Xalq artisti İlqar Muradov:
“Düşünmürəm, musiqi aləmində mənim qədər
sülhsevər, mehriban insan olsun”
Deyir, musiqi sözün deyə bilmədiyini
pıçıldayan duyğunun dilidir. Bəzən bir
xalqın tarixini təkcə kitabların yaddaşından
deyil, ona məxsus bir mahnıdan, haradasa unudulan bir musiqi
parçasından öyrənirik.
Hər dövrün öz səsi, öz avazı,
öz nəfəsi və rəngi var. Bizim musiqi bu rənglərin
ən parlağı, səslərin ən duyğusalıdur.
Bugünkü müsahibimizin səsi kimi... ?
Onun səsi insanın içində oyanan bir xatirədir.
Onun ifaları təkcə musiqi deyil. Oxuduğu hər
mahnıda bir səmimiyyət, bir təmizlik ruhu
yaşayır, sanki başqa bir dünyanın səsini
eşidirsən.
Beləcə, əziz oxucu, bayram ovqatlı bu gündə
Azərbaycan Milli Konservatoriyasının dosenti, Xalq artisti
İlqar Muradov görüşünüzə gəlib.
- Bu dünyanı nağıl bilmək onun gerçək
üzündən daha yaxşıdır...
- Nağıllar hər körpənin ilk
addımıdır, dinlədiyi sehrli aləmdir, bir cümləyə
sığışdırmağa
çalışdığı ilk sözlərdir. Bu yoldan
hansı birimiz keçməmişik ki... O nağıllarda
şah oğlu Məlikməmməd vardı, Simurq quşu zəif,
gücsüz insanlara öz lələyindən verərək,
dar macalda onların köməyinə gələrdi və
sonda göydən mütləq üç alma düşərdi
ki, onun da biri dinləyənin olardı. Onda dünya bizim
üçün həqiqətən nağıl idi. Zamanla
dünyanın dediyiniz gerçək üzünü
yaşaya-yaşaya görməyə məcburuq. Həmin
gerçəkliyin içində müxtəlif, fərqli
ömür yaşasaq da, yaxşı-yamanı, əyrini-düzü,
ağrını-sevinci dadsaq da, dünya köhnə
dünyadır, qədərimizə yazılan gerçəklikdir.
Onu nağıl bilsək də, yaşananlar
ömrümüzdür.
- İlqar Muradovu bir qədər yaxından
tanıyaq...
- Naxçıvan şəhərində doğulub
boya-başa çatmışam. Orta məktəbi, universiteti
orada bitirmişəm. Kiçik yaşlarımdan musiqiyə
bağlandığımdan musiqi təhsili də aldım. Bir
zamanlar özümün həvəslə getdiyim Pionerlər
evində daha sonra çalışmağa başladım. Məktəbli
ikən məni tanımağa başlayan pianoçu-bəstəkar
mərhum Rafiq Babayev 80-ci illərin əvvəlində məni
Bakıya gətirdi və on ildən artıq onun
studiyasında çalışdım. Bəstəkar-pianoçu
Siyavuş Kərimi ilə tanışlığımız da
elə oradan başladı. Sonralar onunla Norveç layihəsində
iştirak etdim. Norveçdə “Skruk” xoru ilə Azərbaycan
xalq mahnılarından ibarət disk yazıldı və o
zamandan başlayan sənət yolum bu günə qədər
davam edir.
- Dediniz ki, kiçik yaşlarından musiqiyə
bağlanmısınız. Sizi yönləndirən, istiqamət
verən biri mütləq ki olub...
- Rəhmətlik anam... O, mənim ilk müəllimim
olub deyərdim. Bütün xalq mahnılarımızı,
şikəstələri, muğamı ondan öyrənmişəm.
Çox zərif və gözəl səsi vardı, musiqi təhsili
olmasa da, qəlbən sənətə çox bağlı
olub. Beş yaşımdan pianoda çalıb və
oxumağı bacarırdım.
- İlk mahnınızı yəqin ki
xatırlayırsınız...
- Bəlkə qəribə səslənəcək.
“Ya bir ola, ya iki” mahnısı vardı və təbii ki, bunu
anam oxuyanda eşitmişdim. O mahnını ifa edəndə hələ
məktəbə getmirdim.
