Paşinyan-kilsə gərginliyi
artır
Arzuxan Əlizadə: "Kilsə Paşinyanın
qarşısında geri çəkilmək məcburiyyətində
qalıb"
Ermənistanda iqtidar-kilsə qarşıdurması
davam edir. Əslində Paşinyan hakimiyyəti ilə kilsə
arasında gərginlik xeyli müddətdir ki, mövcuddur, amma
mayın sonlarından başlayaraq Ermənistanın Baş
nazirinin erməni apostol kilsəsinin qanunsuz əməlləri
ilə bağlı sosial şəbəkələr üzərindən
paylaşımları qarşıdurmanı açıq
müstəviyə keçirdi. İyunun 9-da isə
Paşinyan sosial şəbəkədə bütün ermənilərin
katolikosu II Qareginin könüllü olaraq subaylıq
andını pozduğunu və övladının olduğunu
yazıb: "Bu, faktdır və əgər II Qaregin bunu inkar
etməyə cəhd göstərsə, mən bunu lazımi
formatda sübut edəcəm. Bununla əlaqədar olaraq, erməni
apostol kilsəsinin qaydasına görə, II Qaregin nə
yepiskop, nə arxiyepiskop ola, nə də seçilə bilər.
O, katolikos ola bilməz. Ktriç Nersisyan patriarx iqamətgahını
boşaltmalıdır. Erməni apostol kilsəsinin inanclı
davamçısı, mənəvi irsimizin hər bir dəyərinə,
hər bir əşyasına, hər bir surətinə və
daşına hörmətlə yanaşan bir şəxs kimi bəyan
edirəm: erməni apostol müqəddəs kilsəsinin yeni
seçilmiş katolikosu olmalıdır. Bu şəxsin
nüfuzu, mənəvi təmizliyi katolikosluq seçkilərinə
qədər yoxlanmalı və təsdiqlənməlidir. Mən
müqəddəs erməni apostol kilsəsinin inanclı
davamçılarını patriarx iqamətgahının sevgi
və xristian ruhunda azad olunması və bütün ermənilərin
katolikosu vəzifəsinə həqiqətən müqəddəs
bir din xadiminin seçilməsi gündəliyi ətrafında
birləşməyə çağırıram".
Bu, Baş nazirin ruhanilərə
ünvanladığı bir sıra ittiham və iradların
kulminasiyası oldu.
Nikol Paşinyan, həmçinin yeni katolikos seçkiləri ilə
bağlı Apostol Kilsəsinin ardıcıllarına
müraciət edib. Müraciətdə seçkilərlə
bağlı təşkilati məsələlərin həlli
üçün Koordinasiya Qrupu yaratmaq zərurəti ön
plana çəkilib. Paşinyan deyib ki, Müqəddəs
Eçmiəzdin Baş iqamətgahının
boşaldılması və yeni katolikos seçkilərinin təşkili
üçün fəal addımlar atılmalı və
hazırkı mərhələdə yuxarıda qeyd olunan
gündəliklə bağlı təşkilati məsələlərin
həlli üçün Koordinasiya Qrupu
yaradılmalıdır: "Koordinasiya Qrupunun üzvləri həm
kişilər, həm qadınlar, həm ruhani, həm də
dindar olmayan şəxslər ola bilərlər. Lakin ruhani
şəxslərin, xüsusilə monastır həyatına
sadiq olanların subaylıq əhdini pozmamış olmaları
vacibdir".
Göründüyü kimi, vəziyyət getdikcə
daha da gərginləşir. Kilsə həmişə
olduğu kimi, siyasi proseslərə qarışaraq
revanşistlərlə birgə hərəkət edir. Nəzərə
alsaq ki, gələn il Ermənistanda prezident seçkiləri
keçiriləcək, o halda Paşinyanın
narahatlıqları da başadüşüləndir. Bəs
hadisələr necə inkişaf edəcək? Paşinyan kilsə
ilə bağlı dəyişikliklərə nail ola biləcək?
