Vətənə bağlı alim
ömrü
Nazim Müzəffərli
(İmanov) -70
İyunun 11-də Azərbaycanın tanınmiş elm
adamı, Elm və Təhsil Nazirliyi İqtisadiyyat
İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim
Müzəffərlinin (İmanov) 70 yaşı tamam olur. Bu
münasibətlə dostlarından bir qrupu yubilyarı təbrik
edib, onunla bağlı ürək sözlərini
bölüşüblər. "525-ci qəzet" olaraq biz də
bu təbriklərə qoşulur, hörmətli professorumuza
yubiley təbriklərimizi çatdırır, dost təəssüratlarını
oxuculara təqdim edirik.
Ramiz HƏSƏNOĞLU
Televiziya və kino rejissoru, Əməkdar incəsənət
xadimi, Xalq artisti:
- Nazim bəyi xeyli vaxt idi tanıyırdım və
onun göz qabağında olan fəaliyyəti hamı kimi mənim
də diqqətimi çəkməkdə idi. Bu maraq daha
çox onun ictimai xadim və siyasət adamı kimi imicinə
söykənirdi.
İllər keçdi və iş elə gətirdi
ki, biz daha yaxından tanış olduq, tez-tez görüşərək,
deyərdim ki, hətta dostlaşdıq. Və bu ünsiyyətimiz
Nazim bəyi daha yaxından tanımağa imkan yaratdı. Onun
xarizması, ağlının və istedadının cazibəsi,
dünyaya açıq olması, istənilən sahədən
məlumatlı olması, güclü yumor hissi adamı valeh
edir. Onun iqtisadçı alim kimi tanınmasına,
seçdiyi sahədə yüksək peşəkar
olmasına baxmayaraq, düşünürəm ki, Nazim bəy
istənilən sahədə böyük müvəffəqiyyət
qazanmaq imkanına malik olan hərtərəfli bir şəxsiyyətdir.
Əziz dostum, hörmətli professor Nazim Müzəffərliyə
həyatının bundan sonrakı mərhələlərinin
parlaq hadisələr və böyük uğurlarla dolu
olmasını arzulayıram!
Vladimer PAPAVA
Gürcüstan Milli Elmlər Akademiyasının
akademik-katibi, professor:
- Dostum, məşhur Azərbaycan
iqtisadçısı, professor Nazim Müzəffərli haqda bəzi
fikirlərimi paylaşmaq istəyirəm. Biz eyni dövrdə
universitet təhsili almışıq, erkən elmi fəaliyyətə
başlamışıq və mən onu gənclik illərindən
tanımışam. Bu gün mən əminliklə deyə
bilərəm ki, professor Nazim Müzəffərli təkcə
dost və alim deyil, o həm də dünyaya geniş
baxışa malik, yüksək zəka sahibi olan
ziyalıdır.
O, bir çox əsərlərin müəllifidir.
Lakin mən onun iki kitabını xüsusi qeyd etmək istəyirəm
(kitablar xarici dillərdə də nəşr olunub - redaksiya).
Bunlardan biri "Azərbaycanın post-konflikt ərazilərinin
bərpası. Konseptual əsaslar" kitabıdır və
Qarabağ torpaqları hələ işğal altında olanda
yazılmışdır. Bu kitab təkcə araşdırma
deyil, həm də gələcəyi əvvəlcədən
görən intellektual baxışdır. Bu gün biz
kitabdakı bütün ideyaların necə həyata
keçirildiyini görürük.
Professor Müzəffərlinin qeyd etmək istədiyim
digər kitabı "İqtisadiyyatın
sosialyönlüyü sağçı və solçu
sistemlərdə" adlanır. Uzun illərdir ki,
iqtisadçılar bu mübahisəli məsələni
müzakirə edirlər: iqtisadiyyatın inkişafına
hökumətin sosial cəhətdən hansı yöndə
müdaxiləsi optimaldır? Adı çəkilən kitabda
professor Müzəffərli bu suala cavab verən konkret və əsaslı
metodologiya irəli sürmüşdür. Bu, iqtisadiyyatın
dövlət tərəfindən uğurlu tənzimlənməsinə
böyük elmi töhfədir. Nazim Müzəffərlinin rəhbərliyi
ilə İqtisadiyyat İnstitutu 2015-ci ildən etibarən,
iqtisadiyyatın solluğu-sağlığı indeksindən
istifadə edərək, hesabatlar dərc edir. Bu hesabatlar təkcə
Azərbaycanda deyil, Çin, Polşa, Böyük Britaniya,
Türkiyə, Gürcüstan, Rusiya və başqa ölkələrdə
də çox populyardır. Professor Müzəffərlinin
metodologiyasına əsaslanaraq bir sıra elmi əsərlər,
məqalələr, monoqrafiyalar, kollektiv monoqrafiyalar və
doktorluq dissertasiyaları yazılmışdır və yenə
yazılmaqdadır.
