Vətənin yaddaşını
yaradan vətəndaş
(Əvvəli ötən sayımızda)
...O illərdə tədris ilinin
başlanğıcı ərəfəsində müəllimlərin
ənənəvi "Avqust müşavirələri"
keçirilərdi, belə tədbirlərdən biri də
1998-ci ildə Şəkidə baş tutdu. Əlbəttə,
digər region mərkəzlərində olduğu kimi, Şəkidə
də "təzə naziri" İcra hakimiyyətinin başçısından
Rayon Təhsil şöbələrinin müdirlərinə, məktəb
direktorlarına kimi hamı istiqanlılıqla
qarşıladı. Həm də şəkililərin səmimiyyəti,
qonaqpərvərliyi, özəl xüsusiyyətləri digər
yerlərdən nə üçünsə yaxşı mənada
fərqlənir desəm, yəqin heç kəs inciməz. Bununla
belə, 1998-ci ilin avqustunda Şəki səfərini mənimçün
xüsusi edən daha bir hadisə olmuşdu - bu, Bəxtiyar
Vahabzadənin evinə qonaq getməyim idi. Köhnə dost kimi
şair eşidəndə ki, Şəkidəyəm, xəbər
göndərmişdi və məni evinə qonaq
çağırmışdı.
Bəxtiyar Vahabzadə həqiqətən XX əsrdə
xalqımızın yetişdirdiyi nadir şəxsiyyətlərdən
biridir, onunla istəyirsən nazirlikdə, ya rəsmi tədbirdə
görüş, istəyirsən evində ol, milli maraqlar
birinci dərəcəli söhbət mövzusu idi. Bu dəfə
də belə oldu, Şəki mətbəxinə xas olan rəngarəng
və bol süfrə, şirniyyatlar ilə dolu çay dəsgahı
öz yerində, ancaq söhbətlər daha maraqlı, daha
şirin, daha zəngin idi. Onun milli təhsil konsepsiyası ilə
əlaqədar sanballı təklifləri, heyrətamiz dərəcədə
müdrik mühakimələri, hadisələrə fərqli
yanaşması çox cəlbedici idi. Sonra həyətə
düşüb bağı ilə tanış olduq, bəzi
ağacları özü əkmişdi, bəzilərinin
yaşı yüzə yaxın idi, hamısını mənə
göstərdi, təbiətin ən gözəl
çağları idi, ağaclarda meyvələr
yetişmişdi, məni qonaq elədi, məcbur etdi ki,
dadlarına baxım. Bəxtiyar müəllimin maraqlı
söhbətlərindən, mehribanlığından, qonaqpərvərliyindən
doymaq mümkün deyildi, özü də mənə təklif
etdi ki, 3-4 gün qonaq qalım, evində yer var, yaxşı
istirahət edib sonra gedim. Ancaq böyük şairin bu arzusunu
yerinə yetirmək imkan xaricində idi, sabah Lənkəranda
"Avqust müşavirəsi" idi, biri gün Bərdədə.
Şairin dediyi 3-4 gündən sonra Bakıda Heydər
Əliyevin iştirakı ilə 1970-1987-ci illərdə onun
SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil
almağa göndərdiyi gənclərlə
görüşü keçiriləcəkdi. Ona görə də
yüksək təəssüratlarla şairdən
ayrılıb Bakıya yola düşdüm.
Yol boyu düşünürdüm ki, bu dünya
paradokslarla doludur. Bir-birini inkar edən həqiqətlər onu
axıra qədər dərk etməyə imkan vermir. Burada da
belə idi. Şəkidən çox xoşum gəlirdi,
böyük məmnuniyyətlə orada 3-4 gün nədir, lap
10-15 gün də qalardım, təmiz hava, səmimi insanlar,
gözəl mənzərə. Özü də Türk
dünyasının böyük bir şəxsiyyəti - Bəxtiyar
Vahabzadə özü məni qonaq saxlayırdı. Əlbəttə,
nazir olmasaydım, öhdəmə bu qədər iş düşməsəydi,
mütləq qalardım...
