Azərbaycan dünyada ekoloji
tarazlığın qorunmasına mühüm töhfələr
verir
Gələn il Azərbaycan "Ümumdünya
Ətraf Mühit Günü"ü ("World Environment
Day") tədbirinə ev sahibliyi edəcək. Bu barədə
Azərbaycanın ekologiya və təbii sərvətlər
nazirinin müavini Umayra Tağıyeva Cənubi Koreyanın
paytaxtı Seulda keçirilən eyni adlı tədbirdə
çıxışı zamanı bildirib. Nazir müavini
2026-cı ildə Azərbaycanda 13-cü "Ümumdünya
Şəhərlər Forumu"nun (WUF13) keçiriləcəyini
də xatırladıb. O, gələn il Bakının iki tədbiri
qəbul etməyə hazırlaşdığını
vurğulayaraq, bu istiqamətdə töhfə verməyə,
beynəlxalq ictimaiyyətlə təcrübə mübadiləsində,
daha dayanıqlı şəhərlər və icmalar
yaratmağa imkan verəcək.
Koreyada keçirilən tədbirdə estafet
2026-cı il "Ümumdünya Ətraf Mühit
Günü" tədbirinin ev sahibi olaraq Azərbaycan tərəfindən
rəsmən qəbul edilib. Bununla, bu mötəbər tədbirin
ölkəmizdə UNEP ilə birgə təşkili prosesinə
start verilib.
Xatırladaq ki, "Ümumdünya Ətraf Mühit
Günü" 1972-ci ildə Stokholmda keçirilən BMT
konfransında təsis olunub və dünyanın ən
genişmiqyaslı ətraf mühit kampaniyasıdır.
İlk dəfə 1973-cü ildə qeyd olunmağa başlayan
bu gün artıq 150-dən çox ölkədə
milyonlarla insanı birləşdirən qlobal platformaya
çevrilib. Bu platforma vasitəsilə fərdlər,
hökumətlər, bizneslər və təşkilatlar ətraf
mühitin qorunması istiqamətində fəaliyyətlərini
geniş ictimaiyyətlə bölüşür və iqlim dəyişikliyi,
biomüxtəlifliyin qorunması, hava və su
ehtiyatlarının mühafizəsi kimi məsələlərə
diqqəti artırırlar.
Ekologiya və təbii sərvətlər nazirinin
müavini Umayra Tağıyeva bildirib ki, Azərbaycan dünya
dövlətlərini 2026-cı il iyunun 5-də Bakıda
keçiriləcək "Ümumdünya Ətraf Mühit
Günü"ndə (World Environment Day) iştiraka dəvət
edir: "Azərbaycan 2026-cı ildə hər iki tədbiri
Bakıda qəbul etməyə hazırlaşır. Biz öz
töhfəmizi verməyə, beynəlxalq ictimaiyyətlə
təcrübə mübadiləsində, daha dayanıqlı
şəhərlər və icmalar yaratmağa imkan verəcək
həllərin tətbiqində əməkdaşlıq etməyə
hazırıq. Bu baxımdan biz Cənubi Koreyanın
"ağıllı şəhərlər"in
inkişafında liderliyini alqışlayırıq. Cənubi
Koreya "Dünya Ətraf Mühit Günü"ndə sədrliyi
Azərbaycana təhvil verib. Bu məsuliyyəti öz üzərimizə
götürmək və işi davam etdirmək bizim
üçün böyük şərəfdir. Biz sizi 5 iyun
2026-cı il tarixində bu mühüm missiyanı birlikdə
davam etdirmək üçün Azərbaycana qoşulmağa
səmimi qəlbdən dəvət edirik".
