Fundamental tədqiqatlar
müəllifi
İqtisad elmləri
doktoru, professor Nazim İmanovun 70 illiyinə
Azərbaycan iqtisadiyyatının sahələrində,
əsasən də bazar münasibətlərinə
keçid, sonrakı inkişaf mərhələlərində,
eyni zamanda işğaldan azad edilmiş ərazilərdə
iqtisadiyyatın sahələrinin infrastrukturlarına dəymiş
zərərlərin müəyyən edilməsi, qiymətləndirilməsi
sahəsində əsaslı tədqiqatlar müəllifi,
iqtisad elmləri doktoru, professor Nazim İmanovun (Müzəffərli)
hazırladığı müvafiq metodika, alınmış nəticə
və təkliflər mütəxəssis
hazırlığının müxtəlif pillələri
üçün tədris-metodik işlərinin işlənilməsində,
iqtisad üzrə fəlsəfə doktoru və elmlər
doktoru proqramı çərçivəsində yerinə
yetirilən dissertasiya işlərinin mövzularının
müəyyənləşdirilməsi və tədqiqatın
aparılmasında aktual istiqamətlər olaraq geniş tətbiq
olunur və xüsusi əhəmiyyətə malikdir.
70 illik həyat yolunda professor Nazim İmanov elm-təhsil
sahəsində araşdırmalar aparıb, pedaqoji fəaliyyət
göstərib, Azərbaycanda və xarici ölkələrdə
keçirilən beynəlxalq forumlarda müstəqil dövlətimizin
milli iqtisadi proqramlarının və inkişaf prioritetlərinin
işlənilməsində, müzakirəsi və həyata
keçirilməsi prosesində iqtisadçı alim kimi daimi
innovativ təkliflərlə fəal iştirak edib.
Nazim İmanov elmi araşdırmaları ilə
yanaşı, eyni zamanda Azərbaycanın müstəqillik
dövründə iqtisadi islahatların nəzəri əsaslarının
işlənilməsi prosesinin formalaşmasının
ictimai-siyasi proseslərdə nəzərdən keçirilməsinə,
müzakirəsinin təşkil olunmasına hərtərəfli
dəstək verən iqtisadçı alim və Milli Məclisin
fəal deputatı olub. 1990-cı illərin mürəkkəb
və ziddiyyətli ictimai-siyasi mühitində onun irəli
sürdüyü elmi yanaşmalar yalnız akademik dairələrdə
deyil, dövlət idarəçiliyində və siyasi
debatlarda da ciddi maraq doğurub. Alimin elmi
araşdırmalarının və ictimai fəaliyyətinin əsasını
elm-təhsil sahəsində milli inkişaf konsepsiyası və
strategiyasında nəzərdə tutulan strateji hədəflərə
dair konseptual yol xəritəsi təşkil edir. Azərbaycan
Memarlıq və İnşaat Universitetinin Biznes
iqtisadiyyatı və menecment kafedrasının müdiri kimi mən
uzun illərdən bəri bir çox intellektual müzakirələrdə
Nazim müəllimlə daimi təmasda olmuşam. Şübhəsizdir
ki, bu yazı da mənim həmkarım, iqtisadçı alim
haqqında təəssüratlarımın və
müşahidələrimin ümumiləşdirilmiş
formasını əks etdirir.
Qeyd etmək lazımdır ki, alim və ziyalı
obrazını yalnız elmi titullar və ictimai vəzifələr
deyil, həm də şəxsin vətəndaş mövqeyi və
fəaliyyət istiqamətləri müəyyənləşdirir.
Nazim İmanov həm intellektual şəxsiyyət, həm
milli təəssübkeş, həm də cəmiyyətin
yetişdirdiyi yüksək potensiallı elm-təhsil mütəxəssisi
olaraq dəyərləndirilir.
