Ermənistanda
iqtidar-kilsə qarşıdurması
Ermənistanda artıq bir müddətdir ki, iqtidar-kilsə
qarşıdurması davam edir. Söhbət Baş nazir Nikol
Paşinyanla Erməni Apostol Kilsəsinin rəhbəri,
bütün ermənilərin katolikosu II Qaregin
arasındakı gərginlikdən gedir. Proseslərin gedişi
gərginliyin daha da artacağını deməyə əsas
verir.
Hazırkı qarşıdurmanın səbəblərinə
toxunmazdan əvvəl qeyd etmək lazımdır ki, Ermənistanda
kilsə tarixi boyunca dini deyil, siyasi işlərlə məşğul
olub. Terrorizmə dəstək vermək, bütün erməniləri
qondarma “erməni soyqırımı”na görə qisasa
çağırmaq, erməni terror qruplaşmalarına yerinə
yetirmələri üçün cinayət planları
hazırlamaq, onlara maddi yardım göstərmək, tarixi
hadisələri saxtalaşdırmaq, erməni xalqının
“qədimliyi” və “əzabkeşliyi” haqqında müxtəlif
miflər yaratmaq erməni kilsəsinin fəaliyyətində
xüsusi yeri tutur. Vaxtilə erməni terror təşkilatlarının
meydana gəlməsində və formalaşmasında erməni
kilsəsi birbaşa iştirak edib. Tarix boyu
soydaşlarımıza qarşı həyata keçirilən
qırğınlar, soyqırımları məhz erməni
kilsəsinin çağırışı və dəstəyi
ilə baş verib.
Tarixən erməni katolikoslarının fəaliyyətinin
əsasında erməni millətçiliyi türk-müsəlman
əhalisinə qarşı düşmənçilik dayanıb.
II Qaregin də öz sələflərinin yolunu davam etdirib,
sülhə deyil, daim Azərbaycanla müharibəyə
çağırışlar edib.
İndiki gərginlik heç şübhəsiz ki,
siyasi amillərlə bağlıdır. Daha dəqiq desək,
Ermənistanda revanşistlərin, sabiq cinayətkar xunta rejimlərinin
rəhbərlərinin fəallaşması fonunda kilsənin də
hakimiyyətlə qarşıdurması təsadüfi deyil.
Erməni kilsəsi yenə də siyasi sifariş yerinə
yetirir. Bu sifarişin təkcə daxildən deyil, həm də
bəzi xarici qüvvələr tərəfindən verildiyi də
istisna edilmir. Məqsəd təbii ki, hakimiyyət
çevrilişinə nail olmaqdır. Ermənistanda din xadimləri
bir müddətdir ki, məhz buna nail olmağa
çalışırlar. Sabiq xunta rejimlərində təmsil
olunmuş bəzi şəxslərin Paşinyanın Erməni
Apostol Kilsəsinə və onun yüksək rütbəli
ruhanilərinə qarşı səsləndirdiyi fikirləri
ciddi tənqid edir, bunun yolverilməz və təhlükəli
olduğunu, Ermənistan dövlətçiliyinin təməlini
sarsıtdığını deyirlər.
Paşinyan baş verənlərin fərqində
olduğu üçün və gələn il keçiriləcək
seçkilərdə hakimiyyəti əldən verməmək
üçün kilsəyə qarşı hücuma keçərək,
onu korrupsiyada və rüşvətxorluqda
günahlandırdı.
Erməni Apostol Kilsəsinin nümayəndələri
isə Paşinyanı həyat yoldaşı ilə nikaha girməməkdə
ittiham ediblər. Baş nazir cavabında onları subaylıq
andını pozmaqda günahlandırıb: “Bəziləri mənim
Anna Akopyanla rəsmi evli olmadığımdan narahatdır.
Bizim ruhani elitamızın yarısı eyni vəziyyətdədir.
Bu isə heç kimi narahat etmir. Bəlkə də sual vermək
lazımdır: yepiskoplarımızdan neçəsi həqiqətən
subaylıq andına əməl edir?”