Ölkədə həyata keçirilən
genişmiqyaslı yaşıllaşdırma kampaniyaları, ətraf
mühitə zərərli tullantıların
azaldılması istiqamətində reallaşdırılan tədbirlər,
alternativ enerji mənbələrindən istifadənin
genişləndirilməsi respublikamızda ekoloji mühitin əsaslı
şəkildə sağlamlaşmasını təmin edib
Ekoloji problemlər müasir dünyada getdikcə daha
çox narahatlıq doğuran məsələlərdən
birinə çevrilib. Çin, Hindistan kimi böyük
dövlətlərin iri şəhərlərində ekoloji
problemlər, havanın, suyun çirklənməsi böhran həddinə
çatıb. Canlılar aləmini təhdid edən qlobal
istiləşmənin sürətlənməsində də
ekoloji problemlərin, atmosferdəki zərərli qazların
artmasının rolu artıq geniş miqyasda qəbul olunur.
Təsadüfi deyil ki, ekoloji tarazlığın və
ətraf mühitin qorunması Azərbaycanda dövlət siyasətinin
prioritet istiqamətlərindəndir. Son illərdə bu sahədə
görülən işlər daha intensiv və
genişmiqyaslı xarakter alıb.
Yaşıllıqların artırılması və
meşə zolaqlarının salınması ətraf
mühitin qorunması sahəsində ən təsirli tədbirlərdən
hesab olunur. Genişmiqyaslı yaşıllaşdırma
kampaniyalarının keçirildiyi Azərbaycan bununla
özünün ekoloji vəziyyətini
yaxşılaşdırmaqla bərabər, qlobal iqlim dəyişikliyi
ilə mübarizə tədbirlərinə də töhfəsini
vermiş olur.
Azərbaycanda biomüxtəlifliyin qorunmasına da
böyük diqqət yetirilir. Cənubi Qafqazda Vəhşi Təbiətin
Bərpası və Reabilitasiya Mərkəzi ilk olaraq
2006-cı ildə Azərbaycanda Altıağac Milli
Parkının nəzdində yaradılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
mütəmadi olaraq milli parkların ərazisində
brakonyerliyə son qoymaq, sivil balıq ovlanması qaydalarına
əməl edərək icazə verilən ərazilərdə
məqbul sayılan alətlərlə balıq ovu
qaydalarını təbliğ və təşviq etmək məqsədilə
həvəskar balıqçıların turnirlərini təşkil
edir.
Ölkəmizdə ekoloji mühitin qorunması istiqamətində
görülən tədbirlər sırasında atmosfer
havasına atılan tullantıların zərərsizləşdirilməsi
üçün reallaşdırılan layihələrin də
əhəmiyyəti xüsusi qeyd edilməlidir. Son illərdə
ölkənin böyük şəhərlərində bu məqsədlə
500-ə yaxın iri ictimai-iaşə obyektində təmizləyici
qurğuların quraşdırılması təmin olunub.
Sirr deyil ki, ötən əsrlərdə nizamsız
neft hasilatı və təmizlənmədən axıdılan
tullantılar Xəzər sularının çirklənməsinə
səbəb olub. Xəzər dənizinə daxil olan
tullantı sularının 60 faizi Volqa çayının
payına düşür. Ermənistan və Gürcüstan ərazisində
formalaşan kommunal və sənaye tullantı suları da
Kür çayı vasitəsilə Xəzərə daxil
olur.
Su mənbələrinin çirklənməsinin
qarşısının alınması tədbirləri,
çirklənmə baş verən ərazilərdə təmizləmə
işlərinin həyata keçirilməsi, bu məqsədlə
ən müasir texnologiyadan istifadə olunması ölkəmizdə
gerçəkləşdirilən ekoloji siyasətin
mühüm istiqamətlərindən birini təşkil edir.
Bu sahədə fəaliyyətin əsas hüquqi
bazasını "Hidrometeorologiya fəaliyyəti
haqqında", "Su Məcəlləsinin təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikasının qanunları və
bu qanunların icrasına xidmət edən "Ətraf
mühit və təbii ehtiyatların monitorinqinin
aparılması qaydaları haqqında" Əsasnamə təşkil
edir.