Professor Nazim Müzəffərlini yubileyi münasibətilə
təbrik edirəm, ona cansağlığı, xoşbəxtlik
və yeni yaradıcılıq uğurları arzulayıram.
Fərhad TƏHMƏZLİ
İnşaatçı, Texnika üzrə fəlsəfə
elmləri doktoru:
- Nazim Müzəffərli ilə
tanışlığımız ötən əsrin 90-cı
illərinin əvvəlinə təsadüf edir. Qəzetdə
Azərbaycanın iqtisadi inkişafının istiqamətləri
mövzusunda onun elmi məqaləsi dərc edilmişdi və
münasibət bildirilməsi xahiş olunurdu. Mən öz
fikirlərimi yazdım və göndərdim. Müzakirə
üçün o məni dəvət etdi və beləcə
tanış olduq.
Tanışlığımız getdikcə dərinləşib
dostluğa çevrildi. İllər keçdikcə, 35 illik
bu dostluq dərinləşdi və şaxələndi. Ötən
illər ərzində bu dostluq sayəsində Ramiz
Rövşən, Kamal Abdulla, Eldar İsmayılov, rəhmətlik
Akif Musayev, Muxtar İmanov, Vaqif Gərayzadə, Yalçın
Adıgözəlli, Rafiq Əliyev, Rüstəm Behrudi, Rəşad
Məcid kimi əziz insanlarla da ortaq səmimi münasibətlərimiz
quruldu...
Öz çox dərin və sistemli elmi
araşdırmaları ilə Nazim Müzəffərlinin
iqtisad elminə verdiyi töhfələr olduqca dəyərlidir.
Vətən müharibəsindən hələ 10 il əvvəl
onun yazdığı "Azərbaycanın post-konflikt ərazilərinin
bərpası" kitabı, Qarabağ və Şərqi Zəngəzur
bölgələrinin bərpası və
inkişafının konseptual əsası kimi, bu gün olduqca
əhəmiyyətlidir və praktik istifadə olunur.
Nazim Müzəffərli hərtərəfli
inkişaf etmiş şəxsiyyətdir. Həm elmi, həm bədii
ədəbiyyat mütaliəsi zəngindir. Poeziya və musiqi
duyumu ayrıca bir söhbətin mövzusudur. Pianoda gözəl
ifa edir. Klassik musiqini də, muğamlarımızı da
gözəl bilir. Dünya caz ifaçılarının səsyazmalarından
ibarət onun topladığı rəqəmsal arxiv, yəqin
ki, nadir kolleksiyalardan biridir.
Elmi müzakirələr zamanı olduqca ciddi və
prinsipial olmaqla yanaşı, onun yüksək yumor hissi var.
Nazim Müzəffərli damarlarındakı qanına,
sümüklərindəki iliyinə qədər vətənpərvərdir.
Azərbaycanımızın istər iqtisadi, mədəni,
elmi, istərsə də hərbi uğurlarına həmişə
onun necə ürəkdən sevindiyinin şahidi olmuşam. 44
günlük Vətən müharibəsinin hər
gününü bir yerdə olmuşuq və cənab
Prezidentin qələbə müjdələrinə də birgə
sevinmişik. Nazimin şəhidlərimizə
sayğısı, qazilərimizə diqqəti çox təqdirəlayiqdir.
Nazim sadiq və etibarlı dostdur, diqqətlidir, hər
birimizi hamıdan çox axtarar. Onunla dostcasına birgə
olmaq həmişə maraqlı, mənalı və xoşdur.
O həm də çox gözəl ailə
başçısıdır. Ailəni müqəddəs
sayır.
70 illik yubileyi münasibəti ilə Nazim Müzəffərlini
ürəkdən təbrik edirəm. Uzun, sağlam
ömür arzulayıram. Bilsin ki, onun həyatı həm də
ictimai mahiyyət kəsb edir və özündən
muğayat olsun.
Rüstəm BEHRUDİ
Şair:
- Nazim müəllimi nə vaxt, hansı şəraitdə
tanıdığımı xatırlamıram. Hərdən mənə
elə gəlir ki, Nazimlə eyni yerdə doğulub, biryerdə
böyümüşük.
Yapon bilginlər fərdin - tək adamın fenomen
olduğunu söyləyirlər. Cəmiyyətlə təmasda
olub fenomenə çevrilmək hər kişinin işi deyil!