Milli Məclisin deputatı Arzuxan Əlizadə
mövzu ilə bağlı "525"ə deyib ki, Ermənistanda
Baş nazir Nikol Paşinyanla kilsə arasında gərgin
münasibətlər uzun müddətdir ki, davam edir. Ötən
il keşiş Baqratın rəhbərliyi ilə Paşinyana
qarşı bir hərəkat başlamışdı. O zaman
da Paşinyana müxalif olan qüvvələrin Baqratın ətrafında
təmərküzləşməsi və bütövlükdə
bu hərəkatın hakimiyyət dəyişikliyinə səbəb
olması ilə bağlı məsələ gündəmdə
idi. Amma belə məlum oldu ki, onda keşiş Baqrat
bütövlükdə erməni müxalifətini ətrafında
cəmləşdirə bilmədi. Müxalifət deyəndə,
əsasən keşiş Baqrata onda dəstək verən
qüvvələr Sarkisyan və Köçəryanın ətrafındakı
qüvvələr idi və onların da bilavəsitə
Rusiyanın təsir dairəsində olduqları məlumdur.
Deputat deyib ki, ümumiyyətlə erməni kilsəsi
uzun müddətdir ki, Rusiyanın təsir dairəsindədir
və Paşinyan da bunun fərqindədir: "O, bir neçə
dəfə cəhd etdi ki, kilsəni öz nəzarətinə
götürsün. Çünki müxalif qüvvələr
Paşnyana ölkə daxilində elə bir ciddi təhdid
törətmirlər, Paşinyanın elektoratı daha
güclüdür və müxalifət faktiki olaraq ciddi
elektorata malik deyil. Xüsusilə də keçmiş
Qarabağ klanı öz potensialını tam olaraq tükədib,
Rusiya da bunun fərqindədir ki, onların vasitəsilə Ermənistanda
hər hansı hakimiyyət dəyişikliyinə getmək
mümkün olmayacaq. Ona görə kilsə vasitəsilə
Paşinyana təsir etmək imkanları qalırdı deyə,
kilsə-Paşinyan qarşıdurması bu fonda baş verir.
Paşinyan çalışdı ki, kilsəni öz nəzarətinə
götürsün, amma buna nail ola bilmədi, ona görə də
artıq bu mübarizə açıq müstəviyə
keçib. Baş nazir kilsə rəhbərlərinə
qarşı çox ciddi ittihamlar irəli sürüb və
artıq vəziyyət o həddə gəlib
çatıbdır ki, erməni katolikosu demək olar ki, istefa
vermək məcburiyyəti qarşısında qalıb. Onun
bu günlərdə istefa vermək ehtimalı
böyükdür. O da məlumdur ki, erməni dövlətçilik
ideologiyası uzun illər kilsədən qaynaqlanıb, kilsə
daha çox ermənilik ideologiyasını, əslində
faşizm ideologiyasını yaymaqla məşğul olub.
Böyük Ermənistan, dənizdən-dənizə Ermənistan
xülyası da elə kilsə tərəfindən
formalaşıb və yayılıb. Bu illər ərzində
də Ermənistanı əsas idarə edən qüvvələr
bilavasitə kilsədən təsir göstərməklə
ediblər".
A.Əlizadəyə görə, Paşinyan
bütün bunların fərqindədir və artıq gələn
il keçiriləcək parlament seçkilərində
özünə ciddi maneə ola biləcək qüvvənin
kilsədən idarə oluna biləcəyini ehtimal edir:
"Çox doğru olaraq da bunu ehtimal edir. Ona görə də
kilsəni ya tam olaraq nəzarətinə götürmək,
ya da onun qüvvələrini tam olaraq sıradan
çıxarmaq planı üzərində işlənilir, bu
hədəf götürülüb. Hələ ki,
görünən odur ki, Paşinyan bu məsələdə
daha uğurlu görünür. Kilsə onun
qarşısında geri çəkilmək məcburiyyətində
qalıb. Çünki kilsəyə rəhbərlik edən
ayrı-ayrı şəxslər barədə ciddi kompromotlar
üzə çıxıb, Paşinyan bildirir ki, hələ
daha ciddi kompromotlar var. Onların yayılacağı təqdirdə,
kilsə rəhbərliyində olan şəxslər tam olaraq
nüfuzlarını itirəcəklər. Bütün bunlar
onu deməyə əsas verir ki, Paşinyan-kilsə
qarşıdurmasında Paşinyan qalib tərəfdir və
o, kilsənin təsir dairəsini tam olaraq sıradan
çıxarmaqla gələn il keçiriləcək
seçkilərdə özü üçün mövcud
maneələri qabaqcadan ertələmək məqsədini
güdür".
