“Musiqi mənim üçün həyatın
səsə çevrilmiş halıdır”
Gülnar Zeynalova: “Səhnəyə çıxarkən
sanki başqa bir dünyaya keçirəm”
Hər səsin bir ünvanı var. Bəziləri dərhal
eşidilir, bəziləri isə kütlə səs-küyünün
arasında itib gedir. Bu gün müasir Azərbaycan musiqisində
yaranan gurultu içində bəzən o səslər
eşidilmir, zövqlər qarışır, istedadlar isə
kölgədə qalır. Amma gələcəyə ümid
sonsuzdur. Çünki Azərbaycan musiqisində yeni adlar, yeni
səslər doğulur. Biz də həmin səslərin izinə
düşürük. Azərbaycan musiqisinə yeni nəfəs
gətirən, amma hələ geniş auditoriya tərəfindən
kifayət qədər kəşf edilməmiş gəncləri
"525-ci qəzet"in yeni - "Səsin izi ilə"
rubrikasında oxuculara təqdim edəcəyik. Hər şənbə
bir gənc, bir səs, bir hekayə, bir ümid...
Çünki istedad eşidilməyə layiqdir. Bu rubrika
istedadın ünvanıdır.
Bəzən bir insanın səsi təkcə onu deyil,
bütöv bir yaddaşı, mədəniyyəti, bir
xalqın musiqi irsini danışar. Gülnar Zeynalova da belə
sənətçilərdəndir. O, gənc olmasına
baxmayaraq, səsi ilə muğamın ruhunu, xalqın hissini
daşıyır, səsində öz soy-kökünü
yaşadır. Onun musiqi sevgisinin kökləri uşaqlıq
illərinə gedib çıxır. Ailə mühitində
musiqi ilə nəfəs almaq, atanın səsindəki ruhi
titrəyişlərlə böyümək gənc
ifaçının sənət yoluna yön verib. Gülnar
xanım bu barədə deyir:
“Musiqiyə olan marağım və sevgim ailəmdən,
xüsusilə də atamdan qaynaqlanır. Atamın gözəl
səsi var və mənim musiqiyə olan marağımın
aşılanmasında da rolu böyükdür. Sənətdə
ilk addımlarımı təxminən 5 yaşımda
atmağa başladım. Uşaqlıqdan toy məclislərinə
və ifa mühitinə maraq göstərdiyim
üçün atam kiçik yaşlarımdan həvəskar
ifaçı kimi müxtəlif məclislərə
aparardı. Bu erkən təcrübələr nəticəsində
musiqi duyumum artmağa və ifa bacarığım inkişaf
etməyə başladı. Kiçik bir
qızcığazın sonsuz, ümmanlar qədər dərin
musiqi dünyasına marağı, sevgisi və o dünyadan
ömrünə pay biçməsi beləcə
başladı.
Cəmi 6 yaşımda səhnəyə qədəm
qoyaraq ilk dəfə festivallarda, müxtəlif tədbirlərdə
iştirak etdim. İlk musiqi təhsilimi Şuşa musiqi məktəbində
aldım.
Daha sonra bu yolda bir addım da irəliləyərək
sənədlərimi Azərbaycan Milli Konservatoriyasının
nəzdində fəaliyyət göstərən Asəf
Zeynallı adına Musiqi Kollecinə verdim və burada təhsilimi
davam etdirdim.
Təhsil illərim mənim üçün yalnız
öyrənmək dövrü deyil, eyni zamanda sənətimi
geniş auditoriyalara təqdim etmək fürsəti oldu.
Dövlət televiziyalarında çıxışlarım,
müxtəlif xarici ölkələrdə keçirilən tədbir
və festivallarda, layihələrdə iştirakım musiqiyə
olan sevgimin və zəhmətimin təzahürü idi.
Bu gün də keçdiyim yola minnətdarlıqla
baxır, musiqiyə olan sevgimi, zəhmətimi və
ilhamımı gələcək layihələrimdə əks
etdirməyə davam edirəm”.
Səhnə bir sənətçi üçün təkcə
çıxış yeri, mahnısını,
yaradıcılığını təqdim etdiyi platforma
deyil. Ora daxili aləmin, ruh halının təzahür
ünvanıdır.
Gülnar Zeynalova üçün də səhnə
sıradan bir yer olmaqdan qat-qat uzaqdır. Əksinə, ora onun
uşaq yaşlarından ruhunun nəfəs aldığı məkandır.
