Qarabağ Universitetində
AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans
keçirilib
Qarabağ Universitetində Elm və Təhsil Nazirliyi və
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı
ilə “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə
ənənəsi və müasir dövr” mövzusunda elmi
konfrans keçirilib.
525.az xəbər verir ki, tədbirdən əvvəl
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət
Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının
şöbə müdirləri və Akademiyanın elmi-tədqiqat
müəssisə və təşkilatlarının rəhbərləri
yolüstü Ağdam Muğam Mərkəzi ilə
yaxından tanış olublar. Akademik İsa Həbibbəyli Mərkəzə
AMEA-nın 80 illiyi münasibətilə toxunmuş miniatür
xalça hədiyyə edib.
Sonra AMEA nümayəndə heyətinin üzvləri
Ağdamda İmarət kompleksini ziyarət edib, eləcə də
Əsgəran qalasına baxıblar. Səfər zamanı həmçinin
Şuşa qalası da ziyarət olunub, burada xatirə şəkli
çəkdirilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və
Rəyasət Heyətinin üzvləri digər dövlət
və hökumət nümayəndələri ilə birlikdə
Şuşa şəhərində Elm və Təhsil
Nazirliyinin təşkilatçılığı ilə
keçirilən türk dövlətlərindən olan məktəblilər
arasında “Şuşa türk xalqları birliyinin mədəniyyət
incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq
festivalını da izləyiblər. Tədbir çərçivəsində
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Şuşa
rayonunda
Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəsi Aydın Kərimovla
görüşüb, ona Akademiyanın ensiklopedik nəşrlərini
hədiyyə edib.
AMEA-nın 80 illiyi münasibətilə Qarabağ
Universitetində keçirilən elmi konfransı giriş
sözü ilə açan Qarabağ Universitetinin rektoru
Şahin Bayramov qonaqları salamlayaraq bildirib ki, rəhbərlik
etdiyi ali təhsil müəssisəsində elmi potensialın
artırılması, beynəlxalq əməkdaşlığın
genişləndirilməsi və Qarabağın zəngin mədəni-mənəvi
irsinin öyrənilməsi əsas prioritetlərdən biridir.
Bu məqsədlə rəhbərlik etdiyi ali təhsil müəssisəsi
ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında təməli
qoyulan elmi əməkdaşlıq böyük perspektiv imkanlar
yaradacaqdır.
Konfransın açılış mərasimində
iştirak edən elm və təhsil naziri Emin Əmrullayev
çıxışında əvvəlcə AMEA-nın 80
illiyi münasibətilə Akademiyanın kollektivini, alimləri
və elmi ictimaiyyəti təbrik edib. Nazir Qarabağ
Universitetinin qarşısında dayanan vəzifələrə
də toxunaraq bildirib ki, bu ali təhsil müəssisəsi təkcə
regionun deyil, bütövlükdə Azərbaycanın elmi və
tədris həyatında mühüm yer tutacaqdır.
Nazir əlavə edib ki, Qarabağ Universiteti elmi
mühitin təşəkkül tapması, innovativ təhsil
modellərinin tətbiqi və milli-mədəni irsin sistemli
şəkildə araşdırılması baxımından
strateji əhəmiyyət daşıyır.
AMEA-nın prezidenti İsa Həbibbəyli “Azərbaycan
Milli Elmlər Akademiyasının fəaliyyətində
Qarabağın tədqiqi problemləri və Böyük
Qayıdış hərəkatı” mövzusunda məruzə
ilə çıxış edib. Ölkə Prezidenti İlham
Əliyev tərəfindən imzalanmış “Azərbaycan
Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi
haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamının
böyük tarixi əhəmiyyət
daşıdığını xüsusi vurğulayan akademik
İsa Həbibbəyli Sərəncamın alimlərimiz tərəfindən
böyük minnətdarlıq duyğusu ilə
qarşılandığını deyib. Bu mühüm
dövlət sənədinin Azərbaycan elminə, Akademiyaya
verilən ən yüksək qiymətin ifadəsi olduğunu
bildirən akademik İsa Həbibbəyli qeyd edib ki, dövlət
başçısının Sərəncamı həm 80 ildə
şərəfli tarixi yol keçmiş, Azərbaycan dövlətinin
inkişafına, Azərbaycançılıq
ideologiyasına, milli kadr hazırlığına öz
töhfəsini vermiş, elmi məktəblər
yaratmış görkəmli alimlərimizin xidmətlərinə
göstərilən yüksək qiymət, həm də
Akademiyanın bu gününə və gələcək
inkişafına olan ali dəyərin, ehtiramın ifadəsidir.
