Atın üstündəki türk
deyilsə, yükdür
Esse
Bir atalar sözündə deyilir: "Papaqdı,
arvaddı, atdı; kişiyə urvatdı". Deməli,
türklərin namus atributlarından biri də atdır. Bizim
söhbətimiz də at, daha doğrusu, at və insan
(türk) münasibətləri haqqında olacaq.
Tədqiqatçılar qeyd edirlər ki, dünyada ilk
dəfə atı əhliləşdirənlər türklər
olublar. Onlar ata minən ilk insanlar hesab olunurlar. Atlar qədim
zamanlardan türklərin siyasi, dini, iqtisadi və ictimai həyatında
mühüm rol oynamışdır. Türk-at ünsiyyəti
ancaq maddi tələbatdan yaranan insan-heyvan münasibəti
deyil, bu, həm də iki dostun, silahdaşın mənəvi
bağlılığıdır. Təsadüfi deyildir ki,
türklər "At igidin qardaşıdır", - deyirlər.
Qardaş isə insana ən yaxın varlıqdır. Atın
qardaş hesab olunması onun insanla bərabər
tutulmasını, atın türk igidi üçün son dərəcə
qiymətli varlıq hesab olunmasını göstərir.
Vaxtı ilə Mahmud Kaşğarlı "Divan-ı
lüğat-it türk" əsərində "Quş
qanadı, atı adam" ifadəsini yazır və "At
türkün qanadıdır" cümləsini işlətmişdir.
Atlar öz sahiblərinə qarşı çox sədaqətli
heyvanlardır. Onlar yaralanmış, yaxud ölmüş
sahiblərini heç vaxt tərk etmirlər.
Folklor və yazılı ədəbiyyat nümunələrində
türkün həyatında atın önəmi barədə
saysız-hesabsız bədii nümunələr vardır. Ata
verilən önəm atalar sözləri və deyimlərdə,
həmçinin inanclarda da öz əksini
tapmışdır. Məsələn, "At türkün
qanadıdır", "Türk çadırda doğar, at
üstündə ölər", "Atı quyruqlu
olanın sözü buyruqlu olar", "Sabah qalx atanı
gör, atandan sonra atını gör", "At
ölümü, ər ölümü olmasın" və
s. Qapıya nal vurmaq isə bəd qüvvələrin
qapıdan daxil olmasının qarşısını
alırmış. At olan yerə şər ruhlar gəlməzmiş.
Onu da qeyd edək ki, at çox qədim zamanlarda
kultlaşdırılan, rəmzləşdirilən heyvanlardan
biri olub. At kultunun varlığı da bunu göstərir.
Atı müqəddəs hesab edən türklər hətta
tuğlarının (bayraqlarının) ucuna da at quyruqları
taxarlarmış.
Atın türklərin həyatındakı önəmini
və yerini görkəmli yazıçımız
İ.Şıxlının "Dəli Kür"
romanının qəhrəmanı Cahandar ağanın öz
atı Qəmərə müraciətlə söylədikləri
möhtəşəm səviyyədə
açıqlayır. O, düşmənləri tərəfindən
yalı, quyruğu qırxılmış ata - Qəmərə üzünü tutub acı-acı
deyir: "İndi mən nə edim, Qəmər? Axı sən
mənim sirdaşım, dar günümdə harayçım
idin. Sən məni çox dardan çıxarmısan. Sən
mənim ürəyimdən keçənləri balaca bir
işarədən başa düşürdün. Sən
quşdan ayıq və ehtiyatlı bir atsan, Qəmər.
Çox qaranlıq gecələrdə məndən qabaq, yolda
təhlükə olduğunu sən başa düşübsən.
Qulağını yapıxdırıb sakitcə dayanmısan
və məni başa salmısan ki, irəli getmək olmaz. Məndən
qabaq özün yolu dəyişmisən, Qəmər. Bir toyda,
bir nişanda geri qalmamısan, hələ indiyəcən
cıdırlarda səni keçən olmayıb. Məni
utandırmamısan, həmişə başımı uca eləmisən.