O, keşişlərin öz yaxınlarının
arvadları ilə əxlaqsız həyat
yaşadıqlarını yazaraq Apostol Kilsəsinin nümayəndələrini
sərt ifadələrlə ittiham edib.
Ermənistanın Baş naziri dünən sosial şəbəkə
hesabında yenidən Katolikos II Qareginin subaylıq
andını pozub-pozmaması və övladının
olub-olmaması ilə bağlı suallara cavab verməyə
çağırıb: “Mənim təsəvvürümə
görə, bütün ermənilərin katolikosu danılmaz
nüfuz sahibidir, ədalətin dönməz müdafiəçisidir,
danılmaz həqiqət mənbəyidir. Mən bütün
ermənilərin katolikosunun həqiqəti gizlədə biləcəyinə
inana bilmirəm, bütün ermənilərin katolikosunun dilindən
həqiqətdən başqa bir şeyin çıxa biləcəyinə
inana bilmirəm. Bizim ondan həqiqəti eşitmək
haqqımız var”.
Göründüyü kimi, qarşılıqlı
ittihamlar davam edir. Gələn il Ermənistanda keçiriləcək
parlament seçkilərində çoxluğu qazanmaq
üçün Paşinyan həm kilsə, həm də dirilən
keçmiş cinayətkar rejim rəhbərləri - Robert
Köçaryan, Serj Sarkisyanı zərərsizləşdiməyi
bacarmalıdır. Bəs vəziyyət necə inkişaf edəcək?
Paşinyan öz istədiyinə nail ola biləcək?
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov
mövzu ilə bağlı “525”ə şərhində deyib
ki, Paşinyanın kilsə ilə baş-başa gəlməsi
onun tərəfdarları arasında narazılıq
yaradıb. O da tərəfdarlarını yığıb və
konkret deyib ki, kilsə onu devirmək üçün
tapşırıq alıb: “İndi söhbət dini deyil,
siyasi məsələdən gedir. Kilsə siyasi proseslərə
və bilavasitə Paşinyanı devirməklə
bağlı açıq şəkildə işlərə
qarışıb. Ötən il arxiyepiskop Baqrat Qalstayan proseslərə
rəhbərlik edirdi, katolikos özünü kənarda
saxlayırdı, ancaq bütün təlimatlar kilsədən
alınır, yığıncaqlar hamısı kilsələrdə
keçirilirdi. İndi də hücum hazırlanır,
özü də bilavasitə Moskvadan idarə olunaraq.
Paşinyan da siyasi mübarizəsini aparır”.
R.Musabəyov hesab edir ki, hazırda kilsənin əli
ilə kimisə hakimiyyətə gətirmək iqtidarında
deyillər: “Həmin qüvvələr anlayırlar ki,
parlamentdə Paşinyana qarşı təzyiq edib, onu
impiçmentə məruz qoymaq mümkün deyil. Bunun
üçün küçələrə 100-200 min adam
toplanmalıdırlar. Bu vaxta kimi göstərdikləri
bütün səylərə baxmayaraq, 10-15 mindən artıq
tərəfdar toplaya bilməyiblər.
İndi də Paşinyanın əleyhdarları ilə
bağlı əminlik yoxdur. Yəni Paşinyanın nüfuzu
xeyli aşağı düşsə də, ancaq onun üzdə
olan rəqibləri Serj Sarkisyanın, Robet Köçəryanın
nüfuzları ümumiyyətlə 1-2 faizdir. Alternativ namizəd
yoxdur. Onlar alternativ tapmayana qədər düşünürəm
ki, Paşinyanı devirə bilməyəcəklər. Amma
istisna etmirəm ki, Moskvanın məqsədi
ikibaşlıdır. Mümkün olarsa, Paşinyanı devirmək,
əks halda elə bir təzyiq təşkil etmək ki, məcbur
olub Moskvanın ayağına getsin. Məsələ bundan ibarətdir.