Nazim bunu bacaran fərqli bir adamdır. Nazim ən ciddi,
ağır situasiyalarda ağrılı olan hər şeyə
pozitiv anlam gətirən tanıdığım tək
insanlardan biridir!
Nazim çoxluğun, qələbəliyin içində
ola bilər, ancaq heç vaxt çoxluq və qələbəliyi
onun içində görmədim! Nazim bir şəhidin
başdaşını qucaqlayıb ağlaya bilən, həm
də döyüşdə əlini, qolunu, gözünü
itirən bir qazinin əli, qolu, gözü olmağı bacaran
bir adamdır!
Yəni tam və mükəmməl bir adam!
AĞLAYAN TƏK AĞLAYAR
Əziz Nazim Müzəffərliyə
Nazim, ölmüşəm, məni
Kim mənimtək ağlayar?!
Yaslanıb başdaşına
Ağlayan tək ağlayar.
Bilmirəm kimin qarğısı
Göyərtdi sözümdə başdaşı.
Bir ana yeddi qardaşı
Oxşayıb tək-tək ağlayar.
Kim ki and pozar, qayıtmaz,
"Gələcəm" yazar, qayıtmaz.
Arıtək azar, qayıtmaz,
Boş qalan pətək ağlayar.
Mən vaxtı şərabtək içmişəm,
İçib, günahdan keçmişəm.
Mən bu gün, sabah, keçmişəm,
Yas tutub gələcək ağlayar.
Qanım sözə sıza-sıza,
Çevirdi məni yalqıza.
Yağışlar yağan payıza
Mən, bir də külək ağlayar.
Nə yaxşı hələ ümid var,
Ölməz ki qara sevdalar.
Öləndə Tanrı yas tutar,
Üstündə mələk ağlayar.
Əzizim Nazim! Səninlə uzun,
acılı-şirinli bir ömür yolunu birlikdə
yaşadığımdan qürur duyuram! Nə yaxşı ki
varsan, nə yaxşı ki mən sənin dostunam!
Muxtar KAZIMOĞLU (İMANOV)
Akademik:
- Mənimlə eyni soyadı daşıyan Nazim Müzəffərli-İmanov
görkəmli alim, tanınmış ictimai xadim və dəyanətli
dostdur. Onun bir iqtisadçı alim kimi fəaliyyətində
iki mühüm cəhət diqqəti xüsusi olaraq cəlb
edir: 1) dünyanın çağdaş elmi səviyyə və
meyarlarından çıxış etmək; 2) dünya səviyyəsindəki
araşdırmaları milli mənafeyə, müstəqil
dövlətçilik maraqlarına yönəltmək. Elmi fəaliyyətdə
müstəqil dövlətçiliyi başlıca hədəf
kimi götürməyin bariz bir göstəricisidir ki, 1980-ci
illərin sonlarında Nazim Müzəffərlinin rəhbərliyi
altında bazar iqtisadiyyatına və tam iqtisadi müstəqilliyə
keçməyimizin konsepsiyası hazırlanıb; 2010-cu ildə
(ərazi bütövlüyümüzün bərpa
olunmasından 10-12 il əvvəl!) Nazim Müzəffərli həmkarı
Eldar İsmayılovla birlikdə "Azərbaycanın
post-konflikt ərazilərinin bərpası" adlı son dərəcə
aktual bir problemə həsr olunmuş kitab çap etdirib; Nazim
Müzəffərli Ermənistanın hərbi təcavüzü
və işğalçılıq siyasəti nəticəsində
Azərbaycana dəymiş maddi ziyanın hesablanması
işində bir iqtisadçı alim kimi yaxından iştirak
edib.
İqtisadçı alim Azər Səfərovun fikirlərinə
əsaslanıb deyə bilərəm ki, Nazim Müzəffərli
"beynəlxalq müqayisələr sistemini öyrənmək
və bu sahədə Azərbaycanın iqtisadi mövqeyini
gücləndirmək; dövlətin iqtisadiyyatı tənzimləməsi
sistemini öyrənmək, tətbiq olunan tənzimləmə
sistemlərinin sağçı və solçu ideologiyalarla
nə qədər əlaqəli olduğunu üzə
çıxarmaq" sahəsində elmi məktəb
formalaşdırıb.
İqtisadiyyat sahəsində yeni istiqamətlər
müəyyənləşdirən Nazim Müzəffərli
bizim hərtərəfli dünyagörüşü olan nadir
ziyalılarımızdan biridir. O, adət-ənənələrimizə,
şifahi və yazılı sənətimizə, musiqimizə,
bütövlükdə mədəniyyətimizə dərindən
bələddir. Bu sahələrin mütəxəssisləri
ilə Nazim Müzəffərlinin bir xiridar kimi həmsöhbət
olmasını dəfələrlə görmüşəm.
