HEYDƏR ƏLİYEVİN
OXUNMASINI UMDUĞU TƏBRİK MƏKTUBU
Onda hələ təqvimlərimizdə Milli
Qurtuluş Günü deyilən bayram yox idi.
Həmin həyəcanlı tarix parçası da hələ
qarşıda idi.
Azərbaycanın 70 illik həsrətdən sonra
dövlət müstəqilliyini bərpa etməsinin bir ili təzəcə
tamam olmuşdı. Öz milli dövlətinə sahibliyin,
istiqlal içərisində yaşamağın xoşbəxt,
ancaq hər addımı yeni-yeni ağır sınaqlarla dolu
çətin yolunun əvvəlindəydik.
Elə günlər idi ki, sevinclə qəmlər,
ümidlə xəyal qırıqlıqları yanaşı
addımlayırdı. Millətin köksü bir yandan
azadlığın, taleyinin yiyəsi olmağın fərəhi
ilə qabarırdısa, digər yandan ləngərli
dövran, torpaqlarımıza uzanan qəsbkar əllər, bəxtiyarlığımızı
gözümüzdən tökməyə
qısqırdılan qara qüvvələrin xəbis tərpənişləri
səksəndirir, xoflandırırdı.
Ancaq insan ən qarışıq vaxtın içində
də öz sabit məziyyətləriylə birgədir.
Ən faciəli günlərdə sevinməyə də imkan
tapır, ən xoşbəxt çağlarda kədərə
də qapıla bilir.
1990-cı illərin əvvəlləri müasir
tariximizin hər günü, bayatı demiş, min aya bərabər
olan parçasıdır. Elə dövr ki, illərin içərisində
onilləri yaşamış kimi olduq.
Qarabağın bütün millətə
bağışladığı ən məlahətli
avazlardan birinin sahibi Sara Qədimovanın 1992-ci il mayın 31-də
70 yaşı tamam olacaqdı. Mədəniyyət Nazirliyinin təqvimində
bir neçə ay əvvəldən bu yubileyin təşkil
edilməsi ilə bağlı qərar da yer
almışdı. Ancaq mayın 8-də sevimli Şuşa zəbt
ediləndən sonra həmin ay və hətta bir neçə
ay sonra belə o məclisin keçirilməsi münasib
görünmədi. Ürəyimizdəki Şuşa
dağının göynəyi hələ qövr edirdi, Sara
xanımın özündə də bir tərəddüd yaranmışdı
ki, bayram vaxtı deyil, matəm içindəyik, bəlkə
bu mərasimi daha sonralara saxlayaq. Lakin ilin sonu
yaxınlaşdıqca nəzərdə tutulmuş tədbirlərin
keçirilməsinə cavabdehlik daşıyan nazirlik əməkdaşları
da vaxtaşırı Sara xanıma zəng vururdular,
axırı nazir özü də əlaqə saxladı ki,
artıq dekabrdır, nəsə etməliyik, tədbir
plandadır, gərək bu il məsələni həll edək.
Həmin dekabr günlərindən
birində Sara xanımgilə baş çəkəsiydim,
özü zəng vurub çağırmışdı. Mən
gələndə onunla qonşuluqda yaşayan yaxın rəfiqəsi,
digər böyük sənətkarımız Firəngiz
xanım Əhmədova (1928-2011) ilə birgəydilər.
Sara xanım 3 il əvvəl, 1989-cu ilin martında
Müslüm Maqomayev adına Filarmoniyada bacısının əri,
muğam vaqifi Hacıbaba Hüseynovun (1919-1993) 70 illiyinə həsr
edilən, mənim apardığım yubiley məclisindən
evə qayıdandan bir qədər sonra, artıq gecə
saatlarında zəng vurmuşdu ki: "Qabaqdan mənimçün
də bu gün gəlir ha. İndidən əhd eləyirəm
ki, o gecəni sən aparasan".
O vaxt "Mütləq!" deyib söz vermişdim və
amma 1992-ci il dekabrın ortasında Sara xanım zəng vurub məni
evə dəvət edəndə zənn edirdim ki, yəqin,
tamam başqa işdən ötrü çağırıb,
vaxtı ötdüyündən yubiley söhbəti təxirə
düşüb.
Söhbəti Firəngiz xanım
açmışdı ki, il başa çatır, Sara da
yubileylə bağlı bir az nəm-nüm edir. Deyir, el məni
qınayar ki, Gülablı qızı Şuşanın əsir
vaxtında, Qarabağın belə narahat günündə
özünə şadlıq məclisi qurur, amma mən də
onu bu fikrindən daşındırıram ki, əksinə,
belə məclislər elə indi lazımdır,
insanlarımıza ruh verməliyik, qoymamalıyıq camaatımız
həvəsdən düşsün.
Mən də Firəngiz xanıma haqq
qazandırdım, dedim ki, sizin gecənizə
toplaşanların əksəriyyəti elə
qarabağlılar olacaq, orada da sözümüzü deyərik,
indi bizə birlik, gücümüzə inam, hər şeyin
yaxşı olacağı əzmi həmişəkindən
daha çox gərəkdir.
Biz bu söhbətləri edəndə Sara xanım
yarım əsrdən çox idi müğənnilik edirdi. Bu
50 ildən artıq müddətdə o, Azərbaycanın ən
sevimli insanlarından birinə çevrilmişdi, məlahətli
səsi hər kəsə doğma idi.
Sara xanım sənət yolunu erkən
başlamışdı. Buna, əlbəttə ki, Əlahəzrət
Təsadüf də əl qoymuşdu. Müğənni olmaq
Saranın heç yatanda yuxusuna da girməzmiş. Tibb
texnikumunda təhsil alırmış, hələ 16
yaşı varmış. Ancaq məktəbli vaxtlarında
gördüyü işi burada da davam etdirir, şagirdlərin
iştirakı ilə təşkil olunan konsertlərdə
olduğu kimi, texnikumun tədbirlərində də babat səsli
başqa müdavimlərlə bərabər o da xalq
mahnıları oxuyurmuş. Ancaq iş elə gətirir ki,
texnikumun bayram konsertlərindən birində yeniyetmə
Saranın oxusunu "zərgər" eşidir. Zərgər
də kim ola - o dövr xanəndələrinin ən çox
arananı və muğamatdan da, qəzəliyyatdan da başqa
yerlərdən daha artıq hali olan Abşeron kəndlərində
özününkü bilinən Zülfi Adıgözəlov
(1898-1963). İllər boyu Zülfi ilə sənət
yoldaşlığı etmiş tarzən Bəhram Mansurov
(1911-1985) danışırdı ki, Azərbaycanın dörd
bucağında Zülfinin vurğunuydular, ancaq abşeronlular
ona başqa cür aşiqdilər. Bəhram müəllim bunu
da təsdiqləyirdi ki, 1930-cu illərdə Abşeron kəndlərində
doğulmuş, "Zülfi", "Zülfiqar"
çağırılan oğlanların hamısına bu
adı sevimli xanəndənin şərəfinə
vermişdilər.
