Bir gün qəzet
çıxmasa...
Esse
Yubiley ərəfəsində Azərbaycan mətbuatının
150 illik tarixini düşündükcə, bir vaxtlar hər səhər
yeni bir üfüq açan qəzetlərin gündən-günə
necə kölgəyə çəkildiyini ürək
ağrısı ilə müşahidə edirik. 19-cu əsrin
ortalarından başlayaraq, qəzet adına kağız
üzərində yazılan hər söz bir cəmiyyətin,
bir xalqın düşüncəsi, narahatlığı,
sevinci və dərdi idi. Qəzetlər bir zamanlar bizim üfüqümüzü
genişləndirən, düşüncəmizi
formalaşdıran ən önəmli vasitə olub. Amma indi,
bütün dünyada olduğu kimi, Azərbaycanda da qəzetlər
arxa plana keçib, onların yerini sosial media alıbsa da,
sosial medianın səs-küyü arasında həmin dərdləri,
sevincləri, düşüncələri tapmaq artıq
çətindir.
Bizim üçün qəzet sadəcə xəbər
daşıyıcısı olmayıb. Həm də fikir
tribunası, maarif meydanı, vicdanın kağız üzərindəki
inadı olub. Həsən bəy Zərdabinin 1875-ci ildə
"Əkinçi"ni çap etməsi əslində tərəqqi,
inkişaf, aydın gələcək naminə böyük,
sarsılmaz bir inad deyildimi?!
Zaman keçir, texnologiya inkişaf edir, oxucu tələbləri
dəyişir. Bütün bunlar doğrudur. Amma qəzetin yeri
- onun bədən istiliyi olan səhifəsi, mürəkkəb
qoxusu, qatlanmış yerindəki cığıra bənzər
iz - bunların yaratdığı zövq, fərqli hisslər
dəyişmir. Çünki qəzet yalnız informasiya
ötürmür, o həm də münasibət yaradır.
Oxucu ilə yazar arasında şəffaf, lakin dərin bir rabitə
qurur.
Sosial media bir xəbər tirajlayır - bir neçə
dəqiqəlik təlaş, bəzən səhv
başlıqlar, dezinformasiyalarla dolu dalğa... Yetər ki,
"ən birinci biz olaq", yetər ki, "hər kəsdən
çox biz oxunaq"... Qəzet isə dayanır, fikirləşir,
süzgəcdən keçirir, sonra danışır. Bəzən
qəzetin məhz bu ləngliklə sosial mediaya uduzduğunu
deyirlər. Amma əslində olan odur ki, qəzet
"danışmadan öncə düşünür".
Çoxlarının irad tutduğu o lənglik bəlkə də
qəzetin ən mühüm əxlaqi göstəricisidir: onun
ləngliyində məsuliyyət var.
Olduqca məyusedici hallardan biridir ki, region qəzetləri
artıq oxucuya "əlvida" deməyə başlayıb.
Bir çox region qəzetləri qapılarını
bağlayıb. Bir vaxtlar rayon mətbəələrindən
çıxan, həmin bölgənin sevincini, dərdini,
problemini, uğurunu yazan, yayan qəzetlər indi öz
ömürlərini yalnız yaddaşlarda davam etdirir.
Nə yazıq ki, paytaxt qəzetləri də eyni taleyə
sürüklənməkdədir. Hər il bir neçə qəzet
fəaliyyətini dayandırır, ya sayını azaldır,
ya da yalnız onlayn formatda "yaşamağa davam edir".
Ənənəvi qəzetlərin nəşri davam edir, amma
çox sayda deyil. Artan xərc, azalan tiraj, oxucu biganəliyi -
bütün bunlar qəzetin qarşısındakı ciddi təhlükələrdir.
Yubiley təntənəsi sevindirsə də, mətbuatdakı
sələflərə mənəvi borcumuzu da, gələcəklə
bağlı narahatlığı da xatırladır, qəzetlərin
sabahının dünənindən çox ağır
keçə biləcəyinə işarə vurur. 150 il! Bu,
yalnız yaş rəqəmi deyil. Bu, hər addımda bir
insanın fikri, sözü, əməli olan əzəmətli
bir yolun ölçüsüdür. Əfsuslar ki, qəzetlərimizin
tirajı bir vaxtlar onminlərlə
ölçülürdüsə, bu gün bir qəzetin 500
nüsxə çap olunması belə sevindirici hadisə kimi
görünür. Halbuki bu, yubiley ərəfəsində cəmiyyətin
vicdanına verilmiş səssiz-sakit bir SOS siqnalıdır.
Bəzən deyirlər ki, "İnternet var, qəzetə
nə ehtiyac?"Amma unutmayaq, internetdə oxuduğun xəbər
silinə bilər, qəzetdə yazılan isə qalır -
arxivdə, yaddaşda, kağızın illər ötdükcə
saralan, ancaq yazılanları qoruyan sinəsində. Bir gün
mətbuat tarixi unudularsa, o zaman bu cəmiyyət yalnız indi
ilə, bu dəqiqə ilə yaşamağa məhkum olar. Nə
keçmişi qalar, nə sabaha inamı.
Qəzetin önəmi yalnız məlumat verməkdə
deyil, o həm də cəmiyyətin yaddaşını
qorumaq, düşüncələrini şəkilləndirmək
və haqlarını müdafiə etmək işini
görür. Hər səhifə bir inam, hər başlıq
bir xəbərdarlıq, hər məqalə bir
çağırış ifadəsidir. Bir zamanlar səhər
çörəyini alarkən insanlar həm də sevimli qəzetlərinin
ilk səhifəsini çevirmək üçün tələsərdilər.
Çünki o səhifə onlara yalnız hadisələri
deyil, həm də o hadisələrə dair cəmiyyətin rəyini,
xalqın fikrini təqdim edərdi.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 12 iyun(№ 100).- S.8.