Nazim Müzəffərli daxilən sərbəst
adamdır. O, ən qəliz adamlar arasında və ən
mürəkkəb vəziyyətlərdə belə öz
sözünü deməyi bacarır. Dediklərinə yumor,
duz-məzə qatmaqla, Nazim bəy ciddi mətləbləri
heç bir gərginlik yaratmadan ətrafdakılara
çatdıra bilir.
70 yaşı haqlayan Nazim Müzəffərliyə - dəyərli
elm adamı və əziz dostumuza möhkəm
cansağlığı, yeni-yeni yaradıcılıq
uğurları arzulayıram!
Yalçın ADIGÖZƏLOV
Dirijor, Xalq artisti, professor:
- Nazim İmanov (Müzəffərli) kimi parlaq şəxsiyyətlə
dostluqdan böyük sevinc və minnətdarlıq hissi
keçirirəm. Nazim bəyi sevən hər kəs
üçün bu bir xoşbəxtlikdir ki, o, bizim həyatımızdadır!
Nazim bəy hərtərəfli istedada malik
insandır, böyük alim, ictimai xadim, sənət bilicisi,
gözəl ailə başçısı, görkəmli
natiqdir! Sadalamaqla bilməz... O, yüksək musiqi
zövqlü insan kimi, Muğamın, cazın, klassik musiqinin
incə bilicisi kimi mənə xüsusilə yaxındır.
Onun caz musiqisindən ibarət böyük bir kolleksiyası da
var və bəlkə də Azərbaycanda ikinci belə zəngin
kolleksiya yoxdur.
Nazim bəy Azərbaycan ziyalısına xas olan
yüksək mənəvi dəyərlərə malik əsl
dostdur. Mən Azərbaycandan uzaqlarda olanda da qəlbən
onunlayam. Onun ailəsini, oğlu - mənim sənət dostum
Arazı da çox sevirəm. Ümid edirəm, Nazim bəy və
onun ailəsi ilə bu dostluğumuz uzun illər davam edəcək,
inşallah.
Daimi Başqanımıza 100 illik xoşbəxt,
sağlam və musiqi ilə dolu gözəl həyat
arzulayıram!
Vaqif GƏRAYZADƏ
Bəstəkar, Əməkdar incəsənət
xadimi:
- Nazim M.İmanovun 70 yaşı tamam olur. Ötən
illər ərzində onun əldə etdiyi nailiyyətlər
Nazim müəllimi yalnız Azərbaycanda deyil, ölkə sərhədlərindən
kənarda da tanıtmışdır. Onun geniş
dünyagörüşü və elmi uğurları təkcə
iqtisadiyyat sahəsində deyil, siyasət, mədəniyyət
və fəlsəfə mövzularında da dəyərli həmsöhbət
olmağı mümkün edir.
Nazim müəllim Azərbaycan ziyalıları
arasında xüsusi yer tutur. Bir musiqiçi kimi qeyd etmək
istərdim ki, o, musiqi sahəsində də dərin biliklərə
malikdir. Azərbaycanda çox nadir rast gəlinən ənənəvi
caz musiqisi kolleksiyasına sahibdir. Eyni zamanda, Nazim müəllim
muğam sənətinə böyük maraq göstərən,
onu dərindən bilən və sevə-sevə dinləyən
birisidir.
Bir məqama da toxunmaq istəyirəm. Hərtərəfli
inkişaf, universallıq onların ailəsinə xas olan bir dəyərdir.
Məsələn, qardaşı Rasim Müzəffərli
(İmanov) həm filosof, şair, naşirdir, həm də
gözəl musiqiçi və bəstəkardır, bir
çox populyar mahnıların müəllifidir. Nazim müəllimin
oğlu Araz İmanov isə peşəkar diplomat olmaqla
yanaşı, həm də istedadlı müğənnidir.
Nazim Müzəffərli diqqətli, etibarlı və
sadiq bir dostdur.
70 illik yubileyi münasibətilə Nazim müəllimə
möhkəm cansağlığı və elmi
yaradıcılığında yeni-yeni uğurlar
arzulayıram.
Eşq olsun!
Frederik STARR
Tarixçi alim, musiqiçi, Mərkəzi Asiya və
Qafqaz İnstitutunun (ABŞ) qurucusu və rəhbəri:
- Yaxından tanıdığım və dostum
saydığım dünyada ən yaxşı adamlardan biri
olan doktor Nazim İmanov - professor Müzəffərli haqda
çox təriflər yaza bilərəm. Bütün həqiqətən
əlamətdar insanlar kimi, o, çoxcəhətli və bir
çox dəyərlərə malik şəxsiyyətdir.