Nazim İmanovun anadan olduğu 1955-ci il Azərbaycan SSR
tarixində yalnız siyasi sabitlik deyil, həm də elmi və
təhsil sisteminin keyfiyyətcə yeni bir mərhələsi
kimi xarakterizə olunur. 1970-ci illərdə Azərbaycanda milli
kadrların formalaşdırılması Ümummilli lider Heydər
Əliyevin əsas prioritetlərdən biri kimi ölkənin
intellektual potensialını artırmaq, iqtisadiyyat və digər
sahələr üçün yüksək ixtisaslı milli
mütəxəssislər yetişdirmək məqsədilə
mühüm tədbirlər həyata keçirməsi ilə
səciyyələnir. Bu tədbirlərin nəticəsində
ölkə iqtisadiyyatının demək olar ki, bütün
sahələri ixtisaslı mütəxəssislərlə təmin
edildi. Bu dövrdə təhsil alan Nazim İmanov kimi gənclər
sonradan ölkənin iqtisadi və elmi inkişafında
aparıcı mütəxəssislər kimi yetişdilər və
müstəqillik dövründə milli kadrlar olaraq elm-təhsil-istehsalat
sahəsində səmərəli fəaliyyət göstərdilər.
Gənc nazim İmanov 1972-ci ildə Azərbaycan
Dövlət Xalq Təsərrüfatı İnstitutuna (indiki
Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olur və
iqtisadiyyat ixtisası üzrə təhsil almağa
başlayır. Bu illərdə təhsil sahəsində əldə
etdiyi yüksək göstəricilərə görə Karl
Marks adına xüsusi təqaüdlə
mükafatlandırılır. 1977-ci ildə universiteti fərqlənmə
diplomu ilə bitirib elmlə ciddi şəkildə məşğul
olmağa başlayır. 1976-cı ildə Şərqi Avropa
ölkələrinin iqtisadçı tələbələri
arasında Bratislava şəhərində keçirilən
beynəlxalq elmi müsabiqədə onun elmi məruzəsi
birinci yerə layiq görülür, elmi araşdırması
beynəlxalq tədbirdə yüksək qiymətləndirilir.
Bu nailiyyət gənc tədqiqatçını sonrakı
elmi araşdırmalara həvəsləndirir. Elmə
yanaşması və həvəsi gənc tədqiqatçının
Azərbaycan SSR Dövlət Plan Komitəsi nəzdindəki
İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsində
fəaliyyətə başlamasına səbəb olur. Bu
institut o dövrdə ölkənin iqtisadi planlaşdırma
siyasətinin nəzəri bazasının
formalaşdırılmasında mühüm rol oynayan bir elmi mərkəz
idi. Gənc tədqiqatçı bu institutda ölkədə
planlaşdırma iqtisadiyyatından keçid iqtisadiyyatına
qədər geniş bir elmi araşdırma aparıb, tədqiqat
aparmaq təcrübəsinə nail olub.
Nazim İmanov 1983-cü ildə AMEA İqtisadiyyat
İnstitutunda namizədlik və 1990-cı ildə Moskva şəhərində
İctimai Elmlər Akademiyasında doktorluq dissertasiya işlərini
müdafiə edib, Azərbaycan və region miqyasında
aparıcı iqtisadçı alim kimi ölkə
iqtisadiyyatının prioritet istiqamətləri üzrə
daha geniş və şaxələndirilmiş araşdırmalar
aparmağa başlayib. Onun erkən təhsil və elmi
formalaşma dövrü həm nəzəri iqtisadiyyat sahəsində
möhkəm zəmin yaradıb, həm də gələcəkdə
Azərbaycanın iqtisadi mühitində fundamental dəyişikliklərə
nəzəri töhfələr verəcək bir alim, vətəndaş
kimi yetişməsində mühüm amil olub.