Nikol Paşinyan əvvələr özünü daha
arxayın aparırdı. Bu, ilk növbədə onun
insanlardan aldığı dəstəyin nəticəsi idi,
amma indi dediyim kimi, nüfuzu aşağı düşüb,
öz dəstəyini itirəndən sonra onu nə Fransa
prezidenti Makron, nə də Avropa İttifaqından kimsə
xilas edə biləcək. Paşinyan çalışır
ki, öz mövqeyini möhkəmləndirsin. Polisin rəhbərini
dəyişdi, Konstitusiya Məhkəməsi, Ali Məhkəmədə
dəyişikliklər edir ki, inzibati nəzarəti ilə
aşağı düşən nüfuzunu kompensasiya etsin.
Bunu nə dərəcədə bacaracaq, nəzəri cəhətdən
cavab vermək mümkün deyil, bu, gərək sınaqdan
keçsin”.
Ermənistan liderinin kilsəni siyasətdən kənarda
tutmağa nail ola biləcəyinə gəlincə, R.Musabəyova
görə, bunun üçün gərək Paşinyan kilsənin
rəhbərliyini dəyişsin: “Özü də bir nəfəri
deyil, demək olar ki, oradakıların hamısı
çirkab içindədirlər. Kilsə təmiz qalsın,
kimlərsə çirkab içində olsun, yox, onlar
hamısı dəllallıqla, bizneslə məşğuldurlar,
özəl həyatları da heç də nümunəvi
deyil. Bunlar hamısı göz qabağındadır.
Paşinyanın özünün də həyat yoldaşı
ilə nə qanuni, nə də kilsədə nikahı var.
Kilsə onu ənənələri pozmaqda ittiham etməyə
başlayanda, ailəsinin nümunəvi
olmadığını deyəndə, o, cavabında öz əks
arqumentlərini ortaya qoyaraq, bildirdi ki, əslində onların
nə həyat yoldaşları, nə uşaqları
olmalıdır. Amma qanunsuz olaraq qadınları da,
uşaqları da var. Bunun nəticəsində onsuz da insanların
arasında nüfuzu yüksək olmayan kilsənin nüfuzu
bir az da aşağı düşəcək”.
R.Musabəyov əlavə edib ki, baş verənlərin
Azərbaycan üçün heç bir təhlükəsi
yoxdur: “Başları özlərinə nə qədər
çox qarışsa, o qədər yaxşıdır. Ermənistan
bu gün Azərbaycan üçün rəqib deyil. Bu gün
Ermənistan bir toplum kimi sülhdə maraqlı
olmalıdır. Onların iqtisadiyyatları Azərbaycanla
müqayisədə çox kiçik və zəifdir. Hərbi
sahədə bizimlə yarışmaq istəyi ona gətirib
çıxarır ki, büdcə imkanları məhdudlaşır,
hansısa bir sosial proqramlar ləğv olunur. Digər tərəfdən
anlayırlar ki, nə qədər dəridən-qabıqdan
çıxsalar da, Rusiya öz himayəsini
dayandırdığı, əlini çəkdiyi halda,
cınqırlarını belə çıxara bilməzlər.
Bir tərəfdə Türkiyə, digər tərəfdə
Azərbaycan. Sülh onlara Azərbaycandan daha vacibdir. Türkiyə
ilə sərhədlərinin açılmasını istəyirlər.
İndi bütün ümidlərini ona bağlayırlar ki,
ABŞ, Avropa İttifaqı Azərbaycandan ciddi təkid edəcək
ki, sülh müqaviləsi imzalansın və bölgədə
sülh olsun. Azərbaycanın müəyyən tələbləri
var, götür-qoy etsinlər, ancaq hər bir halda Ermənistandakı
daxili vəziyyət Azərbaycan üçün o dərəcədə
vacib də deyil, sülh sazişini imzalamaqla bağlı da tələsməyə
bizi heç nə vadar etmir”.
Pərvanə
525-ci qəzet .- 2025.- 6 iyun(¹98).-S.6.