“Bayquş və
Qarovulçu”nun fəlsəfi dünyası
Ədəbiyyata, bədii söz sənətinə bələd
olan hər kəs etiraf edər ki, üslubun, ifadənin zənginliyini
özündə daşıyan bəzi əsərləri
mütləq ikinci dəfə oxumalı olursan. Birinci
oxunuşda sadəcə əsərin kontent-məzmununu hiss etmək
üçün, ikinci oxunuşda belə bir əsərin fərdi
üslub, bədii dil, bədii quruluş kimi keyfiyyətləri
ətrafında düşünmək üçün. Bu mənada
mən vaxtilə Anarın “Əlaqə” povestini, Yusif Səmədoğlunun
“Qətl günü”, Əflatun Amaşovun “Qanıq, Hasan, bir
də Qaragöz” romanlarını, Mixail Bulqakovun “Master və
Marqarita” romanını iki dəfə oxumalı olmuşam.
Çünki bu tipli bədii əsərlərin hər birində
real həyat hadisələri özünün fantasmaqorik səpkisi
ilə, həyat həqiqətinin estetik ideallara çevrilməsi
və s. kimi sənətkarlıq keyfiyyətləri ilə
oxucunu geniş düşüncəyə səsləyir. Belə
əsərlərdə müəllif öz estetik
ideallarını ümumiləşdirdiyi obrazlarla elə
ustalıqla təqdim edir ki, oxucu bu obrazları mütləq
şəkildə özününküləşdirir və
bir sıra hallarda özünü kəşf edir.
Mən bu fikirləri İmamverdi İsmayılovun
“525-ci qəzet”də lap bu günlərdə dərc
olunmuş “Bayquş və Qarovulçu” hekayəsini oxuyandan
sonra bir daha xatırladım. Əlbəttə, mən
İmamverdini çoxdan tanıyıram: hələ bizim
fakültədə – Bakı Dövlət Universitetinin
Jurnalistika fakültəsində oxuduğu illərdən
tanıyıram. İmamverdi bu fakültəni bitirən illərdən
üzü bu yana müəllimlərini çox razı salan
publisistikası ilə tanındı, ədəbi-ictimai rəydə
tematika zənginliyi, fərdi üslubu ilə seçilən
bir publisist kimi tam formatda qəbul olundu. Əlbəttə, biz
İmamverdinin hələ tələbəlik illərindən
qələmə aldığı çoxsaylı hekayələri,
sonralar bir yazıçı kimi oxuculara təqdim etdiyi povest və
romanları ilə yaxşı tanışıq. Həmin iri
formatlı əsərlərinin təhlilini verən İsa Həbibbəyli,
Nizami Cəfərov kimi filoloq-akademiklər bu əsərlərin
hər birini ədəbi hadisə kimi qiymətləndirmişlər.
“Əzrayıl”, “Ocaq daşı”, “Qədim kişinin tarixi”,
“Göyərçin köçü” kimi bədii əsərləri
ətrafında elmi-publisistik zümrənin apardığı
təhlillərin hamısında yazıçının sənətkarlıq
keyfiyyətləri xüsusi qeyd edilmişdir. İmamverdinin
“Bayquş və Qarovulçu” hekayəsi mənə bir ədəbi
hadisə təsiri bağışladı. İmamverdinin
“Bayquş və Qarovulçu” hekayəsi özünün
fantastik təsiri ilə məni bu yazını qələmə
almağa təhrik etdi... Fantastika demişkən, həm də
fantasmaqorik formatı və fantasmaqorik üslubu ilə.
“Bayquş və Qarovulçu” janr etibarilə hekayə
formatındadır. Amma bu hekayənin məzmununda bütöv
bir roman formatı yatır. Müəllifin yaratdığı
obrazlar milli düşüncənin dünənini və bu
gününü, hətta sabahını ortaya qoymağı
ilə, millət hardan gəlib hara gedir sualına lakonik
cavabı ilə əsəri hekayə formatına salır. Mənim
akademik Nizami Cəfərovla çox məsləhətləşmələrim
olur. Bu dəfə də zəng edirəm və İmamverdinin
bu hekayəsini oxuyub-oxumadığını soruşuram.