Yaralı yerlərimdən biri də İranda Azərbaycan
dilində təhsil məsələsi idi. Rəhmətlik Bəxtiyar
Vahabzadə ilə bu barədə tez-tez söhbət edərdik.
Onun çox sevdiyi və arabir dediyi misralar var idi:
Yad məktəbə verilir umudumun qalası,
O qaraqaş, qaragöz Azərbaycan balası!
Ona öz tarixi yox, yad tarixi keçilir,
Sinif-sinif boy atmır, sinif-sinif kiçilir...
Xəlil Rza Ulutürkün "Təbrizli şairin
düşüncələri" adlı şeirinin bu beytində
ikibaşlı məna olsa da (qaragözlü
balalarımızın rusdilli məktəblərə verilməsi
məsələsi), İranda ezamiyyətdə olarkən daha
çox şairin yazdığı birinci mənanı
düşünürdüm. Görəsən, niyə az qala
40 milyonluq bir xalqın ana dilli məktəbi yoxdur? Təbrizdə
bunu sürücümüzdən soruşdum, dedi ki, "Lap
olsa da, o məktəbə gedən olmaz". "Niyə?"
"Axı kimə lazımdır türk dilində məktəb
oxuyub lap ali təhsil almış birisi? Əgər idarələr,
hökumət işləri, bütün yazı-pozu, televiziya,
radio, qəzet fars dilindədirsə, türkcə oxuyub harada
işləyəcək? Ona görə dediyiniz məktəbə
heç kəs uşağını verməz". Deməli,
bu dil ancaq evdə, məişətdə, dükanda-bazarda
yararlıdır. Bu çərçivədən
çıxdınsa, həmin dil qüvvəsini itirir. Deməli,
dilin qüvvəsini təmin edən onun dövlət dili
olmasındadır. Biz də müstəqilliyi əldə etməsəydik,
yavaş-yavaş rus dili bütün dövlət idarələrində
"hakimiyyəti ələ alıb" dilimizi sıradan
çıxaracaqdı...
Böyük şairimiz Bəxtiyar Vahabzadənin 100
illik yubileyi ərəfəsində nə üçünsə
milli məsələlərlə bağlı problemlər daha
tez-tez yadıma düşür. Bəlkə də bu, bir
qanunauyğunluqdur, ömrünü xalqın
azadlığına, istiqlalına, tərəqqisinə həsr
etmiş şairin ruhu bizi başqa cür olmağa qoymur.
...2017-ci ildə, BDU-nun 100 illik yubileyi ərəfəsində
mən bu mühüm hadisə ilə əlaqədar kitab
yazmaq qərarına gəlmişdim. Həmin kitab hazırlanarkən,
təbii ki, müxtəlif arxivlərdə, kitabxanalarda işləyirdim.
Belə günlərin birində Azərbaycan Respublikası
Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər
Arxivinə getmişdim, mənə həvalə edilmiş əməkdaş
xanım dedi ki, arxivin direktoru Elmira Ələkbərova Sizinlə
görüşmək istəyir. Məmnuniyyətlə onun
otağına getdim, Elmira xanım məni böyük hörmətlə
qarşıladı və dedi ki, görüşməkdə əsas
məqsədim bu günlərdə arxivimizdə işləyən
iki nəfərlə Sizi tanış etməkdir. Daha sonra məni
qonşu zala apardı. Orada iki nəfər var idi, məlum oldu
ki, onlardan biri alman tarixçisi, ikincisi isə
gürcüdür və onlar almanların Azərbaycana
köçürülməsi və burada alman məskənlərinin
salınmasının 200 illiyi ilə əlaqədar tarixi
faktları araşdırırlar.
