Səngərdən məktəbə,
məktəbdən əmək cəbhəsinə
Tarix üçün illər, on illər, yüz illər
də böyük vaxt deməkdir. Yaşanılanlar unudulmursa,
yaşadılırsa, yaddaşlarda da qalır, tarixdə də.
80 il az tarix deyil, böyük tarix də deyil. O tarixdə
dünənlərimiz var, dünənlərimizdən bu
günlərimizə can yandıranlarımızın xatirələri
var. O xatirələr də tarixdi...
Firudin Nuru oğlu Allahverdiyev 1921-ci ildə Zəngilan
rayonunun Alıbəyli kəndində anadan olmuşdu. Burada
ibtidai təhsil almışdı, 1939-cu ildə Qubadlı
rayonunun Xocahan kənd orta məktəbini bitirmişdi. Azərbaycanı
silkələyən 37-dən sonra dünyanı silkələyən
39 gəlmişdi. Firudin Nuru oğlu həmin il hərbi xidmətə
çağırıldı. Tərxis edilib Zəngilana
qayıtdı. Düz-əməlli "nəfəs dərməmiş"
41-in iyun ayının 22-sinin səhəri açıldı.
Güllələrlə, mərmilərlə, bombalarla,
qırğınlarla. Firudin Nuru oğlu da müharibəyə
aparıldı...
Müharibənin yolları hər əsgər
üçün müxtəlif dolaylardan keçirdi.
Döyüş yolları bu dolaylardan keçib müharibəyə
aparırdı. Firudin Nuru oğlu Tbilisi şəhərində
birillik hərbi-siyası kursda təhsil aldı. Müharibədə
zabit kimi xidmət edəcəkdi. Oxuyurdu, təhsildən sonra
harada xidmət edəcəyini - döyüşəcəyini
düşünmədən hərbi təhsil alırdı.
Böyük qardaşı Səlimin döyüşlərdə
həlak olması qəlbini qana döndərmişdi, döyüş
əzmini, qələbə ruhunu artırmışdı.
İndi döyüşlərə gedəcəyi günü
daha səbirsizliklə gözləyirdi. Hərbi təhsilini bu
ovqatla bitirdi. Bilirdi ki, bu müharibə caynaqlı müharibədi,
uzun çəkəcək. Onu da bilirdi ki, o da ordunun zabiti kimi
qətiyyətlə döyüşəcək, Azərbaycanın
adı üçün döyüşəcək, ata
adına, el-obaya başucalığı gətirməklə
döyüşəcək, qardaşının ruhunu da
yanında bilib döyüşəcək...
Kiçik leytanat hərbi rütbəsi ilə əvvəlcə
416-cı Taqanroq diviziyasının tərkibində, sonra
Şimali Qafqaz və Stalinqrad istiqamətində 18-ci Ordunun
82-ci atıcı diviziyanın 3-cü əlahiddə taborunda
bölmə komandiri, sonra 3-cü əlahiddə taborunun
bölük komandirinin şəxsi heyət üzrə
müavini, 148-ci atıcı diviziyanın əlahiddə zenit-pulemyot
bölüyünün taqım komandiri kimi
döyüşdü...
Döyüşlərdə azca fasilə yarananda Azərbaycanı
düşünürdü, Zəngilanı
düşünürdü, Alibəylini
düşünürdü, camaatın güzəranını
düşünürdü. Hamı kimi o da çətin
günün ömrünün az olmadığına
yanıb-yaxılırdı. Müharibə başa
çatınca ağrılar yaşanılacağını o
da gümanlayırdı. Düşünürdü ki,
müharibədə, döyüşlərdə də belə
olacaq, müharibədən uzaqlarda da...
Mozdokda döyüşmüşdü. Krasnodarda
döyüşmüşdü, Novorossiyskdə
döyüşmüşdü. Qələbələr onun da
ruhunu sabahkı döyüşlərə kökləmişdi.
82-ci atıcı diviziya Novorossiyskin sağ cinahında
müdafiə döyüşləri aparırdı.
Faşistlər bu şəhəri işğal etmək, ordu
hissələrimiz, bu baxımdan 82-ci diviziya düşmənin
hücumunun qarşısını almaq üçün qətiyyətlə
döyüşürdü. Komandanlığın əmri ilə
döyüşdə dönüş yaratmaq üçün
düşmənin hücum sistemi, mövqeləri haqqında
müfəssəl kəşfiyyat məlumatları əldə
edilməli idi. İlk cəhdlər alınmamışdı.
Diviziya komandirinin əmri ilə batalyon səviyyəsində kəşfiyyat
təşkil edildi. Bu, açıq kəşfiyyat idi. Batalyon
(indiki tabor) düşmənin mövqelərinin 200-300 metrliyindəydi.
Döyüşsüz saatlar psixoloji ağırlıqla
keçirdi. Döyüşçülərimiz səhərə
yaxın, düşmənin gözləmədiyi məqamda hücuma keçəcəkdi.