Məlumat üçün bildirək ki, ötən
il dövlət büdcəsindən ətraf mühitin
mühafizəsi üçün 361,9 milyon manat xərclənib,
bununla da nəzərdə tutulan vəsaitin 96,0 faizi (15 milyon
manat az) istifadə olunub. Bu da 2023-cü illə müqayisədə
3,3 milyon manat və ya 0,9 faiz çoxdur. Hesabat ilində ətraf
mühitin mühafizəsi xərcləri ÜDM-in 0,3 faizin,
dövlət büdcəsi xərclərinin isə 1 faizini təşkil
edib.
Bundan başqa, 2024-cü ilin dövlət büdcəsində
nəzərdə tutulmuş məqsədli xərclərdən
və ehtiyat mənbələrdən ayrılmış əlavə
olaraq 29,1 milyon manat məbləğində vəsait də nəzərə
alınmaqla ətraf mühitin mühafizəsi sahəsinə
dövlət büdcəsi xərclərinin 1 faizi həcmində
və ya 391 milyon manat vəsait yönəldilmişdir ki, bu da
2023-cü illə müqayisədə 26,4 milyon manat və ya
7,2 faiz çoxdur.
Azərbaycan ərazilərinin 30 illik işğalı
dövründə həmin torpaqlarda ekoloji problemlər
yaranmış, biomüxtəlifliyə ciddi ziyan dəymiş,
yaşıllıqlar vəhşicəsinə məhv
edilmiş, yandırılmış, yaxud təbii sərvətlərimiz
qəddarcasına talan edilmişdir. Azərbaycan ərazilərində
törədilən ekoloji terror əhalinin sudan məhrum edilməsi,
transsərhəd çayların qabağının kəsilməsi
və çirkləndirilməsi, su anbarlarının
baxımsızlıqdan qəza vəziyyətinə
düşməsi ilə ətrafdakı yaşayış məntəqələri
və yüz minlərlə əhalinin təhlükə
altında qalması Ermənistanın ölkəmizə
qarşı törətdiyi təcavüzdür. Milli Ordumuzun əzmi
sayəsində işğaldan azad edilən bütün Azərbaycan
torpaqlarında təbii ekostemin bərpası da bu gün
dövlətimiz qarşısında duran təxirə
salınmaz vəzifələrdən biridir. Ermənistanın
işğalı zamanı dağıdılmış ekoloji
tarazlığı bərpa etmək üçün Azərbaycanda,
xüsusilə də Qarabağda həyata keçirilən
ağacəkmə təşəbbüsləri diqqətəlayiqdir.
Qeyd etmək lazımdır ki, Azərbaycanın 2030-cu ilə
qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən
biri "Təmiz ətraf mühit və yaşıl artım
ölkəsi" kimi müəyyən edilib. Həmin prioritetə
uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması,
yaşıllıqların bərpası və
artırılması, su ehtiyatlarından və dayanıqlı
enerji mənbələrindən səmərəli istifadənin
təmin edilməsi istiqamətində işlər
aparılır. Təsadüfi deyildir ki, İşğaldan
azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə
də Naxçıvan Muxtar Respublikası yaşıl enerji
zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata
keçirilən genişmiqyaslı bərpa və yenidənqurma
prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin
ərazilərdə "ağıllı şəhər",
"ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq
edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin
yaradılması və yaşıl enerjinin dünya
bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin
prioritetidir.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi
Zəngəzur, eləcə də Naxçıvan Muxtar
Respublikası yaşıl enerji zonası elan olunub.
Yaşıl enerji növlərinin yaradılması və
yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın
enerji siyasətinin prioritetidir. Ətraf mühitin qorunması,
yaşıllıqların artırılması iqtisadiyyata,
xüsusilə də birbaşa aqrar sektora müsbət təsir
edən amildir. Yaşıllıqlar dünyada tədricən
qlobal problemə çevrilən su böhranının müəyyən
edilmısində çox mühüm rol oynayır.
Yaşıllıqlar təbiətdə suyun
balanslaşdırılması, yağıntıların
torpaqdan buxarlanması, yenidən yağıntılar şəklində
ərazilərə düşməsini müəyyən edir.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 12 iyun(№ 100).- S.14.