Tarixin labirintlərində itmək
Klassik tərzin ən zərif incisi
Yüz illik ömrünün tən yarısında
memarlığa başladı Memar Sinan. Ömrünün digər
yarısında Osmanlı İmperatorluğunun baş
memarı oldu. Sadəcə dahiliyə nərdivan söykədiyi
zaman deyil, karyerasının başlanğıcı sayılan
ilk illərdə belə dünya durduqca var olacaq əsərlər
yaratdı. Özü də yaşadığı həyatı
araşdıranda görürsən ki, Yer üzünün ən
təvazökar insanlarından biri olub. Bu alçaq
könüllülüyə yaxınlarda şəxsən
şahid oldum. Vəfa səmtinin ara küçələrində
qulağımda telefonla danışa-danışa yeriyirdim.
Sanki bir anlıq ayaqlarım tutuldu, gözlərim heyrətdən
genişləndi, ağzım açıq qaldı. Hasarın
üstündən boylandım. "Mən bu abidəni daha əvvəl
necə görməmişəm" deyə, deyinməyə
başladım. Açıq deyim ki, nəinki görmək,
heç adını da bilmirdim. Yol kənarına
yığılan bir qrup polisdən haqqında soruşdum,
"Şahzadə Məscididir" dedilər. Sən demə,
Sinanın "bu benim çıraklık eserim" dediyi abidə
bura imiş. Özlüyümdə düşünürəm,
belə bir şah əsər necə şəyirdlik işi
ola bilər? Bəlkə Sinanla bağlı bu cümlələr
pafoslu sayıla bilər. Amma yaratdığı hər əsəri
gördükdən sonra sətir-sətir yazılan cümlələrin
Sinanın istedadı qarşısında nə qədər
aciz qaldığına əmin olursan. Şahzadə məscidi
eyni zamanda Şahzadə Mehmet Məscidi olaraq da tanınır.
Abidə Sultan Suleymanla Hürrəm Sultanın
dünyaya gələn ilk oğlunun adını
daşıyır. Məscid 22 yaşında vəfat edən
Şahzadə Mehmetin xatirəsini əbədiləşdirmək
üçün atası tərəfindən inşa edilib.
Arxasında isə Sultan Süleymanın öz adına olan
Süleymaniyyə məscidi ucalır. Baxanda adama elə gəlir
ki, Qanuni bununla "arxandayam oğul" mesajı verir.
Memarlıqda inqilab
Mehmetin kədərli hekayəsindən bəhs edəcəm,
indi gələk bu əsrarəngiz abidənin memarlıq
üslubuna. Burada istifadə edilən texnika digər məscidlərin
heç birində yoxdur. Məsələn, Osmanlı
memarlığınadakı yarımqübbə anlayışı
burada sıfırlanıb. Əslində abidəni ilk dəfə
ərsəyə gətirilən dörd yarım qübbəli
məscid örnəyi kimi də təqdim etmək olar.
Dörd bucaqlı plan üzərində tikilən ibadətgahın
üstü kürə şəklindədir, onun da
üstündə böyük qübbə mövcuddur.
Yanlarında isə dörd yarım qübbə var. Qübbələr
dörd dənə böyük fil ayağının
üstündə oturacaq şəkildə inşa edilib. Məscidin
dizaynı sadə və bəzəkli olmaqla iki yerə
bölünür. Abidənin atriumunda qarşımıza 6
qapı çıxır. Fərqli naxış və işləmələrdən
istifadə edilən iki minarə ibadətgahı daha da
görkəmli göstərir.
Abidənin ümumi planı kvadrat içində
xaçvari forma sayılır. Bu, Osmanlının o dövrləri
üçün ciddi yenilikdir. Məsələn, həmin
dönəmlərdə Osmanlı abidələrində
düz divarlardan istifadə edilirdi. Ancaq Sinan burada bir ilkə imza
ataraq üst örtüyü sütunlara söykənən
portik tərzindən istifadə edib.
Forum Tauridə buğa işgəncəsi
Bir türbə ilə başlayan məscid dörd il ərzində
mədrəsə, imarət, sibyan məktəbi,
karvansarayı olan nəhəng külliyyəyə
çevrilir. Məsciddə istifadə edilən daşların
çoxu Forum Tauridən gətirilib. Tauri Bəyazid
meydanının Qədim Roma dönəmindəki
adıdır. O vaxt burada heykəllər, abidələr
varmış. Həmin daşlar oradan sökülüb gətirilərək
bu məscid tikilir. Hətta həmin dönəm Tauridə
bürüncdən buğa heykəli varmış. Məhkumlar
həmin heykəlin içinə atılırmış. Heykəlin
altında ocaq qalanırmış. Dəmir
qızındıqca içindəki məhkum yanıb,
qovrulurmuş. Buğanın ağzındakı xüsusi
borudan, yanan məhkumun qışqırıq, fəryad səsləri
yüksələrək buğa kükrəməsinin səsi
kimi bütün Forum Tauriyə yayılırmış.