Deputat əlavə edib ki, Ermənistanda gələn il
baş tutacaq seçki ərəfəsində mühit olduqca
gərgin bir fazaya keçəcək: "Paşinyana
qarşı olan qüvvələr daha çox kənardan,
Rusiyadan idarə olunan qüvvələrdir. Amma görünən
bundan ibarətdir ki, biz 2021-ci ildə şahidlik etdik ki,
müharibədə böyük məğlubiyyətə
uğrayan Paşinyan yeni seçkilərə gedərək qələbə
qazandı. O zaman da Köçəryan çox ciddi şəkildə
gündəmə gəlmişdir, hətta onun Moskvada Rusiya
prezidenti ilə görüşü və ondan sonra Rusiya
kanalında çıxış edərək seçkilərə
qatılacağını bəyan etməsi bilavasitə hardan
idarə olunmasına işarə idi. Amma Rusiya da onun fərqində
oldu ki, Paşinyanı həmin dönəm üçün əvəz
edəcək ciddi liderləri yoxdur. Çünki Köçəryan
da, Sarkisyan da öz potensiallarını faktiki olaraq itiriblər,
onlar Paşinyanın reytinqi nə qədər də
aşağı düşsə də, onu əvəz etmək
iqtidarında deyillər. Erməni cəmiyyətində əslində
müharibə istəməyən bir təbəqə
formalaşıb. Ona görə istəmirlər ki, müharibənin
onlar üçün çox ciddi faciəvi sonluqla bitəcəyini
başa düşürlər. Çünki faktiki olaraq erməni
ordusu yoxdur, darmadağın olub, nə qədər də
silahlandırsalar da, həmin silahlardan istifadə edəcək
bir ordu yoxdur. Müharibə əleyhinə bir fikir
formalaşıb. Paşinyanı əvəz etmək istəyən
qüvvələr isə daha çox müharibə
ritorikası ilə çıxış edən, revanşist
planları olan qüvvələrdir. Onunla razıyam ki,
Paşinyan əvvəlki reytinqə malik deyil, amma nə
Avropanın Paşinyanı hakimiyyətə gətirən
güclərinin, nə də Rusiya tərəfinin onu əvəz
edə biləcək ciddi bir fiquru olmadığı
üçün Paşinyanın üzərində
dayanacaqları ehtimalı kifayət qədər yüksəkdir.
Bu mənada hesab edirəm ki, digər müxalif qüvvələr
Paşinyana qalib gələ bilməyəcəklər. Nə
qədər də onun reytinqi aşağı olsa da, nüfuzu
əvvəlki səviyyədə olmasa da, hələ ki, bu
gün Paşinyan daha üstün görünür və
seçkilərin nəticələrinə görə, onun
növbəti dəfə qalib gəlmək imkanları daha
çox görünür".
O ki qaldı Ermənistandakı müxaliflərin
Paşinyan əleyhinə Azərbaycan amilindən, sülh
prosesindən istifadə etmək cəhdlərinə,
A.Əlizadə söyləyib ki, həmin revanşist qüvvələr
Azərbaycanla sülhün əleyhinədirlər. Onlar
sülh sazişinin imzalanmasının gecikdirilməsini istəyirlər.
Amma revanşist qüvvələr bununla heç nəyə
nail ola bilməyəcəklər. Çünki Azərbaycan
regionda yeni reallıqlar yaradıb. Hansı ritorika ilə
danışmaqlarından, necə silahlanmalarından, haradan
idarə olunmaqlarından asılı olmayaraq, Ermənistanın
Azərbaycan üzərində hansısa formada bir
üstün formaya keçməsi mümkün deyil, ona
görə də bütün cəhdlər nəticəsiz
olacaq".
Pərvanə
525-ci qəzet .- 2025.- 12 iyun(№ 100).- S.6.