Qərbi Azərbaycana
Qayıdış - QHT-lərin missiyası nədir?
Deputat: "Bu, həm hüquqi, həm də tarixi ədalətin
bərpası baxımından çox mühüm vəzifədir"
Qərbi azərbaycanlıların dinc şəraitdə
və təhlükəsiz şəkildə öz doğma
yurdlarına qayıdışının təmin edilməsi
Azərbaycan dövlətinin əsas prioritetlərindən
birinə çevrilib. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır
və vaxtilə etnik təmizləməyə, zorakı
deportasiyaya məruz qalan soydaşlarımızın öz yurd
yerlərinə dönmələri onların haqlarıdır.
Eyni zamanda, beynəlxalq hüquq da bu haqqı tanıyır.
Qayıdış mövzusu təkcə ölkə
daxilində deyil, beynəlxalq platformalarda da müzakirəyə
çıxarılır, bu istiqamətdə dövlət
qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatları
da fəal iş aparır. Bir neçə gün əvvəl
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin keçirdiyi "Qərbi Azərbaycana
qayıdış" mövzusunda icra edilən QHT layihələri
ilə bağlı brifinqdə açıqlanan məlumatlardan
da aydın oldu ki, vətəndaş cəmiyyəti
institutları bu sahədə kifayət qədər fəal
rol oynamağa başlayıblar. Qeyd olunub ki, artıq 3 ildir
"Qərbi Azərbaycana qayıdış" mövzusu
Agentliyin qrant müsabiqələrinin prioritet istiqamətlərindən
birinə çevrilib. Ötən müddət ərzində
50 QHT-nin "İndiki Ermənistan ərazisindən
qovulmuş azərbaycanlıların təhlükəsiz və
ləyaqətli şəkildə, sülh yolu ilə geriyə
qayıtmasının təmin edilməsi barədə
konsepsiya - Qayıdış Konsepsiyası"nın
müvafiq müddəaları ilə əlaqədar 54 təşəbbüsü
dəstəklənib. Hesabat dövründə Azərbaycan
QHT-ləri beynəlxalq kürsülərdə - BMT-nin,
ATƏT-in müxtəlif toplantılarında, xarici ölkələrdə
bu mövzuda məsələlər qaldırıb, ictimai
diskussiyalar açıb, yan tədbirlər təşkil etməyə
nail olublar. Ümumilikdə bu tədbirlər ABŞ,
Belçika, İspaniya, Rumıniya, Polşa, Türkiyə,
Özbəkistan, Qazaxıstan kimi ölkələri əhatə
edib.
Agentliyin icraçı direktoru Aygün Əliyeva
bildirib ki, "Qərbi Azərbaycana qayıdış"
istiqaməti üzrə QHT-lərin indiki miqyasda fəallığı
heç vaxt olmayıb: "Azərbaycanın vətəndaş
cəmiyyəti təsisatları haqlı olaraq, bu mövzuya
Qarabağ və Şərqi Zəngəzurun
azadlığından sonra milli ideyanın yeni hədəfi
kimi yanaşır, bu ümumxalq arzusunu reallığa
çevirmək üçün imkanları səfərbər
edir".
Məlumat verilib ki, Agentliyin 2025-ci il qrant müsabiqəsində
"Qərbi Azərbaycana qayıdış: maddi-mədəni
irs və hüquqlar" istiqaməti üzrə daha 51 QHT-nin
layihəsi dəstəklənib. İl ərzində bu
mövzuda beynəlxalq təşkilatlar, Avropa və Türk
dünyası regionlarında onlarla konfrans, sərgi və
müxtəlif tədbirlər keçiriləcək.
QHT-lərin "Qərbi Azərbaycana
qayıdış" istiqamətində rolu və
görülən işləri "525"ə şərh edən
Milli Məclisin deputatı Azər Allahverənov deyib ki, Qərbi
Azərbaycana Qayıdış Konsepsiyası olduqca vacibdir və
milli prioritetlərimiz müstəvisində qərarlaşan
önəmli fəaliyyət istiqamətlərindən biridir.
Çünki Qərbi Azərbaycana qayıdış həm
hüquq nöqteyi-nəzərindən, həm də tarixi ədalətin
bərpa olunması baxımından çox mühüm vəzifədir.
Deputat söyləyib ki, bu vəzifənin icra
olunması kifayət qədər çoxşaxəli və
çoxsəviyyəli mürəkkəb yanaşmanı,
bundan irəli gələn siyasəti özündə ehtiva
edir: "Buna görə də düşünürəm ki,
ümummilli məsələ olduğu üçün cəmiyyətin
bütün təbəqələri prosesdə bu və ya digər
formada iştirak etməlidirlər. Eyni zamanda, bu məsələ
həm də prosesdə QHT-lərin iştirakını da
mütləq edir. Ona görə ki, QHT-lərin iştirakı
olmadan prosesi uğurlu şəkildə reallaşdırmaq
olduqca çətindir. Əgər biz effektiv siyasətdən
danışırıqsa, bu müstəvidə onu effektiv edən
həm də cəmiyyətin bütün təbəqələrini
bu və ya digər dərəcədə əhatə edən
QHT-lər də var ki, onlar bu prosesdə daha da fəal
iştirak etməklə, Qərbi Azərbaycana
Qayıdış Konsepsiyasının
reallaşdırılmasını daha da praktik etmək
iqtidarında olan tərəfdaşlardır. Çünki
QHT-lər qeyd etdiyim kimi, bir neçə səviyyədə
bu konsepsiyanın reallaşmasını təmin edə bilər
ki, bu, ilk növbədə ölkənin hüdudları
daxilində zəruri işlərin həyata keçirilməsini,
ikincisi isə ölkə hüdudlarından kənarda fəaliyyəti
ehtiva edir. Birinci halda qayıdış konsepsiyası var və
onun reallaşması üçün strateji bir xətt
mövcuddur. Həmin strateji xəttin əsasını
zamanında orada yaşayan və o ərazilərin aborigen əhalisi
olan bizim soydaşlarımızın mədəni-mənəvi
irsi, orada tarixən mövcud olmuş bütün dəyərlərimiz,
toponimlər, adət-ənənələr, tarixi şəxsiyyətlərimiz
və digər məsələlər təşkil edir.
