Böyük Qayıdışda yeni
mərhələ: milli səviyyəli nəhəng fəaliyyət
proqramı
"Azərbaycan Respublikasının 2027-2030-cu illərdə
sosial-iqtisadi inkişaf Strategiyası" və "Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa dair II Dövlət
Proqramı" hazırlanacaq. Prezident İlham Əliyev bununla
bağlı Sərəncam imzalayıb. Sərəncamla Nazirlər
Kabinetinə "Azərbaycan Respublikasının 2027-2030-cu
illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın
və "Azərbaycan Respublikasının işğaldan azad
edilmiş ərazilərinə Böyük Qayıdışa
dair II Dövlət Proqramı"nın layihələrini,
habelə həmin layihələrdə nəzərdə
tutulmuş tədbirlərin həyata keçirilməsi
üçün zəruri maliyyə vəsaitinin həcminə
və maliyyələşmə mənbələrinə dair təkliflərini
doqquz ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etmək
tapşırılıb.
Sərəncama əsasən Nazirlər Kabineti nəzərdə
tutulan layihələr hazırlanarkən 2027-2030-cu illərdə
hazırlanması planlaşdırılan dövlət
proqramlarının, strategiyaların, milli fəaliyyət
planlarının, konsepsiyaların və bu kimi digər sənədlərin
"Azərbaycan Respublikasının 2027-2030-cu illərdə
sosial-iqtisadi inkişaf Strategiyası"nda əhatə
olunmasını, qabaqcıl beynəlxalq təşkilatlarla və
ixtisaslaşmış məsləhətçi şirkətlərlə
səmərəli əməkdaşlığın həyata
keçirilməsini, aidiyyəti dövlət
orqanlarının (qurumlarının), elmi təşkilatların,
mütəxəssislərin və vətəndaş cəmiyyəti
təsisatlarının cəlb olunmasını təmin etməlidir.
Həmçinin Sərəncamda qeyd edilib ki,
sözügedən Strategiya sosial-iqtisadi inkişaf üzrə
müəyyən edilmiş beş Milli Prioritet əsasında
həyata keçirilir. Həmin Strategiyanın ardıcıl və
sistemli icrası sayəsində iqtisadiyyatın xarici təsirlərə
qarşı dayanıqlığı daha da möhkəmlənib,
şaxələnməsi dərinləşib, iqtisadi artım
davamlı və inklüziv xarakter alıb, əhalinin rifah səviyyəsi
yüksəlib və gələcək nəsillər
üçün irihəcmli maliyyə ehtiyatları
formalaşıb.
Qeyd olunan nəticələrin əldə edilməsində
özəl təşəbbüslərin və
investisiyaların cəlbinin təşviqi, biznes mühitinin əlverişliliyinin
dəstəklənməsi, qlobal bazarlara çıxış
imkanlarının genişləndirilməsi, eləcə də
rəqəmsallaşma və insan kapitalının
inkişafı mühüm rol oynayəb. Bununla yanaşı,
işğaldan azad edilmiş ərazilərin bərpası və
iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz
yurdlarına təhlükəsiz şəkildə
qayıtması, habelə Qarabağ və Şərqi Zəngəzurda
dayanıqlı məskunlaşmanın və məşğulluğun
təmin olunması istiqamətində görülən
işlər Böyük Qayıdış prosesini ölkənin
sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz
tərkib hissəsinə çevirib.
Azərbaycan qarşıdakı illərdə daha
mürəkkəb çağırışların və zəngin
imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə
daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin
dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi,
eləcə də süni intellekt əsaslı
texnologiyaların geniş tətbiqi ilə səciyyələnir.