- Muğam ifaçısı olmasanız da,
muğamı bilirsiniz və hiss olunur ki, bundan çox məmnunsunuz.
- Azərbaycan musiqisinin özəyi muğamdır. Bəxtiyar
Vahabzadənin muğam haqqında belə bir misrası var:
“Daş ürəklərdə yanıb daşları
sındırdı muğam”. Muğam bir möcüzədir,
muğam bir sehrdir ki, onu yalnız qəlbən dərk etdikdə
başa düşmək olar. Muğam sırf bizə aid olan
bir sahə olmasa da, Azərbaycan muğamı qeyri-millətləri
belə, ovsunlamağı bacarıb. Yenə də Bəxtiyar
Vahabzadəyə istinad edəcəyəm: “Haqqa düşmən
olanı haqqa tapındırdı muğam”. Mənim
düşüncəmdə o müğənnilər ki, milli
musiqini kifayət qədər bilmir, onların bir tərəfi
sənət yolunda həmişə axsaq olaraq qalacaq.
Əlifbanı yarımçıq bilən üçün
yazıb-oxumaq necədirsə, Azərbaycan milli musiqisini bilmədən
sənət yolunda yürümək də elədir. Demirəm
hamı xalq mahnılarını, muğamları mükəmməl
bilməlidir. Hərənin öz üslubu, dəst-xətti,
seçdiyi musiqi janrı var. Milli kimliyimizi bildiyimiz kimi, milli
musiqimizə də söykənmək vacibdir.
- Yaradıcılığınızda məşhur
ifaçılarla duet ortaqlarınız da olub. Onların
arasında Xalq artisti Brilyant Dadaşova ilə daha çox
duetlər oxumusunuz. Onunla işləmək daha rahat olub yəqin
ki.
- Duet ortaqlarım mənim sənət
dostlarımdır və hər biri özlüyündə
böyük istedad sahibidirlər. Amma burda nəsil fərqini də
nəzərə almaq lazımdır. Brilyant Dadaşova ilə
tanışlığımız çox uzaq illərə
söykənir, çox layihələrdə bərabər
iş birliyimiz olub və dostluğumuz bu günə qədər
davam edir. Baxmayaraq ki, mənə mütəmadi duet təklifləri
gəlir, mən son zamanlar sənətin bu sahəsindən bir
qədər aralanmışam. Amma əgər vətənpərvərlik
ruhunda mahnılar olarsa, böyük məmnuniyyətlə,
ürəklə duet oxumağa hazıram. Hərə öz
sahəsində Vətəninin əsgəridir. Mən də sənətimlə,
ifamla, mahnılarımla vətənpərvərliklə
bağlı nə varsa, orada hər zaman olmuşam və varam,
o cümlədən duetlərdə də.
- Daha çox həzin,
lirik mahnıların ifaçısı kimi sizi tanıyan
tamaşaçının gözündən ciddiliyiniz
heç də yayınmayıb.
- Bunu tez-tez eşidirəm, çünki elin
gözü tərəzidir. Deyilən ciddiliklə
yanaşı, mülayim xarakterli, özümə qarşı
gördüyüm sevginin qarşılığını verə
bilən biriyəm. Bu sevgi, hörmət, diqqət
qazandığım uğurların açarı olub hər
zaman. Bununla belə, istər sənətimdə, istər həyatda
ciddiliyim öz yerində qalıb.
- Yəqin ki, sənət adamları arasında
yaxın dostlarınız da var.
- Dostluq illərlə qazanılan münasibətlər
üzərində qurulur. Bu gün tanış olduğun
birini sabah dost adlandırmaq mənə görə
düzgün yanaşma deyil. Yaxın dostlarım var ki, bu
münasibətlər altmış illik bir yolla yürüyərək
gəlib. Onların mənim üçün çəkisinin
ölçüsü yoxdur. Ümumiyyətlə isə dostlarım
çoxdur və onların hər birinin öz yeri, öz dəyəri
var. O ki qaldı sənət dostlarıma,
düşünürəm ki, musiqi aləmində mənim qədər
sülhsevər, mehriban insan yoxdur. Hamı xətrimi istəyir,
hörmət edir, təbii ki, bu,
qarşılıqlıdır. Sənətdə olan hər kəs
mənim dostlarımdır.
