“Sevgi vardır...”
Esse
Əsrlər boyu şairlərin qələmində
qutsallaşdırılıb az qala Yaradana paralel ucaldılan,
lakin bəzən həyatın gedişatında sarsılan əzəli-əbədi
bir anlayış hallanır: Sevgi... Sevginin... Sevgiyə...
İnsanın duyğu durumundan asılı olaraq zaman-zaman
ümidin, var olmağın, yaşam ehtirasının, həyata
tutun(l)mağın, tamamlanmağın, mifin, illüziyanın
başqa adı... Uzaqdan poetik baxsan - əfsanəvi ruh haləti,
yaxından tibbi-bioloji təhlil etsən, hər canlı
varlıq kimi ömrü olan kimyəvi düzən... Bəs əsl(ində)
sevgi hansıdır? Məsələ də sualın bu cür
səhv qoyuluşundadır. Sevgi məhz - arıtlamadan, didikləmədən,
göyün üzünə qaldırıb ilahiləşdirmədən,
yerin dibinə soxub çirkinləşdirmədən -
olduğu halıyla - işığı və
qaranlığı ilə tam olaraq qəbul ediləsi canlı
məfhumdur.
Unudulmaz nakam şairimiz Mikayıl Müşfiq “Sevgilər...”in
özünə, özülünə bütün bu
duyğuları cəmləyib daxil edərək könül
üçün rasional “sevgi resepti” yazıb. Reseptdə isə
acı-zəqqum dərmanlar da olur, şirin siroplar da, sadəcə
plasebo effektli təsirsiz həblər də... Kimə hansı
xoşdursa, onsuz da özünü sağaltmağa oradan
başlayır. Şeirin başlanğıcı romantikdir,
ümidvericidir, ilk misrada ilkinliyin gözəlliyi verilsə də,
şair oxucunu xəyal dünyasında uyutmur:
Sevgi vardır ki, dodaqlarda açar güllərini,
Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.
Sevginin dualist mahiyyətini elə ilk misradan
xatırladır ki, hissin qanadlarında “göylərə
uçanların” yerə çırpılmasının
çox da faciəvi nəticələri olmasın. Bu təzadlı
ikilikdə - sevginin həm ruhu sevindirən, həm də
yadlaşan halı ilə dodaqlarda gül kimi açan
öpüşlərdən qar soyuqluğuna keçidi beləcə
sürətli ola bilir - aralarında cəmi bir misralıq məsafə
ilə...
Amma Müşfiqin gənc qəlbi o bir misralıq məsafəyə
belə dözə bilmir... Çünki insan mahiyyəti
etibarilə sevildiyi-sayıldığı, könlünün
dəyərli, xətrinin əziz tutulduğu, ruhunun
oxşandığı yerə meyl edir:
Sevgi vardır, oxudur qəlbdə bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.
Sakitcə insanın içinə axan, haray-həşir
salmadan könlündə şərqilər oxuda bilən sevgi
daxildən gələn ahənglə ruhun musiqisinə
çevrilir. Bu cür sevgi nə əlavə bəzəkdir,
nə də iztirab - həyatın sakit, təbii
axışında insanı özüylə
barışdıran, özünü sevdirən sükunətdir.
Belə bir ifadə var, gerçək sevgili iki dəfə
aşiq edir: əvvəlcə öz varlığına, sonra
sənin özünün varlığına... Məhz belə
sevgi şairin yazdığı kimi, ruhani bir toxunuşdur. Bu,
yalnız sevilmək hissi deyil, həm də sevgidə
özünü tanımaq, özünü tapmaq
halıdır. Bəzən sevgi kiməsə nəyisə
sübut etmədən, sadəcə o duyğunu gözləntisiz,
qarşılıqsız, sakitcə bölüşmə, olduğu
kimi varolma, olduğu kimi özünü ifadə etmə halətidir.
Amma bəzən də:
Sevgi vardır ki, uzaqdan bizə parlaq
görünür,
Ona yaxlaşmayalım, çünki o, zülmətlə
dolu...
Burada isə artıq başqa bir aləmə bədii
keçid başlanır. Bu misralar uzaqdan baxıldıqda
işıq kimi görünən, amma içində həm də
qaranlığı daşıyan, zahiri
parıltısının altındakı uçurumu gizlədən
sevgilərin ifadəsidir. Parıltı, cazibə aldadır,
yaxınlaşdıqca zülmətin boşluğuna yuvarlanmaq
ehtimalı da var. Bununla da şair sevginin həqiqətinə
çatmaq üçün illüziyalardan sıyrılmaq
lazım olduğunu xatırladır:
Sevgi vardır ki, düşür yerlərə, daim
sürünür,
Öylə bir sevgi də min dürlü xəyanətlə
dolu.
