Lənətlənmişlərin
özünün və nəsillərinin aqibəti
(Əvvəli ötən şənbə
sayımızda)
Nehru - Qandi ailəsi
1947-ci ildə Hindistanın müstəqillik
qazandıqdan sonra ilk Baş naziri olan Cəvahirləl Nehru Kəşmir
yaxınlığındakı Allahabad şəhərində
ziyalı ailəsində doğulmuşdu. Atası Motiləl
Nehru vəkil kimi işləməklə, varlı adam hesab
olunurdu. O, Mahatma Qandinin yaratdığı Milli Konqress
partiyasının liderlərindən biri idi. Cəvahirləl
Nehru İngiltərədə təhsil almışdı və
Hindistanın Böyük Britaniya ağalığından azad
olunması uğrundakı mübarizəyə qoşulmuş,
bir neçə dəfə həbs edilmişdi. Onun arvadı
Kamala (hind dilində “lotos gülü” deməkdir, Nehru isə
hind mifologiyasında müqəddəs dağın
adıdır) İndira adlı bir qız doğmuş, az sonra
vəfat etmişdi. Nehru bir daha evlənməmişdi. Lakin onun
Böyük Britaniyanın Hindistan üzrə vitse-kralı
Maunbattenin arvadı ilə eşq macərası yaşaması
barədə şayiələr gəzirdi.
Nehru yeganə övladı olan qızı
İndiranı çox sevirdi və onun yaxşı təhsil
alması qayğısına qalırdı. 1930-cu illərdə
həbsdə olarkən qızına tarixə həsr
olunmuş olduqca məzmunlu məktublar yazırdı. Məktublarda
onun elmi kommunizm təsirinə məruz qaldığı da
aydın görünür. Ölümündən sonra həmin
məktublar kitab şəklində nəşr edilərək,
“Dünya tarixinə baxış” adı altında üç
cilddən ibarət idi.
Nehru 1964-cü ildə ölən vaxtı qızı
İndira Qandi nazir kimi hökumət üzvü idi. Qız
1947-ci ildə Feroz Qandi ilə ailə qurmuş, onların iki
- Raciv və Sancay adlı oğlanları olmuşdu. Lakin
sonralar ailə dağılmış, oğlanlarını
İndira böyütmüşdü. Az sonra keçmiş əri
vəfat etmişdi.
Hakim Milli Konqress partiyasının təkidi ilə
İndira Qandi Baş nazir vəzifəsində atasını əvəz
etmişdi. Atası kimi, o da Hindistanın iqtisadi
inkişafında çox işlər görmüşdü.
Hindliləri aclıqdan xilas etmək üçün həyata
keçirdiyi “yaşıl inqilab” adlanan aqrar islahatı
yaxşı nəticələr vermişdi. Lakin İndira milli
məsələlərin həllində səhvlərə yol
verirdi. Pəncab ştatının paytaxtı Armitsarda siqhlər
muxtariyyət tələb etmək üçün üsyan
qaldırdıqda, İndira Qandi ora federal hökumətin
qoşunlarını göndərib, yerli əhali
üçün müqəddəs sayılan Qızıl Məbədi
işğal etdi. Toqquşmada xeyli sayda insan həlak oldu.
Baş nazirin mühafizəçilərin arasında
mənşəcə siqh (onların hamısı “şir” mənasını
verən Sinq familiyası daşıyırlar) olan oğlan
1984-cü ilin noyabrında İndira Qandiyə atəş
açıb, onu qətlə yetirdi.
Ölümündən əvvəl İndira oğlu,
siyasi mübarizədə onun silahdaşı və əvəz
edəcək kiçik oğlu Sancayı itirmişdi. Sancay
şəxsi təyyarəsinin sürməklə istirahət
edirdi. Sonuncu dəfə havaya qalxanda təyyarə idarəetməni
itirib, yerə çırpıldı və Sancay həlak
oldu. Kiçik oğlunun ölümü ona çox
ağır gəldi, çünki onu özünün siyasi həyatdakı
varisi hesab edirdi. Böyük oğlu Raciv siyasətə maraq
göstərmirdi, beynəlxalq marşrutla uçan təyyarənin
pilotu idi. O, italyan qızı Soniyə vurulmuş, onunla evlənmişdi.
Onların oğul övladları var idi.
