keçili kəndinin üçdə birinin, Bistin, Ələhinin,
Parağanın dörddə birinin atasından qalma miras sahibi
olub. Naxçıvan qəzasında üzüm və meyvə
bağları, hamamları, tut bağları, əkin sahələri,
boyaqxanası, xüsusi dəyirmanları və iki
böyük mülkü vardı: ata evi və o sarayın
yaxınlığında özünün tikdirdiyi mülk.
İkinci mülkü də 1980-ci ilədək qalırdı
(Xan dikində, keçmiş hərbi komissarlığın
binası).
Birinci Dünya müharibəsi başlayanda Rəhim
xan könüllü ərizə verib cəbhəyə
yollandı. Qafqazın yerli süvarilərindən təşkil
olunmuş süvari diviziyanın ikinci Dağıstan polkunun tərkibində
döyüşlərə qatıldı. Çox təəssüf
ki, çar ordusundakı cahillər bu polku “Dikaya diviziya” (Vəhşi
diviziya) adlandırıblar. Saya-hesaba gəlməyən qələbələr
qazanmış 2-ci Dağıstan polkuna verilən bu bədnam
ünvan cəsur qafqazlılara təhqirdir. Kiyevdən
keçib Karpat dağlarında vuruşan 54 yaşlı kornet
Rəhim xanın hərbi hünəri dillərdə gəzirdi,
şücaətinə görə yüksək təltiflərə
layiq görülmüşdü.
Rəhim xan təxminən 1883-cü ildə Hacı
Şükür Makinskinin qızı Münəvvər
xanımla ailə qurub, onların iki övladı olub:
Xurşid xanım 1888-ci ildə, İskəndər xan isə
8 mart 1889-cu ildə dünyaya gəlib. Sənədlərdə
Münəvvər xanımın 1897-ci ildə vəfat etdiyi
yazılıb. İskəndər xan Sankt-Peterburqda Əlahəzrətin
1-ci dərəcəli paj korpusunda təhsil alıb. 6 avqust
1910-cu ildə 17-ci Nijeqorod draqun polkunun korneti kimi hərbi xidmətə
başlayıb. 4-cü eskadronun kiçik zabiti olan İsgəndər
xan 10 sentyabr 1913-cü ildə poruçik hərbi rütbəsini
alıb. Birinci Dünya müharibəsində
döyüşüb. O, çeçen polkuna 24 may 1916-cı
ildə döyüşçü əsgər kimi
keçirilib. 21 mart 1917-ci ildə ştabs-rotmistr hərbi
rütbəsini alıb. Həmin illərin qəzetlərində
onunla bağlı xeyli maraqlı məlumatlar vardır. 23 iyun
1915-ci ildə 3-cü dərəcəli (bantla və
qılıncla) Müqəddəs Stanislav ordenini, 16 may
1916-cı ildə həmin ordenin 2-ci dərəcəsini, 15
aprel 1915-ci ildə üzərində “İgidliyə görə”
yazılan 4-cü dərəcəli Müqəddəs Anna
ordenini, 7 mart 1915-ci ildə həmin ordenin 3-cü dərəcəsini
(bantla və qılıncla) və nəhayət, 19 yanvar
1915-ci ildə 4-cü dərəcəli Müqəddəs
Vladimir (bantla və qılıncla) ordeni ilə təltif
edilib. Naxçıvanda sovet hökuməti qurulandan sonra
İrana mühacirət edib və Tehranda yaşayıb.
1934-cü ilin məlumatına görə, o, Tehranın ən
varlı adamlarından biri idi.
Burada çox vacib bir haşiyə çıxmaq
maraqlı olardı. Naxçıvanlı Hüseyn Teymurlu (Bənəniyarski)
uzun illər qürbətdə, Moskva
yaxınlığındakı Saltıkovka qəsəbəsində
yaşamış, Moskvadakı ali məktəblərdə dərs
demişdi. Teymurlu ömrünün son illərində
“Naxçıvan xanları haqqında xatirələr”ini
yazıb. Onun Rəhim xanın oğlu haqqında
yazdıqları maraqlıdır: “Cəfərqulu xanın
qardaşı Rəhim xanın bir oğlu, bir qızı var
idi. Oğlu Əhməd xan (ləqəbi Xanlar xan) 1941-ci ildə
İranın hərbi naziri idi. 1944-cü ildə Məhəmməd
Rza şah ona marşal rütbəsi vermişdi. İranda onun
adı Əhməd Naxçıvani idi...” Müəllif
öz yazdığı xatirələrində qeyd edir ki, o,
Əhməd xanı tanıyırmış. Bu
yazımızda bir daha həmin xatirələrə
qayıtmaqda məqsədimiz var. Xatirədə adıçəkilən
Əhməd xan elə İsgəndər xandır. Onun tərcümeyi-halından
görürük ki, o, çar Rusiyasının hələ gənc
yaşlarında bacarıqlı və cəsur hərbçilərindən
biri olub. Yəni onun İranda belə mövqe tutması
şübhə doğurmur. Həm də onun ana nənəsi
general Sarı Aslanın qızı olduğundan Tehranda İskəndər
xan üçün maneə yox idi. Qaldı onun adının
Əhməd xan yazılması məsələsi. Əhməd
xan Rəhim xanın hərbçi babasının (ana tərəfdən)
adıdır. Evdə onu belə
çağırırmışlar. Bir də ki, o, ulu
babası I Ehsan xanın sonbeşik qardaşı İskəndər
xanın adını daşıyırdı. Buna görə də
evdə və Naxçıvanda hamı ona hörmətlə
“Xanlar xanı” deyirmiş.
