Bakı Enerji
Həftəsi: Azərbaycanın
enerji gündəliyinə beynəlxalq dəstək
Azərbaycan növbəti dəfə qlobal enerji
dialoqunun əsas platformalarından biri kimi tanınan Bakı
Enerji Həftəsinə ev sahibliyi etdi. Beynəlxalq Xəzər
Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, Beynəlxalq Energetika
və Yaşıl Enerji Sərgisi “Caspian Power” və “Baku
Energy Forum”u kimi tədbirləri birləşdirən Bakı
Enerji Həftəsi bu dəfə dünyanın enerji nəhənglərini,
39 ölkədən 267 şirkəti bir araya gətirdi.
Builki tədbir həm də Beynəlxalq Xəzər
Neft və Qaz Sərgisinin və “Baku Energy Forum”unun artıq
30-cu dəfə keçirilməsidir. Bu yubiley tarixinə nəzər
salanda, 30 il ərzində Bakı Enerji Həftəsinin
mühüm bir platformaya çevrildiyi bir daha məlum olur. Ulu
öndər Heydər Əliyevin təşəbbüsü ilə
ilk dəfə 1994-cü ildə keçirilən bu tədbir
“Əsrin müqaviləsi”nin imzalanmasına doğru gedən
yolda Azərbaycanın ilk uğurlarından biri kimi tarixə
düşüb. Ulu öndər Heydər Əliyevin
uzaqgörən siyasəti nəticəsində qlobal enerji səhnəsində
ilk cəsarətli addımlarını atan Azərbaycan sabit
siyasi sistemi, inkişaf edən iqtisadiyyatı olan ölkəyə
çevrilib. Yubiley münasibətilə göndərilən
təbrik məktublarında da Azərbaycanla əməkdaşlıqda
enerji müstəqilliyinin dayanıqlılığı əsas
prioritet kimi vurğulanır, ölkəmizin enerji gündəliyi
davamlı olaraq dəstəklənir. “Əsrin müqaviləsi”ndən
Cənub Qaz Dəhlizinə qədər Azərbaycanın həqiqətən
də enerji təhlükəsizliyinin regionda və daha
geniş coğrafiyada həlledici oyunçu olduğunu
sübut etdiyi qeyd olunur.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həmin sərgidən
dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri
konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi”
adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi
vəziyyəti dəyişdirən sazişi imzaladı.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və
ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım
“525”ə deyib ki, Azərbaycanın enerji siyasəti dünya
miqyasında yüksək qiymətləndirilir: “Prezident
İlham Əliyevin enerji siyasəti Azərbaycanın
dünyadakı önəmini artıraraq, dünya enerji təhlükəsizliyində
əhəmiyyətli regional aktora çevirib. Hazırda
dünyada və yaxın regionumuzda baş verən mürəkkəb
geosiyasi proseslər fonunda ölkəmizin Avropa
üçün önəmi xeyli dərəcədə
güclənib. Geosiyasi proseslər Avropanın enerji təhlükəsizliyi
üçün yeni çağırışlar yaradır.
Dünyada bu gün Azərbaycanın təbii qazına olan
ehtiyac artmaqdadır. Şərq-Qərb nəqliyyat dəhlizi
üzərində yerləşən Azərbaycan da öz
coğrafi mövqeyinin verdiyi üstünlüklərdən
faydalanaraq əməkdaşlıq edəcək ölkələrin
hər biri üçün məqbul olacaq təkliflər
verir. Həmçinin regionun və özünün
karbohidrogen məhsullarının Avropa bazarına
çıxarılması imkanlarını genişləndirməyə
çalışır. Azərbaycan, xüsusilə Cənubi
Qafqaz və Mərkəzi Asiya bölgələrindən
Avropaya enerji ixracını artırmaqla bu qitənin enerji təminatında
önəmli rol oynamağa davam edir”.
Deputatın sözlərinə görə, Bakı
Enerji Həftəsi çərçivəsində 30-cu
yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian
Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və
Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku
Energy Forum”un keçirilməsi və bu tədbirlərdə
çoxlu sayda ölkədən nüfuzlu şirkətlərin
iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun
göstəricisidir: “Tədbirin açılış mərasimində
cənab Prezident İlham Əliyevin çıxışı
zamanı səsləndirdiyi fikirlər, sadaladığı
faktlar neft-qaz siyasətinin uğurla həyata keçirildiyini
göstərir. Qarşıdakı dövrlərdə də
Azərbaycanın Avropa ölkələrinə elektrik enerjisi
və təbii qaz ixracını artırmaq üçün
böyük potensialı var. Dövlət
başçısı bu barədə də fikirlərini
açıqladı. Azərbaycanın bu yöndə
uğurlu siyasəti perspektivdə mühüm nəticələrin
əldə olunacağını deməyə əsas verir. Azərbaycan
dünyada etibarlı tərəfdaş kimi tanınır və
imzaladığı bütün müqavilələri yerinə
yetirir. Bütün bu amillər ölkəmizin dünyada
nüfuzunu daha da artırır”.