Cavab: “İmamverdinin bu hekayəsi ədəbi hadisədir”.
Cavab mənə bəs edir, çünki mən də hekayəni
oxuyan kimi onu “ədəbi hadisə” hesab etmişdim...
Hekayənin məzmununda beş aparıcı obraz var:
Yaxın bir tanışının bağ evində
qarovulçu işləyən qoca, qocanın
dünyasını dəyişmiş arvadı, digər bir
evin qarovulçusu cavan bir oğlan, cavan bir ev sahibi və ...
bayquş. Bu bayquşun gecələr qonşuluqda xaraba
qalmış bir evin damında “oxuması”, bayquşun bu səsini
həm real mənada, həm də dini inanclar sistemi ilə qəbul
etməyən ev sahibi bayquşu öldürməyi
qarovulçuya tapşırır. Ömründə heç
vaxt bir qarışqanı belə tapdalamamış qoca
qarovulçu heç gözləmədiyi bu
tapşırığın əzabını çəkir,
qonşu evinin içkiyə qurşanmış cavan
qarovulçusunun da qoşulduğu bu vəzifənin necə
öhdəsindən gələcəyini özü
üçün bir dərdə çevirir və bu dərd
sonda bayquşu deyil, onun özünü həyatdan
aparır...
Mənim bəsit şəkildə təqdim etdiyim bu
sujet çox ciddi kolliziyalar, mürəkkəb fəlsəfi
düşüncələr, atalar və oğullar kimi bəşəri
bir problemə fəlsəfi münasibət, milli dəyərlərə
xəyanətin tövbəsi, ata-ana xeyir-duasına xəyanət
və bütün bunlardan doğan peşmançılıq
hissləri ilə elə zəngin bir məzmun yaradır ki, əsər
özü adamı oxumağa məcbur edir.
Hekayənin ən maraqlı cəhətlərindən
biri müəllifin xalq dilinə, xalq deyimlərinə xəlqi
münasibətdir. Müəllifin az qala hər abzasda həm
özünün, həm də obrazların, xüsusilə
bayquşun dilində xalq deyimlərinə müraciəti bir tərəfdən
Vətən, milli dəyərlər sistemi kimi keyfiyyətləri
anlamağa xidmət edirsə, digər tərəfdən əsərin
ortaya qoyduğu müqəddəs idealların sənətkarcasına
ifadəsinə yardımçı olur.
Adətən xarabalıqda məskən salan və el
deyiminə görə öz səsi ilə oturduğu məkanı
xarabalığa çevirmək istəyində olan bayquş
hekayənin əsas obrazıdır. İndi zaman elə
çönüb ki, bayquşların xaraba istəyini
dünyanı silah gücünə xarabaya çevirməkdə
olan dövlətlər, insanlıqdan imtina etməkdə olan
“insanlar” yerinə yetirməkdədirlər. Bayquşun uzun bir
monoloqu, əslində müəllifin fəlsəfi
düşüncələridir. Bayquşun fikirləridir: “Zəmanə
xarab olub, üzü çönüb, bayquş da yalan olub, elə
hədyan, nifrin tökürlər ki, az qala yeddi arxa dönəninin
yeddi qatından keçə... Açın
qulaqlarınızı eşidin: mən səslənirəm
dünyaya, kainata car çəkirəm, ey dilimi bilən, məni
anlayanım, hardasan?” Bayquşun bu bəşəri sualına
dəyişən dünyanın cavabı yoxdur və əsərin
əsas məqsədlərindən biri də elə bu suala
cavab tələbidir.
Belə yerdə atalar və oğullar problemi
çıxır ortaya. Ev sahibinin tələbi ilə
bayquşu güllələməyə hazırlaşan
babanı cavan nəvəsi – universitet tələbəsi bu
yoldan çəkindirmək üçün miflərə,
milli dəyərlərə söykənir və az-çox
istəyinə nail olur.
Bir az əvvəl hekayənin polifonik-çoxtərəfli
məzmun keyfiyyətindən söz açmışdım.