Zülfi o çağlarda həm də dövrün məşhur
sənət ocaqlarından sayılan Əbilov adına Mədəniyyət
Evində musiqi dərnəyini aparırmış. Saranı dərnəyinə
cəlb edir və başlayır bu istedadlı qıza
muğamları, təsnifləri, az oxunan xalq
mahnılarını öyrətməyə.
O, yalnız iti xanəndə fəhmiylə sezmir, elə
aşkarca da görürdü ki, bu qız bir qızıl
külçədir, qadın müğənnilərin barmaqla
sayılacaq qədər az olduğu vaxtda onu böyük sənət
meydanına bacardıqca tez çıxarmaq gərəkdir ki,
həm boşluqları doldursun, həm də digər
yaşıdları arasından ondan ilhamlanaraq sənətə
gələn qızlar çoxalsın.
Zülfi 1938-ci ildə keçirilən Bədii
Özfəaliyyət Kollektivlərinə Respublika
baxışında Əbilov adına Mədəniyyət
Evinin solisti kimi gənc Saranı səhnəyə
"Qatar" muğamı ilə çıxarır.
Çünki bilirdi münsiflər heyətində Üzeyir
Hacıbəyli (1885-1948), Əhmədxan Bakıxanov (1892-1973),
Hüseynqulu Sarabski (1879-1945) kimi xiridarlar əyləşib və
onlar bu qızı eşidincə əlavə nəsə deməyə
zərurət qalmayacaq, ən sərfəli qərarı onlar
özləri verəcəklər.
Zülfi necə hesablamışdısa, o təhər
də alınır. Üzeyir oxusunu bitirən Saranı
çox tərifləmir, qanrılır Sarabskiyə sarı,
deyir ki, bunu elə sən öz sinfinə götür.
Artıq Saranı dinləyə-dinləyə
Üzeyir bəy də, Sarabski də onun simasında yalnız
sabahın yaxşı müğənnisini deyil, həm də
cazibədar Leylisini, Əslisini görürdülər.
Bunları mənə rəhmətlik Sara xanım
özü söyləyirdi. Danışırdı ki,
"1938-1941-ci illərdə Asəf Zeynallı adına orta
ixtisas musiqi məktəbində Sarabskinin sinfində muğam dərsləri
aldığım dövrdə Hüseynqulu hərdən
Üzeyir bəylə birlikdə məni ilk dəfə
görüb eşitdikləri müsabiqəni
xatırlayırdı. Sən demə, mən oxuduqca bunlar
öz aralarında gələcəkdə operada çox
faydalı ola biləcəyimi deyib sevinirmişlər".
Müharibə ərəfəsində, 1941-ci il
yanvarın 17-də Sara Qədimova Filarmoniyaya solist kimi rəsmən
işə qəbul ediləndə heç 19 yaşı tamam
olmamışdı.
Bu sütül qızın özünə də o
yaşda həmin mötəbər səhnədə Cabbar
Qaryağdıoğlu (1861-1944), Seyid Şuşinski (1889-1965),
Zülfi Adıgözəlov, Hüseynqulu Sarabski, Xan
Şuşinski (1901-1979) kimi azmanlarla yanaşı
çıxış etmək yuxu, möcüzə kimi gəlirmiş.
O mahir usta və ustadların hər birinə illər
boyu sədəfli tarıyla yol yoldaşlığı
etmiş və həmin nəsil sənətkarlarımızın
hamısının da özünə ağsaqqal hesab etdiyi
Qurban Pirimov (1880-1965) danışırmış ki,
Filarmoniyaya hələ-hələ hər qabil xanəndəni
də işə qəbul etməzdilər, bir çox xanəndə
elə konsertdən-konsertə gələrdi, oxuyub gedərdi,
Sara Filarmoniyaya solist qəbul ediləndə burada əməkhaqqı
cədvəlinə qol çəkən cəmi yeddi xanəndə
vardı, onların da hamısının yaşı
qırxdan çox.
Filarmoniyanın da, sonralar bağlandığı Opera
teatrının da, bütövlükdə xalq musiqi
ifaçılığının da tarixində Sara xanım
elə sənət hünərləri göstərib ki, tarix
vərəqləndikcə o səhifələr daim iftixarla
anılacaq. "Mahur-hindi", "Xaric segah", "Şur
dəstgahı" muğamlarının qadın xanəndələrimiz
arasında ilk ifaçısı Sara xanım olub (doğrudur,
Mirzə Məhəmmədhəsən (1851-1917) yolu ilə
Sara xanımdan daha yaşlı Yavər Kələntərlinin
(1902-1979) ifasında da "Şur"un bütövü var. Ancaq
o lent yazısı Bəhram Mansurovun təşəbbüsü
ilə Saradan daha sonrakı tarixdə lentə alınıb. Və
ustad Hacıbaba Hüseynov Sara Qədimovanın digər
qadın muğam ifaçılarından elə
"Şur"da oxu üstünlüyünün bir özəlliyini
qabardırdı: "Sara yeganə qadın müğənnidir
ki, "Şur"u əsl oxunmalı olalduğu yerdə, məhz
kişilərin oxuduğu yerdə oxuyub").
Eləcə də, daha çox kişi xanəndələri
daha çox kişi xanəndələrin ifa etdiyi
"Rast", "Bayatı-Şiraz", "Mahur-hindi",
"Çahargah" dəstgahlarını da qadınlar
arasında mütəmadi ifa edən və heç kişilərdən
də geri qalmayan Sara Qədimova olub. Sara xanım 11 muğam
ifa edib ki, onlardan yeddisi vallarda və Azərbaycan radiosunun
"səs xəzinəsi"ndə qalmaqdadır. Saraya qədər
muğamçılığımızda heç bir qadın
xanəndə belə nəticələrə müyəssər
olmayıb. Heç müasirləri arasında da bu baxımdan
ona rəqib ola biləcək ikincisi yoxdur.