İllər sonra Teodasis hakimiyyətə gəlir və öz
şərəfinə nəhəng burma ucaldır, üzərinə
də öz heykəlinin qoyulmasını əmr edir. Əsrlər
sonra da həmin abidələrin hamısı
sökülür və daşları Şahzadə məscidində
istifadə edilir. Başqasının tarixini söküb,
öz tarixini yaratmaq da insana bir az qəribə gəlir.
Yarısı baxımlı, yarısı
baxımsız
Mədrəsənin qarşısındakı məlumat
kitabəsindən anlayırıq ki, bura 1546-cı ildə
tamamlanıb. Qapalı dərsxanaların arasına yerləşdirilmiş
iyirmi otaqlı asimetrik planlı qurğusu olan abidənin
dizaynı məscidlə eynidir desək, yanılmarıq. Uzun
müddət qız yurdu kimi fəaliyyət göstərən
bu yer son restavrasiya işlərindən sonra kafe kimi fəaliyyət
göstərməyi üçün kirayə verilib.
Karvansarayda erkən dönəmin memarlıq tərzini görə
bilərik. Uzun müddət Vəfa Liseyinə laboratoriyası
kimi fəaliyyət göstərən yer bu gün boş və
baxımsız vəziyyətdədir. İmarət və
sibyan məktəbi eyni atriumun içindədir. Bura altı
qübbəli mətbəxt, yeməkxana, anbar, tualetlərdən
ibarətdir. Uzun müddət İstanbul universitetinin mətbəəsinə
ev sahibliyi edib. Hazırda vəqflərdən birinin mərkəzidir.
Şahzadə Cahangir, Rüstəm Paşa və
başqaları...
Türbələrə gəldikdə isə insan
içərisinə daxil olanda çıxmaq istəmir. Sultan
Süleymanın türbəsi belə məni Şahzadə
Mehmetin türbəsindəki memarlıq qədər məftun
etməmişdi. Qübbəsiylə, fasadındakı rəngli
daşları ilə. Pəncərələrindəki
işçilik İran, Orta Asiya memarlığına bənzəyir.
Abidənin içərisi başdan aşağı çinilərlə
işlənib. Beş metr yaxınlığında olan və
1555-ci ildə inşa edilən Rüstəm Paşa Türbəsi
də eyni tərzdə, lakin daha sadə şəkildə
tikilib. Şahzadə Mehmetin türbəsində özü ilə
birlikdə üç sarkofaq var. Əslində sol tərəfində
qardaşı Şahzadə Cahangirin yatdığını
görmək gözlənilməz oldu. Açığı,
onun məzarının harada olduğu ilə heç
maraqlanmamışdım. Soldakı sarkofaqda isə Şahzadə
Mehmetin yeganə övladı olan Hümaşah Sultanın qəbri
var. Hümaşah Mehmetin ölümündən sonra Manisadan
Topqapı Sarayına gətirilir və nənəsi Hürrəm
Sultanın himayəsində böyüyür.
Bosniyalı Damad İbrahim Paşanın türbəsi
də buradadır. Abidəni paşanın xanımı
Ayşə Sultan 1600-cü illərdə memarbaşı olan
Dalqıc Əhməd Çavuşa inşa etdirib. Baxan kimi
görünür ki, dizayn və memarlıq üslubu Şahzadə
Mehmet türbəsindən götürülüb.
Təzadlar
İki türbənin arasındakı altıguşəli
türbə, III Mehmedin üsyan edib onun taxtına keçəcəyi
şübhəsinə qapılaraq edam etdirdiyi oğlu
Şahzadə Mahmuda aiddir. Ardınca anası da xidmətçilər
ilə birlikdə dənizə atdırılmışdı.
