Sistemli elmi araşdırmalar toplusu
"QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR
TƏBİİ EHTİYATLAR ATLASI" ADLARI
ÇƏKİLƏN İQTİSADİ RAYONLARIN
TƏBİİ RESURSLARI, İQLİMİ VƏ EKOLOJİ
DURUMU İLƏ BAĞLI ZƏNGİN MƏLUMATLARIN
TOPLANDIĞI DƏYƏRLİ ELMİ MƏNBƏDİR
Böyük Zəfərlə nəticələnən
44 günlük şanlı Vətən müharibəsi Azərbaycanın
tarixində əsaslı dönüş nöqtəsi oldu.
Müzəffər Ali Baş Komandanın
başçılığı, şanlı Azərbaycan
Ordusunun şücaəti, xalqımızın birliyi sayəsində
ölkəmizin ərazi bütövlüyü bərpa olundu,
otuz ilə yaxın işğal altında qalan Qarabağ və
Şərqi Zəngəzur torpaqları azad edildi. Bu qələbə
təkcə hərbi deyil, həm də siyasi, mənəvi və
tarixi baxımdan böyük əhəmiyyət kəsb edir. Qəhrəman
şəhidlərimizin və qazilərimizin misilsiz
şücaəti ilə əldə olunan bu zəfər nəticəsində
Azərbaycan yeni bir inkişaf mərhələsinə qədəm
qoydu.
İşğaldan azad edilmiş ərazilərimiz
yalnız strateji mövqeyi ilə deyil, həm də zəngin
təbii ehtiyatları və qədim mədəni abidələri
ilə seçilir. İşgal zamanında eko-terrorçular
sərvətlərimizi və təbii ehtiyatlarımızı
tükətmiş, meşə ehtiyatlarını ekoloji terrora
məruz qoymuş, su ehtiyatlarımızı ağır
metallar və çirkab sularla çirkləndirmişdilər.
Bu baxımdan Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında təbii sərvətlərimizin yenidən
dəqiqləşdirilməsi vacib və zəruri məsələlərdən
birinə çevrilib.
Qarabağ və Şərqi Zəngəzur regionu su,
meşə və torpaq resursları cəhətdən Azərbaycanın
ən məhsuldar və potensiallı zonalarından
sayılır. Bu ərazilərdəki çaylar - Həkəri
çayı, Bərgüşadçay, Tərtərçay
və digər axınlar - suvarma, içməli su təchizatı
və hidroenerji istehsalı baxımından mühüm əhəmiyyət
kəsb edir.
Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur
bölgələri Azərbaycan mədəniyyətinin
beşiyi sayılır. Bu gün işğal dövründə
dağıdılmış və ya təhrif edilmiş bir
çox abidələrimizin bərpası istiqamətində
genişmiqyaslı tədbirlər həyata keçirilir. Buna
görə də həmin ərazilərin təbii
ehtiyatlarının, flora və faunasının yenidən
araşdırılması, tədqiqatların
aparılması, paralel olaraq regionda davamlı inkişafın
təmin edilməsi məqsədilə məqsədyönlü
işlərin aparılması biz tədqiqatçılar
üçün olduqca maraqlı, həvəsləndirici və
qürurverici prosesdir. Son illər bir çox alim və tədqiqatçılarımız
bu istiqamətdə əhəmiyyətli işlər
görmüş, məqalə və kitablar yazıblar. Belə
önəmli və mənim üçün də xüsusi əhəmiyyət
kəsb edən elmi-yaradıcı nəşrlərdən biri
də akademik Akif Əlizadənin baş redaktorluğu,
AMEA-nın mübir üzvü Tələt Kəngərlinin
elmi rəhbərliyi və redaktorluğu ilə, Elm və Təhsil
Nazirliyinin Geologiya və Geofizika İnstitutu (aparıcı təşkilat),
Respublika Seysmoloji Xidmət Mərkəzi, Elm və Təhsil
Nazirliyinin Zoologiya, Botanika, Torpaqşünaslıq və
Aqrokimya, həmçinin Coğrafiya institutlarının birgə
hazırladıqları "Qarabağ və Şərqi Zəngəzur.
Təbii ehtiyatlar atlası"dır.