- Bir az da Azərbaycan mədəniyyətinin bu
günündən danışaq.
- Mədəniyyətimizdə inkişaf çoxdur, mən
bunu öz sahəmizdə görürəm. Düzdür,
insanları da, peşəkarları da, mütəxəssisləri
də narahat edən bayağı mahnılar var, sürətlə
yayılır və özünün dinləyici
auditoriyasını da qazanır, çünki zövqlər
müxtəlifdir. Təəssüf ki, bunun
qarşısını almaq olmur. Amma Azərbaycan musiqisindəki
inkişafı görməzlikdən gəlmək olmaz. Əvvəla
çox istedadlı gənc nəsil yetişir, mən bunu
çalışdığım Milli Konservatoriyada
görürəm. İnstrumentalistlər var ki, hədsiz dərəcədə
inkişaf edir, onları çox bəyənirəm, eyni
zamanda zövq də alıram.
- Gənclərdən böyük həvəslə
danışırsınız. Amma onların istəkləri də
çox böyükdür.
- Vallah, konkret nə istədiklərini deyə bilmərəm.
Etiraf edirəm ki, gənclər əksər hallarda şou aləmini,
efirə, səhnəyə çıxmağı,
yaxşı gəlir əldə etməyi, işin biznes tərəfini
düşünür. Lakin elə tələbələr də
var ki, onlarda sənətə sevgi, maraq, həvəs çox
böyükdür. Heç uzağa getməyim, tələbəm
Nigar Rəhimovada gördüyüm entuziazm məni heyrətə
gətirir. Ona təklif etdiyim hər hansı bir
mahnını, inanın, bir günə öyrənib gəlir.
Onun seçdiyi sənətə yanaşmasını, sevgisini
görəndə, heyrətlənməklə bərabər,
qürur hissi yaşamadan dayanmaq olmur. Nədənsə
zövq alanda bəzən belə bir söz işlədirik -
feyzyab olmaq. Bu tələbəmi dinlədikcə, onun
ifasından feyzyab olmamaq, mümkün deyil. Nə yaxşı
ki, belə gənclərimiz çoxdur.
- Günümüzdə Qərbdən gəlsə də,
özünə kifayət qədər yer edə bilən
şou aləmi var və Azərbaycan
tamaşaçısı üçün bu, çox
maraqlıdır...
- Şou miqyasa və kütləyə bağlı bir
səhnədir və zənnimcə, bu şou bizdə var. Həqiqət
naminə demək lazımdır ki, yaxşı şoular az
deyil. Təqdim olunan konsert proqramlarında, efirlərdə bunu
görürəm və gənclərimiz də özlərinəməxsus
yaxşı şou nümayiş etdirə bilir. Sualda qərb
sözünü işlətdiniz. Yaxşı modeldən
nümunə götürmək olar, bir şərtlə ki,
ora öz çalarlarını qata biləsən. Sahəsindən
asılı olmayaraq, insan əl qoyduğu işə həm
mükəmməl, həm də peşəkarcasına
yanaşmağı bacarmalıdır. Təkrarçılıq
anlayışı mənim üçün qəbuledilməzdir.
Lakin nədənsə nümunə götürmək, ona
öz nəfəsini qatmaqla ərsəyə gətirməyin əleyhinə
deyiləm.
- Amma o da var ki, şou adı altında yersiz
qalmaqallar, eybəcərliklər də kifayət qədərdir.
Bu isə yeni nəslin zövqünü korlaya bilir.
- Razıyam... Konfliktlər təkcə sənət aləmində
deyil, istənilən sahədə mövcuddur. Sadəcə
olaraq sənət aləmi daha çox göz önündədir,
tamaşaçının diqqət mərkəzindədir və
bundan da istifadə edərək arzu olunmayan halları insanlara
təqdim edirlər. Bu, təkcə bizdə deyil,
dünyanın hər yerində belə qalmaqallar,
toqquşmalar, çaxnaşmalar var. Bu gün buna reytinq
qazanmaq kimi bir ad verilib. Mən isə düşünürəm
ki, belə xallar qazanmaqdansa, mədəni rəqabət aparmaq
daha yaxşı olar. Paxıllıq, həsəd yox, məhz rəqabət.