Sevgi təkcə qanadlanmaq, qanadlandırmaq deyil ki... Bəzən
o, insanın zəifliyində gizlənir, bəzən səssiz
məğlubiyyətlərdə öz yerini tapır. Elə
buna görə də sevgini yalnız bir sifətlə təsvir
etmək mümkün deyil - o, həm fərəhin, həm də
sarsıntının dilidir. Gah saf nəğmə, gah kədərli
ağıdır. Və insan hansı sevgini yaşayırsa, o
sevgidə bir az da özünü yaşadır,
özünü tapır, özünü itirir... Gerçəyin
gözünün içinə düz baxa biləndə, sevgi
tərəzisinin əyilən tərəfində daim
yalnız özünü görəndə isə sevsə belə,
itirdiyi yerdən özünü tapıb götürüb
gedir. Çünki bəzən sevgi bitməsə də, səbrin
bitdiyi məqamlar olur. O məqamda ən çılğın
ehtiraslar, ən dərin tutqular da arxa plana atılır. Sevilməyin
vazkeçilməz dadını biləndə bəzən birtərəfli
sevmək yetmir. Və Müşfiqin də yazdığı
kimi, xəyanət “dürlü-dürlü”dür. Xəyanət
təkcə başqası ilə duyğu- vücud
bölüşməsi deyil, bəzən (və daha çox)
insan özünə səssiz xəyanət edir, öz dəyərini
görməzdən gəlir, özünü qorumağı
unudur. Amma sevginin də sirli paradoksallığı
burdadır: yadlara dərs keçən ustadkən doğma
sevgilinin qarşısında mövzunu yanlış yerdən
xatırlayan, suallara səhv cavab verən tələbəyə
çevrilmək... Amma bu da həyatdır. Hər sevgi ideal
qiyafəsində göylərdə yaşanmır. Hər
eşq nağıl deyil, göydən bəzən
başına üç alma əvəzinə daş
düşə bilir. Bəzən insan keçmişin
dadlı illüziyası, yaddaşın dərin qatlarında
yaşayan xatirələrin əks-sədası, bəzən də
indinin anlıq ehtiras impulsları ilə sevginin hər
halına bürünə bilir və hər kəs mahiyyəti
boyda sevir. Bu qınanılası durum deyil, çünki
sevgini qınayan onunla sınanmamış ölmür. Axı
sevgi yalnız ucaltmaz, o həm də yıxılar, sınar, bəzən
sındırar. Hər sevgidə bir az sarsılmaq, bəzən
də səssizcə məğlub olmaq, təslim olub sakitcə
kənara çəkilmək var. Amma məhz elə bu
halları ilə sevgi insanın nə qədər insan ola
bildiyini, gah nə qədər möhkəm və gah da necə
zəif olduğunu göstərən ruhunun, vicdanının və
ürəyinin güzgüsünə çevrilir. Sevgidə
də bircə yarpaq belə Yaradanın izni olmadan
düşmür... Ona görə də Müşfiqin bu
misraları təkcə poeziya deyil, real həyatın səssiz
izahıdır.
Sevgi vardır ki, bahardan bizə güllər gətirir
İçi zəqqum və zəhər, qoxlama, qəlbin
qanayar.
Sevgi yalnız duyğuların şərbəti deyil
ki, son qurtumunacan başına çəkib “məst olub
dünyadan keçəsən”, sevgi bəzən də
üzüyün qaşında “dar gün” üçün
gizlədilən zəhərdir. Burada sevgi artıq bədii
obrazını soyunur, çılpaq faciəyə
çevrilir. Şair zəqqum sevgilərdən bəhs edir -
ilk baxışda sehrli, amma mahiyyətcə
dağıdıcı...
“Qəlbin qanaması” - necə
işıqlı-müşfiqanə, dərin və təsirli
ifadədir! Həyatdakı hər kəsin və hər
şeyin hələ də yaralaya bildiyi bir idrak- şüur səviyyəsində
olanlar üçün “qəlbin qanaması” -
ağrıların ən dözülməzidir. Bu
dözülməzlikdə mənəvi, emosional yaralanma da var,
xəyal qırıqlığı, güvənin zədələnməsi
və aldanma da. Elə də olsa, belə də - qan qəlbin
içindən keçib gedir fiziki mənada, amma bir də qəlbin
içindən keçənlərin onu qanatması var. Bu
ağrı həm də ona görə ağırdır ki, kənardan
görünmür. Bu, “görünməyən” dərdlərin
metaforasıdır.
Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar...
