Mirzə Əli Möcüzün avtoqraflarının taleyi: bir yanlışın izi ilə

 

XX əsrdə Cənubi Azərbaycanda meydana çıxan satirik poeziyanın görkəmli nümayəndəsi Mirzə Əli Möcüzün (1874-1934) həyatı, fəaliyyəti və ədəbi irsi haqqında bir sıra köhnə və yanlış məlumatlar bu gün də məqalədən məqaləyə, kitabdan kitaba, hətta dissertasiyadan dissertasiyaya keçərək təkrarlanmaqdadır. Biz bu məqaləmizdə belə yanlış məlumatlardan birinin üzərində dayanacağıq ki, bu da Möcüzün avtoqraflarının böyük bir hissəsinin Cənubi Azərbaycanının məşhur kitabşünas alimi və ictimai xadimi Hacı Məhəmməd Naxçıvaninin şəxsi kitabxanasına aparılması ilə bağlıdır. Bu barədə ilk dəfə söz açan şairin əsərlərinin ilk naşiri Qulam Məmmədli yazır: “Möcüz... ömrünün axırlarında Şəbüstərdən çıxıb Şahruda köçməli olubdur. Təbrizdən keçəndə bir neçə gün Hacıgildə (Hacı Məhəmməd Naxçıvani nəzərdə tutulur - F.X.) qalıbdır. Bu vaxt Möcüz Hacıya söyləyib ki, şəbüstərli dostlarından Müəddəb adlı birisinə əlli tümən borclu olduğu üçün bütün yazılarını ona verib halallıq alıbdır. Şair gedəndən sonra Hacı Məhəmməd Şəbüstərə gedib Müəddəbi tapıb, Möcüzün borcunu verib və yazılarını alıb gətiribdir”.

Möcüzün öz əlyazmalarını Müəddəbə verməsi haqqında başqa bir məlumat isə şairin həmyerlisi, sonralar Şimali Azərbaycanda yaşayan və orada vəfat edən filologiya elmləri namizədi Qurbanəli Məmmədzadəyə məxsusdur. O, hələlik heç yerdə çap olunmayan “Azərbaycan şairi Mirzə Əli Möcüz Şəbüstəri və mənim xatirələrimdən” adlı iri həcmli əlyazmasında yazır: “Möcüz övladı olmadığı üçün ən yaxın sirdaşı olan ağa Mirzə Əli Yəhyazadənin... qızını... öz qızı... hesab edərdi. Bu qız da Şəbüstərdə Məhəmmədrza Müəddəb adlı bir xəyyata (dərziyə - F.X.) ərə verilmişdi. Şair Məhəmmədrzanı öz qızının əri və kürəkəni kimi bildikdə öz şeirlərini Şahruda gedəndə ona tapşırmışdır”. Əldə etdiyimiz bir sıra yeni faktlar həm Q.Məmmədlinin, həm də Q.Məmmədzadənin məlumatlarının həqiqətə uyğun olmadığını göstərir.

Əvvəla, Müəddəbin kimliyi haqqında. Məhəmmədrza Müəddəb (1912-1991) həqiqətən Şəbüstərdə tanınan məşhur dərzilərdən biri olub. Mükəmməl təhsil almasa da, ədəbiyyat həvəskarı kimi şəxsi mütaliəsi sayəsində Şərq poeziyasından xəbərdar idi. Möcüz satiralarının vurğunu olan Müəddəb həm də, bir mürid kimi şairin ideyalarının fəal təbliğatçısı olub.

Gələk Q.Məmmədlinin Müəddəbi Möcüzün “şəbüstərli dostlarından birisi” kimi təqdim etməsi məsələsinə. Möcüzün istər Şəbüstərdə, istərsə də İranın başqa şəhərlərində və hətta İstanbulda yaşayan çoxlu dostu olub. Şair onların bir qismi ilə məktublaşmış, bir qismi ilə tez-tez Şəbüstərin müxtəlif yerlərində və ayrı-ayrı evlərdə görüşüb fikir mübadiləsi aparmış, digər bir qismi ilə isə daha çox yaxınlıq edərək ürək sirrini bölüşmüşdü. O, müntəzəm olaraq şeirlərində yaxın dostlarının əksəriyyətinin adını xatırlamış, vaxtaşırı onlara mənzum məktublar və öz yeni şeirlərini göndərmişdi. Əgər Müəddəb həqiqətən Möcüzün dostu olsaydı, şair hökmən şeirlərində onun da adını çəkər, yaxud hər hansı bir münasibətlə onu xatırlayardı. Hər halda biz hələ bu günədək Möcüzün belə bir şeirinə rast gəlməmişik. Digər tərəfdən 1933-cü ildə Şahruda gedərkən 60 yaşını haqlayan şairin özündən təxminən 40 yaş kiçik olan 21 yaşlı bir gənclə dostluq etməsi də inandırıcı görünmür.