İndi gəl bu vəziyyəti sorğulama! Taxt-tac
üçün övladını öldürüb, sonra da
ona bu cür dəbdəbəli türbə inşa etdirib,
orada basdırmaq fikri hansı tərəfdən baxsan, anormal
görünür. Şahzadəni öldürdən bilirsiniz
kimdir? Aralarında ağzından süd axdığı
körpələr də daxil olmaqla 19 qardaşını bir
gecədə boğduran Sultan III Mehmetdir. O da torpaq oldu,
oğlu da, qardaşları, nəvələri də, nəticələri,
ondan öncəkilər də, ondan sonrakılar da, bir gün
bizim də torpağa qarışacağımız kimi
ölüb getdilər. Geriyə nə qaldı? 19
qardaşın, südəmər körpələrin bir gecədə
qətl fərmanını verən, yeri gələndə
oğluna da qıyan "qatil padşah" kəlməsi! O
gün saraydan 19 tabut çıxmışdı.
İstanbullular bu hadisədən dəhşətə gəlmişdilər.
8 il taxtda oturmaq üçün bu qədər vəhşiliyə
gərək vardı? Həmin körpələrin məzarını
görmək üçün iki həftə əvvəl Aya
Sofyaya getdim, təəssüf ki, restevrasiya üçün
qapadılıb, açılma tarixi bəlli deyil. Sətirləri
yazarkən, Yunus Əmrənin o möhtəşəm
misraları gəldim ağlıma. Deyir ki,
"Mal sahibi, mülk sahibi,
Hanı bunun ilk sahibi?
Mal da yalan, mülk də yalan
Var bir az da sən oyalan".
Nə taxt, nə tac... hamısı heç nədir,
nəhəng bir heç nə! Bircə ciddi iş var, o da
yaşamaqdır!
Qeyd edim ki, Türbələrin arxasında şeyxülislam,
qapıçılar katibi, kalfalar kimi xanədandan olan və
sarayda müxtəlif işlərdə işləyən digər
şəxslərin məzarları mövcuddur.
Gələk Sultan Süleymana...
Şahzadə Mehmet 22 yaşında Manisa Sarayında
canını tapşırır. Bəzi qaynaqlar çiçək
xəstəliyindən öldüyünü deyir, bəziləri
əcəli ilə vəfat etdiyini yazır. Bununla
bağlı dəqiq nəsə demək çətindir. Bircə
dəqiq olan odur ki, oğlunun ölüm xəbərini alan
Sultan Süleyman Ədirnədə imiş. Qara xəbərin
arxasınca elə gedir ki, bir həftəlik yolu iki gündə
qət edir. Həmin iki gündə gözünün
yaşı qurumur. Dəfn edildikdən sonra 40 gün Mehmetin məzarını
ziyarət edir. Qanuni özündən sonra taxta Mehmetin
oturmağını planlaşdırırdı. Ancaq sən
saydığını say, gör fələk nə sayır.
Qanuninin bu arzusu ürəyində qalır. Ona görə də,
oğlunun məzarının üstünə simvolik taxt
qoydurub. Halbuki Mehmetin bu cür istəyi
olmadığını tarixi araşdırmalardan öyrənirik.
İşə bax ki, taxtın potensial namizədləri olan
Şahzadə Mustafa və Şahzadə Bəyazidi Qanuni
öldürdür. Hətta cənazələrinin
İstanbulda dəfn edilməyinə belə icazə vermir.
Yeri gəlmişkən, Sultan Süleyman Şahzadə
külliyyəsini öz adına inşa etdirmək
üçün Memar Sinana göstəriş veribmiş, Hətta
təməl də atılır. Amma oğlunun ani
ölümü ilə bu fikrindən daşınır və
məscidini oğlunun xətirəsinə inşa etdirir.
Tarix təzadlarla doludur. Ümumiyyətlə, ucundan,
bucağından siyasətə azacıq
qarışacağı olan insanlarla bağlı böyük
cümlələr quranda mütləq şəkildə
götür-qoy etmək lazımdır. Çünki siyasətlə
yaxşı insan, təmiz insan kəlmələri bir-biri ilə
daban dabana ziddir. Heç bir dönəmdə qüsursuz, pak
idarəçilik olmayıb. Tarix həmişə
qırtlağa qədər qan içində olub. Bu gün də
dünəndən geri qalmır. Fikir verin, il olub 2025,
texnologiya zirvə çağını yaşayır, amma hələ
də Qəzzada, Ukraynada insan soyqırımına şahid
oluruq. Bu da o deməkdir ki, məsələ keçmişin və
bu günün insanı məsələsi deyil, məsələ
xislət, eqo, acgözlük, doyumsuzluq məsələsidir.
İnsansoyu var olmağa davam edənə qədər bu həqiqət
dəyişməyəcək.
Türkan TURAN
525-ci qəzet .- 2025.- 14 iyun(№ 102).- S.20;21.