Burada insan ruhunun ziddiyyətli, mürəkkəb
duyğularından biri - sevginin riyakar tərəfi - həm
cazibədarlığı, həm də təhlükəsi
vurğulanır. Üzdən xoş, işıqlı, bəzən
hətta aldadıcı parlaqlığı olan sevgi
ağrıda bilər, sarsıda bilər, insanı içdən
yeyə bilər. Onda artıq Yar Yaraya çevrilir... Sevgi bir tərəfdən,
insana ən gözəl duyğuları yaşadır, digər
tərəfdən isə onun zəif nöqtəsini tapıb
orada gizli yara açır. Belə sevgi insanı gücləndirməyə
də, sınaqdan keçməyə də məhkum edir - bu,
həyatın amansız reallığının, insan qəlbinin
mürəkkəb labirintinin təzahürüdür. Ona
görə də, müəllif “üzü xoş, daxili
qorxulu yar”ı təkcə şirin nağıl kimi yox, həm
də acı gerçəklik kimi qəbul etməyə
çağırır.
Sevgi vardır bizə çox dadlı əməllər
gətirir,
Fəqət həpsində qaranlıq gecələr
kölgəsi var.
Bu misralarda isə sevgi bir tamaşadır, səhnədə
göz önündə gözəllik, arxa fonda qaranlıq.
Sevgi özlüyündə təzad daşıyır: həm
mələklərin nəğməsi, həm şeytanın
pıçıltısı ola bilər. Sevginin gerçəkliyi,
vazkeçilməzliyi də bunda(n)dır. Şair şeirin
sonuna bu həqiqəti möhürləyir:
Sevgilərdə qarışıq bilməcələr
kölgəsi var.
Bu şeir bir çağırışdır: sevgini
tanı, anla, ayırd et. Onu nə yerdə, nə göydə
axtarma - içindəki aydınlıq və qaranlıqla
üzləş. Hər sevgi bir güzgüdür, hər
güzgü bir imtahandır. Şair bu güzgüdə bizə
təkcə özümüzü yox, sevginin özünü
də bütün simalarıyla göstərir. Bu şeir qəlbi
oxşamaq üçün deyil - oyandırmaq
üçündür. Sevginin mifini dağıtmaq, bəzən
də eşq adına sırınan keçici ehtirasın
saxta pərdəsini cırmaq üçündür. Burada sevgi
romantik nağıl deyil, dərs alınmalı novelladır,
sevginin gözüyumulu şəkildə idealizasiyasına
etirazdır. Müşfiqin “Sevgilər”ində mifdən
gerçəyə sərt keçid var. O, sevgini nə inkar
edir, nə də onu bütləşdirir. Sevgini bəzən
süni olaraq ucaltdığımız yerdən endirib ona
realistik forma və məzmun verir. Burada sevginin tərənnümü
də var, deşifrə edilməsi də. Misralarda sevgiyə
Nitsşevari üsyankar poetik qarşıdurma ruhu da sezilir.
Müşfiqin “Sevgilər”i təkcə gözəllik yox, təzadların
və faciənin qovşağıdır. Ən ali hiss belə
“zəhərlənə” bilər. Bu, insanın özü ilə
olan ziddiyyətini də göstərir. Bütün hallarda
sevgi hakimi -mütləq deyil, o, xilaskar olduğu kimi, həm də
dağıdıcı bir gücə çevrilə bilər.
Bu dualizm - sevginin əsl mahiyyətidir və bəşər
yaranandan bəri insanın imtahanıdır... Şeirlərində
daim ilham dolu romantikanın zirvələrində dolaşan
Müşfiq bu şeirində realizmin ətəklərində
sevginin varlığının gerçək mahiyyətini
açır.
lll
Yeniyetməliyini, gəncliyini ötən əsrin
sonlarında qoyub gələnlərin yaxşı yadında
olar: o vaxtlar vərəqləri rəngli-boyalı, səhifələrinin
aralarında şəkillər və qurudulmuş
çiçəklərlə dolu “Xatirə dəftərləri”
vardı... O köhnə dəftərlərdə ilk gəncliyin
sadəlövhlüyü, səmimi utancaqlığı ilə
yazılan sualların başında “Sevgi varmı?” gələrdi.
Qəlbimiz həyəcandan
çırpına-çırpına, əlimiz titrəyə-titrəyə
oraya konkret cavab əvəzinə elə əfsanəvi,
qarışıq, sirli, qeyri-müəyyən, bəzən də
candərdi mətləblər yazardıq ki, heç kim
heç nə anlaya bilmirdi, hünərin vardı o xaotikliyin
içində başa düş görək, sevgi varmı?..
Dumduru, aydın ruhlu Müşfiqin özü kimi unudulmaz nəğməyə
dönən bu şeiri o sadə sualın gözəl, təzadlı
və orijinal cavabı kimi yaddaşımızda daim
yaşamağa davam edəcək: Sevgi vardır...
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet .- 2025.- 5 iyun(¹97).- S.11.