Araşdırmalar göstərir ki, Q.Məmmədzadənin Möcüzün Müəddəbi “öz qızının əri və kürəkəni” hesab etməsi haqqındakı “xatırlamaları” da həqiqətə uyğun deyil. Düzdür, Müəddəb Möcüzün dostu M.Ə.Yəhyadazənin kürəkəni idi. Lakin 2008-ci ildə Şəbüstərdə Müəddəbin oğlu Əli ağa tərəfindən surəti bizə təqdim olunan M.Müəddəbin şəxsiyyət vəsiqəsindən aydın olur ki, onun atasının M.Ə.Yəhyazadənin qızı Əzizə xanımla izdivacı Möcüzün vəfatından düz dörd il sonra - 1938-ci ildə qurulub. Belə olan halda Möcüz Müəddəbi necə öz “qızının əri və kürəkəni” hesab edə bilərdi?

Q.Məmmədzadənin adını çəkdiyi M.Ə.Yəhyazadə Cəmi Şəbüstərin maarifpərvər ziyalılarından biri olub. Onun ən böyük xidməti Şəbüstərdə qız məktəbinin təşkilində fəal iştirak etməsidir. M.Ə.Yəhyazadə həqiqətən Möcüzün yaxın qonşusu və sadiq dostu idi. Sübut üçün uzağa getməyə ehtiyac yoxdur. Şairin öz şeirlərində dəfələrlə M.Ə.Yəhyazadəni bir dost kimi xatırlaması bu fikri təsdiq edən ən tutarlı faktdır. M.Ə.Yəhyazadənin qızı Əzizə xanıma gəldikdə isə, o da Şəbüstərdə açılan qız məktəbinin ilk şagirdlərindən idi. Bu məktəbin açılmasında çox böyük xidməti olan Möcüz, Əzizənin simasında öz qızını gördüyü üçün onu ürəkdən sevib və onun oxumasıyla təskinlik tapıb.

Beləliklə, yuxarıda istinad etdiyimiz məlumat və faktlar bizə belə bir qənaətə gəlməyə əsas verir: Q.Məmmədlinin yazdığı kimi Müəddəbi Möcüzün dostu, yaxud Q.Məmmədzadənin “xatırladığı” kimi “öz qızının əri və kürəkəni” yox, sadəcə olaraq şeirlərinin pərəstişkarı və ideyalarının təbliğatçısı hesab etmək daha doğrudur. Burada bir məsələyə də aydınlıq gətirmək zəruridir. Möcüzün avtoqrafları hansı yolla Müəddəbin əlinə düşmüşdü? Q.Məmmədlinin iddiasına görə, “Möcüz... Müəddəb adlı birisinə 50 tümən borclu olduğu üçün bütün yazılarını ona verib halallıq alıbdır”. Əlimizə çatan yeni sənəd və məlumatlar bu iddianın da əsassız olduğunu göstərir. Vaxtilə  Şəbüstərdə yaşayan Möcüzün bacısı nəvəsi 70 yaşlı Yaqub ağanın şairin əlyazmalarının taleyi ilə bağlı anası Rübabə xanımdan eşitdiyi və 12 avqust 2003-cü ildə Şəbüstərdə şəxsən bizə (möcüzşünas Məmmədəli Niqabi və bu sətirlərin müəllifinə) çatdırdığı aşağıdakı məlumatın həmin iddianın həqiqətə uyğun olmadığını əsaslandırmaq üçün xüsusi əhəmiyyəti vardır. “Möcüz Şahruda gedəndə evinin açarlarını bacısı qızı - mənim anam Rübabəyə vermək istəyib. Lakin Möcüzün arvadı Səriyyə xanım tündxasiyyətli olduğuna görə anam onun dedi-qodusundan və giley-güzarından uzaq olmaq üçün açarları qəbul etməyib. Buna görə də Möcüz evinin açarlarını Mirzə Əli Yəhyazadə Cəmi və Əlibəy Yəhyazadə qardaşlarına verib. Möcüzün ev əşyaları və sandıqda saxladığı əlyazmaları evində qalıb”. Bu məlumatdan aydın olur ki, şair Şahruda gedərkən, görünür, geri qayıtmaq ümidini itirmədiyindən əlyazmalarını heç kimə verməyıb və onlar şairin evindəki sandıqda qalıb. Həmin hadisədən bir il sonra Möcüz Şahrudda vəfat etdiyi üçün Yəhyazadə qardaşları sandığı açmağa məcbur olmuş və şairin əlyazmalarına sahiblənmişlər. Şübhə etmirik ki, bir neçə il Yəhyazadələrin nəzarətində olan avtoqraflar 1938-ci ildə Əzizə xanımla evlənərək bu ailə ilə qohum olan Müəddəbə etibar edilib. Əldə etdiyimiz nadir bir sənəd də sübut edir ki, Yəhyazadələrin sahib çıxdığı əlyazmalar ailənin kürəkəni, Möcüzün pərəstişkarı Müəddəbin şəxsi arxivində saxlanırmış. Bu sənəd Möcüzün ədəbi irsini toplamaqla məşğul olan Ə.Naxçıvaninin 14 yanvar 1939-cu ildə öz əli ilə farsca yazdığı və günümüzədək qorunub saxlanan kiçik bir qəbzdən ibarətdir. Qəbzin tərcüməsi belədir: “Ağayi-dərzi Rza Müəddəb Şəbüstəridə olan mərhum Möcüzün öz xətti ilə kiçik vərəqlərə yazılmış bir qədər şeiri mən Əli Naxçıvaniyə təhvil verildi ki, inşallah, üzünü köçürəndən sonra o həzrətə qaytarım. Habelə mərhum Möcüzün tərtib edəcəyim divanının bir nüsxəsini də o həzrətə təqdim edim və bu qəbzi geri alım (Ə.Naxçıvaninin imzası)”. Qəbzdən göründüyü kimi, Ə.Naxçıvani avtoqrafları qaytarmaq şərtilə Müəddəbdən təhvil almışdır. Məqsəd isə şairin divanını çapa hazırlayarkən həmin avtoqraflardan istifadə etmək idi. Ə.Naxçıvani avtoqrafları Müəddəbdən alıb apardıqdan sonra 2 il 3 ay ərzində onların arasında çox gərgin məktublaşma olub. Müəddəbin məktubları əlimizə gəlib çatmasa da, Ə.Naxçıvaninin ona yazdığı üç cavab məktubundan aydın olur ki, Müəddəb təkidlə avtoqrafların qaytarılmasını tələb edib, Ə.Naxçıvani isə onları üzünü köçürüb qurtardıqdan sonra qaytaracağını bildiribdir. 1941-ci ildə sovet qoşunları İrana yeridiləndən sonra onlar arasındakı kulminasiya nöqtəsinə çatan gərginlik yox olub. Ana dilində yazıb-yaradan ifşaçı şairə mənfi münasibət bəsləyən İran rəsmi dairələrinin sovet qoşunları İrandan çıxarılandan sonra gözlənilən qisasından ehtiyat edərək Müəddəb avtoqrafları geri almaq fikrindən, Əli ağa isə şairin divanını çap etdirmək təşəbbüsündən əl çəkib. Beləliklə, şairin avtoqraflarının Müəddəbdən alınan böyük bir hissəsi H.M.Naxçıvaninin şəxsi kitabxanasında qalıb.