Nəticədə həmin gürcü bununla
bağlı ssenari yazacaq və Gürcüstanda bu məsələdən
bəhs edən film çəkiləcək. Doğrusu, bu məsələni
Elmira xanım sevinclə təqdim etsə də, mənə
yaman toxundu. Bəzi suallar verib aydınlaşdırdım ki,
2016-cı il avqustun 30-da Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin imzaladığı
"Cənubi Qafqaz regionunda alman məskənlərinin
salınmasının 200 illiyi haqqında" sərəncamdakı
"Cənubi Qafqaz" sözündən "ruhlanan"
gürcülər (əslində almanlar əsasən Şəmkir
və Gədəbəy rayonlarında olmaqla yalnız Azərbaycanda
məskunlaşmışdılar, həmin dövrdə Azərbaycan
respublikası rəsmən mövcud olmadığına
görə sərəncamda o vaxtkı coğrafi termindən
istifadə edilmişdir) Azərbaycan hökumətinin
ayırdığı vəsaitlə və bu torpaqlarda baş
vermiş hadisələr əsasında gürcü filmi
çəkməyə hazırlaşırlar. Doğrudur,
taleyinə laqeyd qalmadığım bu məsələ
sonralar mənim arzuladığım məcraya döndü və
bizim Mədəniyyət Nazirliyinin dəstəyi ilə
"Əlvida, Şmidt!" adlı film çəkildi, ancaq
yenə də əsas rolların birində Mariam Kitia adlı
gürcü aktyoru rol aldı. Axı niyə? Böyük Bəxtiyar
Vahabzadə demişkən:
Hanı bu torpağın mərd oğulları,
Açsın bərələri, açsın
yolları?
Bəs hanı bu əsrin öz Koroğlusu -
Qılınc Koroğlusu, söz Koroğlusu?
Biz yalançı beynəlmiləlçilik pərdəsi
altında qəflət yuxusunda yatarkən, tolerantlıqdan,
multikulturalizmdən ağızdolusu danışarkən, yaxud
içki məclislərində dumanlı beyinlərlə
xalqların qardaşlığından boğazdan yuxarı
tostlar deyərkən ermənilər, gürcülər öz
işlərini görüblər. Təxminən 700 min azərbaycanlının
yaşadığı üç milyon yarımlıq
Gürcüstanda indiyədək bir nəfər də
soydaşımız oranın Əməkdar, yaxud Xalq artisti
adını almayıb. Ancaq 10 milyonluq Azərbaycanda cəmi 30
minə yaxın gürcü yaşayır, Tbilisidə
doğulmuş Manana Çaparidze və Tamara Vissarionovna
Topuriya respublikamızın Əməkdar artisti fəxri
adını alıblar, bizim üç ən məşhur
filmlərimizdə - "Əhməd haradadır", "Ad
günü" və "Yaramaz" filmlərində əsas
rolları gürcü aktyorları ifa edirlər. Biz
qardaşlığın, dostluğun, istedadlı insanlara yol
açılmasının əleyhinə deyilik, yox! Əsla
yox! Mən Bəxtiyar Vahabzadənin yana-yana söz
açdığı milli təəssübkeşlikdən
danışıram. Münasibətlər
qarşılıqlı olsa, daha doğru olmazmı? Qoy bircə
gürcü filmində də bizim aktyorlar çəkilsin.
Axı bizim Rza Təhmasib, Sidqi Ruhulla, Hökumə Qurbanova,
Ələsgər Ələkbərov, Leyla Bədirbəyli, Həsənağa
Salayev, Şəfiqə Məmmədova, Həsən Məmmədov,
Rasim Balayev, Fuad Poladov kimi onlarla dünya səviyyəli
aktyorlarımız var, yaxud olmuşdur. Niyə bir dəfə
də bizim aktyorları filmlərinə çəkməyiblər.
Ermənilər də eləcə. Yaratdıqları konfliktə
qədər neçə-neçə erməni aktyoru bizim
filmlərdə çəkilib, qalanlarını demirəm,
Naruhi Alaverdyan Azərbaycanın Xalq artisti, Samvel Qriqoryan Xalq
şairi olub, 500 min nəfər soydaşımız da Ermənistanda
yaşayıb, bircə nəfər oranın fəxri
adını ala bilibmi? Özü də bu məsələ
yalnız ermənilərlə, gürcülərlə
bitmir...