O təmizlik, o büllur saflığı, o təkrarsız
məlahət, o mehriban şirinlik ki Sara xanımın səsində
vardı, bizə yadigar qalan 200-dən artıq bəstəkar
mahnısı, xalq nəğməsi və təsnifin hər
birində yaşamaqdadır. Ancaq Saranın bir
üstünlüyü də vardı. O, oxuduğu sözə
də çox həssaslıqla yanaşar, qəzəlləri
anlayaraq, ürəyindən keçirərək
nöqsansız ifa edərdi. Bunun başlıca səbəblərindən
biri o idi ki, yolunun əvvəlindən Sara xanımın bəxtinə
Qarabağdan xanəndələr içində şeiriyyata
aşinalıq baxımından digərlərindən bir və
bir neçə baş ucada dayanan Zülfi Adıgözəlov,
el sözünün bilicilərindən, özü də
bişkin ədəbi qələmli Hüseynqulu Sarabski kimi
mükəmməl müəllimlər
çıxmışdı.
16 yaşında səhnəyə gələn Sara Qədimova
83 illik ömrünün 67 ilini yüksək sənətlə
oldu. Ondan əvvəl bunca uzun sənət bioqrafiyalı
qadın sənətçimiz olmamışdı. Yəqin, bundan belə də, çətin
ki, kimsə həmin heyrətamiz göstəricini təkrarlaya,
ya ötə bilə.
Sara xanımın oxusunu mən uşaqlıq illərimdən
sevmişəm və onu radiodan səsi gələn qadın
müğənnilərin hamısından daha məhrəm qəbul
etmişəm. Çünki Kürdəmirdəki bir çox
başqa ailələrdəki kimi, bizim evdə də onun
söhbəti tez-tez gedərdi, kürdəmirlilər onu
özününkü sayar, "Sara gəlinimizdir"
söyləyərdilər. Axı Sara xanım kürdəmirli
Qədir İslamzadəyə ərə getmişdi və o
izdivacın da bəhrəsi Akif oldu...
Bu da uşaqlıq çağlarımın dumanlı
hekayəti kimi yadımdadır ki, Sara xanım 1964-cü ildə
Bakıda ağır avtomobil qəzasına uğrayanda,
"ayağını kəsəcəklər, daha
oxumayacaq" şayiəsi yayılanda nənəm
ağlayırdı, dua edirdi (ehtimal ki, Azərbaycan boyu o vaxt
çoxları oxşar nigaranlığı
yaşayırmış. Elə bil köhnə onillərdə
məşhur şairləri, yazıçıları, alimləri,
sənətkarları xalqımız özünə daha simsar
tuturmuş. Sonra bu nəcib vərdiş asta-asta
yadırğandı, yaxud yadırğadıldı) və
üstündən 20 il ötəndən sonra mən bunu Sara
xanıma söyləyəndə bu dəfə o, qəhərlənmişdi...
Sara xanımın həyatı da o dəhşətli
qəzada bitə bilərdi, sağ qalaraq 42 yaşında sənətdən
biryolluq ayrılması da istisna deyildi. Bunu da özü
söyləyirdi ki, həmin dövrdə təkcə
SSRİ-də deyil, dünyada məşhur olan ilk və yeganə
qadın kosmonavt Valentina Tereşkovaya (1937) Bakıdan
nüfuzlu şəxslər vasitəsilə yol tapılır,
o da Moskvanın sümük cərrahiyyəsi üzrə ən
bilgin doktoru Nikolay Trapeznikovu (1928-2001) Bakıya yollayır.
İş ondadır ki, Sara xanımın
ayağındakı əməliyyat uğurla keçmişdisə
də, onunçün sadəcə qıçının kəsilməkdən
xilas edilməsi az idi. Göyçək, cavan qadındı, səhnə
həyatının mənası idi, qıçında
şikəstlik qalsaydı, axsamağa başlasaydı, gərək
sənətə də "əlvida" deyəydi.
Professor gəlir, qısa müddətdə Sara
xanımı ayaq üstə qoymağa nail olur.
Bu, müğənni üçün ikinci
doğuluş deməkdi.
Yolun yarımçıq qırılması
ehtimalı çox yüksək idi, xoşbəxtlikdən belə
olmadı, Sara xanım nicat tapdı və sonra elə qəza
ilinəcən sürdüyü ömür qədər həyat yaşadı, nə qədər
solmaz incilər yaratdı.
Və o sürəkli, parlaq sənət
ömrünün iki zirvə tarixinin bayramında mən Sara
xanımla idim.
1992-ci ildə Filarmoniyada qeyd edlən 70 illik yubileyinin
də, 2002-ci ildə Opera teatrında baş tutan 80 illiyi məclisinin
də aparıcısı öz xahişi ilə mən oldum.
1992-ci ilin dekabrında ilk dəfə idi ki, Xalq artisti
Sara Qədimovanın yuvarlaq ildönümü təntənə
ilə keçiriləcəkdi.
Artıq qəzetlərdə çoxdan gözlənilən
yubiley mərasiminin yaxın günlərdə gerçəkləşəcəyi
xəbər verilirdi. Məclis, 1992-ci il dekabrın 22-nə təyin
edilmişdi.
Sara xanım onillər ərzində onminlərlə
insanın qəlbini ovsunladığı Müslüm Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasının
doğma səhnəsində idi.
O axşam Şövkət Ələkbərova
(1922-1993), Firəngiz Əhmədova, Leyla Bədirbəyli
(1920-1999), Hacıbaba Hüseynov (1919-1993), Süleyman Ələsgərov
(1924-2000), Əlibaba Məmmədov (1929-2022)... bir-birindən əziz
və heyif ki, artıq hamısı Haqqın dərgahına
qovuşmuş nadir sənətkarlar da həmin tarixlə dolu
səhnədə idilər.