Sual olunur: Əgər Q.Məmmədlinin iddia etdiyi kimi, Möcüz 50 tümən borcu müqabilində əlyazmalarını Müəddəbə verib onunla “halallaşmışdısa” və H.M.Naxçıvani Müəddəbin 50 tümənini verib həmin əlyazmaları alaraq şəxsi kitabxanasına gətirmişdisə, 1939-cu ildə Əli ağanın yenidən xüsusi qəbzlə Müəddəbdən “kiçik vərəqlərə yazılmış bir qədər şeiri” təhvil almasına ehtiyac var idimi? Xeyr! Çünki Q.Məmmədlinin yazdığına görə, Müəddəb Möcüzün “bütün yazılarını” H.M.Naxçıvaniyə vermişdi.

İkincisi, keçən əsrin 30-cu illərində İranda 50 tümən heç də kiçik məbləğ deyildi. Möcüzün bir sıra şeirlərində göstərdiyi bəzi zəruri ərzaq məhsullarının qiyməti ilə hesablasaq, bahalığın son həddə çatdığı həmin dövrdə 50 tümənə 45 kq. buğda, 30 kq. ləpə, 25 kq. quyruq, 20 kq. qənd, 3 kq. çay, 500 yumurta almaq olardı. Belə bir vəziyyətdə 21 yaşlı Müəddəbin 50 tümənlə Möcüzün əlyazmalarını əvəzləşdirib onunla “halallaşması” inandırıcıdırmı? Xeyr! Çünki o vaxt belə yüksək dəyərə malik olan pulu nə Möcüz kimdənsə borc alar, nə də kimsə kasıb şairə bu məbləğdə borc verərdi.

Zənnimizcə, yuxarıda istinad etdiyimiz yeni sənəd və məlumatlar Q.Məmmədlinin Möcüzün 50 tümən borcu müqabilində şeirlərini Müəddəbə verməsi haqqındakı iddiasının əsassızlığını, həm də Möcüzün avtoqraflarının hansı yolla Müəddəbin əlinə düşməsi və sonralar məhz Əli ağanın təşəbbüsü sayəsində H.M.Naxçıvaninin şəxsi kitabxanasına aparılmasının təfsilatı və tarixçəsinin həqiqi mənzərəsini aşkara çıxarmaq üçün kifayətdir.

 

Fərman XƏLİLOV

AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun baş direktoru,

filologiya üzrə elmlər doktoru

525-ci qəzet .- 2025.- 6 iyun(¹98).-S.23.