Yetkin auditoriya üçün onun qəhrəmanlıqlarını,
Azərbaycan parlamentindəki xidmətlərini yada
salmağıma ehtiyac yoxdur. Qarabağ böhranının
ilkin mərhələsində Bakıda küçədə
gəzdiyimi xatırlamaq mənim üçün kifayətdir.
Müxtəlif yaşda olan, tamamilə yad adamlar ömür
boyu onu tanıyırmış kimi yaxınlaşaraq ölkəsinə
göstərdiyi xidmətlərə görə ona təşəkkür
edirdilər. Bunlar sadə və səmimi etiraflar idi. O isə
dayanırdı, onların və ailələrinin
qayğıları ilə maraqlanırdı və problemlərini
həll etmək üçün onlara nə kömək edə
biləcəyini soruşurdu. Onlar üçün də, mənim
üçün də o, qəhrəman idi, amma daha vacibi, onun
həqiqətən xeyirxah bir insan olması idi.
Hamımızın bildiyi kimi, professor Nazim Müzəffərli
iqtisadçıdır. Bu haqda çox şey demək olar.
Amma onun yüksək zəkalı iqtisadçı kimi fəaliyyətindən
başqaları da danışa bilərlər. Mənsə
başqa məqamlara toxunmaq istəyirəm.
O, 1955-ci ildə anadan olub, sovet sistemində təhsil
alıb. Lakin bu təlimin müsbət məzmununu mənimsəyərkən,
çatışmazlıqları da görüb, sovet cəmiyyətində
və xüsusən iqtisadiyyatında nələrin baş
verdiyindən tam xəbərdar olub, lakin bunları etirazdan daha
çox bəzən "Ezop dili" ilə, bəzənsə
istehza və yumorla etiraf edib.
Belə qeyri-adi münasibət ondan irəli gəlirdi
ki, Nazim öz nəslinin bir çox parlaq adamları kimi
dünyaya daha geniş pəncərələr
açmışdı.
Bakılı pianoçu Vaqif Mustafazadənin
dövrü idi... Nazimin dünyaya açılışı
həm də cazla bağlı idi. Səyahət edəndə,
Qərb populyar musiqisinin, xüsusən də Amerika
cazının ecazkar mühiti vasitəsilə onun dünyaya əsl
açılışı baş verirdi.
Gənc Nazimin caza münasibəti get-gedə sadə
bir həvəsdən daha irəli getdi, həm də dərinləşdi.
O, XX əsr Amerika populyar musiqisi və cazı ilə
bağlı uzun bir araşdırmaya başladı. Artıq bu
gün professor Müzəffərlinin caz musiqisi səsyazmalarından
ibarət unikal arxivi, kolleksiyası var. Bu mövzuda o, Avropa və
Amerikada özünü ekspert elan edənlərin əksəriyyətindən
daha çox biliyə malik olmaqla, əsl avtoritetdir. Bu
mövzuda o, bir çox universitet professorlarını geridə
qoya bilsə də, təcrübəsini təvazökarlıqla
əsasən öz içində saxlayır...
Nazim Müzəffərlinin hamı üçün
açıq olan dəyərləri isə onun dərin
iqtisadi bilikləri, elmi nəzəriyyələri, idarəçilik
təcrübəsidir.
İqtisadiyyatı hərtərəfli bilməsi və
mahir idarəçilik bacarığı professor Müzəffərlini
İqtisadiyyat İnstitutuna rəhbərlik etməyə layiqli
namizəd etdi. Həmin iclasda iştirak etmək mənə də
nəsib oldu və mən onun təyinatının həmkarları
tərəfindən necə mehribanlıqla
qarşılanmasının şahidi oldum.
Qarabağ böhranının qızğın
vaxtında Prezident İlham Əliyevlə şam yeməyində
olarkən, mən ondan Qarabağın azad olunacağı təqdirdə
nələrin baş verəcəyini soruşdum. Prezident cavab
verdi ki, bir çox çətinliklər yaranacaq, minlərlə
qaçqın Qarabağa, öz evlərinə geri
qayıdacaq, ancaq onlar mülklərini məhv olunmuş halda
görəcəklər, istilik, su və adi xidmətlər
olmayacaq. Biz razılaşdıq ki, bölgəni yenidən
yaşayış üçün əlverişli hala gətirməkdən
ötrü lazım olan əsas addımları müəyyən
etmək üçün araşdırma
aparılmalıdır. Bu araşdırma müasir iqtisadi nəzəriyyələrə
əsaslanmalı idi, lakin nəzəriyyə praktiki həyata
tətbiq edilməli, lazım olan bütün tədbirlər
üçün xərclər hesablanmalı idi.