Firudinin bölməsinə "dil" gətirmək
tapşırığı verilmişdi. Bilirdilər ki, bu
tapşırıq hücumun vaxtını da, istiqamətini də
dəqiqləşdirməyə gərəkli olacaq. Yəni gətirilən
"dil"dən öyrənilənlər əsasında həyata
keçiriləcək hücum qələbəni təmin edəcəkdi...
Firudin Allahverdiyevin komandirliyi ilə "dil" gətirildi,
həm də itki verilmədən. Alman zabiti
komandanlığı maraqlandıran suallara ətraflı cavab
verdi...
Sürətli hücumla düşməni geri çəkilməyə
məcbur etdilər...
Bu əməliyyatadək sinəsini İgidliyə
görə medalı bəzəyən kiçik leytenant
Firudin Allahverdiyev əldə edilən vacib qələbəyə
görə "Qırmızı ulduz" ordeni ilə təltif
edildi...
Müharibə davam edirdi. Düşmən
işğal etdiyi şəhərlərdən
döyüşlə uzaqlaşdırılırdı.
Kiçik leytenant Firudin Allahverdiyevə leytenant hərbi
rütbəsi verilmişdi. Döyüşlərdə qətiyyətlə
döyüşməyən, komandiri olduğu hərbi
bölüyə bacarıqla rəhbərlik edə bilməyən
zabitə növbədənkənar, həm də ağır
döyüşlər getdiyi bir vaxtda hərbi rütbə
verilməzdi. Leytenant Firudin Allahverdiyev 148-ci atıcı
diviziyanın əlahiddə zenit-pulemyot
bölüyünün taqım komandiri təyin edildi. Bu təyinatdan
bir həftə ötməmiş bölüyə
döyüş əmri verildi. Uzun çəkməyən
döyüşdə düşmənin nizamı pozuldu, ciddi
itki verən düşmən mövqedən
sıxışdırıldı, batalyonun döyüş fəaliyyətinə
əlverişli şərait yarandı...
Növbəti əməliyyatların birində
düşmənin iki qırıcı təyyarəsini,
tankını və xeyli canlı qüvvəsini sıradan
çıxardıqlarına görə bir neçə
döyüşçü müxtəlif mükafatlara,
taqım komandiri Firudin Allahverdiyev isə "Birinci dərəcəli
Vətən müharibəsi" ordeninə layiq
görüldü. Komandirləri azərbaycanlı
leytenantın döyüş bacarığı, zabit kimi
bölüyü döyüşə aparma və
döyüşü təşkil etmə məharətini
yüksək dəyərləndirirdi.
Diviziya Polşanın və Çexoslavakiyanın
faşistlərdən təmizlənməsi döyüşlərində
də iştirak etdi. Komandiri leytenant Firudin Allahverdiyev olan
bölük də qətiyyətlə
döyüşürdü. Praqa şəhərinin azad edilməsi
uğrunda ağır döyüşlərdə də bu
bölük mərdliklə döyüşdü. Göstərdiyi
igidliyə görə "İkinci dərəcəli Vətən müharibəsi"
ordeni ilə təltif edildi.
Praqa uğrunda son döyüşdə yaralanan Firudin
Allahverdiyev müalicə olundu, yenidən döyüşlərə,
qələbəyə aparacaq döyüş yoluna
qayıtdı. Bölüyün döyüşçüləri
komandirlərinin qayıdışını mövqe qələbəsi
ilə qarşıladı...
İkinci Dünya müharibəsinin tarixi sənədlərdi,
hadisələrdi, zamanında qeyd edilmiş xronikalardı.
Əsgər məktubları da müharibə tarixinin öyrənilməsi
baxımından gərəklidi. Milyonlarla məktub bəzən
döyüşlərin gedişi haqqında da müfəssəl
məlumatlar deməkdi. Döyüşlərə Zəngilandan
göndərilmiş Firudin Allahverdiyevin məktubları da belə
məktublar olub. Zamanında oxunub, onun məktublarında bəlkə
də zamanında 416-cı Taqanroq diviziyasının, 82-ci
atıcı diviziyasın 3-cü əlahiddə taborunun
döyüş yolları haqqında məlum olmayan faktlar da
varmış. Baş leytenant Firudin Allahverdiyev məktublarında
döyüşlərin gedişindən də söz
açardı, bəzi faktları da qeyd edərdi, fərqlənən
döyüşçülərin kimliyini də bildirərdi.
Bu, onun necə komandir olduğunun təsdiqi idi. Təəssüflər
ki, minlərlə ailədə on minlərlə belə məktublar
olub, ancaq tarix üçün sənədləşdirilməyib.
O məktublarda yazılanların bəziləri indi təəssürat
kimi yaşadılır.
Zamanında Firudin müəllimin müharibə,
döyüş təəssüratlarını mən də
dinləmişəm, Zəngilan taborunun
döyüşçüləri də dinləmişdi. O təəssüratlar
döyüşçülərimizin döyüş əzminə
dönərdi, qələbə ruhuna dönərdi;
veteranın Azərbaycana sevgisi döyüşçülərin
mənəvi-psixoloji hazırlığının daha da
yüksəldilməsində vasitə olardı...