İndira Qandi şəxsi həyatında da qüsurlara
yol verirdi. Bu dul qadın öz yoqa müəllimi
Braxmaçariyə olduqca yaxın olması ilə fərqlənirdi,
hətta onların intim yaxınlığı barədə də
ölkədə şayiələr dolaşırdı. Yoqa
müəllimi Baş nazir iqamətgahında
yeganə adam idi ki, hökumət
başçısının yanına istənilən vaxt girə
bilirdi. Ona görə də onu Hindistanın, Rusiya
çarı II Nikolayın sarayındakı dələduz və
şarlatan Qriqori Rasputini hesab edirdilər. XX əsrin sonunda
Hindistanda Rusiyanın əsrin əvvəlindəki
biabırçılığını təkrar etməsi
heç də yaxşı hal deyildi.
Milli Konqres partiyası öz liderini itirdiyinə
görə, Raciv Qandini məcbur etdi ki, Baş nazir vəzifəsini
üzərinə götürsün. Başqa
çıxış yolu olmadığından Raciv
partiyanın qərarına tabe oldu. Vəzifəsini o,
çox ağıllı qaydada həyata keçirirdi. Lakin
1989-cu ilə qədər Baş nazir oldu. 1991-ci ildə
seçkiqabağı yığıncaqda bir qadın ona
gül vermək məqsədilə yaxınlaşdıqda,
üstündəki bombanı partlatdı və Raciv Qandi da
anası kimi həlak oldu.
Partiya liderləri onun arvadı Sonini dilə tutdular ki,
ərini Baş nazirlikdə əvəz etsin. İtaliyan
qızı buna etiraz edərək, siyasi fəaliyyətdə
iştirakdan imtina etdi.
Sonralar Racivin oğlu Ruhula partiyanın liderliyinə
yüksəldi və partiya bir neçə dəfə parlament
seçkilərində məğlubiyyətlə üzləşdi.
Milli Konqress partiyası iki Baş nazirin qətlindən sonra
nüfuzunu xeyli itirmişdi və xalqın gözündə əvvəlki
liderliyini bərpa edə bilmədi.
İndiki Baş nazir Narendra Modinin
başçılıq etdiyi Braxatiya Canata Parti seçkilərdə
dalbadal qalib gəldiyindən, o, hökumət
başçısı vəzifəsini uzun illərdir ki, əldən
buraxmır. Modi Hindistanın inkişafı sahəsində
böyük uğurlar qazanmışdır. O, indus dininin
qatı müdafiəçisi olmaqla, müsəlmanlara
heç də loyallıqla yanaşmır. Lakin o, Çinlə
Hindistan arasında olan soyuq münasibəti ləğv etməyə
nail olmuşdur. Modinin siyasəti ona istiqamətlənmişdir
ki, Hindistan hökmən fövqəldövlət səviyyəsinə
yüksəlsin, ölkənin gur iqtisadi inkişafı bu
böyük arzunun reallaşacağına şübhə
edilməyən zəmin yaradır.
Nehru - Qandi ailəsinə qarşı
yağdırılan lənət, onun üzərindəki qara
buluda çevrilərək, bir əsrin yarısı qədər
olan müddət ərzində öz təsdiqini ölüm və
qətllərdə tapdı. Onlar üçün dayaq rolunu
oynayan Milli Konqress partiyası da vaxtilə mövcud olan
böyük nüfuzunu itirdi. Ölkənin inkişafında əldə
edilən nailiyyətlər xalqı illüziyalaradan
uzaqlaşmağa, yeni siyasi arxitektura ilə hesablaşmağa
sövq etdi.
İranda 54 il ömür sürmüş Pəhləvi
sülaləsi
1925-ci ilin sentyabrında Persiya taxt-tacında olan
Əhməd şah Qacar devrildi və 129 il ölkəyə
ağalıq etmiş Qacar sülaləsinin ləğv edildiyi
elan edildi. Bu böyük çevrilişə general Rza xan rəhbərlik
etmişdi. O, özünü Rza şah Pəhləvi adı
altında şah elan etməklə, yeni Pəhləvi sülaləsinin
əsasını qoymuşdu.