Nazim Müzəffərli bu mürəkkəb işi
dostu və həmkarı Eldar İsmayılovla birlikdə
öz öhdəsinə götürdü.
Araşdırmanın nəticələri 2010-cu ildə Azərbaycan,
ingilis və rus dillərində nəşr olundu, Bakıda,
Moskvada və Vaşinqtonda çox mötəbər
auditoriyalar qarşısında təqdimatlar keçirildi. Bu
konseptual və fundamental kitabda inventarlaşdırılan və
təsnifatlaşdırılan mürəkkəb vəzifələrin
öhdəsindən gəlmək üçün, təəssüflər
olsun ki, yalnız uzun illər sonra şərait yarandı.
Qarabağın bərpası ilə bağlı Azərbaycan
hökumətinin yeni proqramının başlanğıc
nöqtəsi kimi professor Müzəffərlinin müfəssəl
və praktiki təkliflərinin olması qaçılmaz idi.
Qalanı tarixdir.
Sonda qeyd edim ki, hətta həyatın bütün ləzzətlərindən
artıq zövq almış insanlar üçün də həyatdan
daim yeni gözləntilər yaranır və sürətlə
artır. Yetmiş hələ qocalıq deyil. Nazim Müzəffərlini
qarşıda çoxlu məhsuldar illər gözləyir. Mən
onun daim sağlam olması, həm peşəsində, həm
də məşğuliyyətində fasiləsiz fəaliyyət
göstərməsi şərəfinə qiyabi olaraq bir badə
qaldırıram: bütün həyatımızı
işıqlandıran Nazimin canlı və füsunkar ruhunun
şərəfinə!
Kamal ABDULLA
Akademik, Əməkdar elm xadimi, Xalq
yazıçısı:
- Nazim Müzəffərli kimi dost haqqında söz
demək qürurlu və şərəflidir. Onunla ünsiyyət
həmişə ürəyə bir təskinlik gətirir.
Bir-birindən uzaq insanları bir araya gətirib dosta
çevirən adam Allahın sevdiyi adamdır. Bunu
görüb bilən bəziləri onunla fəxr edir, bəziləri
qibtə edir, bəziləri də bədxahına
çevrilir. Bunların hamısı başadüşülən,
anlaşılandır. Və heç nəyə fikir vermədən
öz kişi yolunu getməyə davam edən Nazim yaxşı
bilir ki, bunlar təfərrüatdır. Əsas olan onun Vətən,
millət, elm yolunda aydın eşidilən vicdanlı ürək
döyüntüləridir və əsas olan həm də
budur ki, bu ürək döyüntülərini onun
dostları, əqidədaşları yaxşı eşidib ona
səs verirlər.
Çox yaşa, qardaşım! Səni sevənləri
və sənin sevdiklərini daim sevindir. Sən bunu gözəl
bacarırsan.
Ramiz RÖVŞƏN
Xalq şairi:
- Nazim Müzəffərli mənim ən yaxın, ən
əziz və həm də ən çox
görüşdüyüm dostlarımdan biridir. O, dünyada tanınmış
iqtisadçı alimimizdir. "İqtisadçı" deyəndə,
adamın gözünün önünə ilk növbədə
quru rəqəmlərlə işləyən mütəxəssis
gəlir. Amma Nazim Müzəffərli sözlərlə də
çox yaxşı işləməyi bacarır. Bunu mən,
Kamal Abdulla, Rüstəm Behrudi və onun digər şeir yazan
dostları tez-tez görürük. İstənilən
sözün qafiyəsini Nazim bizdən tez tapır. Onun qafiyə
tapmaq ustalığı əvəzsizdir.
İstər alim, istər ictimai xadim olsun, mənim üçün insanlar cəmdə
iki cürdür: insan var ki, cəlbedicidir, insanları bir yerə
yığandır, qurucudur; insan da var ki, xaraktercə
dağıdıcıdır, bu, ailə miqyasında da ola bilər,
daha geniş miqyasda da. Nazim Müzəffərli xisləti
etibarilə qurucudur, insanları öz ətrafına
yığa bilən, dostları bir yerə toplayandır.
Adamlar var ki, dostlarını gizləyir, Nazimsə həmişə
arzusundadır ki, dostları da bir-birini tanısınlar,
dostları da bir-biriylə dost olsunlar. Bu baxımdan da o, əvəzsiz
dostlarımızdan biridir. Məsələn, Kamal Abdulla ilə,
hələ Nazimdən əvvəl, neçə illərin
dostuyuq, amma hətta onunla da tez-tez görüşməyimizdə
Nazimin xüsusi rolu var, özümüzə qalsaydı, bəlkə,
bu qədər tez-tez görüşməzdik. Bu da Nazimin hər
adamda olmayan bir qabiliyyətidir.