AMEA rəhbəri bu gün azad Qarabağ torpağında – Azərbaycanın
qədim və strateji əhəmiyyətli bölgəsində
belə yüksək səviyyəli elmi tədbirin
keçirilməsinin tarixi hadisə olduğunu
vurğulayıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, bu
konfrans təkcə AMEA-nın 80 illiyinə deyil, həm də
azad edilmiş torpaqlarda elmi həyatın bərpasına
töhfə verən mühüm bir mərhələdir.
Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli
tərəfindən Qarabağ Universitetinin kitabxanasına
1200-dən çox kitab, eləcə də Akademiyanın təsisçilərinə
və müasir inkişafına həsr olunmuş rəsm əsəri
hədiyyə edilib.
Tədbirin ikinci hissəsində Qarabağın tarixi,
mədəniyyəti və toponimik irsi ilə bağlı elmi
məruzələr dinlənilib. Abbasqulu ağa Bakıxanov
adaına Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri
doktoru Kərim Şükürov “Azərbaycan tarixində
Qarabağnamələr və yeni dövrün Qarabağnaməsinin
yaradılmasında Milli Elmlər Akademiyasının
missiyası”, Arxeologiya və Antropologiya İnstitutunun direktoru
tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev
“Qarabağ ərazisində və Şərqi Zəngəzurda
arxeoloji tədqiqatlar”, Nəsimi adına Dilçilik
İnstitutunun direktoru filologiya elmləri doktoru Nadir Məmmədli
“Qarabağda ermənilər tərəfindən
saxtalaşdırılmış Azərbaycan toponimlərinin bərpa
edilməsinin elmi əsasları” və
Folklor İnstitutunun direktoru filologiya üzrə fəlsəfə
doktoru Hikmət Quliyev “Qarabağ folkloru: Böyük
Qayıdış kontekstində folklor yaddaşının
reaktuallaşdırılması” mövzularında məruzə
ilə çıxış ediblər.
Qeyd edək ki, konfrans çərçivəsində
Qarabağ Universitetində AMEA-nın rəhbər heyəti və
əməkdaşları tərəfindən ayrı-ayrı
auditoriyalarda tələbələr qarşısında 13
ixtisas üzrə mühazirələr də deyilib və
onların çoxsaylı sualları cavablandırılıb.
Mühazirələr AMEA-nın prezidenti akademik İsa
Həbibbəyli, AMEA-nın vitse- prezidentləri – akademik Dilqəm
Tağıyev, akademik İradə Hüseynova, akademik Rasim
Əliquliyev, akademik-katib akademik Arif Həşimov, akademik
Teymur Kərimli, AMEA-nın müxbir üzvü Ərtegin
Salamzadə, tarix elmləri doktoru Kərim Şükürov, fəlsəfə
elmləri doktoru İlham Məmmədzadə, filologiya elmləri
doktoru Nadir Məmmədli, filologiya elmləri doktoru Sərxan
Xavəri, tarix üzrə fəlsəfə doktoru Fərhad
Quliyev, biologiya üzrə fəlsəfə doktoru Esmira
Əlirzayeva
tərəfindən təqdim edilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən
elm və təhsil naziri Emin Əmrullayev, Naxçıvan
Muxtar Respublikasının elm və təhsil naziri Elxan Nəcəfov
və Qarabağ Universitetinin rektoru Şahin Bayramova AMEA-nın
ensiklopedik nəşrləri və Akademiyanın 80 illiyi
münasibətilə toxunmuş miniatür xalça hədiyyə
olunub. Qarabağ Universitetinin tələbələrinə “Elm
və həyat” jurnalının və “Elm” qəzetinin nüsxələri
paylanılıb.
525-ci qəzet .- 2025.- 5 iyun(¹97).- S.9.