Artıq yeddi ay idi ki, Xalq Cəbhəsi hakimiyyətə
gəlmişdi və Moskvadan Vətənə dönəndən
sonra Bakıda yaşamasına imkan verilməmiş unudulmaz
Heydər Əliyev Naxçıvana
sığınmışdı (Axıb gedən tarixi dəyişmək
mümkünsüzdür. Amma Heydər Əliyevli
Naxçıvanı düşünürkən bu da
ağlımdan keçir ki, axı o nəhəng şəxsiyyət
elə mürəkkəb bir dönəmdə orada
olmasaydı, varlığıyla və apardığı siyasətlə
Naxçıvanın zirehinə çevrilməsəydi,
muxtar respublikanın taleyi tam başqa cür alınardı, kəndləri,
rayonları zəbt də edilərdi, bütöv Azərbaycandan
ayrı salınmış o Vətən parçası itirilmək
sarsıntılarıyla da qarşılaşardı).
Axşam saat 6-nı keçirdi, Filarmoniya zalı
asta-asta tamaşaçılarla dolurdu və tədbirin
başlanmasına az qalmış sonralar Bakı Şəhər
İcra Hakimiyyətinin başçısı olacaq Hacıbala
Abutalıbov (1944) mənə yaxınlaşdı.
Dedi ki, Heydər Əliyev salam göndərdi və
xahiş etdi ki, bu məktubu sizə çatdırım.
Zərfi elə Hacıbala müəllimin yanındaca
açdım, bu, Heydər Əliyevin Sara xanıma
yazdığı təbrik məktubu idi.
Hacıbala müəllim dilləndi ki, Heydər
Əliyev xahiş etdi, imkan olsa, bu məktubu səhnədən
oxuyasınız.
Ulu Öndər ağıllı adam idi, ona
iqtidarın əks sərt münasibətindən agahdı və
bilirdi ki, o günlərdə və aylarda müsahibələrinin
qəzetlərdə dərc edilməsi, ictimai tədbirlərdə,
radio-televiziyada adının müsbət istiqamətdə
hallandırılması müşküldir.
Bundan yaxşı xəbərdar olduğundan "imkan
olsa, səsləndirsin" demişdi. Yəni alınmasa, biləcəyik
ki, bu, sizdən asılı olmayan səbəbdən baş
tutmayıb.
Elə vaxt idi ki, mətbuatda, radio-televiziya öz yerində,
hətta belə izdihamlı bir məclisdə də
adının çəkilməsinin Moskvada vurulmuş,
Bakıda da hər tərəfdən hücumlara məruz qalan
Heydər Əliyev üçün ən azı bir mənəvi
dayaq kimi mənası vardı.
Gecənin aparıcısı olaraq irəlicədən
yazılıb rəsmən təsdiqlənmiş xüsusi bir
ssenarim yoxdu. Nələr çalınıb-oxunacaq, irəlicədən
müəyyənləşdirilmişdi, ancaq məzmunun necə
olacağı sırf mənim özümdən, orada edəcəyim
improvizələrdən asılı idi. Başqa sözlə,
səhnədə, böyük çıxmasın, ixtiyar
sahibi məndim.
Hacıbala müəllimə dedim ki, siz zalda əyləşin,
Heydər Əliyevin məktubunu da götürün, məsələni
daha təntənəli həll edək, mən bir müddət
sonra Heydər Əliyevi və bu təbriki ayrıca təqdim
edəcəyəm, sizi səhnəyə
çağıracağam ki, məktubu özünüz
oxuyasınız.
Bir neçə çıxışdan və musiqi
nömrələrindən sonra, artıq bütün zal bu məclisin
sehrində olan əsnada, təqribən tədbirin
ortalarında həmin təbrik məktubunun üzərinə
gəldim.
Heydər Əliyev o vaxt artıq doqquzuncu ay idi ki,
Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri vəzifəsini
daşıyırdı. Ancaq onu səhnədən təqdim edərkən
əsl böyüklüyünün müqabilində balaca
Naxçıvanın rəhbəri olmasını söyləməyi
rəva görmədim. Dedim ki, "sənətə, sənətkara
həmişə xüsusi həssas və qayğıkeş
münasibətilə seçilmiş böyük dövlət
adamı Heydər Əliyev Sara xanımın bu yubiley gecəsinə
təbrik məktubu göndərib".
Və təmsilçisi Hacıbala Abutalıbovu məktubu
oxumaqçün səhnəyə dəvət etdim.
Təbrik gur alqışlarla qarşılandı. O
dövrdə Heydər Əliyevin adının xalq arasında
belə alqışlar və rəğbətlərlə
qarşılanması hər dəfə onun daha bir yeni
qayıdışı deməkdi.
(Heydər Əliyev tarixin olan, tarixə qovuşmuş
şəxsiyyətdir. Özünün həyatda
olmadığı çağlarda insanlar haqqında yeni
yaddaşla köhnə xatirələr yaratmaq mərəzi də,
nə acı ki, mövcuddur. Başvermişlər bəzən
bilərəkdən, hərdən bilməzlikdən
saxtalaşdırılır, olmuşlar təhrifə
uğradılır. Elə bu hadisəylə bağlı
çoxdan yayımlanmış bir yazı indilərdə
qarşıma çıxdı. 2016-cı il mayın 31k-də
"Publika.az" saytında "Sara Qədimovayla
bağlı gizlinlər: "İşıqlar
söndürüldü, maşına basıb
apardılar" adlı bir müsahibə dərc edilib.
Yazılan tarixdə qalır, kiminsə gözünə
sataşar, oxuyub düz olmayana inana da bilər, yaxud
yanlış olanı oxuyandan sonra doğrunu mütaliə edəndə
həqiqinin gerçəkliyinə onda şəkk yaranar. Ona
görə də həqiqətin gələcəyə
dürüst ötürülməsi həmişə vacibdir.
Həmin yazıda müxbir tanınmış xanəndə və
opera müğənnisi, Xalq artisti Canəli Əkbərovla
(1940-2021) müsahibə aparır və onun dilindən
yazdığını sözbəsöz, heç nəyi təshih
etmədən iqtibas gətirirəm: "Heydər Əliyev
Naxçıvanda Ali Sovetin Sədri olan ərəfədə
Bakıda Sara xanımın yubileyi keçirilirdi. Ulu Öndər
Sara xanımın adına təbrik məktubu
yollamışdı. Lakin həmin vaxt hakimiyyətdə olan
qüvvələr bu məktubun oxunmasına icazə vermədilər.
Belə olan halda Sara xanım yubilyar olaraq etiraz etdi, dedi ki, əgər
o məktub oxunmasa, yubileydən imtina edəcəm. Məcbur
qalıb məktubu oxudular".