Nazim Müzəffərli böyük
iqtisadçıdır, amma həm də elmi mövzulara
şairanə yanaşmağı bacaran alimdir. Təsadüfi
deyil ki, onun ekoloji problemlərə həsr olunmuş ilk
kitabı şiranə tərzdə "Sabah yağış
nə rəngdə yağacaq?" adlanır. Sanki bir şeir
kitabının adıdır. Mənim şeir kitablarımdan
birinin adı "Bir yağışlı nəğmə"dir,
amma mən etiraf edirəm ki, Nazimin bu iqtisadi kitabının
adı mənim şeir kitabımın adından daha poetikdir.
Mənə elə gəlir ki, Nazimdə reallaşmamış
bir şairlik də var və bu şairlik yalnız hərdən
bizim dost məclislərimizdə reallaşır.
Ümumiyyətlə, Nazim Müzəffərli bizim həyatımızı
bəzəyən nadir insanlardan biridir. Mən ona möhkəm
cansağlığı, bütün işlərində daha
böyük uğurlar arzulayıram. Və görüşlərimiz
çox olsun deyirəm, çünki onunla hər
görüş xoş bir bayramdır.
Rəşad MƏCİD
Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini, Əməkdar
mədəniyyət işçisi:
- Hörmətli alimimiz, professor Nazim Müzəffərli
bu günlərdə 70 illik yubileyini qeyd edəcək.
Mən Nazim müəllimi uzun illərdir
tanıyıram. Onun Azərbaycan ziyalıları və ədəbiyyat
xadimləri ilə çox səmimi, xoş münasibətləri
var - daim ziyalılar mühitindədir. 1995-2000-ci illərdə
Milli Məclisin üzvü kimi, o, əksər qanunvericilik
aktlarının təkmilləşdirilməsi prosesində fəal
iştirak edirdi. O dövrlərdə Nazim müəllimin
parlament tribunasından səsləndirdiyi
çıxışlar medianın diqqət mərkəzində
olardı.
İti yumor hissinə malik olan Nazim müəllimin bəzən
sarkazmla, incə ironiya ilə səsləndirdiyi fikirlər mətbuatda
böyük maraq və rəğbətlə
qarşılanırdı. Yadımdadır, 2012-ci ildə o,
"Milli Məclisin ağlamalı gülməcələri"
adlı maraqlı və yumoristik əhvalatları, siyasi lətifələri
özündə cəmləyən kitabını da nəşr
etdirmişdi. Həmin kitabı vərəqləyərkən
Nazim müəllimin real hadisələrə fərqli
baxış bucağını, axıcı, maraqlı təhkiyə
tərzini, eyni zamanda prinsipial və məsuliyyətli vətəndaşlıq
mövqeyini açıq-aydın hiss etmək olur. Kitabdakı
bir çox fikirlər Nazim müəllimin özünə və
cəmiyyətə tənqidi baxmaq bacarığını, tərəqqi
və inkişaf üçün yumorun gücünə
inandığını, eyni zamanda səmimiyyətini və təvazökarlığını
üzə çıxarır. O, təkcə düşünən
insan deyil, eyni zamanda düşündürən, dəyişməyə
ruhlandıran, insanları özlərini dərk etməyə
çağıran elm adamıdır. Bu yanaşma isə onun
humanist və əsl ziyalı xarakterindən xəbər verir.
Nazim müəllim çıxış və müsahibələrində
də bir qayda olaraq cəmiyyət qarşısında
daşıdığı ictimai məsuliyyət hissini ön
plana çəkir.
Nazim Müzəffərlinin İqtisadiyyat
İnstitutunun direktoru kimi fəaliyyəti də diqqətəlayiqdir.
Bu günlərdə onun rəhbərlik etdiyi institutun Elmi
Şurasındakı "Hərbi təcavüz və
işğal nəticəsində dəymiş zərərin
qiymətləndirilməsi metodologiyası" mövzusunda
hesabatı mətbuatdan oxudum. Hesabatın miqyası, dərinliyi
və əhatəliliyi Nazim müəllimin bu sahədəki təqdirəlayiq
xidmətlərini açıq şəkildə
nümayiş etdirirdi. Sənəddə əksini tapan bir
çox məlumatlar və rəqəmlər sadəcə
statistika deyil, uzunmüddətli dərin
araşdırmaların, gərgin və ciddi əməyin nəticəsi
kimi diqqəti cəlb edirdi. Belə əhatəli və elmi əsaslara
söykənən hesabatın ərsəyə gəlməsi
həm milli maraqların qorunması, həm də beynəlxalq
aləmdə haqlı mövqeyimizin sübutu baxımından
son dərəcə mühümdür.
