Mənalar saçan tablolar
("Danışan
şəkillər" silsiləsindən)
"YENƏ DƏ "İKİ"
Məşhur rus rəssamı F.Reşetnikovun 1952-ci
ildə çəkdiyi "Yenə də "iki" adlı
bu şəklə artıq neçə onillərdir sənətsevərlər,
sənətşünaslar dönə-dönə müraciət
edir, bu əsərin ideya-məzmun planında bizə
çatdırdığını çözməyə
çalışır və heç cür ortaq bir fikrə,
məxrəcə gələ bilmirlər. Əslində, bu,
çox təbii və qanunauyğundur, çünki bədii
təfəkkürün məhsulu olan əsl sənət əsəri
adi qəzet məqaləsi, yaxud televiziya reportajı deyil ki,
oxucuya, tamaşaçıya əlüstü, bircə
anın içindəcə həzm oluna bilən hansısa bir
informasiya ötürsün. Sənət əsəri nələrisə
bəlirləyən işarələrdən qurulmuş bir
sistem, elmi terminologiya ilə desək, mətn, tekst, yaxud
diskursdur. Əsərin məzmununu düzgün qavramaq,
ideyasını açmaq üçün işarələrdən qurulmuş
həmin teksti düzgün "oxumaq", bunun üçün
isə həmin işarələrin mənalarını
düzgün açmaq həlledici şərtdir.
Sözügedən şəkildə növbəti dəfə
məktəbdən evə "iki" qiyməti ilə
qayıdan oğlanın ailədə qarşılanma mərasiminin
bir anı, doğma anasının, böyük
bacısının və kiçik qardaşının bu
olaya münasibəti, reaksiyası təsvir olunub. Reaksiya, təbii
ki, müsbət deyil - bacının üzündə daha
çox ittiham, kiçik qardaşın baxışlarında
gizli bir sevinc, rişxənd, ananın çöhrəsində
isə sevgi qarışıq bir məyusluq, təəssüf
hissi donub. "İki" sindromundan dışarıda qalan
yeganə canlı - itdir. Onun üçün nə iki alan
oğlanın, nə də ailənin digər üzvlərinin
mənəvi-psixoloji durumunun hansı vəziyyətdə
olmasının heç bir əhəmiyyəti yoxdur. Əsas
odur ki, gözlədiyi adam evə qayıdıb və o, həmişəki
mehribanlıqla öz sahibini qarşılayır.
Şəkil haqqında söylənilən fikirlərdə
müxtəliflik də məhz bu detaldan, əgər şəklə
tekst kimi baxırıqsa, bu işarədən qaynaqlanır. Bəzi
sənətsevərlər, hətta sənətşünaslar
belə nəticəyə gəlirlər ki, müəllif itin
"iki" alan tənbəl oğlana pozitiv münasibətini
ailənin bütün üzvlərinin neqativ münasibətinə
qarşı qoyub, itin sevgisini qeyri-şərti sevgi kimi
nümunə göstərib və ailənin doğma
üzvü olan məktəbli oğlana anasının,
bacısının, kiçik qardaşının şərti
sevgisindən üstün olduğunu önə çəkib,
başqa sözlə, şəkildəki digər
personajları itdən nümunə götürməyə,
onun kimi sevməyə çağırıb.
Sizcə, bu, düzgün yanaşma, təhlildirmi?
Məncə, yox.
Bu, düzgün təhlildən çox, təhrifə,
orijinal görünmək üçün müəllifin niyyəti
ilə manipulyasiya etməyə daha çox bənzəyir.
Gəlin, baxaq.
Hər hansı sənət əsərinin
çatdırdığını düzgün qavramaq
üçün onu (yəni teksti) təşkil edən
elementlərə ayrı-ayrılıqda yox, vəhdətdə,
bir-biri ilə əlaqədə baxmaq lazımdır ("Bir
qalanın sirri" filmində Kamran babanın Həkim
Eldostunun sandığa qoyduğu əşyaların
çatdırdığını oxuduğu səhnəni
yada salaq: ayrı-ayrılıqda sim və narı bildirən əşyalar
birlikdə canlı insan - Simnar xan anlamını verir).
Yuxarıdakı fikrin müəllifləri isə
şəkildə oğlanın üstünə atılan it
işarəsini kontekstdən ayırır, lakin ondan
çıxan mənanı bütün şəklə
şamil edirlər, yəni baxın, hamı, hətta doğma
anası da tənbəl oğlunu qınaqla, narazı pozada
qarşılayır, it isə yox.