Politoloq İlyas Hüseynov deyir ki, Böyük
Qayıdış proqramı çərçivəsində
Azərbaycan dövləti indiyədək bir sıra uğurlu
addımlar atıb. Bu addımlar həm daxili siyasətə, həm
də xarici siyasətə təsir göstərir. Daxili siyasət
ərazilərin minadan təmizlənməsi, keçmiş məcburi
köçkünlərin öz doğma yurdlarına
qayıdışı, onların məşğulluğunun təmin
olunması, bölgədə infrastrukturun təminatı,
yaşayış binalarının tikintisi ilə
müşahidə olunur: "Bizim üçün əsas məsələ
keçmiş məcburi köçkünlərin dövlət
qayğısı ilə əhatə olunmasıdır. Eyni
zamanda Böyük Qayıdışın xarici siyasətə
də təsiri mövcuddur. Çünki Cənubi Qafqazla
maraqlanan ekspertlər, iqtisadçılar və diplomatlar
görürlər ki, Azərbaycan sürətli şəkildə
bölgənin yenidən qurulmasında iştirak edir. Həmçinin
bölgənin sahibi kimi davranır".
Politoloqa görə, alternativ və bərpa olunan
enerji müstəvisində bu bölgənin iqtisadi
potensialının Azərbaycan iqtisadiyyatına transferi, bununla
yanaşı, bölgənin inkişafı turizmin
inkişafı baxımdan önəmlidir. Ona görə də
burada bütün proseslər paralel icra olunmaqdadır. Eyni
zamanda "Böyük Qayıdış" proqramı
çərçivəsində mühüm istiqamətlər
yaranır. Bölgəyə investisiya cəlb olunur.
Politoloq Elçin Abdullayev bildirib ki, Azərbaycan
öz ərazi bütövlüyünü bərpa etdikdən
sonra ölkənin siyasi gündəliyində xüsusi yer
tutan bir mərhələyə qədəm qoydu ki, bu mərhələnin
adı Böyük Qayıdışdır: "Böyük
Qayıdış təkcə humanitar, yaxud da sosial-iqtisadi mərhələdən
ibarət deyil. Burada həm də milli birliklə
yanaşı, milli təhlükəsizlik məsələsi də
önəmli rol oynayır. Azad edilmiş ərazilərimizdə
böyük iqtisadi canlanma var. Bu canlanma şəhərlərarası
iqtisadi tarazlığın bərpasına xidmət edir. Azərbaycan
insanının əksər hissəsi özünün dolanışığını
Bakı üzərindən və digər böyük şəhərlər
üzərindən təmin etməyə
çalışır. Artıq azad olunmuş ərazilərdə
həyata keçirilən iqtisadi layihələr, infrastruktur
layihələri insanların həm də işlə təmin
olunmasına, onların ailələrini dolandırmasına
xidmət edir. Bu, məsələnin iqtisadi tərəfidir.
Amma milli kimlik və ədalətin bərpası
baxımından da çox böyük önəm var. 30 ilə
yaxın müddət ərzində öz doğma
yurd-yuvalarından qovulmuş insanların yenidən öz
doğulduqları torpaqlarına qayıtması tarixin ən
böyük ədalətinin bərpasıdır. Qarabağ
torpağında Böyük Qayıdış proqramı
çərçivəsində infrastrukturların yenidən
formalaşdırılması və orada mülki həyatın
bərpası həm ölkə daxilində, həm də
regional təhlükəsizlik baxımından da xüsusi
önəm daşımalıdır. Nəticədə
Böyük Qayıdış proqramı mənə görə,
Azərbaycanın siyasi gündəliyində sadəcə
sosial layihə deyil. Bütövlükdə Qarabağa
dönüş prosesi həm də tarixi ədalətin və
ölkədaxili, regional təhlükəsizliyin nişanəsi
kimi qəbul olunmalıdır".
Politoloq Tofiq Abbasovun sözlərinə görə,
Böyük Qayıdış proqramı bizim milli səviyyədə
qəbul olunmuş fəaliyyət proqramımızdır.
Əsas mahiyyəti ondan ibarətdir ki, insanlar doğma
yurd-yuvalarına qayıtsınlar. Çünki müharibə
ucbatından Azərbaycanın bir neçə yüz min əhalisi
həm öz torpağından didərgin düşdü, həm
də öz ölkəmizdə məcburi köçkün
statusu qazandı. Odur ki, insanlar doğma yurd-yuvalarında
olandan sonra məcburən miqrasiya etdikdə həmişə
böyük sarsıntılar, sıxıntılar
yaşayırlar. Onların da əsas məqsədi ondan ibarətdir
ki, yurdlarına qayıtsınlar. Bu prosesdə dövlət,
ilk növbədə Prezident İlham Əliyev onlara ali dəstəkçidir.