Rəhim xan qızına anası Xurşid
xanımın adını verib. Və o, qızını
Sankt-Peterburqda əmisi Hüseyn xanın yanında, sonra isə
Moskvada oxudub. Xurşid xanım məşhur general Feyzulla Mirzə
Qacarla ailə qurmuş və Şəfi xan adında bir
oğulları olmuşdur. 1920-ci ildə general Feyzulla Mirzə
Qacarı bolşeviklər Nargin adasında güllələmişlər.
Oğlu Şəfi xan haqqında heç bir məlumat
tapmadıq. Xurşid xanım ömrünün sonunadək nəzarətdə
yaşadı. Çünki M.C.Bağırov
Naxçıvanın xan əsilli hərbçilərini
sevmirdi. Rəhim xanın qızı Xurşid xanıma xəbər
göndərirdi ki, sürgün olunmaq istəmirsə,
Naxçıvanskaya familiyasından istifadə etməsin. Ona
görə də 1920-ci ildən sənədlərdə onun
birinci həyat yoldaşının soyadı yazılıb.
Görkəmli opera müğənnisi Xurşid
xanım qədim oğuz-türk tayfası olan Kəngərlilərdəndir.
Naxçıvanın Kəngərli zadəganlarından olan hərbçi
Rəhim xanın qızıdır. Yeri gəlmişkən,
Xurşid xanım haqqında 2023-cü ildə “525-ci qəzet”də
iki nömrədə ətraflı məqalə, 2024-cü ildə
isə elmi məqalə çap etdirmişik. Xurşid
xanımın şəxsi arxivinin bir hissəsi Bakıda
C.Cabbarlı adına Teatr Muzeyinin Arxivində
saxlanılır.
1918-1920-ci illərdə Naxçıvanın erməni
daşnaklarından müdafiə olunmasında, həmçinin
naxçıvanlı gənclərin döyuşə
hazırlanmasında Rəhim xan və oğlu İskəndər
xan böyük xidmətlər göstərib. Rəhim xan
1918-ci ildə Naxçıvan Milli Şurasında bir müddət
xalq qoşunlarının komandanı olub. Araşdırmalar
göstərir ki, Rəhim xan Naxçıvanskinin
Naxçıvanın ictimai-siyasi və hərbi həyatında
əvəzsiz rolu olub. Lakin 1920-ci ilin avqustun sonlarında
Naxçıvan İnqilab Komitəsi Rəhim xanı və
oğlunu Naxçıvandan sürgün etməyi qərarlaşdırıb.
İskəndər xan bolşeviklərin hiyləsini bilərək
sürgün qərarından əvvəl İrana mühacirət
etdiyindən bolşevik hökuməti onu sürgün edə
bilməyib. İndi aşkar olur ki, Xurşid xanıma edilən
təzyiqlər və xüsusi nəzarət o tayda olan
yüksək rütbəli qardaşı ilə çox
bağlı imiş. Dövrünün tanınmış
opera müğənnisi Xurşid xanım 1963-cü ildə
Bakıda vəfat edib.
Kəngərli Naxçıvanskilərin Azərbaycanın,
Rusiyanın və İranın hərb tarixində əvəzsiz
rolu bu gün də diqqət çəkir. Çünki
Qafqazda doğulan və onun azadlığı uğrunda
vuruşan süvarilərin, ən yüksək hərbi
mükafatların kavalerlərinin tale yollarında məğrur
Qafqazın işıq və kölgəsi var. Daha çox bu
işığın cazibəsində, o igid kavalerlərin həyatlarının
qaranlıq səhifələri bizi axtarışlara səsləməkdədir.
Musa RƏHİMOĞLU-QULİYEV
AMEA Naxçıvan Bölməsi Tarix, Arxeologiya və
Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix
üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2025.- 5 iyun(¹97).- S.13.