Fatma Yıldırım qeyd edib ki, bu gün Avropa
dövlətləri təbii qazla bağlı yeni imkanlar
axtarışındadır. Burada isə ən önəmli
ölkələrdən biri Azərbaycandır: “Təsadüfi
deyil ki, xarici qonaqlar Azərbaycanın enerji sahəsində
Aİ-nin güclü tərəfdaşı olduğunu bəyan
edib. Eləcə də, Cənub Qaz Dəhlizinin Avropa ölkələri
və region üçün əhəmiyyəti qeyd edilib, Cənub
Qaz Dəhlizi ilə Avropa İttifaqına nəql edilən
qazın artırılmasında Azərbaycanın göstərdiyi
səyləri yüksək qiymətləndirilib. Azərbaycan
Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır,
Cənub Qaz Dəhlizi isə qitənin qaz təchizatının
təhlükəsizliyi baxımından çox vacib layihədir.
Artıq Azərbaycan dünyanın 12 ölkəsinə qaz
ixrac edir ki, 10-u Avropanı təmsil edir. Bir sözlə,
bütün dünya Azərbaycanın enerji təhlükəsizliyindəki
rolunu yüksək qiymətləndirir. Avropa İttifaqı Cənub
Qaz Dəhlizinin genişləndirilməsinə və Avropaya Azərbaycan
qazının tədarükünün artırılmasına
çalışır. Bütün bunlar isə Azərbaycanın
beynəlxalq müstəvidə rolunun daha da
artdığını bir daha təsdiqləyir. Cənab
Prezident İlham Əliyevin dediyi kimi, bizim təbii qaz
ixracımız ötən il 25 milyard kubmetrə
çatıb. Ölkəmiz hasilatı artırmaq niyyətindədir
və 2030-cu ilədək qaz ixracının 8 milyard kubmetrə
qədər artırılması nəzərdə tutulur”.
Digər tərəfdən isə, deputat
vurğulayıb ki, Azərbaycan alternativ enerji ixracatçısı
qismində çıxış edir: “Artıq bu istiqamətdə
praktiki addımlar atılır. Bununla yanaşı,
imzalanmış müqavilələrə və sərmayə
öhdəliklərinə əsasən, ölkəmiz 2030-cu
ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək
bərpaolunan enerji gücünə malik olacaq. Bu da Azərbaycanın
ümumi enerji istehsalının 35 faizdən çoxunu təşkil
edəcək. Bu prosesdə Qarabağ və Şərqi Zəngəzurun
yaşıl enerji potensialından da səmərəli istifadə
olunacaq. Bütövlükdə, yubiley tədbirində Azərbaycan
enerji potensialına artan beynəlxalq marağı və
inamı əks etdirən yeni iştirakçılar və
milli pavilyonlarla yanaşı, 30 ölkədən 200-dən
çox şirkəti qəbul edir. Bu, ölkəmizin enerji
siyasətinin uğurlarını təsdiqləyən vacib
faktdır”.
Enerji məsələləri üzrə ekspert
İlham Şaban hesab edir ki, Bakı Enerji Forumunda imzalanan
sazişlər, şirkətlər arasında əldə edilən
razılaşmalar onu deməyə əsas verir ki, 2026-2030-cu
illərdə Azərbaycanın neft-qaz sektoruna
yatırımlar qeyri-neft sektorunu hiss ediləcək dərəcədə
geridə qoyacaq və qarşıdakı beş ildə iqtisadiyyatımızın
məhz enerji sektoruna 10 milyard dollardan çox xarici kapital
qoyuluşunun axınını təmin edəcək: “Bəs
bundan sonra nə baş verəcək? Azəri-Çıraq-Günəşli
yataqlarından təbii qaz hasilatına başlanılacaq, “Mərkəzi
Azəri” platformasında yeni kompressor qurğuları tikiləcək
ki, laylara su və qazın vurulmasını artırmaq
münkün olsun, 2029-cu ildə müstəqil Azərbaycanda
açılmış yeganə neft yatağı olan
“Qarabağ”da hasilat başlamalıdır, 2029-cu ildə
Şahdəniz yatağında inşa edilən tam insansız
Kompressiya Platformasından qaz hasilatına
başlanmalıdır.
2030-cu ildə “Abşeron” yatağının İkinci
mərhələsi üzrə qaz və kondensatın hasil
edilməsi gözlənilir. “Ümid” yatağından illik qaz
hasilatı 3 mlrd m3 həcmə
çatdırılmalıdır. Bu müddətdə 3 yeni
neft-qaz platforması (Şahdəniz, Qarabağ və
Abşeron yataqlarında quraşdırılmaq
üçün) tikiləcək”.
Ekspert əlavə edib ki, Azərbaycanın quru hissəsində
masştablı neft geoloji-kəşfiyyatı işləri
aparılacaq. Azərbaycanın qərbində Amerika şirkəti,
Quba-Xəzəryanı hissədə Kanada şirkəti və
Qobustan-Şamaxı zonasında Macarıstan şirkəti kəşfiyyat
işlərini həyata keçirməlidir: “Nəhayət, Xəzər
dənizinin müxtəlif hissələrində kəşfiyyat
və qiymətləndirmə quyuları qazılacaq”.
Pərvanə
525-ci qəzet .- 2025.- 5 iyun(¹97).- S.5.