Mən 2019-cu ildə Azərbaycan Memarlıq və
İnşaat Universitetinin doktorantı kimi çayların
enerji sərvətlərindən səmərəli istifadə
mövzusunda başladığım tədqiqatımı
2021-ci ildən etibarən sırf Qarabağ və Şərqi
Zəngəzur regionunu araşdırmaq istiqamətində davam
etdirirəm. Etiraf edim ki, öncəki illərdə
araşdırmalarımı əsasən keçmiş ədəbiyyatlar
üzərindən apardığımdan tədqiqatımın
obyekti olan ərazilər haqqında ciddi məlumat
qıtlığı ilə üzləşirdim.
"Qarabağ və Şərqi Zəngəzur. Təbii
ehtiyatlar atlası"nın nəşrindən sonra isə əminliklə
deyə bilərəm ki, artıq apardığım tədqiqat
işi ilə bağlı mükəmməl və peşəkar
səviyyədə hazırlanmış dəyərli elmi mənbə
var. Zəngin elmi bilgilərin toplandığı bu nəşrdə
regionun ümumi coğrafi, hidroloji və elmi şəraiti,
relyefi, səth suları, çaylarının illik
axımı, hidroenerji resursları, eləcə də tədqiqatım
üçün vacib olan digər istiqamətlər üzrə
zəruri məlumatlar və xəritələr yer alıb.
Mənim tədqiqat istiqamətim su elektrik
stansiyalarının enerji səmərəliliyi və bunun
üçün önəmli olan su ehtiyatlarının
öyrənilməsidir. Respublikamızın ümumi su
ehtiyatlarının 25 faizini özündə cəmləşdirən
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları
bolsulu və yüksək axımlı çayları ilə
çox zəngindir.
Həkəri çayı, Bərgüşadçay
və Oxçuçayın illik axım rejimi, orta illik
asılı gətirmə sərfi və onların ekoloji vəziyyətinin
araşdırılması elmi işim üçün
xüsusi önəm kəsb edir. Oxçuçay Ermənistanın
Qafan və Gəcəran şəhərləri
yaxınlığında yerləşən mis-molibden mədənlərinin
fəaliyyəti nəticəsində mis, dəmir və nikel
kimi ağır metallarla çirklənməyə məruz
qalır. Qeyd edim ki, Tədqiqatımın məqsədlərindən
biri də bu çirklənmənin çay ekosisteminə və
yeraltı su ehtiyatlarına olan ekoloji təsirlərini qiymətləndirməkdir.
Oxçuçaydakı mis-molibden birləşmələrinin
konsentrasiyası qəbul edilə bilən hədləri əhəmiyyətli
dərəcəni aşır ki, bu da çaydan içməli
su və kənd təsərrüfatı suvarması məqsədilə
istifadə zamanı ciddi sağlamlıq riski yaradır. Eyni
zamanda, regiondakı çayların əsas qidalanma mənbələri
sayılan yeraltı su resurslarının da çirkab sularla zəhərlənməyə
məruz qalması nəticəsində ətraf mühitin və
çayın axarı boyu olan ekosistem ciddi şəkildə zərər
çəkir.
Bu gün Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında aparılan yenidənqurma və bərpa
işləri yalnız infrastruktur layihələri ilə məhdudlaşmır.
Ekoloji mülahizələr, təbii ehtiyatların davamlı və
səmərəli istifadəsi, yaşıl enerji konsepsiyası
və mədəni irsin qorunması kimi komponentlər də
prosesə inteqrasiya olunur. Bu işlərin davam etdirilməsi
üçün "Qarabağ və Şərqi Zəngəzur.
Təbii ehtiyatlar atlası" dəyərli elmi mənbə
kimi böyük əhəmiyyət kəsb edir.
Sonda onu da qeyd edim ki, dəyərli elmi bilgilərin
toplandığı bu nəşri əldə edərkən mən
həm sevinc, həm də məyusluq hissi yaşadım. Məyusluğuma
səbəb yenilənmiş elmi məlumatlarla zəngin olan bu
belə bir mənbəni tapmaqda gecikməyim idi...
Kamilə MƏCİDLİ
Azərbaycan Memarlıq və İnşaat
Universitetinin doktorantı
525-ci qəzet .- 2025.- 18 iyun (№103).- S.8.