Əlbəttə ki belə olmayıb. O məktub səhnədən
oxunanadək Sara xanımın belə bir təbrikin göndərilməsindən
xəbəri yoxdu. Ulu Öndər də Hacıbala
Abutalıbova həmin məktubla birbaşa mənə
yaxınlaşmağı ona görə
tapşırmışdı ki, irəlicədən daha
çox adam xəbər tutarsa, Heydər Əliyevin adından
qorxub kölgəsini qılınclayanlar təbrikin səhnədən
səslənməsinin qarşısını hər vəchlə
alardılar.
Bunları sabaha saxlamayaraq indi ona görə yazıram
ki, hadisənin canlı şahidi Hacıbala müəllim həyatdadır
və Ulu Öndərə həmişə sədaqətli
olmuş bu insan, söz yox ki, olmuşları necə var, o
cür xatırlayır).
Ertəsi gün Heydər Əliyev Naxçıvandan
Sara xanıma zəng vuraraq onu şəxsən də təbrik
etmişdi.
O yubiley axşamından 6 il sonra, 1998-ci il avqustun 21-də
Prezident iqamətgahında ədəbiyyat, mədəniyyət,
elm, din və idman xadimlərinə "Şöhrət"
ordenləri təqdim edilərkən (Heydər Əliyevin bir
üstünlüyü də belə günləri və hər
bir təltifi öz iştirakı və dediyi sözlərlə
daha da şərəfləndirməsi, yaddançıxmaz
tarixi hadisəyə döndərə bilməsi idi) Sara
xanım da çıxış etmişdi və həmin
telefon zəngini yada salmışdı. Demişdi ki, mən
indiyədək aldığım mükafatların
hamısını kənara qoyuram, bir məsələni isə
heç vaxt unutmuram. Rəhmətlik Gülağa (Gülağa
Məmmədov, 1925-1994) da bizdə idi. Bir də gördüm
Naxçıvandan zəng gəldi. Məndən iki dəfə
soruşdular ki, Sara xanımın evidir. Cavab verdim ki, bəli.
Mənə dedilər ki, Heydər Əlirza oğlu sizinlə
danışmaq istəyir. Çox həyəcan keçirdim.
Gülağa da oturmuşdu, ona dedim ki, səs eləmə. Qərəz,
birləşdirdilər, biz danışdıq.
Ordenin də, medalın da öz yeri var, çünki
zəhmət çəkmişik.
Biz indikilər kimi yaşamamışıq. Öküz
arabasında, palçıqlı yollarla gedib camaat, əsgərlər
qarşısında çıxış etmişik. İndi
yaxşı yollar, maşınlar, şərait var. Biz
çox ağır günlər keçirmişik. Bir
qarnı ac, bir qarnı tox yaşamışıq.
Bütün bunları ona görə danışıram ki, mən
o günü, dəqiqəni - Heydər Əlirza oğlunun
Naxçıvandan mənə zəng etdiyini heç vaxt
yaddan çıxara bilmərəm...
...Azərbaycan Radio və Televiziyası ilə əməkdaşlığa
mən ilk tələbəlik illərimdən
başlamışam.
Birinci müstəqil verilişim 1974-cü ildə
radioda səslənib, ardınca həm radioda, həm
televiziyada müntəzəm verilişlər aparmağa
başlamışam və həmin əməkdaşlıq
bugünədək davam edir.
Əvvəlinci
verilişlərimdən etibarən də həmişə
montajda iştirak etmişəm - başlanğıc dövrdə
sadəcə müşahidəçi kimi, təcrübələndikcə,
sözümün keçərliliyi artdıqca isə əvvəldən-sonacan
bütün verilişlərimin ilk dəqiqəsindən
axırıncı nöqtəsinədək bütün montajı
səliqəmə və düşündüyümə
müvafiq olaraq həmişə özüm yerinə
yetirmişəm.
İndi də vaxtım nə qədər qıtsa belə,
həmin qaydayla işləyirəm.
33 il əvvəl Sara Qədimovanın Filarmoniyadakı
yubiley gecəsini Azərbaycan Televiziyasının səyyar
kameraları əvvəldən-axıradək çəkirdi.
Redaksiya ilə razılaşdırmışdıq,
gecənin efirə gedəcək versiyasının
montajını özüm edəcəkdim.
Qəsdən bir az
uzatdım ki, vaxt keçsin, gecənin təfərrüatları
da nisbətən yaddaşlarda soyusun.
Montaj gedişində müəyyən xırda-para
ixtisarlar etsəm də, Heydər Əliyevlə bağlı
yerləri olduğu kimi saxladım.
Ancaq bir təhlükə qalırdı. Efirdən əvvəl
baxanlardan kiminsə diqqətini o məqam cəlb edə bilərdi,
söz yox, bu halda tələb edəcəkdilər ki, həmin
parça ixtisara salınsın. İndi nə var ki! 1992-ci ildə
isə televiziyada montaj işi texniki baxımdan
üzüntülü, yorucu bir proses idi. İrəli
getmiş kompüter texnologiyaları elə geniş meydanlar
açıb ki, vaxtilə iri dolaqlardakı enli videolentlərdə
montajları etmişlər üçün
çağdaş montaj əsl can rahatlığıdır.
Lazım gələndə hətta sözdəki hərfi belə
asanlıqla ixtisar edir, uyğun olmayan kadrın üstünə
başqa daha münasibini vura bilirsən. O vaxtlarsa bundan qat-qat
sadə əməliyyatların hər birinə uzun dəqiqələr,
saatlar sərf etməli idin. O da nəticədə ürəyinə
yatan kimi alına-alınmaya.
Mən dahi Hüseyn Cavid haqqında elə həmin il
Azərbaycantelefilm xətti ilə "Qayıdış"
adlı sənədli-publisistik film hazırlamışdım.
O filmi də başdan-sonacan özüm montaj etmişdim,
artıq hazır idi, AzTV rəhbərliyi tərəfindən
təsdiq olunması qalırdı və Cavidin nəşinin
Sibirdən Azərbaycana qaytarılmasından bəhs edilən
hissəyə, dəfnin keçiriləcəyi
Naxçıvana yola salınmazdan qabaq tabutun bir zamanlar
şairin yaşadığı binada - Əlyazmaları
İnstitutunun böyük zalında ziyarət
üçün qoyulmasını əks etdirən
kinoxronikanı da əlavə etmişdim.