Musiqi onun üçün sadəcə melodiya yox, həyatın
özü, içində yaşadığı
duyğuların səsə çevrilmiş formasıdır.
Həmsöhbətim səhnə ilə arasındakı
bağı belə ifadə edir:
“Musiqi mənim üçün həyatın səsə
çevrilmiş halıdır. Səhnəyə
çıxarkən sanki başqa bir dünyaya keçirəm
və orada nə zaman, nə də məkan var. Səhnə mənim
ruhumun evidir. Orada yalnız duyğular və ürəkdən
gələn səslər danışır”.
Hər bir ifaçının sənətdə
özünü daha çox ifadə edə bildiyi bir janr olur.
Bu, onun daxili dünyasına ən yaxın olan, ruhunun dilləndiyi
səsdir. Gülnar xanım üçün isə bu səs,
şübhəsiz ki, muğamdır. Gənc xanəndə
muğamın dərinliyində özünü tapır,
kimliyini hiss edir, musiqidəki çağırışı
burada eşidir. Onun sözləri bu
bağlılığı aydın şəkildə göstərir:
“Əlbəttə ki, mən özümü ən
çox muğam janrında ifadə edə bildiyimi
düşünürəm. Bu musiqi mənim ruhuma, kimliyimə
ən yaxın olan sənət növüdür. Vaxtilə rəqs
sənətinə də marağım olub, ancaq zamanla
anladım ki, mənim həqiqi yerim muğamın dərinliklərindədir.
Düşünmədən deyə bilərəm ki, muğam
mənim daxili dünyamın səsi olub. Bu səbəbdən,
öz sənət yolumu məhz bu sahədə davam etdirməyi
ən doğru seçim hesab edirəm”.
Sənət yolu təkbaşına qət edilən
bir yol deyil. Hər uğurun arxasında dəstək olan, yol
göstərən ustadlar dayanır. Gülnar xanım da bir
xanəndə kimi yetişməsində bir çox dəyərli
sənət adamlarının rolunu xüsusi qeyd edir. Onlar ona
yalnız texniki bilik yox, həm də sənətə sevgi və
səhnəyə hörmət öyrədiblər.
Müsahibim ona musiqinin, muğamın dərinliklərini
öyrədən, bu çətin və eyni zamanda son dərəcə
məsuliyyətli sənətdə inamla addımlaması
üçün əlindən tutan, dəstəyini əsirgəməyən
ustadları haqqında minnətdarlıqla danışır:
“Sənət yolumda addımladığım hər mərhələdə
mənə yol göstərən ustadlarım olub. Gözəl
xanəndə, gənc yaşına rəğmən, bu sənətdə
öz sözünü demiş muğam ustadı Günay
İmamverdiyeva, Əməkdar artist Cabir Abdullayev, ustad sənətkar,
dəyərli pedaqoq Sabir Abdullayev, Əməkdar artist Sevinc
Sarıyeva və Xalq artisti Gülyaz Məmmədova – hər
biri mənim üçün təkcə müəllim yox, həm
də ilham mənbəyi olublar. Mən onlardan təkcə
muğamın, musiqinin sirlərini deyil, eyni zamanda bu sənətə
sevgi, səbir və zəhməti öyrənmişəm.
Xüsusilə Gülyaz Məmmədovanın mənim sənət
yolumdakı rolu ayrıdır. Mahnının ərsəyə
gəlməsində onun dəstəyi və incə
yanaşması danılmazdır”.
Peşəkar musiqi təhsili hər sənətkar
üçün bir növ bünövrədir. Səs gözəl
olsa belə, bu səsi necə ifadə etməyi öyrənmək,
sənətin elmini bilmək ayrı bir məsuliyyətdir.
Gülnar xanım da bu məsələni olduqca önəmli
sayır və musiqi təhsilinin sənətdə yerini
aydın şəkildə göstərir:
“Şübhəsiz ki, təhsil almaq bütün sahələrdə
olduğu kimi, musiqi sahəsində də çox vacibdir.