Mədəniyyət, incəsənət və
başqa sahələrdə soydaşlarımızın
töhfələri barədə böyük bir bazanın
yaradılması kontekstində QHT-lər çox yaxından
iştirak edirlər. Sonrakı mərhələdə isə
bütün bunların geniş şəkildə təşviq
və təbliğ olunmasında mühüm rol oynaya bilərlər".
A.Allahverənov söyləyib ki, bu resursların beynəlxalq
aləmə çıxarılması qayıdış
konsepsiyasının tanıdılması sırf beynəlxalq
hüququn və tarix ədalətin bərpa olunması
baxımından olduqca vacibdir: "Bilirəm ki, QHT-lər bu
prosesdə kifayət qədər fəaldırlar, dövlətin
bu sahədə mövcud olan strateji xəttinin
aparılmasında həm də QHT-lər töhfə verirlər.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi "Qərbi
Azərbaycana qayıdış"la bağlı
keçirdiyi qrant müsabiqələrində mövzunu
xüsusilə diqqət mərkəzində saxlayırlar. Son
illərin statistikasına nəzər saldıqda görə
bilərik ki, bu sahədə kifayət qədər layihələr
olub və onlar dediyim istiqamətləri əhatə edir. Bu
işin daha sistemli şəkildə təşkil olunması həm
də qurumlararası koordinasiyanın vacibliyini ehtiva edir. Yəni
ayrı-ayrı istiqamətlər üzrə, məsələn,
həmin ərazilərdə ətraf mühütlə
bağlı fəaliyyət bir xətdir ki, bizim QHT-lər bu məsələdə
də kifayət qədər fəaldırlar. Mədəni-mənəvi
irsin təbliğ olunması, tarixi abidələr, tarixi şəxsiyyətlər,
incəsənət, mədəniyyət xadimləri,
aşıq sənəti və digər müxtəlif sahələrlə
bağlı çox ciddi araşdırmalar aparıb və onu
kitab şəklində də nəşr edib,
tanıtımını keçirirlər. Bunların
hamısını əlaqələndirmiş şəkildə
həyata keçirməklə ölkənin
hüdudlarından kənara, yəni xarici müstəvilərə
çıxararaq xaricdə çoxsaylı beynəlxalq tədbirlər
keçirməklə, beynəlxalq təşkilatların bu
prosesdə yaxından iştirakına nail olmaqla faktiki Qərbi
Azərbaycana qayıdış Konsepsiyasını beynəlxalq
tərəfdaşların diqqətinə
çatdırılmasını təmin etmək olar. Bu
istiqamətdə QHT-lər fəaliyyət göstərirlər.
Amma bu işi daha da intensivləşdirməyə ciddi ehtiyac
var, o baxımdan ki, olduqca vacibdir ki, tək Agentlik yox, digər
donorlarımız da bu prosesdə fəal iştirak edib, öz
töhfələrini versinlər. Çoxsayda dövlət
qurumları var ki, onlar bu tipdə layihələri maliyyələşdirə
bilərlər, eyni zamanda biznes sektoru da çox yaxından
iştirak edə bilər. Bununla dövlət siyasətinin
uğurlu şəkildə həyata keçirilməsinə
bir növ töhfə vermiş olarlar. Düşünürəm
ki, bu, bütün tərəflərin iştirakının təmini,
QHT-lərin də iştirakı ilə vahid bir platformadan
çıxış etməklə bütövlükdə
uğurun əldə olunmasına xidmət edəcək bir
prosesdir. Burada mütəşəkkillik, sistemlilik, planlı
şəkildə strateji konseptual əsaslara söykənən
işin aparılması uğurun qazanılmasında əsas
amilərdən biridir".
Deputat vurğulayıb ki, bu səpkidə QHT-lər
kifayət qədər fəaldırlar, potensial da çoxdur,
onu maksimum reallaşdırmaq üçün imkanlar da var:
"Bu imkanları bir araya gətirməklə, bir mərkəzə
akkumulyasiya etməklə daha böyük hədəflərə
- ümummilli məsələ olan Qərbi Azərbaycana
Qayıdış Konsepsiyasının uğurlu şəkildə
reallaşmasına nail olmaq mümkündür. Buna xidmət edə
biləcək siyasəti həyata keçirmək olduqca
vacibdir ki, QHT-lər də bu prosesdə kifayət qədər
fəaldırlar".
Pərvanə SULTANOVA
525-ci qəzet .- 2025- 13 iyun(№101).- S.5.