Bəxtiyar Vahabzadə bütöv şəxsiyyət
idi. Mənim üçün böyük şərəf olan
münasibətlərimiz inkişaf etdikcə onun nəcib
keyfiyyətlərini daha yaxından müşahidə edir, məəttəl
qalırdım ki, insan ictimai mənafeləri şəxsi
mövqedən, rahatlıqdan nə qədər üstün
tuta bilərmiş. Nazir işlədiyim müddətdə daha
tez-tez görüşərdik, həm deputat kimi, həm də
tanınmış bir şəxsiyyət kimi ona müraciət
edən yüzlərlə insanın təhsillə
bağlı problemlərini həll etmək üçün
nazirliyə gələrdi. Əgər beş-on faiz düzəlmək
ehtimalı var idisə, həmin məsələ mütləq
həll olunardı. Bəxtiyar müəllimin bir xasiyyəti
var idi ki, məsələni araşdırmamış, ailənin
imkansız və çarəsiz olduğunu dəqiqləşdirməmiş
xahişə gəlməzdi. Dəfələrlə mənə
danışmışdı ki, müraciət edən ailənin
məktubda yazıldığı vəziyyətdə
olduğunu öyrənmək üçün rayon icra
başçısına, kəndin səlahiyyətli şəxslərinə,
hətta tanıdığı insanlara zəng edərək məlumat
toplayandan sonra nazirliyə gəlirmiş. Zarafatı
xoşlamasa da, ona deyirdim ki, Siz bir şöbənin işini
görürsünüz, bəlkə Sizi nazirliyə işə
götürüm?
Özlüyümdə də fikirləşirdim ki, 70-ə
yaxın yaşı, çəlimsiz bədəni, səhhətində
problemlər olan bir insanın görəsən, nəyinə
lazımdır bu qədər zəhmətə qatlaşmaq?!
Bilirdim ki, hər gün intensiv bədii yaradıcılıqla
məşğul olur, tamaşaya qoyulan pyeslərinin
bütün məşqlərində iştirak edir, ictimai
xadim və məşhur şair kimi tez-tez görüşlərdə
olur, üstəlik, Milli Məclisin, Yazıçılar
İttifaqının (indiki AYB), Elmlər Akademiyasının
iclasları və digər tədbirlər 24 saatlıq
sutkasına, onsuz da sığışmırdı. Bunlardan
başqa, ucqar kənddə yaşayan bir şagirdin rayon mərkəzindəki
məktəbə köçürülməsi, yaxud təhsil
haqqını ödəyə bilməyən tələbəyə
möhlət verilməsi Bəxtiyar Vahabzadənin nəyinə
lazım idi? Şöhrət, məşhurluq, hörmət
qazanmaq, yaxud xeyirxah insan kimi tanınmaq ona lazım deyildi, xalq
böyük şairini uzun illər idi ki, yaxşı
tanıyır və səmimiyyətlə sevirdi. Onun belə
xahişlərə görə çəkdiyi əziyyətlər
xalqına yalnız sözdə yox, əməldə xidmət
göstərməyin növbəti mərhələsi idi.
Ən çox təəccüb doğuran o idi ki, təbiəti
etibarı ilə çox qürurlu, sanballı və ləyaqətli
şəxsiyyət olan Bəxtiyar müəllim çox
yüksək rütbəli insanların qarşısında
belə əyilmədiyi, əqidəsindən heç zaman
dönmədiyi, özü üçün heç kəsdən
kiçik bir xahiş də etmədiyi halda
tanımadığı insanlara yaxşılıq etmək
üçün saatlarla vaxt itirməyə hazır idi. Ən
başlıcası isə bütün bu əməlləri
xalqı qarşısında borc kimi, yəni heç kəsə
bildirmədən, ictimailəşdirmədən, sakitcə
icra edirdi.