Neçə dəfə sənin yalına yatıb, gözlərinə
qurban, Qəmər, əlac sənə qalıb demişəm.
Sən quş kimi qanad açıb məni güllənin
altından çıxartmısan. Mən səni özümə
qardaş, sirdaş bilirdim, Qəmər, sən kişnəyəndə
ürəyim dağa dönürdü. Şahə qalxıb
fırlananda elə bilirdim yeri-göyü mənə
bağışlayırlar, Qəmər. İndi mən neyləyim,
sənin rüsvayçılığına necə
dözüm?"
Yazılı mənbələr, arxeoloji qazıntılar
zamanı ortaya çıxan faktlar, daşlar və qayalar
üzərindəki təsvirlər də türklərin həyatında
atın özəl bir yerə sahib olduğunu göstərir.
Türk alimi İ.Durmuş özünün "Türk
kültür çevrəsində at" məqaləsində
yazır ki, "türklər atlı mədəniyyətinin
qurucusu və yayıcısı olduqları kimi, həm də
bu mədəniyyətin gəlişdiricisi olaraq tarixdə
öz yerlərini almışlar. Onlar atlardan faydalanmaq
üçün mükəmməl texnikalara sahib olublar.
Xüsusi olaraq qeyd etmək istərdik ki, türk
qadınları da atdan istifadə etməkdə kişilərdən
geri qalmayıblar. Bu sahədə heç bir xalq türklərin
səviyyəsinə yüksələ bilməmişdir.
Boşuna deməmişlər ki, "atın üstündəki
türk deyilsə, yükdür".
Yuxarıda da qeyd etdiyimiz kimi, atlar qədim zamanlardan
türklərin sosial, hərbi, iqtisadi və dini həyatında
mühüm rol oynamışdır.
Türklərdə at ən çox istifadə edilən
heyvan olub. Əcnəbilərin "türklər at
üstündə yeyərlər, içərlər, söhbət
edərlər, yatarlar" və ya "türklər at üzərində
doğulmuşlar, yerdə yürüməyi bilməzlər"
ifadələri də bunu sübut edir.
Türklərin fəaliyyətinin əsasını təşkil
edən ov, heyvandarlıq və düşmənlə
döyüş həmişə at üstündə
keçib. Ova həm tək, həm də kollektiv şəkildə
at üstündə gediblər. Sürülərin
otarılması, otlaqdan otlağa, qışlaqdan yaylağa,
yaylaqdan qışlağa aparılması atın sayəsində
olub. Ümumiyyətlə, türklərin həyatı at
üstündə keçdiyindən onlarda atla bağlı
yüksək mədəniyyət, bacarıq və vərdişlər
formalaşmışdı. Məsələn, öz fərdi
xüsusiyyətlərini ata tanıtmaq, ona cəld minmək
bacarığı, at yüyürürkən onun
üstündə qılınc çalmaq və ox atmaq,
atın boynundan və qarnının altından keçmək,
qaçan atı yəhərləmək və ayaq üstə
durub ox atmaq və s.
Türklərin atı minik heyvanı olaraq istifadə
etmələri atçılıq idmanının da
yaranmasına və inkişafına səbəb olmuşdu. Bu
idman növləri arasında at yarışları başda
olmaqla cirit, covkan, kökböri və s. oyunlar daha məşhur
olub. M.Kaşqarlı "Divanı"ndakı at
yarışları haqqında məlumatlardan da
görünür ki, türk dünyasında belə
yarışlar geniş yayılıbmış.