Rza şah 1878-ci ildə dehqan ailəsində anadan
olmuş, karyerasına Persiya kazak briqadasının əsgəri
kimi başlamışdı. 20 yaşında o, artıq zabit
rütbəsi daşıyırdı. Bu vaxt o, generalın
mühafizəçisi təyin edildi. 1910-cu ildə kapitan
olmaqla, 1919-cu ildə isə artıq Rza xan general rütbəsinə
qalxmışdı. 1921-ci ildə döyüşlə paytaxt
Tehrana girmiş, Əhməd şah Qacar onu hərbi qubernator və
baş komandan təyin etmişdi. Bir qədər sonra isə
o, hərbi nazir vəzifəsini daşımışdı.
Qacar sülaləsinin son nümayəndəsi şah
taxt-tacından devrildikdən və Qacar ailəsi ləğv
edildikdən sonra, 1925-ci ilin sonunda Rza şah Pəhləvi
adı altında yeni şah meydana gəldi. O, həm də Pəhləvi
sülaləsinin əsasını qoydu.
O, bəzi islahatlar da həyata keçirmişdi,
paytaxtın abadlaşdırılmasına qayğı göstərmişdi.
1927-1928-ci illərdə 1923-cü ildən mövcud olan təslimolma
rejimini ləğv etmiş, 1929-cu ildə isə Mülki
Kodeks qəbul etmişdi. O, islam dininin hegemonluğuna
qarşı çıxmaqla, 1929-cu ildə çadranın
götürülməsi barədə dekret
imzalamışdı. 1935-ci ildə isə dövlətin
adını dəyişərək, “Persiya” adı əvəzinə,
beynəlxalq aləmdən dövlətini “İran” kimi
adlanmasını tələb etmişdi. Ordunun gücündən
istifadə edərək iri feodalların
separatçılığına qarşı mübarizə
aparmışdı.
Dövlətin adının dəyişdirilməsinə
gəldikdə, ölkədə yaşayanlar özlərini
ari irqinə məxsus nəsil hesab edir, buradan meydana gələn
“Ariyan” adını bir qədər dəyişib, “İran”
sözü ilə əvəz etmişdilər. Hitler
1933-cü ildə Almaniyada hakimiyyətə gəldikdən
sonra, ari irqinin başqalarından fərqləndirməklə,
ali irq olduğunu elan etmiş və az-çox bu irqə
yaxın olmalarını iddia edənlər, özlərini ari
kimi qələmə verməyə cəhd etmişdilər.
Hitlerə təzim edənlər heç də az deyildi,
1936-cı ildə bir ilə qədər İngiltərədə
kral olan VIII Eduard özünün tam alman olduğunu elan edib,
xəyanət yolu tutaraq, ölkəsinin Hitlerin şərtlərini
qəbul etməsini təbliğ edirdi.
Arilərin yüksək sivilizasiyalaşmış xalq
kimi Hindistanın şimalından çıxdığı
güman edilir. Hindistanın gələcək aş naziri Cəvahirləl
Nehru da, dustaqxanadan 1930-cu illərdə qızına
yazdığı məktublarda, bu, sonradan “Dünya tarixinə
baxış” adı altındakı kitab şəklində
çap olunmuşdur, arilərin Yunanıstandakı b.e.ə.
VI-V əsrlərdəki elmi, mədəni və siyasi
partlayışın müəlliflərinin də arilər
olduğunu iddia edirdi. Hitler də arilərin bu tarixi fəaliyyətini
əsas götürərək, ari irqinin yüksək keyfiyyətlərini
təbliğ etməyə, almanların məhz onların
törəməsi olduğunu sübut etməyə cəhd
göstərirdi. Bir sözlə, XX əsrin birinci
yarısında arilər barədəki iddialar irqçiliyin
daha geniş inkişaf etdirilməsi üçün ən əlverişli
alətə çevrilmişdi. Rza şah da əsasən
savadsız olduğuna görə, bu təbliğatın təsiri
altına asanlıqla düşmüşdü.
Lakin II Dünya müharibəsi Rza şahın
planlarında düzəlişlər etdi. 1941-ci ilin yayında
müharibənin gedişi vaxtı Böyük Britaniya və
SSRİ hökumətləri İran ərazisinə girməyə
icazə verilməsini tələb etdilər, 25 avqustda sovet və
ingilis qoşunları İran sərhədlərinin hər iki
qurtaracaqdan ölkəyə daxil olub, müharibənin
bütün dövrü ərzində İranı öz nəzarətində
saxlamışdı. 1941-ci ilin sentyabrında Rza şah
oğlu Məhəmməd Rza Pəhləvinin xeyrinə
taxt-tacdan getdi. O, Cənubi Afrika Respublikasına sürgünə
göndərildi və 1944-cü ildə Yohanesburq şəhərində
öldü. Pəhləvi sülaləsinin banisi taxt-tacda 16 il
qala bildi.