1982-ci ilin oktyabrına aid həmin kinokadrlarda dövlət
və partiya xadimləri, ədəbi-mədəni ictimaiyyətin
nümayəndələri sıralanmışdı. Ön
planda ölməz sənətkarın qızı Turan
Cavid (1923-2004) və o dövrdə
Azərbaycan Respublikasına rəhbərlik etmiş Heydər
Əliyev görünürdülər. Azərbaycan Televiziya və
Radio Verilişlərinin oçağkı sədri Məmməd
İsmayıl (1939) tələb etmişdi ki, film yalnız o
kadrların ixtisarından sonra qəbul edilə bilər.
Mən filmə başqa zərər dəyməsin deyə
heç bir mübahisə etmədim, həmin kadrları da
filmdən çıxarmadım, münasib girəvəni
gözləməyi qərara aldım.
Bunu da xatırlatmağın yeri var ki, filmlər o vaxt
indiki kimi elə videokameranın düyməsini basmaqla çəkilərək
sonra da kompüterə köçürülüb montaj
edilmirdi. Kinoçəkiliş
uzun və ağır, həm də tək bizdən
asılı olmayan gedişat idi. Əvvəl çəkilişlər
aparılır, sonra bu lentlər aşkarlanmaq
üçün Moskvaya, ya Kiyevə göndərilirdi.
İki-üç ay sonra oradan Bakıya qaytarılan
aşkarlanmış lentlərin əsasında montaj
başlanırdı. Təsvir düzümünü sona
yetirdikdən sonra həmin lentə bənd edilən ikinci bir
lentdə əvvəldən-axıradək səslər, musiqi
qoyulurdu. Yenə bu dolaqlar respublikadan kənara göndərilirdi
və müəyyən müddətdən sonra təsviri və
səsi vahid lentdə birləşmiş hazır film geri gətirilirdi.
Artıq hazır olan filmdə nəyisə kəsib
çıxarmaq isə hər dəfə onu şikəst etmək
deməkdi. Çünki montaj gedişində məzmunla
bağlı hansısa irad irəli sürüləndə onu
daha münasib şəkildə həll etmək qat-qat asan olur.
Əsas mətləbdən aralansam da, bu da tarixi
işlərin bir cizgisidir, yazaq qalsın. Cavid haqqındakı
filmim əl dəyilmədən Telefilmdə qalırdı. Hər
dəfə söylənəndə ki, tələb olunan
ixtisarı et, söyləyirdim ki, Bakıda Cavid abidəsinin
açılışı gözlənilir. Qoy həmin
açılış da baş versin, onu da çəkək,
həmin parça da Kiyevdən aşkarlanıb gəlsin,
montaj edib filmə yerləşdirək, istədiyiniz
ixtisarı da onda apararaq filmi birdəfəlik təhvil verərik.
1993-cü ilin mayında çoxdan həsrətində
olduğumuz gün də gəlib çıxdı. İndi
şairin adını daşıyan prospektdə və
bağda qiymətli heykəltəraşımız Ömər
Eldarovun (1927) hazırladığı möhtəşəm
Cavid abidə-kompleksinin üstündəki örtük çəkildi.
O zaman Azərbaycan Respublikasının Prezidenti olan
Əbülfəz Elçibəy (1938-2000) hərarətli
çıxış etdi və mən danışdım.
Bütün bunlar çəkildi, həmişəki
kimi, aşkarlanmaqdan ötrü Ukrayna paytaxtındakı
kinostudiyaya göndərildi. Ancaq lent aşkarlanıb
qayıdanda artıq Azərbaycanda iqtidar dəyişmişdi.
1993-cü ilin bəlli iyun hadisələri baş vermişdi,
Əbülfəz Elçibəy Kələki dağlarına
çəkilmişdi, Milli Məclisin Sədri
seçilmiş Heydər Əliyev həm də prezident səlahiyyətlərini
yerinə yetirməyə başlamışdı. Demək,
daha ona aid kadrların qayçılanmasını tələb
edən olmayacaqdı.
Hüseyn Cavid abidəsinin açılışı
ilə bağlı çəkilənləri də montaj edib
hazırladım, lentləri səs və təsvir birləşdirməsindən
ötrü növbəti və son dəfə Kiyevə
yolladıq. Aylar keçdi, film qayıdıb əlimizə
yetişdi, baxdılar və mühafizəkar redaktorlardan
bir-ikisi əmma qoydu ki, hər şey yaxşı
olmağına yaxşıdır, amma Elçibəylə
bağlı o parçanı burada vermək lazım deyil, kəsib
atın.
Mən əvvəlki ixtisar tələbi söhbətində
olduğu kimi, yenə nə belə deyənlərlə dilləşməyə
başladım, nə də hansı şəkildəsə səsimi
çıxardım.
Həmin dövrün çalxantılı siyasi
ab-havası o günlərdən keçib-gələnlərin,
yəqin ki, yaxşı xatirindədir. Bəlkə də,
filmdən sabiq və qaçqın prezidentlə bağlı
parçanın çıxarılmasında israr edərkən
onlar öz baxımlarından haradasa haqlı görünə
bilərdilər. Mənsə filmi tam bitmiş hesab edirdim və
nəyəsə əl vurmaq fikrim də yox idi.
O vaxtlar mən bütün başqa fəaliyyətlərimlə
yanaşı həm də "Amerikanın səsi"
radiosunun xüsusi müxbiri idim. Azərbaycansa o dönəmdə
siyasi həyatdakı yeniliklərin çoxluğu və
dramatizmi ilə seçilirdi, hər gün Bakıdan
Vaşinqtona yalnız Azərbaycan redaksiyasına deyil, həm
də fars, rus, ingilis bölmələri üçün
reportajlar göndərirdim.
Heydər Əliyevsə mətbuata həmişə məxsusi
diqqət bəsləyən bir lider olub. Sovet dönəmində
belə olmuşdu, müstəqil Azərbaycana rəhbərıik
edəndə də həmin sayaq idi və bu keyfiyyət onunla
sonadək qaldı.