Atın ilk dəfə savaş vasitəsi kimi istifadə
edilməsi və oxçu süvari ordularının
yaradılması da türklər tərəfindən
reallaşdırılmışdır. Türklər ilk dəfə
qoşqu, üzəngi, yəhər və cilovu kəşf
etmiş, onların sayəsində
sürətli həm nəqliyyat, həm də müharibə
vasitəsi əldə ediblər. S.S.Surazakov Altay qəhrəmanlıq
dastanları əsasında yazır ki, qəhrəman
yalnız öz döyüş atını əldə edəndən
sonra döyüşçüyə çevrilə bilir. At
türklərin gözündə adətən özü ilə
birlikdə savaşan bir silah yoldaşı olub. Türk qəhrəmanlarının
özləri kimi, onların atları da döyüşdə
fəal iştirak edər, zəfərə ortaq olar, qəhrəmanlar
kimi ad alar, öləndə isə xüsusi mərasimlə dəfn
olunardılar. Məhəmməd Peyğəmbər
demişdir ki, "Heç bir qara qüvvə damarlarında təmiz
qan axan atın qaldığı komanın üstünə
hücum etməyə cəsarət etməz, çünki hər
gecə mələklər göydən yerə enər və
atın alnından öpüb, sahibinə xeyir-dua verirlər".
Təsadüfi deyil ki, türklərin bir deyiminə görə,
"At işləməsə, ər öyünməz".
Türklərin hərbi gücünü artıran və
onların çoxlu dövlət qurmalarını təmin edən
ən başlıca səbəblərdən bir də,
şübhəsiz ki, at olmuşdur. Bunu yazılı mənbələr
də sübut edir. Məsələn, Hun hökmdarı Mo-tun
Çin imperatoruna göndərdiyi bir bəyanatda
"tanrının inayəti, zabitlərin, süvarilərin və
atların mükəmməliyi sayəsində iyirmi altı
dövləti yendiklərini" bildirmişdi. Asiya Hun ordusu Çin ordusunu Pe-teng
qalasında mühasirəyə alanda da "şimalda qara
atlılar, qərbdə ak atlılar, cənubda ağ
atlılar, şərqdə isə dəmir-boz atlılar
vardı.
Türk əsgərlərinin "qasırğalar kimi
görünüb, quşlar kimi uzaqlaşmaları" məhz
atın gücü və imkanları sayəsində
mümkün olurdu.
Atların əti və yağı önəmli idi.
Türklər at əti barədə "müşk kimi
qoxar" deyərdilər. Onlar adi günlərdə,
toplantılarda və özəl günlərdə də
sürü halında böyütdükləri atların ətini
yeyirdilər. Atın qarnından çıxan yağı
çox sevirdilər. Qısır atın südü ekonomik dəyər
daşıyırdı. Atların südündən yağ,
qatıq və pendir hazırlanırdı. Atın
südündən hazırlanan məhsullar arasında
qımız ilk sırada dururdu.
Türklər hər il xarici ölkələrə
minlərlə at, xüsusən də döyüş
atları ixrac etməklə öz iqtisadiyyatlarını dəstəkləyirdilər.
Atlar daha çox Çinə satılır, əvəzində
onlardan ipək başda olmaqla, müxtəlif mallar
alınırdı.
Qədim türklərdə belə bir inam
varmış ki, ölən insanın o dünyada da bəzi
şeylərə ehtiyacı olur. Ona görə də onun məzarına
yemək, pal-paltar, digər əşyalarla yanaşı,
atını da basdırırdılar. Qazıntılar
zamanı qəbirlərdən insan sümükləri ilə
yanaşı, at sümüklərinin çıxması da
bunu sübut edir.
Türklərdə at qurban etmə (kəsmək) kimi
qədim bir ənənə də olub. Dini toplantılarda, and
törənlərində (andiçmə mərasimlərində)
atlar Tanrıya qurban edilirdi. Əsasən ayğır atlar
qurban kəsilirdi.
Atları müqəddəs bilən türklərə
görə, yuxuda at görmək arzuya qovuşmağa bir
işarədir. Gəlin gələn qızın donuna at
qılı tikərdilər ki, onun oğlu olsun. Gəlin gedən
qızın gəlinlik donuna at tükü tikərdilər ki,
onun ailə həyatı uğurlu olsun. Atın gövşədiyini
görən kimsə həmin anda nə arzu etsə, yerinə
yetərmiş.