Nazim müəllim Vətənini sonsuz dərəcədə
sevən, xalqına, millətinə bağlı alimlərimizdəndir.
Əslən Füzuli rayonundandır. Onun Qarabağa olan
sevgisini, əsl vətənpərvərlik hisslərini
xüsusilə işğal illərində dərindən hiss
etmişdik. Zəfərimizdən sonra isə Nazim müəllimin
sanki yenidən doğulmuş bir insan kimi sevinc və fərəh
içində qanad açdığının şəxsən şahidi olmuşam.
Ömrün bu şərəfli və mötəbər
məqamında - 70 illik yubileyi ərəfəsində
hörmətli Nazim müəllimi səmimi qəlbdən təbrik
edir, ömrün bundan sonrakı illərini daha çox azad
Qarabağda - doğma Füzulidə keçirməsini
arzulayıram.
Rasim MÜZƏFFƏRLİ
Naşir, şair, bəstəkar:
- Dostdan fərqli olaraq, qardaşı seçmək
olmur. Amma mənə qardaş seçmək imkanı verilsəydi,
yenə Nazimi seçərdim. Əminəm ki, belə
olsaydı, onu seçməkdə mən tək olmazdım,
xeyli bacı-qardaşım olardı.
Nazim məndən 3 yaş böyükdür.
Uşaqlar arasında yaş fərqi çox olmayanda da,
uşaqlıqda daha qabarıq hiss olunur. Kiçik
qardaşların çoxu öz böyük
qardaşlarına bənzəməyə
çalışırlar, onları yamsılayırlar. Mən
də istisna olmamışam. Yaş artdıqca bu fərq az
hiss olunsa da, mən onu uşaqlıqdakı kimi
böyüyüm sanıram.
Nazim həmişə mənə nümunə olub, o,
evdə də, "məhlə"də də, məktəbdə
də mənə nümunə göstərilib, mənə
"Nazimin qardaşı" deyiblər və buna görə
ətrafımdakıların müsbət münasibətini
"avans olaraq" qazanmışam.
1980-ci ildə mən universitetin 5-ci kursunda diplom
işi yazanda, Nazim artıq dissertasiya müdafiə edirdi,
mövzusu ekoloji problemin iqtisadi məsələləri idi. Mən
də ona baxıb, diplom işimin və sonra isə dissertasiya
işimin mövzusu kimi ekoloji problemin sosial-siyasi məsələlərini
seçmişdim. Nazimin elmi işi öz strukturu və tərtibat
məntiqi etibarı ilə, mənim üçün əyani
nümunə idi. Buna görə də,
yazdıqlarımızı bir araya gətirmək çətin
olmadı və beləcə, 1984-cü ildə "Sabah
yağış nə rəngdə yağacaq?" adlı ilk
və yeganə birgə kitabımız əmələ gəldi.
Mənim musiqiçi kimi formalaşmağımda da
Nazimin böyük rolu olub. Evimizə ilk pianino alınanda
Nazimin 8, mənim 5 yaşım vardı və mən pianinoda
çalmağı Nazimin ifasına baxıb öyrənirdim.
Üstündən bir neçə il keçəndən sonra
rəhmətlik əmim Nazimə gitara hədiyyə etmişdi
və bu, çalmağı öyrəndiyim ilk gitara idi.
1970-ci illərin əvvəllərində rok tərzində bəstələdiyim
ilk mahnıları öncə Əbilov adına Mədəniyyət
Mərkəzinin "Dağ çiçəyi" rok qrupu və
qrupun solisti Xədicə Abbasova (o vaxtlar yuxarı sinif
şagirdi idi), ardınca isə İqtisadiyyat Universitetinin o
illərdə çox populyar olan "Xürrəmilər"
rok qrupu ifa etməyə başladılar. Hər iki qrupda
Nazimin dostları vardı və məni bu qruplara təqdim edən
Nazim olmuşdu.
Sonrakı dövrlərdə də Nazim həmişə
mənim bəstələrimin ilk dinləyicilərindən və
ciddi tənqidçilərindən biri olub. Elə bu gün də
o, bütün sahələrdə mənim məsləhətçim
və yolgöstərənimdir.
Nazimə, gözəl ailəsinə sağlam,
xoşbəxt, firavan və mehriban uzun ömür
arzulayıram.
525-ci qəzet .- 2025.- 11 iyun(№ 99).- S.8-9;10.