İkinci Dünya müharibəsi başa
çatdı. Faşizm üzərində tarixi qələbə
qazanıldı. Firudin Allahverdiyev 1946-cı il iyunun 20-də tərxis
olundu. Onu döyüşlərə sıravi əsgər kimi
aparan yol Azərbaycana, Zəngilana zabit kimi qaytarırdı.
Qalib zabit kimi, igidliklə döyşmüş hərbçi
kimi qaytarırdı.
Müharibə veteranı baş leytenant Firudin
Allahverdiyev Azərbaycana qayıtdı. Ruh cana qayıdan təki
qayıtdı. Beş il çəkən döyüşlərdən
həsrətinin ünvanına qayıtdı. Müəllim
olmaq istəyi ilə 1953-cü ildə Ağdam ikiillik pedaqoji
məktəbini bitirdi. Şagirdlərinə dərs deyəcəkdi,
onların Vətənə sevgi ruhunda formalaşmasına
çalışanların sırasında olacaqdı.
1963-cü ildə pedaqoji prosesdən ayrılmadan
V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan
Pedaqoji Universitetini) Azərbaycan dili və ədəbiyyat
fakültəsini bitirdi. Rayon xalq maarif şöbəsində
metodist, Rəzdərə, Havalı və Malatkeşin kənd
məktəblərində direktor, Alıbəyli, Məmmədbəyli,
Zərnəli, Keçikli kənd məktəblərində və
Zəngilan şəhər 1 nömrəli 8 illik məktəbində
müəllim işlədi. Son iş yeri Zəngilan şəhər
orta məktəbində hərbi hazırlıq müəllimi
oldu. Bu sadə, səmimi, xeyirxah, nəcib insan mənim də
ibtidai hərbi hazırlıq müəllimim kimi yurdsevərlik
hisslərimizin formalaşmasında, hərbçi peşəsinə
isti münasibətimizin yaranmasında bütün bilik və
bacarığını, zəngin həyat və
döyüş təcrübəsini verirdi.
Ermənistan Azərbaycana qarşı ədalətsiz
müharibəyə başlayanda Zəngilanda da ərazi
özünümüdafiə taboru yaradıldı. Mən həmin
taborun komandiri idim. Zəngilanı sevənlər bu taborun
sıralarında döyüşürdü, döyüşməyə
imkanı olmayanların ruhu döyüşənlərin
sırasındaydı. Yaşlılar, ağsaqqallar, yeniyetmələr
həmişə döyüşçülərin yanına
can atardılar. Bu, döyüşənlərin
döyüş əzmini də artırırdı, qələbə
ruhunu da. Firudin müəllim dəfələrlə mövqelərə
gəlmişdi. Döyüşçülər onun gəlişini
"Oğul, Vətən əmanəti!"
tapşırması bilərdi...
Zəngilan işğal olunanda göz yaşı
ürəyinə axanlardan biri də Firudin müəllim oldu.
Zəngilanın mühasirədə qalması, müdafiə
döyüşləri, camaatın Araz çayını
minbir zillətlə keçməsi, İran ərazisindən
zülmlərlə Azərbaycanın müxtəlif
rayonlarına səpələnməsi onun da heysiyyətini silkələyirdi.
O da "Ordumuz torpaqlarımızı işğaldan azad edəcək,
biz ev-eşiyimizə qayıdacağıq!" ümidi ilə
yaşayırdı. Bu ümid döyüşçülərə
vətənpərvərlik dərsi olurdu. Zəngilan
alayının hücumunun səhərisi gün qürurla
döyüşçüləri bağrına basan bu el
ağsaqqalının kirpiklərində iki damla göz
yaşı da görünmüşdü...
Firudin Allahverdiyev həm də gözəl ailə
başçısı olub. Həyat yoldaşı İpək
müəllimlə birlikdə altı övladının kamil
vətəndaş kimi formalaşmasını təmin
etmişdi, övladları valideynlərinin ömrünün
işığı olmaqla ali və orta ixtisas təhsili
almışdı. Firudin müəllim onlarla
qürurlanırdı...
Müharibə və əmək veteranı Firudin
Allahverdiyev 2007-ci il avqustun 1-də vəfat etdi...
Firudin müəllim unudulmur, ehtiramla xatırlanır.
Onu İkinci Dünya müharibəsində döyüş
yoldaşı olanların nəvələri də
xatırlayır. Tarix unudulmur. Tarixi unutmuruq. İkinci Dünya
müharibəsini də, qazanılan qələbəni də,
döyüşlərdə iştirak etmiş azərbaycanlıları
da unutmuruq. Firudin Allahverdiyev də unudulmur, unudulmayacaq...
Firudin müəllim İkinci Dünya müharibəsində
zabit kimi döyüşdü, qələbədən sonra
müəllim işlədi, bir ömür əsl vətəndaş
kimi yaşadı...
Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet .- 2025- 13 iyun(№101).- S.14.