1980-ci illərin sonlarından başlayaraq Nazim
İmanov iqtisadi nəzəriyyədə
araşdırmaları ilə diqqəti cəlb etməyə
başlayıb. 1988-ci ildə onun hazırladığı
"Təbiətdən istifadə ilə bağlı iqtisadi
münasibətlər" monoqrafiyası Azərbaycan
komsomolunun mükafatına layiq görülüb. Qeyd etmək
lazımdır ki, monoqrafiya o dövrdə iqtisad elmində
kifayət qədər yenilikçi iqtisadi yanaşmanı -
resursların idarə olunmasında səmərə və məsuliyyət
balansını - təhlil edən ilk tədqiqatlardan biri kimi dəyərləndirilirdi.
1990-cı illərin əvvəllərində - Azərbaycan
müstəqilliyini bərpa etdiyi mərhələdə siyasi
və iqtisadi transformasiyalar N.İmanovun elmi
araşdırmalarında yeni yanaşma və istiqamətlərin
əsaslarını formalaşdırdı. Bu mürəkkəb
proseslərdə Nazim İmanov yalnız tədqiqatçı
iqtisadçı alim deyil, həm də ölkədə
aparılan islahatların elmi əsaslarını hazırlayan
mütəxəssis kimi bu proseslərdə fəal iştirak
etməyə başladı. Onun rəhbərliyi ilə
hazırlanan "Azərbaycan Respublikasının bazar
iqtisadiyyatına və tam iqtisadi müstəqilliyə
keçidi Proqramının Konsepsiyası" müstəqillik
dövrünün zəruri strateji istiqaməti kimi 1992-ci ildə
H.Z.Tağıyev adına milli mükafata layiq
görüldü, elmi və dövlət strukturları tərəfindən
yüksək qiymətləndirildi. Onun müəllifi
olduğu "İqtisadiyyatın sosialyönlüyü
sağçı və solçu sistemlərdə"
adlı monoqrafiya da mühüm nəzəri irəliləyiş
kimi dəyərləndirilir. Burada müəllif
iqtisadiyyatın dövlət tərəfindən tənzimlənmə
səviyyəsinin ölçülməsi üçün
yeni metodologiya irəli sürüb. Müəllifin təklif etdiyi
İqtisadiyyatın Solluğu (Sağlığı)
İndeksi əsasında, AMEA İqtisadiyyat İnstitutunda
2015-ci ildən başlayaraq "Dövlətin iqtisadiyyatı
tənzimləməsi səviyyəsinin qiymətləndirilməsi"
adlı illik hesabatlar hazırlanır və bu metodologiya
ölkənin elmi mühitində ilk dəfə olaraq dövlətin
iqtisadiyyatda iştirak səviyyəsini
kvantlaşdırılmış, müqayisəli göstəricilər
əsasında təhlil etməyə imkan verir.
Professor Nazim İmanovun apardığı elmi
araşdırmalar Azərbaycanda və beynəlxalq elmi
strukturlarda xüsusi maraq yaradıb. "Azərbaycanın
post-konflikt ərazilərinin bərpası" adlı
monoqrafiyası Bakı, London, Brüssel, Vaşinqton və
Moskvanın müvafiq elm və innovativ mərkəzlərində
təqdim olunub, mütəxəssislər, alimlər, siyasətçilər
və ekspertlər tərəfindən müzakirə edilərək
yüksək dəyərləndirilib.