1941-ci ilin payızından şah elan edilən Məhəmməd
Rza Pəhləvi 1919-cu ildə anadan olmuşdu. Rza xanın
Bakıdan olan ikinci arvadı Məliktac ona ekiz uşaq - gələcək
şah Məhəmməd Rzanı və onun xanım Əşrəf
adlandırılan bacısını doğmuşdu.
Kiçik Məhəmməd Rza 1925-30-cu illərdə
Persiya Kadet korpusunda, sonra isə altı il ərzində
İsveçrədə təhsil almışdı. Onu səfərdə
müşayiət edən və İsveçrədə
onunla birlikdə qalan, SAVAK-ın rəisinin birinci müavini və
şah mühafizə qvardiyasının
başçısı Məhəmməd Fərdost
özünün ingilis dilindəki böyük həcmli
kitabında gələcək şahla qatarla Bakıdan və
Ukraynadan keçib getdiklərini, təhsil illərini və
şahla birgə keçirdiyi xidmət dövrünü
geniş təsvir edir. Müəllif şahın
özünün və onun bacısı xanım Əşrəfin
əxlaq sahəsindəki qüsurlarını da qeyd edir.
Əşrəf parlament üzvü olan erməni
Palançiyanla Feyzabad kurort şəhərinin
açılışı vaxtı yaxınlıq etmək istədikdə,
həmin adam buna razılıq verməyib, paytaxta yola
düşməklə qadını tərk etdikdə,
xanım Əşrəf onun uçduğu təyyarəni
partlatmaqla, istəyinə baş əyməməsindən belə
qisas almışdı. Şah özü də Parisdə səfərdə
olarkən, iri pul məbləği hesabına yüksək
dairənin qadınları ilə kef etməkdən çəkinməmişdi.
Bunları müşahidə etmiş Fərdost öz
kitabında qələmə almışdır.
Yeni şah böyük Britaniya və SSRİ ilə əməkdaşlıq
etmək istəyirdi. 1943-cü ilin noyabrında Tehranda
Üçlüyün konfransında iştirak edən
İ.V. Stalin onunla görüşəndə 24 yaşlı Məhəmməd
Rza Pəhləvi ona yaxşı təsir
bağışlamışdı və elə həmin ilin
sentyabrında şah nasist Almaniyasına qarşı
müharibə elan etmişdi.
Şah əvvəllər hökumətin işinə
az müdaxilə edirdi, çünki hökumət Məclisin
tabeliyində idi. Həm də ki, təcrübəsiz və qətiyyətsiz
adam hesab olunurdu.
1949-cu ildə ona sui-qəsd təşkil olundu, lakin o,
yüngül yaralanmışdı. Bundan sonra onun fəallığı
artdı, ölkədə hərbi vəziyyət elan olundu.
1950-ci illərin əvvəllərində ABŞ
Böyük Britaniyanın İrandakı təsirini
sıxışdırmağa və qüvvədən
salmağa çalışırdı. İngilis - İran
neft şirkətinin bölünməsi barədə
danışıqlar gedəndə, neft sənayesini milliləşdirmək
çağırışları meydana gəldi. Baş nazir
məsciddə öldürüldükdə, 1951-cü ildə
Məhəmməd Müsəddiq Baş nazir təyin edildi. O
da milliləşdirmə tələbi ilə
çıxış etdi və mayın 1-də milliləşdirmə
barədə qanun qəbul edildi. Həm də Müsəddiq
şaha təklif etdi ki, İranı tərk etsin, o deyirdi ki,
monarx hökmranlıq etməlidir, idarə etməməlidir.
Şah əslində gələcək Böyük Britaniya
kraliçasına bənzəməli idi. Şah əvvəlcə
Bağdadda, sonra isə Romada müvəqqəti sürgündə
oldu, lakin 1953-cü ildə amerikanların köməyi ilə
dövlət çevrilişi baş verdi. Bu vaxt bütün
hakimiyyət şahın əlinə keçdi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 6 iyun(¹98).-S.22.