Tamaşaçı mənim işimi bəyənirsə, mənə
daha çox baxırsa, sən də çalış daha
yaxşı, insanların marağına səbəb olan bir məhsulla
ortaya çıx, özünü göstər və təsdiqlə.
Bu gün informasiya bolluğunun sərhədi yoxdur. Təəssüfedici
də odur ki, bu günün insanı sarı mətbuata,
qalmaqallı proqramlara daha çox meyillidir. Bunu əldə əsas
tutaraq, məşhurlar, tanınmışlar arasındakı
konfliktlər, ailə münaqişələri, yersiz
qalmaqallar gündəmi zəbt edir. Ailə hər kəsin
daxili dünyasıdır, onun içində baş verənlərin
xırdalıqlarını ümumi müzakirəyə
çıxarmaq olmaz. Əgər bir ailədə
qarşısıalınmaz bir təhlükə,
zorakılıq halları olarsa, ictimaiyyət ona münasibət
göstərə bilər. Yoxsa, lazımsız, əxlaqa, mədəniyyətə
sığmayan söhbətlər ailə kandarından kənara
çıxmamalıdır. Bu, mənim fikrimdir.
- Hiss etdim ki, Vətənə çox
bağlısınız.
- Azərbaycan kimi bir Vətənə sahib olmaq və
ona bağlanmamaq qeyri-mümkündür. Azdan-çoxdan
dünyanı gəzmişəm, vaxt olub ki, işlə əlaqədar
bir neçə ay Vətəndən kənarda qalmalı
olmuşam. Elə bir an olur ki, hiss edirsən bu dəqiqə Vətəndə
olmaq istəyirsən, gözünə heç nə
görünmür, amma əlin çatmır axı.
İnsanın əlinin çatdığı,
ününün yetdiyi yeganə məkan Vətəndir.
Tanrı hamıya Vətəni həmişə əlçatan
etsin.
- Üç oğlunuz var, lakin yolunuzu davam etdrən
yoxdur.
- Hər üçünün musiqi duyumu, sənətə
sevgisi var, lakin hərə öz yolu ilə gedir. Əslində
davamçının olmasını özüm istəmədim.
Bizim sənətin çətinlikləri çoxdur. Mən
özüm o çətinlikləri görüb onlarla
üz-üzə qaldığım üçün istəmədim
ki, övladlarım da bunları yaşasın. Hər bir
valideynin övladını qoruduğu kimi...
- Fərz edək ki, əlinizdə zamanı geri
fırlatmaq kimi bir imkanınız var.
- Düşünmədən uşaqlığıma
qayıdardım. Nağıl dünyamı bir də
yaşamaq istərdim. Orada yenidən anamın səsini
eşitmək, nəfəsini duymaq, ifasındakı xalq
mahnılarını dinləmək istərdim. Ona görə
ki, o çağlarda dünya daha təmiz idi.
- Hamı ilə səmimi münasibətində olan
İlqar Muradov yəqin ki, jurnalistlərlə də dostdur...
- Jurnalistlərə həmişə böyük
hörmətim olub, bunu bilənlər də az deyil. Nə
yaxşı ki, varsınız, sıralarınızda kifayət
qədər seçilənlər də var. Amma bəzən
jurnalistlərdən müəyyən gileylər olur. Mən
bunu sənət aləminə istinadən deyirəm. Ən
çox da deyilən sözün yanlış şəkildə
təqdim edilməsi qalmaqal yarada bilir. Ola bilsin ki, belə
nöqsanı olan jurnalistlər var və bu üsul onların
populyarlıq qazanmasına xidmət edir. Düşünürəm
ki, belə hallar olmasa, daha yaxşıdır. Bildiyim qədər
bu il mətbuatın 150 yaşı qeyd olunacaq. Arzu edirəm
ki, jurnalistlər həmişə sözün sərrafı
olmağı bacarsın.
SÖZARDI: Yaxşı arzudur, deyilmi? Böyük
Füzuli demiş:
“Artıran söz qədrini sidq ilə qədrin
artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz...”
Gəlin sözümüzün də,
özümüzün də dəyərini bilək, əziz həmkarlar.
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2025.- 6 iyun(¹98).-S.13.