Gördüyümüz kimi, bu şəklin adından
tutmuş ən xırda, ilk baxışda əhəmiyyətsiz
görünən işarələr, ştrixlər -
ananın üzündəki ifadə, oğlanın əlindəki
çanta, ümumiyyətlə, həmin situasiyadakı real (və
həm də bədii) məntiq nəzərə
alınmır. Halbuki "Yenə də "iki" ifadəsi
əslində bu uşağın xroniki tənbəlliyindən, məsuliyyətsizliyindən soraq
verir. Elə isə sual olunur: Doğma anası buna
gözmü yummalı, yenə də "iki"
aldığına görə onun başını
tumarlayıb bağrınamı basmalı idi? Diqqət yetirin,
ananın üzündə bu mənzərənin dəfələrlə
təkrarlanmasından doğan bir məyusluq, əzab var. Bu, bəlkə
də oğlunu istədiyi kimi tərbiyə edə bilməməsinın
yaratdığı kədər, təəssüfdür. Amma
iş burasındadır ki, bu məyusluq, təəssüf
onun üzündə, gözlərində sayrışan məhəbbət
hissinə qətiyyən kölgə salmır. Mənim dediklərimə
inanmaq üçün şəkildən itin təsvirini
"silib" ona bir də baxın - kompozisiya sizə tamam
başqa informasiya ötürəcək. Görəcəksiniz
ki, çox güman ki, övladlarını təkbaşına
böyüdən ana (şəkildə ata obrazının
olmaması, məncə, buna şəhadət verir) qətiyyən
sevgisi, övladına olan məhəbbəti itin sevgisindın
az olmayan məsuliyyətli, övladının taleyindən
narahatlıq keçirən bir qadındır və belə
ananı "iki" ilə məyus eləmək heç də
bağışlanası qəhrəmanlıq deyil.
O ki qaldı bacının və kiçik qardaşın
reaksiyalarına, onların hər biri bu olayı öz
yaşlarına, dünyagörüşlərinə uyğun
tərzdə qarşılayır - bacı bir pioner qətiyyəti
ilə məsuliyyətsiz, tənbəl qardaşını tənbeh
edir, ananın diqqəti uğrunda böyük qardaşı
ilə gizlin rəqabət aparan kiçik qardaş isə bir
növ özünə əlavə dividend qazandığı
üçün gizlincə sevinir, qardaşına qalib ədası
ilə baxır.
İndi isə iti şəklə "qaytarıb"
son nöqtəni qoyaq: "Ev iti nə insanın sevincini duyur,
nə də kədərini. Ev iti onunla əylənən, onu
yedirdən, ona mehribanlıq göstərən sahibinə sadiq
heyvandır və öz sahibindən də həmişə
bunları gözləyir. O, nə dalbadal "iki"
almağın mahiyyətini anlayır, nə ananın
iztirablarını. Onun ürəyi insan ürəyi yox, it
ürəyi olduğuna görə də sahibinin
qabağına qaçıb üstünə atılır ki,
gözlədiklərini alsın.
Amma alacaqmı?
Nəinki anasının, bacı və
qardaşının, hətta itinin də qarşısında
günahkar kimi dayanan uşağın üzündəki ifadə
isə etimadı, ümidləri doğrultmadığına
görə əzab, iztirab çəkən bir uğursuzun xəcalətidir.
"Bu şəkil bizə deyir ki, övlad
"iki" də alsa, ona olan ana, bacı, qardaş məhəbbəti
azalmamalıdır" qənaəti ona görə
düzgün deyil ki: 1) şəkildə bu qənaətə
rəvac verən heç bir ştrix, detal yoxdur; 2) məktəbli
oğlanın səliqəsiz çantası, şəklin
adındakı "yenə də" ifadəsi, ailəni məyus edən növbəti
" iki" təsadüfi yox, xroniki hal almış
şüurlu intizamsızlığın nəticəsi kimi təqdim
olunub.
Amma bütün bunlara baxmayaraq, bu şəkildə hər
şeyin düzələ biləcəyinə, bu
oğlanın nəhayət anasını sevindirəcəyinə bir ümid də var. Onu yaradan hətta
öz itindən belə utanan oğlanın çəkdiyi
vicdan əzabıdır.
Deməli, hər şey bitməyib.
Vəssalam!
"KÜRƏ ÜSTÜNDƏKİ QIZ"
Tanınmış fransız semiotiki və ədəbiyyatşünası
Rolan Bart S.Eyzenşteynin "İvan Qroznı" filmindən
bir kadrı (yəni fotonu) götürərək orada ifadə
olunan mənalar haqqında "Üçüncü məna"
adlı böyük bir məqalə yazıb. Alim məqalədə göstərir
ki, həmin kadrın çatdırdığı birbaşa və
məcazi mənalardan başqa üçüncü -
tamaşaçı üçün açıq qalan bir məna
da var...
Bəs nədir o məna, auditoriyaya
çatdırılan bədii informasiya?
Bartın fikrincə, həmin o üçüncü
mənanı sözə çəkib konkretləşdirmək
olmur, çünki o, duyulsa da, sözlə dəqiq ifadə
oluna bilməyən, yalnız görmə qavrayışı
ilə qəbul olunub duyğuları sayrışdıran, necə
deyərlər, ələ gəlməyən mənadır.