Türk dünyasının ayrılmaz bir hissəsi
olan Azərbaycanda da qədim zamanlardan atçılıqla məşğul
olublar. Eramızdan əvvəl IV əsrdə
yaşamış yunan tarixçisi Herodot yazırdı ki,
Midiyada (qədim Azərbaycan dövləti) Hisey adlanan
geniş bir vadidə boylu və yaraşıqlı atlar yetişdirilirmiş.
Hazırda dünyada atın 425-dən çox cinsi
var, bunlardan milli at cinsi sayılan ikisi, Qarabağ və Dilboz
atları ölkəmizdə yetişdirilir.
Qarabağ atı - Azərbaycanın Qarabağ ərazisində
yetişdirilən və geniş yayılmış at cinsidir.
Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi
hesab edilir. Onlar xalq seleksiyası yolu ilə alınmış
e.ə. Manna və Midiya atlarının nəsli hesab olunurlar.
Hazırda Azərbaycan Respublikasında milli at cinsidir.
Qarabağ atı tipik dağ minik atıdır. Bu atların əsas
yeriş forması çaparaq yerişdir, yerişi geniş və
cəld, bütün hərəkətləri çevikdir.
Qarabağ atı hündür, hərəkəti səlis, bədən
quruluşu möhkəmdir. Bu atı başqalarından fərqləndirən
əsas cəhət limona çalan, sarı-qızılı,
yaxud parlaq narıncı rəngidir. Yalnız Qarabağ atlarına
məxsus olan bu orijinal çalardan kürən,
qızılı kəhər, qızılı qonur rəngli
atlar da yaranıb. Xarakterik nişanlarının biri
ayaqlarını müxtəlif dərəcədə səkil
(ağlıq), alnının təpəl (qaşqa)
olmasıdır. 1956-cı ildə İngiltərə
kraliçası II Yelizaveta Azərbaycandan "Zaman"
adlı Qarabağ atını hədiyyə alarkən
demişdir: "Bütün daş-qaş zinyətlərinin
zirvəsində brilyant durduğu kimi, dünya atsevərləri
də Qarabağ atını cins atların brilyantı
adlandırır, çünki bu atlar günəş kimi
par-par parıldayır".
Dağ-minik yük heyvanı olan Dilboz atları isə
Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonları ərazisində
yetişdirilir. Dilbozlar onlara xas qərarsız temperamenti və
geniş yayılmış yorğa yerişi ilə
seçilir. Bu, sağlam, uzunömürlü və törəyib
artan cinsdir. Xasiyyəti əsəbi və çox enerjili olan
atın müsbət əlaməti onun yüksək cəldliyidir.
Dilboz cinsindən olan atlar dağlarda və milli idman növlərində
istifadə olunur. Bu atlar çox dözümlüdür və
dağlıq ərazidə gün ərzində 45-55 kilometri
115-130 kiloqram yüklə, minik kimi isə 70 kilometri çox
asanlıqla qət edir. Yazılanlara görə, Nüşabə
Bərdədə İskəndəri Qarabağ və Dilboz
atları ilə qarşılamışdır. Dilboz atları
İskəndərin çox xoşuna gəlmiş və
onları "Şərqin ceyranı"
adlandırmışdır. (Bax: M.Zeynalov: "Azərbaycanda
atçılıq", Bakı-2006)
Qarabağ və Dilboz at cinslərindən başqa,
respublikamızda xalq seleksiyası yolu ilə alınmış
Quba yorğası, Şirvan, Ərəb və Kiçik Qafqaz
atları da yetişdirilir. Mütərəqqi texnologiya və
məqsədyönlü seleksiya-damazlıq proqramları əsasında
Atçılıq zavodlarında yüksək damazlıq
keyfiyyətlərinə malik atlar yetişdirilir.
"Papaqdı, arvaddı, atdı; kişiyə
urvatdı", - deyən atalar, həm də "At muraddır", - demişlər.
Allah hər kəsi öz muradına çatdırsın!
İmran VERDİYEV
Əməkdar müəllim
525-ci qəzet .- 2025.- 11 iyun(№ 99).- S.14.