Alim apardığı araşdırmalar nəticəsində
yeddi monoqrafiya, yüzdən artıq elmi məqalə nəşr
etdirib. O, eyni zamanda iqtisadi fəlsəfə, dövlətin tənzimləyici
rolu, bazar münasibətlərinin sosial ölçüləri
mövzuları istiqamətində Elm, Təhsil və
İstehsalatın koordinasiyasının prioritetləri üzrə
tədqiqatlar aparır. Bu tədqiqatlar iqtisadiyyatın
bütün sahələrində olduğu kimi, təhsilin
bütün səviyyələrində mütəxəssis
hazırlığında da mühüm əhəmiyyətə
malikdir. Eyni zamanda onun elmi araşdırmaları və
yanaşmaları, xüsusilə də iqtisadiyyatın sosial
yönümlü modelinə dair fikirləri müasir mərhələdə
prioritet istiqamət olub gənc araşdırmaçılar
üçün aktual tədqiqat istiqamətləridir. Nazim
İmanov AMEA İqtisadiyyat İnstitutunun direktoru, "Elmi əsərlər"
jurnalının baş redaktoru kimi iqtisad elminin aktual problemlərinə,
gənclərin elmi tədqiqatlara cəlb olunmasına, elmi
araşdırmalar aparmasına və elmi əsərlərinin
nəşrinə daim dəstək verir. Onun təşəbbüsü
və dəstəyi ilə Elm və Təhsil müəssisələrində,
eyni zamanda istehsalatda fəaliyyət göstərən mütəxəssislərin
iştirakı ilə müasir iqtisadiyyatın problemlərinə
həsr olunmuş respublika və beynəlxalq elmi-praktik
konfranslar, elmi seminarlar təşkil edilir, məruzələrin
nəşri təmin olunur. Bu isə Azərbaycan iqtisad elminin
qlobal səviyyədə tanıdılmasında, beynəlxalq
bazalarda yerləşdirilməsində və dəyərləndirilməsində
mühüm əhəmiyyətə malikdir. Bu fəaliyyət
istiqamətləri professor Nazim İmanovu iqtisadi elmin milli və
beynəlxalq səviyyədə inkişafına həm nəzəri,
həm də tətbiqi səviyyədə mühüm
töhfələr verən aparıcı iqtisadçı alim
kimi elm və təhsil ictimaiyyəti tərəfindən
yüksək dəyərləndirilməsinə səbəb
olub.
Professor İmanovun Azərbaycan Milli Elmlər
Akademiyasının İqtisadiyyat İnstitutuna rəhbərliyi
dövründə institut yalnız akademik elmi mərkəz
kimi deyil, həm də ölkə üçün əhəmiyyətli
olan iqtisadi konsepsiyaların, diaqnostik yanaşmaların və tədris-metodik
işlərin hazırlanmasında fəal iştirak edən
intellektual mərkəz olaraq fəaliyyət göstərir. Bu
dövrdə diqqəti cəlb edən istiqamətlərdən
biri də institutun fəaliyyətində elmi tədqiqatların
sistemləşdirilməsi, prioritet sahələrin dəqiq
müəyyənləşdirilməsi və onların praktiki
nəticələrinin olmasıdır. Xüsusilə onun
müəllifi olduğu "Dövlətin iqtisadiyyatı tənzimləmə
səviyyəsinin qiymətləndirilməsi" adlı illik
hesabatlar seriyası institutun fəaliyyətində
dönüş nöqtəsi sayıla bilər. Bu hesabatlar təkcə
Azərbaycanın daxili iqtisadi mühitində deyil, region səviyyəsində
də dövlətin iqtisadi proseslərə təsirinin
ölçülməsi və müqayisəli təhlili
baxımından yeni metodoloji bazanın formalaşmasına, əslində,
elmi məktəb səviyyəsinə yüksəlməsinə
səbəb olub. Hal-hazırda bu metodologiya əsasında bir
neçə doktorluq və 10-dan artıq fəlsəfə
doktoru proqramı çərçivəsində dissertasiya
işləri yerinə yetirilir. Beləliklə, professor Nazim
İmanov yalnız tədqiqatçı alim və institut rəhbəri
kimi deyil, həm də elmi mentor və yeni gənc tədqiqatçıların
yetişdirilməsində mühüm fəaliyyət göstərməkdədir.
Onu da qeyd etmək lazımdır ki, Nazim İmanovun rəhbərliyi
ilə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat
İnstitutunun beynəlxalq əlaqələri daha da genişlənib.