Alimin dediklərinə belə bir əlavə etmək
istərdim ki, açıq qalan o mənanı yalnız
gözlə yox, həm də ürəyin gözü ilə
görmək olar - əlbəttə, əgər Allah belə
bir ürəyi kiməsə veribsə...
Bu yaxınlarda
böyük ispan rəssamı Pablo Pikassonun "Kürə
üstündəki qız" əsərinin
reproduksiyasına baxanda mən nəyə görəsə
R.Bartın fikirlərini və
çox-çox illər əvvəl bu şəkillə
bağlı keçirdiyim hissləri, gəldiyim qənaətləri
xatırladım və özümün o vaxtkı sadəlövhlüyümə
düzü, bir az acıdım.
O vaxtlar mən rəngkarlıq əsərlərinin dəyərini
maksimum realizmdə, həyat və sənət arasında fərqsizlikdə
görürdüm və bu mənada sözügedən əsər
mənim nəzərimdə nəzərdə tutulmuş
hansısa bir əsərin uğursuz qaralmasına bənzəyirdi.
Mənə elə gəlirdi ki, şəkildəki
personajların fiqurlarında praporsiya pozulub, rənglər
uğursuz seçilib, kompozisiya düzgün qurulmayıb.
İndi bu şəkilə diqqətlə baxanda orada o
qədər incə nüanslar, informasiya zənginliyi
görürəm ki, sanki bu əsərdən qopan mənalar
tükənməyəcək, nə qədər ki, bəşəriyyət
var, insanlara həyat, onun mənası, paradoksları barədə
sonu olmayan hekayət danışacaq.
Nədir bu şəkli yüksək sənət əsəri
səviyyəsinə qaldıran məziyyətlər?
Baxın, mövzusu kasıb küçə
akrobatlarının həyatından alınmış bu tabloda
gənc qız kürənin üstündə əllərini
yana açaraq tarazlıq yaratmağa, durduğu yerdə
dayanmağa çalışır. Onunla üzbəüz
kubun üstündə rahatca oturmuş kişi (atası,
qardaşı, yaxud sadəcə tərəfdaşı ola bilər)
isə zahirən güclü, qüvvətli təsir
bağışlasa da, yorğun və fikirli
görünür. Bu zahiri ziddiyyət, təzad şəkildə
əksini tapan vəziyyətə məxsusi çalar verir:
sanki qız bu mürəkkəb dünyada öz yerini, bəxtini
axtaranların, kişi isə qızın
çabalarını çoxdan yaşamış insanların taleyini simvolizə edir
və qızın üzündəki sevinc, kişinin
susqunluğu bu yolun sonunda həmin qızı gözləyən
aqibətin heç də ürəkaçan olmamasından xəbər
verir.
Qız - ümidin, yaşamaq eşqinin, əzələli
kişi isə gücün, qüvvətin təcəssümüdür.
Beləliklə, ümid və son aqibət, zəriflik və
fiziki güc bu tabloda incə bir üsulla
qarşılaşdırılır, həyat, onu başlanğıcı
və sonu barədə düşüncələrə təkan
verir.
Əsərə R.Bartın təklif etdiyi prizmadan
baxsaq, bura qədər dediklərimiz şəkildən
alınan birbaşa (müstəqim) və metaforik-məcazi mənaları
bildirir. Amma bu kompozisiyada sözə çevirib ifadə
olunması çətin (bəlkə də
mümkünsüz) olan məna qatı da var. Nəyə
görəsə qıza yox, kənara baxan kişinin əlindəki
ağırlıq daşının, onun özünün
üzünün bizdən müəyyən qədər gizlədilməsi,
rəng çalarlarının solğunluğu, dayaq predmetləri
kimi kürə və kubun seçilməsi, fondakı at, ana və
uşaq fiqurları, şübhəsiz ki, təsadüfi
xarakter daşımır və əsərə
üçüncü - açıq məna qatı verən
də məhz bu elementlərdir. Əsərin bədii dəyəri
də məhz ondadır ki, yarandığı vaxtdan keçən
dövr ərzində yaşından, cinsindən, milli mənsubluğundan
asılı olmayaraq neçə-neçə insan nəslini
həyatın mənası, insan psixologiyası barədə
düşündürür və heç şübhəsiz
ki, həmişə də belə olacaq.
Bəlkə elə buna görə əsərin
tamaşaçılara çatdırdığı
informasiyanın konkret nədən ibarət olması barədə
indiyədək sənətşünasların, psixoloqların,
filosofların söylədiyi fikirlər heç də həmişə
birmənalı olmur, üst-üstə düşmür.
Burada qeyri-adi heç nə yoxdur. Əslində bu, həmin o
açıq qalan məna axtarışlarının labüd
nəticəsidir. Əsl sənət əsərinin
missiyası da elə budur: məkan və zaman məhdudiyyəti
tanımadan insanları hər yerdə və hər zaman
düşündürmək...
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet .- 2025- 13 iyun(¹101).- S.12.