Bu, bizim milli qeyrət işimizə çevrilib. Bir yandan
işğalçıları torpaqlarımızdan rədd
etdik. Digər tərəfdən isə
soydaşlarımızın qayıdışı bizə
vacib məsələyə çevrilib. Bu bölgələrin
bərpası, yenidən qurulması, infrastrukturun
yaradılması, hamısı insanların gözləntilərinə
cavab verən proseslərdir. Prezident İlham Əliyevin
bilavasitə nəzarəti ilə həyata keçirilir.
Çünki yüksək standartlara cavab vermək
lazımdır. "Ağıllı şəhər" və
"Ağıllı kənd" prinsipini realizə etmək
vacibdir. Digər tərəfdən artıq müasir dönəmdə
gələcəyin çağırışlarına cavab
verməyə çalışmaq lazımdır. Bu
baxımdan ən mütərəqqi üsullarla və innovativ
həll yolları ilə Azərbaycan Respublikasının
yaradıcı qüvvələri işləri bərqərar
edirlər. Digər tərəfdən də Şərqi Zəngəzurda
da, Qarabağda elə vəziyyət formalaşıb ki, xarici
qonaqlar da gələndə valeh olurlar. Beş il deyil ki, qəsbkar
ölkəni ərazilərimizdən
çıxarmışıq. Buna baxmayaraq, yeni şəhərlər,
qəsəbələr sürətlə ayağa qalxır.
Biz uzun müddət əsirlikdə olan
torpağımızı həm azad etmişik, həm də
onun təbii görünüşünü ona
qaytarırıq: "Bu o deməkdir ki, insanların
yaşayış tərzi yaxşılaşacaq,
yaşayış keyfiyyəti yüksələcək, iş
yerləri açılmalıdır və açılır.
Çünki şəhərləri tikmək hələ az məsələdir,
gərək orada sosial zəmində olan mexanizmlər işə
düşsün. İnsanlar işləməlidir ki, özlərini
dolandıra bilsinlər. Uşaqlarını məktəbə,
bağçaya göndərməlidirlər. Dövlət
obyektləri, mədəni obyektlər, muzeylər
yaradıcılıq studiyaları gərək öz yerlərini
tutsun. İlk növbədə bizim üçün ən
vacib olan insanları işlə təmin etməkdir.
Görürük ki, Prezident İlham Əliyev Qarabağa,
Şərqi Zəngəzura səfər etdikdə həmişə
yeni obyektlərin təməlqoyma mərasimlərində
iştirak edir. Özü bilavasitə bu proseslərə nəzarət
edir. 2020-2021-ci ildən bəri tikilən obyektlərin istifadəyə
verilməsinin şahidi oluruq. Bu həm simvolik göstəricidir,
həm də gözləntilərimizə uyğundur.
Çünki Prezident bizim həm hərbi qələbəmizin
memarıdır, həm də əmək cəbhəsində əldə
etdiyimiz bütün uğurların təminatçısıdır.
Odur ki, bu proseslərdən yalnız məmnunuq. Həm bizi fərəhləndirir,
həm də dünya qarşısında
sözümüzü deyirik. Bir tərəfdən hərbi qələbə
əldə etdik, digər tərəfdən də düşməni
yerlə-yeksan etdik. O torpaqlara yenidən həyat gətiririk.
Çiçəklənmiş şəhər, qəsəbələrimiz
var idi, insanlar yaşayıb-yaratmışdılar.
Torpaqlarımızı azad edəndə salamat bina yox idi.
İndi biz fərəh hissi ilə yenidən qurulan şəhər,
qəsəbələrimizin göz oxşayan görkəmini
görürük. Bu, həm sevinc mənbəyidir, həm də
fəaliyyətimizi yeni səviyyədə həyata
keçirməyimiz üçün
çağırışdır".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 11 iyun(№ 99).- S.15.