Bu mənada qoca qarovulçunun qızının taleyi
bütöv bir romana sığacaq bir sujet vəd edir. Qoca
qarovulçunun qızı bir vaxtlar səhv edərək –
milli ənənələrə məhəl qoymadan, atası,
anası ilə məsləhətləşmədən bir
oğlana qoşulub qaçıb. Yuxarıda qeyd etdiyim
fantasmaqoriya məhz bu yerdə müəllifin köməyinə
gəlir. Ona görə də bu yerdə hekayədən uzun
bir sitat gətirməli olacam: “Qəfildən göy
guruldadı, şimşək çaxdı, qarovulçunun
keşik çəkdiyi otağın pəncərələri
taybatay açıldı, şüşələr
çilik-çilik olub ətəyinə töküldü.
Aman... Kaftar bir bayquş, qanadlarını
çırpıb, içəri şığıdı,
uzun-uzadı sızladı, qara-qırtıq, qıllı
caynaqlarındakı şikarını qəzəblə
kişinin ayaqları altına atdı... Qanrılıb
baxdı ki, qızıdı, yumaq kimi topuğuna döşənib
onun, qan tökür kor bəbəklərindən...
Çürük kəfən içində, sarı
köpük qusurdu, oğurluq edən dovşan kimi ürkək
idi, əyri ayaqlarını qoşulub qaçdığı
dərələrin kolu-kosu sürtüb qançır eləmişdi...”
Müəllif elə bu sətirlərdən milli adət-ənənələrə
xəyanətin nəticəsini - faciəsini göstərir.
Qaravolçunun qızının
qışqırtısıdı: “Ay dədə, - deyib
zarıdı - günahımnan keçmə mənim, noolar,
heç üzümə də baxma... Yazıq anamın o nakam
ruhu bağışlamaz, qırx gün, qırx gecə o
zavallı qadını dalımca, bayquş kimi, ulatdıran,
için-için çürüdən mən oldum, mən
başı daşlı!.. Bir binamusun, yağlı, şirin vədinə
allandım, ata-ana xeyir-duası almadan qoşulub
qaçdım... Xeyir çörəyi yeyə bilərmi beləsi?!
Axırı çöllərdə qaldım, dərdə-bəlaya
düçar oldum, qurd-quş da iylənmiş meyitimə
yaxın durmadı... Dalımca gəlmədin, niyə o
gülləni götürüb ikimizi də qanına qəltan
eləmədin?.. Axı sən, köhnə kişisən,
öz üstünnən namus ləkəsini niyə
yumadın, ay dədə? Üzünmü çöndü,
iyrəndinmi, sıtqındınmı? Bilirəm, yaxşı
tanıyıram səni, qəzəbindən belinə,
qanına, dölünə söydün. – Onun pərişan
saçları sicim kimi boğazına
dolaşmışdı. – Nə durmusan, mənim qeyrətli dədəm,
nə fikrə qərq olmusan, götür, götür o
tüfəngi! Şərəfnən yaşayıb qədrini
bilmədiyim günləri qaytar, ləkəmi yu! Qoluna qüvvət,
vur ay dədə, qanım halaldı sənə, öldür
mən!..”
Milli dəyərlərə etinasızlığın
qurbanı olan bu qızın bu
peşmançılığı bu
etinasızlığı təkrar edən yeni nəslə bir
mesajdır. Fantasmaqorik bir səhnə:
“O, başı bıçağa gələn quzu kimi
mələyib, üzünü ümidsiz göylərə
tutub, asi düşdü: “Apar məni, a qara yellər! Gəl,
a bayquş, gəl, apar məni, soyxa qoy sümüklərimi!..”
Qızın qan donduran naləsini müəllif onun son
vəsiyyəti kimi təqdim edir.
“Və çox ağladı, çox
sıtqıdı, sonra özü də bayquş kimi qanad
çalıb kükrədi və boz yellər kimi burulub, evin
çökmüş tavanındanca qeybə çəkildi...
Atasının qolları ixtiyarsız uzandı və
barıt qoxusu gələn havadan asılı qaldı: “Səba
yellərimi əsdi sənin dalınca, qız,
qarğışamı urcah oldun?! Çoxdan it-bat olmuşdun,
nə hayın vardı, nə huyun... Gör neçə ildi
heç yuxuma da gəlməzdin... Hardan belə peyda oldun, ay
günü qara, hardan?..”