Bəxtiyar Vahabzadə yalnız milli məfkurə,
azadlıq, istiqlal uğrunda mübarizə aparmırdı, o,
Mirzə Fətəlidən, Sabirdən, Mirzə Cəlildən
gələn bir ənənə kimi xalqın sabahını,
onun intellektual səviyyəsini, təfəkkür tərzini
düşünən bir ziyalı kimi addımlar
atırdı. 2001-ci ilin sonlarında nazirlikdə söhbət
edəndə Kiril qrafikalı tarixdən sürətlə
ayrılmaq üçün latın əlifbası ilə bədii
əsərlərin çapı məsələsini
qaldırdı: "Biz dünya ədəbiyyatının və
öz yazıçılarımızın əsərlərini
latın qrafikası ilə çap etdirməsək, hələ
rusun təzyiqindən qurtula bilməyəcəyik" - dedi.
Bilirdim ki, kitab çapı çox mürəkkəb
prosesdir, ona da kağızın belə
tapılmadığını, nəşriyyatların zəif
texniki imkanlara malik olduğunu izah etməyə
çalışdım. Mənimlə razılaşmadı,
"Nəyin bahasına olursa olsun, bu kitablar çap edilməlidir,
balalarımız məktəbi latın qrafikası ilə
oxuyur, kitablarımız isə başqa əlifbadadır. Belə
olmaz!", dedi. Doğrudur, iki ildən sonra cənab Prezident
"Azərbaycan dilində latın qrafikası ilə kütləvi
nəşrlərin həyata keçirilməsi
haqqında" məşhur sərəncamı imzaladı,
ancaq bu, 2004-cü ildə olacaqdı...
Mən onun heç bir sözünü yerə
salmırdım, qalmışdı ki, milli dəyərlərə
istinad edən fikirləri olsun. Ona görə də təcili
bütün imkanları götür-qoy edib nəşriyyatlarla
danışdım, tanınmış alimlərdən, ictimai
xadimlərdən ibarət redaksiya heyəti yaratdıq, onlarla
birlikdə klassik ədəbiyyatımızdan
çağdaş dövrə kimi, həmçinin dünya
yazıçılarının əsərlərindən ibarət
100 cildlik bir siyahı hazırlayıb işə
başladıq. Böyük çətinliklərlə
üzləşdik. Əsasən 50-ci, 60-cı illərdə
çap edilmiş kitabların hamısını yenidən
redaktə etmək, latın qrafikası ilə kompüterdə
yığmaq, digər texniki problemləri həll etmək
lazım idi. Ancaq bu, Bəxtiyar Vahabzadənin sözü idi, nə
cür olursa da olsun, başa çatmalıydı. Mən təhsil
sistemində bu işdə səriştəsi olan kəsləri
də cəlb edib işi sürətləndirdim, nəhayət
2004-2005-ci illərdə kitablar çap edilib oxuculara təqdim
edildi.
Bəxtiyar Vahabzadə tariximizdə nadir şəxsiyyətlərdən
biridir. Tale elə gətirdi ki, Azərbaycan ədəbiyyatında
milli özünüdərk və vətənpərvərlik
ruhunun simvoluna çevrilmiş böyük şairin 2009-cu il
fevralın 14-də Bakı Dövlət Universitetinin akt
zalında keçirilən vida mərasimini aparmaq mənə qismət
oldu. Cənab Prezidentin də iştirak etdiyi mərasimdə
şairlə bağlı bu məqalədə
yazdığım bəzi xatirələrimi
danışdım, onun vətən və xalq
qarşısındakı xidmətlərini qeyd etdim. Zaman
ötdükcə onun xidmətləri daha aydın
görünür və düşünürəm ki, əgər
bu gün onun haqqında danışmalı olsaydım, bir az
da artıq yanğı ilə, bir qədər də ətraflı
danışardım, belə insanların xoşbəxtliyini
şərtləndirən əsas cəhəti -
uzaqlaşdıqca möhtəşəmliyinin, əzəmətinin
artdığını da əlavə edərdim.
Nə yaxşı ki, uca Tanrı mənə onunla tanış
olmaq, hətta yaxın münasibət saxlamaq imkanı
yaradıb...
Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru,
fizika-riyaziyyat elmləri doktoru,
professor
525-ci qəzet .- 2025- 13 iyun(№101).- S.10;11.