Xüsusən, xanəndəsənsə, bu vaciblik on qat
artır deyərdim. Muğamlarımızı dərindən
dərk etmək, ifa texnikalarını, ustadlarımızdan
aldığımız səhnə mədəniyyətini
öyrənmək hər bir ifaçı üçün
önəmlidir. İstər səhnədə, istər el
şənliklərində, istərsə də konsert
proqramlarında, dövlət əhəmiyyətli tədbirlərdə
ifaçının tonallıq bilgisi, sənətə olan məsuliyyət
hissi, düzgün şəkildə ifa etmək
bacarığı əsas cəhətlərdəndir. Bu həm
də insanda özünəgüvən hissi yaradır. Nə
oxuduğunu, necə oxuyacağını bilmək hansı səhnə,
hansı şərait olursa olsun, təhsilli,
hazırlıqlı ifaçını bütün
situasiyalardan alnıaçıq, üzüağ
çıxarır. Bu səhnədir, səhnədə hər
şey ola bilər. Səs elə bir şeydir ki, biz ona
müdaxilə edə bilmirik. İfaçı hər
situasiyaya hazırlıqlı olmalıdır. Ona bu
hazırlığı verən də məhz onun təhsilidir.
Fikrimcə, ən azından ilkin musiqi təhsili şərtdir.
Onsuz ifaçının gedə biləcəyi yol heç də
uzaq deyil”.
Yəqin ki, Gülnar Zeynalova dəyərli
oxucularımızın çoxuna duet ortağı Cahangir
Əliyevlə birgə ifa etdikləri məşhur “Məni
yandırma” mahnısı ilə daha yaxşı
tanışdır. Bəli, bu gənc cütlüyün birgə
oxuduqları duet son dövrlərdə sosial şəbəkələrdə
və musiqi platformalarında böyük maraqla
qarşılanıb.
Əminliklə deyə bilərik ki, bu duet və
sözügedən mahnı onların sənətinə olan
marağı artırmaqla yanaşı, xalq
mahnılarının yeni nəslə
çatdırılmasında da mühüm rol oynadı. Həmin
mahnıdan sonra onlar işbirliklərini indi də davam etdirir,
xalq və retro mahnılarımıza yeni nəfəs
qazandıraraq özlərinəxas şəkildə təqdim
edirlər. Onları sevdirən də, məncə, elə
budur. Gülnar xanım isə bu uğurun arxasında duran niyyəti
belə açıqlayır:
“Bəli, biz Cahangir bəylə bu dueti ifa edərkən,
seviləcəyini düşünürdük, amma çox
qısa zamanda ən çox sevilənlərdən olub
gündəmi zəbt edəcəyini, trendlərdə yer
alacağını gözləmirdik. Nə xoş bizə ki,
biz unudulmaqda olan, çox da müraciət edilməyən bir
xalq mahnımıza yenidən nəfəs verərək onu
dinləyicilərimizə sevdirə bilmişik. Trend
anlayışına əsaslanmaqdan daha çox, məqsədimiz
milli musiqimizi və xalq mahnılarımızı geniş
kütlələrə tanıtmaq və gənc nəslə
sevdirmək, ən əsası musiqi irsimizin
davamlılığını təmin etməkdir”.
Hər bir sənətkarın arzusu onun sənətinin
davamlı olması və xalq tərəfindən qəbul
edilməsidir. Müsahibimiz Gülnar Zeynalova da bu yolda
ustadlarının izini özünə cığır
seçib. O, Azərbaycanımızın qədim musiqisini, bu
musiqinin əzəmətli köklərini ən az ona
ustadları tərəfindən aşılanan dəyərlər
miqyasında qoruyaraq irəli aparmağı özünə
missiya bilir. Onun sənətə yanaşması bu fikirdə
aydın görünür:
“Gələcək planlarım və arzularım bu
yolda ustadlarımın iziylə addımlamaq, onların sənətə
verdiyi dəyəri qoruyaraq davam etdirməkdir. Arzum odur ki, sənətimi
gözəl və xalqımıza layiqli şəkildə təqdim
edə bilim və hər bir dinləyici özünü musiqidə
tapsın. Çünki Azərbaycan xalqı dünyanın ən
zövqlü, ən savadlı dinləyicisidir. Onun musiqi
bağlılığı əsrlərə dayanır. O
yaddaşı bir anda silmək, əsl musiqinin onun ruhuna
hopmuş izlərini yox etmək mümkün deyil. Biz də əsl
musiqinin dəyərini anlayan dinləyicilərimiz
üçün çalışmağa, öz sənətimizi
və Azərbaycan musiqisini inkişaf etdirməyə niyyətliyik.
Arzumuz da, istəyimiz də, planlarımız da bu yöndədir”.
Müşfiq Şahanə
525-ci qəzet .- 2025.- 14 iyun(¹ 102).- S.17.