Yenicə ayaq tutan müstəqilliyin məşəqqətli
kəsiyi, siyasi qəlizlikləri müşayiət edən
iqtisadi sıxıntıların da hər istiqamətdə
dövləti də, cəmiyyəti də
sıxdığı əyyamlardı. Ancaq mətbuata son dərəcə
yüksək dəyər verən, informasiya blokadasında
olduğumuz həmin çağlarda səsimizin dünyaya daha
sürətli və əhatəli çatmasına
çalışan Heydər Əliyev hər xarici səfərində
özü ilə jurnalistlərin iri dəstəsini
aparırdı. Elə kasad dövr idi ki, zahirən bunlar
artıq məsrəflər kimi də qavranıla bilərdi.
Düzdür, hamı Prezident təyyarəsində
uçurdu, biletə əlavə pul verilmirdi. Ancaq səfərə
aparılan hər jurnalistin az olmayan mehmanxana və gündəlik
xərcləri də vardı ki, üst-üstə gələndə
xeyli məbləğ edirdi. Qənaət etmək
düşünülsəydi, hər dəfə xarici səfərlərdə
dövlət başçısını müşayiət
edən jurnalist dəstəsindəkilərin bəlkə
üçdə-dörddəbiri də kifayət edərdi,
ancaq Heydər Əliyev bunun əksini
düşünürdü. Ölkələrdən
asılı olaraq dəstə getdikcə böyüyürdü.
Heydər Əliyevin uzaqlara baxan gözləri bütün bu
yazılanların həmin günlərdəki faydasından
savayı, hər dərc edilən məqaləni, hər
hazırlanan reportajı həm də gələcək
üçün Azərbaycanın müstəqilliyinin
böhranlı və mübarizəli bir dönəmdə
inkişaf etdirilib möhkəmləndirilməsinin gerçək
salnaməsi kimi görürdü.
Tale nəsib etdi ki, o səfərlərin bir
çoxunda mən də Ulu Öndərlə yola
çıxdım, Azərbaycandakı mətbuata
açıq olan irili-xırdalı görüşlərinin
də, demək olar ki, hamısında iştirak etdim. Qalan
yalnız yazılar yox, həm də xatirələr,
bütün varlığıyla məktəb olan müstəsna
bir şəxsiyyəti ən yaxın məsafədən
müşahidə edərək ondan bir çox incəlikləri
öyrənmək macalı oldu.
Bakıda Heydər Əliyevin geniş tərkibli
görüşlərindən başqa o dövrdə bir, ya
iki nəfəri qəbul etdiyi tədbirlər də olurdu.
İkinci halda qəbul çox zaman kiçik otaqda
keçirilirdi və adətən də oradakı
görüşlərə mətbuatdan çox adam
çağırılmazdı. Ancaq hər halda həmişə
AzərTAc-dan (indi AZƏRTAC), sonralar həmin quruma rəhbərlik
edəcək Aslan Aslanov və xarici radiostansiyanın -
"Amerikanın səsi"nin müxbiri kimi mən
iştirak edərdik. Elə görüşlər olurdu ki, bir
neçə dəqiqədən sonra otağı tərk
edirdik, elə görüşlər də vardı ki,
axıracan oturub qeydlər götürməyimizə izin
verilirdi. Həmin sonacan iştirak etdiyimiz qəbullardan biri
axıra yaxınlaşanda gözümü zillədim Heydər
Əliyevə. Əhvalı, hiss olunurdu ki, xeyli xoşdur və
bütün digər istedadlarından əlavə həm də
elə anadangəlmə kəşfiyyatçı olan Heydər
Əliyev, təbii ki, ona həmişəkindən daha fərqli,
sözlü adam kimi baxdığımı duyurdu. Qonaqla
xudahafizləşdi, mətbuatdan olanlar, çəkilişçilər
də otaqdan çıxmaqçün qapıya yönəldi,
Heydər Əliyev çevrildi mənə sarı: "Nəsə
demək istəyirdin?" "Bəli, cənab Prezident",
- dedim.
Və Cavid filmi ilə bağlı yaranmış vəziyyəti
nağıl etdim. Filmin çoxdan tamamlanmasına baxmayaraq, əvvəlcə
Heydər Əliyevlə əlaqədar kinoxronikaya görə
buraxılmadığını, indi isə Cavid abidəsinin
açılışında sabiq prezidentin görüntülərinin
olmasına görə ixtisar tələb edildiyini söylədim.
Qayıtdı ki, bilirsən də, o vaxt Cavidin 100
illiyini qeyd edəndə bu abidənin yaradılması qərarını
mən verdim, Ömər Eldarov da çox gözəl əsər
yaratdı, abidə də, lap çoxdan hazır
olmağına baxmayaraq, qoyulmurdu. Yaxşı ki, heç
olmazsa, nəhayət, bu iş də tamamlandı.
Açılışdır, olub, lent çəkilib, burada nə
var ki, tarixdir, necə var, o cür də vermək
lazımdır.
Və birdən heç gözləmədiyim halda
soruşdu: "O Sara Qədimovanın yubiley gecəsini
televiziyada verəndə nə əcəb mənə aid hissəni
çıxarmadılar, necə etdin bunu?"
Bayaq necə yazmışdımsa, tarixçəni elə
o cür də danışdım. Gülümsündü.
Bir neçə il qabaq Azərbaycan televiziyasında
Sara Qədimovanın həmin 70 illik yubiley gecəsinin lent
yazısını təkrar nümayiş etdirirdilər.
Köhnə lent yazısının yada düşməsinin səbəbkarı
o vaxtlar Azərbaycan televiziyasında çalışan və
musiqimizin təbliği səmtində fədakar fəaliyyətləri
hər təqdirə layiq olan Əməkdar incəsənət
xadimi Çingiz Abbasov (1950) idi.
Artıq unudulmaz Heydər Əliyevin də, Sara
xanımın da vəfatından illər keçirdi,
büsbütün başqa vaxtın axarında idik.
Dostlardan biri ilə rastlaşdıq, dünən
axşam həmin yubiley gecəsini televiziyada seyr edibmiş və
mətbuata, yazı-pozu mühitinə bilavasitə
bağlı adam olduğundan və o sahənin bir çox
yazılmamış qaydalarına bələdliyindən təəccüblə
soruşdu ki, 1992-ci ildə Heydər Əliyevin adını o
verilişdə necə keçirə bilmişdin?..
...Heydər Əliyev mədəniyyətə qəlbən
bağlı, daim onun qayğısını çəkən,
həm də sənətin ayrı-ayrı sahələrini təqribən
peşəkarcasına bilən universal zəkalı şəxsiyyət
idi. O, Sara Qədimovanı da cavanlıq illərindən
tanıyırdı, ifasını da çox bəyənirdi.