Bu sözlər də bir zaman milli-mənəvi dəyərlərin
itməsinə məhəl qoymayan yaşlı nəslin naləsidir.
Qoca qarovulçunun aşağıdakı sualı bu
gün üçün bəşəri sualdır və bəşəri
cavab gözləyir: “... görəsən, qurbanı
olduğum hər viranəliyə, çox yox, tək bircə
bayquş bəxş eləsəydi, sayı-hesabı bilinərdimi
və bayquşlar bu kainatı başına götürüb
hara aparardı?! Bəyəm savaşın, tökülən
qanın, bəlanın baiskarı zavallı
bayquşlardımı?” Bu bəşəri sual bu gün Yaxın
Şərqdə, Rusiya-Ukrayna cəbhəsində, dünən
isə Ermənistanın bayquş niyyətinə çevrilən
Qarabağda cavabını gözləyir... Cavabı,
bayquş günahkar qocanın timsalında dəyişən
dünyanın adamlarına, baiskarlarına üz tutaraq
özü verir: “Bayquş yastılanıb, dirəyə
çökdü, acığından dimdiklərini tənəylə
şaqqıldatdı: “Ey yazıq, zavallı məxluq! Bu boyda
gen-bol dünyanı, bir belə genişliyi qoyub, bura
çataçatdamı yadına düşdü Allah?! Qəzəbdən
kükrəyən caynaqlarımın altında heç
yeridimi bu duaların?! – Sənin gecikmiş duyğularının
və yalvarışlarının ömrü, mənim bax bu
caynaqlarımın ucuna qədərdi, çox qısadı,
çox, ay bədbəxt qoca!..”
Hekayənin kulminasiya nöqtəsi: “... və güllələr
dalbadal açıldı, gecənin lal sükutunu
parçalayıb dağıtdı, isti gilizlər nəm
divarlara dırmaşıb, siçan kimi civildədi...”
Qonşu evin cavan və sərxoş qarovulçusunun əlindəki
tüfəng açılır və təsadüfən qoca
qarovulçunu qətlə yetirir. Və bu məqamda
qarovulçunun arvadının fantasmaqorik ağrısı təqdim
olunur: “Uçuq damın altında çöməlib ağ kəfənə
bürünmüş qadının kölgəsi əyildi,
sanki göydən yerə qanad saldı, başını
qarovulçunun parçalanmış sinəsinə
sıxıb, gözünün qorasını tökdü:
“Aman!.. Sən neynədin, ay zalım, əlin qurusun!..
Kürəyin hardan deşildi, ay kişi? Ağ kəfənin
necə boyandı qanına, ay kişi? Qarğışamı
urcah oldun, günahamı batdın?!” – ölümlə əlləşən
qarovulçunun canına, sümüyünə, iliyinəcən
yeriyən bu kəsik hıçqırıqlar, vay-şüvən,
bayquş ulartısına çevrilib gecənin soyuq ruhundaca əriyir,
acı göz yaşları qanlı su kimi axıb sellənirdi...”
Hekayənin sonu hər şeyə aydınlıq gətirir:
“...Göyün yeddi qatınacan çəkilib, qeyb olmuş
bayquşun səsi – üzücü, qandonduran ulartısı
dünyanı başına götürmüşdü...
Bayquş elə bil qaranlıq bir qəbirdən indicə
çıxırdı, səsi çatınca, ünü
yetincə hayqırır və al qan içində can verən
qarovulçunu, naqəfil açılan güllə ilə əlini
nahaq qana batırmış qonşunu, həm də, baiskar kimi
özünü, özünü ağlayırdı...”
Hekayənin bu son sətirləri müəllifin estetik
idealıdır: Atalara və oğullara görk
misalıdır; Min illərin milli-mənəvi dəyərləri
müqəddəsdir. Bu dəyərlərə xəyanət
etmək günahdır: Tanrı bağışlamaz!
Cahangir MƏMMƏDLİ
BDU Milli mətbuat tarixi kafedrasının müdiri,
filologiya elmləri
doktoru,
professor
525-ci qəzet .- 2025.- 14 iyun(¹ 102).- S.18.