"Şərq
qapısı": məktəb missiyalı qəzet
Azərbaycan Milli Mətbuatı-150
"Şərq qapısı" qəzeti canlı
tarixdir. Özündə keçmişi, bu günü və
gələcəyi birləşdirən tarix. İki əsrə
və iki ictimai quruluşa təsadüf edən bu qəzet həyata
vəsiqə aldığı gündən ictimai maraqlara xidmət
etməkdədir. "Şərq qapısı" sağlam əqidəsi
olan qəzetdir. İstər sovet totalitar rejiminin ağır cəngəsində
inləyən zamanlarda, istərsə Azərbaycanın
müstəqillik illərində əqidə
saflığı və dəyişməz mövqeyi onun
tarixin çətin sınaqlarına duruş gətirməsinə
səbəb olub. Xalqa xidmət, ictimai maraqlara xidmət,
dövlətə xidmət qəzetin preambulasıdır.
"Şərq qapısı" qəzeti ədəbiyyat
məktəbidir. Hər nömrəsində ədəbiyyat ilə
publisistikanın çulğalaşdığı klassik və
novator ənənələrin sintezindən yoğrulan ədəbiyyat
məktəbi. Ədəbi sözün qüdrətinə, ədəbi
fikrin inkişafına maraqlı olan qəzet həm də ədəbiyyat
dərsliyi, ədəbi mühitin əvəzedilməz
fondudur. Bu fondda yüzlərlə şairin ədəbi irsi,
külliyyatı toplanmaqdadır.
"Şərq qapısı" qəzeti jurnalistika
məktəbidir. Yaradıldığı gündən fəhlə,
kəndli müxbirlərə, daha sonra yazmaq
bacarığı olan hər kəsə açıq olan bu qəzet
peşəkar jurnalistikanın yaranması və
inkişafına da əvəzsiz töhfələr bəxş
etməkdədir. Mətbu orqanın qəzetçilik sahəsindəki
fəaliyyətini qiymətləndirən akademik İsa Həbibbəyli
yazır: "Şərq qapısı" ciddi qəzetçilik,
yetkin jurnalistika məktəbidir".
Öz fəaliyyətinə hər zaman tənqidi
yanaşan qəzet, həm də nöqsanları islah etməklə
gələcək fəaliyyətinin əsasını
qoymuş, zamanla büdrəsə də, yenə davamlı
olmağa qətiyyətli olmuşdur. Hətta son zamanlarda
"Şərq qapısı" qəzeti üçün
keçirilən obyektiv monitorinqlər dediklərimizi bir daha təsdiqləmiş
olur: "Şərq qapısı" yarandığı ilk
çağlardan bu günə kimi Azərbaycanın
böyük bir bölgəsinin - Naxçıvanın oxucu
auditoriyasının informasiya tələblərinə xidmət
etmiş və tələbləri ləyaqətlə yerinə
yetirmişdir. Sovet dönəmində ağır senzura şəraitində
fəaliyyət göstərsə də, xalqın maariflənməsinə,
cəmiyyətin mümkün qədər obyektiv informasiya ilə
təmin olunmasına çalışmışdır. Bu qəzetin
uzun illər boyu formalaşmış informasiya siyasəti
vardır".
"Şərq qapısı" qəzeti siyasət
məktəbidir. Dövlətçilik kursuna sadiq qalan bu məktəb
siyasi arenada kəskin siyasi qələmi, dəyişməz
mövqeyi, vahid əqidəsi ilə
fərqlənir. Müasir mərhələdə Ulu
öndər Heydər Əliyevin siyasi kursunu dəstəkləyən
qəzet Azərbaycan mətbuatında qərəzsiz siyasi
münasibəti əks etdirən məqalələri, tarixi əhəmiyyəti
ilə fərqlənir. Belə ki, Azərbaycan sovet mətbuatının
əsasının qoyan bu qəzet həm də,
keçmiş Sovetlər birliyində ilk müstəqil qəzetin
də əsasını qoymaq məsuliyyətini çiyinlərinə
götürüb. "Şərq qapısı" qəzeti
teatrşünaslıq məktəbidir. XX əsrin əvvəllərindən
bugünədək Naxçıvan teatrının ən diqqətli
tamaşaçısı "Şərq qapısı" qəzetidir.
Teatr resenziyaları ilə zəngin olan bu qəzet Qurban
Qurbanov, Hüseyn İbrahimov, Kəmalə Ağayeva, Elman Həbib
kimi dramaturqları aşkarlayıb üzə
çıxarmaqla yanaşı, həm də Cəlil Vəzirov
kimi teatrşünas alimi yetişdirib, öz səhifələrində
teatr sənətinə, aktyor ömrünə və fəaliyyətinə
müntəzəm yer ayırıb.
"Şərq qapısı" qəzeti
fotoqraflıq məktəbidir. İnformasiyaların əyani təsəvvürünü verən,
onu daha oxunaqlı, daha görünüşlü edən foto
sənəti də "Şərq qapısı" səhifələrində
inkişaf edib, burada çoxsaylı fotqraflar nəsli
formalaşıb. Keçən əsrin əvvəllərində
texniki səbəblər üzündən basılması
çox çətin olan fotolar belə "Şərq
qapısı" səhifələrində özünə
yer ala bilib, müasir texnologiyaların inkişafı şəraitində
daha keyfiyyətlli əyani təzahürlərlə
özünü doğruldub.
"Şərq qapısı" həm də idman məktəbidir.
Respublikanın idman həyatından yeniliklər iki əsrdir
ki, qəzet səhifələrinin aparıcı mövzusudur. İnsanları
sağlam həyat tərzinə uyğunlaşdıran bu qəzet
idman həyatının yazılı tarixidir. İdmanın
bütün sahələri əhatə olunan qəzetdə
yeniliklərlə yanaşı, neçə-neçə
idmançı həyatının açılmamış səhifələri
əks olunub.
"Şərq qapısı" qəzeti tibb məktəbidir.
Faydalı məsləhətləri ilə maraq doğuran
"Həkim məsləhəti" guşəsi,
bioloqların sağlam həyat tərzi keçirməklə
bağlı tövsiyələri, dərman bitkilərinin
xarakter xüsusiyyətləri "Şərq
qapısı"nın davamlı mövzuları
sırasındadır.
Ən nəhayət, akademik İsa Həbibbəylinin
təbirincə desək, "Şərq qapısı"
sözün böyük mənasında məktəbdir.
Ədəbiyyat, jurnalistika, elm bu məktəbin fakültələr
və ixtisaslar kimi istiqamətləridir".
Surə SEYİD
Filologiya üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet .- 2025.- 11 iyun(№ 99).- S.10.