Ancaq daha sıx yaxınlaşmaları 1967-ci ildə baş
vermişdi. Onda Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik
Komitəsində sədr müavini vəzifəsində idi. Həmin
il o vaxtlar Türkiyənin Baş naziri olan Süleyman Dəmirəl
(1924-2015) Sovet İttifaqına rəsmi səfərə gəlmişdi,
o səfər çərçivəsində Bakıya da təşrif
gətirmişdi. Qonağın SSRİ üçün
fövqəladə mühümlüyünü nəzərə
alaraq müşayiəti DTK-nın sədr müavini Heydər
Əliyevə həvalə etmişdilər. Süleyman Dəmirəlin
həmin Bakı səfərini əks etdirən qısa
kinoxronika da qalır. Kadrlarda Heydər Əliyev Türkiyə
Baş nazirinin lap yaxınındadır.
Görünür, Heydər Əliyevlə Süleyman
Dəmirəl arasında sonacan davam edən dostluq və
qardaşlığın təməli də elə həmin
ilk görüş günlərində qoyulubmuş.
Çox da ki, Dəmirəl sovetin nəzərində
dost olmayan bir ölkənin rəhbəri idi.
O, türk idi, bura da Azərbaycan! Vəzifə borcu,
ideologiyaya sədaqət və bu qəbil yüz cür keyfiyyət
həmişə daha dərində və gizlindəki candan gələn
təbii və təmənnasız məhəbbət
qarşısında acizdir!
Dəmirəlin həmin Bakı səfəri zamanı
fəxri qonaqçün, adətən olduğu kimi, bədii
proqramlar da nəzərdə tutulubmuş və o axşamlarda
Baş naziri ən valeh edən Sara Qədimovanın oxuları
olur...
1996-cı ildə dünya başqa dünya idi və
artıq müstəqil Azərbaycan dövlətinin Prezidenti
Heydər Əliyevlə Türkiyənin
Cümhurbaşqanı Süleyman Dəmirəlin və Xalq
artisti Sara Qədimovanın ilk görüşündən 29
il ötürdü.
Görünür, prezidentlər Ankaradakı
görüşlərində hər ikisinin cavanlıq
çağlarına təsadüf edən birinci təmaslarını
xatırlayıblarmış, dünənləri bir qədər
nostalji ilə anan Süleyman Dəmirəl vaxtilə
oxuları ilə onu məftun etmiş müğənnini də
yada salaraq soruşubmuş ki, Haydar bey, o
şarkıçı güzel hanım hayatdamı?
Heydər Əliyev də gülərək özünə
xas xəfif şuxluqla qayıdıbmış ki,
sağ-salamatdır, elə əvvəlki kimi qəşəngdir,
ovaxtkından da yaxşı oxuyur.
Lap az sonra Ankaradan Bakıya rəsmi dəvət gəldi.
Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl
Azərbaycan sənətkarı Sara Qədimovanı şəxsi
qonağı qismində Çankayaya dəvət edirdi.
Sara xanım Türkiyəyə getmişdi, Süleyman
bəylə səmimi görüşləri olmuşdu,
keçmişləri anmışdılar və müğənni
elə 29 il əvvəlki şövqlə oxumuşdu.
Sara xanım gözünə muğam qataraq Cahangir
Cahangirovun "Cənnətim Qarabağ"
mahnısını, "Aişe" adlı türk nəğməsini,
"Qarabağ şikəstəsi"ni ifa etmişdi.
Dəmirəl mütəəssir olubmuş, Sara
xanıma onu Heydər Əliyevdən necə xəbər
almasını, Heydər Əliyevin həmin suala necə cavab
verməsini danışaraq razılaşıbmış ki,
qardaşım nə söyləmişdisə, hamısı
tam doğrudur. Gözəlliyiniz də həmin gözəllik,
səsiniz də, keçmişlərdəki kimi, gənc və
duyğulu...
...2025-ci ilin 15 iyununda, Qurtuluş
bayramımızın axşamında yenilikləri izləmək
niyyəti ilə youtube kanalını açan kimi təsadüfən
qarşıma ilk çıxan həmişəyaşar sənətkarımız
Sara Qədimovanın Filarmoniya səhnəsində 70
yaşını bayram etdiyimiz məclisdən bir parça
oldu. İstər-istəməz xatirələr alıb dünənə
apardı.
Vaxt çox ayrıntıları unutdurur. Bəzən
bir başqa gündə deyilməsi asan olan bir sözün
ayrı bir vaxt kəsiyində deyilə bilinməməsi,
haçansa pərəstişlər edilən bir insanın zəmanənin
çönən sifəti ilə unudulması, hərdənsə
daha artıq - arzuolunmaza çevrilməsinə də az
tuş düşülməyib ki! Tarix səbirlidir, gec-tez hər
şeyi öz yerinə qoyur. Bəzən vaxtında, bəzənsə
də, təəssüflər ki, haqqın yer tapmasını
görməli olan insanlar həyatda olmayanda. Könül istər
ki, haqq heç vaxt itməsin, üzülməsin, dünənlə
körpülər də əsla çat verməsin.
Haçansa əli, ünü dünənlərə
yetməyən bir yurddaş qüssə ilə keçən
günə gün çatmamasından gileylənmişdi.
Etibarlı yaddaşlar yazılınca dönüb olur
körpü, günləri günlərə calayaraq adamı
qayıtmayacaq ən qərib günlərə də çatdırır.
Böyük Heydər Əliyevin 1992-ci ilin 22
dekabrında Naxçıvandan Bakıya, Sara Qədimovaya
hamının qarşısında oxunub-oxunmayacağına əmin
olmadan göndərdiyi, sənətə və sənətkara
içəridən gələn təbii sevgi və nəvazişinin
ifadəsi olan, o təbrik məktubu, yəqin ki, Ulu Öndərin
yazıları külliyyatında yer alıb, indi hər kəs
açıb baxa bilər. Haçansa rastınıza
çıxsa, oxusanız, onda bu hekayəti də
xatırlayın. Üzdən sadə görünən həmin
təbrik məktubunun rəngi də, mənası da dərhal
dəyişəcək, sətirlərin ürəyi
döyünməyə başlayacaq...
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 18 iyun (¹103).- S.10-11;12.