Onun Çin Xalq Respublikasının "Elm və Ali Təhsil
Sahəsində Beynəlxalq Konsultativ Komitə"sində
baş məsləhətçi kimi fəaliyyəti institutun
beynəlxalq elmi nüfuza malik olduğunu göstərir. Bu
status həm də institutun qlobal elmi proseslərə
inteqrasiyası baxımından mühüm addımdır. Digər
tərəfdən, Nazim müəllim beynəlxalq elmi
konfranslarda, o cümlədən Avropa Parlamenti, Con Hopkins
Universiteti, Böyük Britaniya Lordlar Palatası kimi nüfuzlu
məkanlarda institutun adından çıxış edərək
onun elmi platformalarda tanınmasına xidmət göstərir.
İnstitutun elmi nəşrləri də Nazim
İmanovun rəhbərliyi dövründə keyfiyyətcə
yüksəlmişdir. "Elmi əsərlər"
jurnalının baş redaktoru kimi o, həm məqalələrin
elmi dəyərinə, həm də tədqiqatların aktual
problemlərə həsr edilməsinə xüsusi diqqət
yetirir. Eyni zamanda o, AMEA-nın "Xəbərləri
(İqtisadiyyat seriyası)" və Dövlət Statistika Komitəsinin
nəşr etdiyi "Statistika xəbərləri"
jurnallarının redaksiya heyətinin üzvü kimi də səmərəli
və yaradıcı fəaliyyət göstərir.
Professor Nazim İmanovun nəzəri irsi Azərbaycan
iqtisadi elminin müasir mərhələsində fərqləndirici
və istiqamətverici rol oynayır. Onun tədqiqatlarında
yalnız klassik iqtisadi doktrinaların tətbiqi deyil, həm də
bu doktrinaların milli iqtisadi kontekstdə interpretasiyası və
təkmilləşdirilməsi müşahidə olunur. Məhz
bu yanaşma onun elmi irsini tipik akademik yanaşmadan fərqləndirərək,
yeni iqtisadi düşüncəyə malik olduğunu göstərir.
Alimin ən dəyərli cəhətlərindən
biri də onun gənc tədqiqatçılar ilə mütəmadi
birgə elmi araşdırmalar aparmasıdır. O, yalnız
kitab və məqalələri ilə deyil, həm də
institut daxilindəki elmi seminarlar, metodoloji müzakirələr
və elmi rəhbərlik fəaliyyəti ilə gənc alimlərə
yol göstərir. Bu gün onun elmi rəhbərliyi altında
bir neçə doktorluq və ondan artıq fəlsəfə
doktorluğu dissertasiya işi yerinə yetirilir. Onun
yanaşması tələbələrə və gənc alimlərə
yalnız faktların öyrədilməsi ilə kifayətlənməyib,
onları analitik düşünməyə, fərqli modellər
qurmağa və yeni metodoloji yanaşmalar etməyə yönəltməkdən
ibarətdir.
Professor İmanovun elmi və ictimai fəaliyyəti Azərbaycan
iqtisadiyyat elminin inkişafında mühüm mərhələ
təşkil edir. Onun elmi nailiyyətləri və ictimai fəaliyyəti
bir-birini tamamlayaraq ölkənin müasir iqtisadi sisteminin
formalaşmasına, iqtisadi siyasətin düzgün istiqamətə
yönəlməsinə xidmət göstərir.
Mübaliğəsiz qeyd etsək, Nazim İmanovun elmi irsini nəzəri
əsərlərlə yanaşı, həm də praktiki
iqtisadi siyasətin əsaslarının formalaşmasına və
milli iqtisadiyyatın metodoloji istiqamətlərinin müəyyənləşdirilməsinə
yönəldilmiş bir məktəb kimi dəyərləndirmək
olar.
Məhəbbət MƏMMƏDOV
Azərbaycan Memarlıq və İnşaat
Universitetinin kafedra müdiri, iqtisad elmlər doktoru, professor
525-ci qəzet .- 2025.-
12 iyun(№ 100).- S.12;13.