UNEC: İqtisadi təhsildə
öncüllük
Ölkənin aparıcı ali təhsil ocaqlarından
olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) regionda
iqtisad elmini dərindən öyrədən fundamental tədris
mərkəzi sayılır. Cənubi Qafqaz ölkələrinin
ən iri ali təhsil ocaqlarından biri olan UNEC ölkənin
yeganə ali iqtisadi təhsil müəssisəsi olaraq yüksək
ixtisaslı iqtisadçı kadrların hazırlanmasında
müstəsna xidmətlər göstərən və beynəlxalq
təhsil bazarında mövqeyini gücləndirən bir ali təhsil
müəssisəsidir. Xaricdə filialı olan, 4 dildə təhsil
verən UNEC maddi-texniki bazası, təlim-metodik vəsaitlər
və bir sıra digər istiqamətlər üzrə bir
çox regional universitetlərə örnək ola biləcək
ali təhsil mərkəzidir. Yarandığı gündən
ölkə iqtisadiyyatının tələblərinə
uyğun olaraq ən mühüm ixtisaslar üzrə
iqtisadçı kadrların hazırlanması, onların
ixtisaslarının artırılması missiyasını
öz üzərinə götürən, həm də bu
işi şərəflə yerinə yetirən UNEC
böyük inkişaf yolu keçib. Bu gün 95 illiyini qeyd edən
universitetdə son illərdə çox zəruri,
mühüm islahat aparılıb və müsbət nəticələr
əldə olunub. Əmək bazarının tələbləri
nəzərə alınmaqla qəbul planında dəyişikliklər
edilib, ixtisaslar üzrə təhsilin keyfiyyəti
artırılıb.
Universitetin maddi-texniki bazası müasir tələblərə
uyğunlaşdırılıb, keyfiyyətli təhsil
mühiti yaradılıb, elmi-tədqiqatların istiqamətləri
genişləndirilib. Ölkədə ilk dəfə rəqəmsal
universitet modelinə keçid, tədris prosesinin tamamilə rəqəmsallaşdırılması,
müəllimlərin reytinqinin müəyyənləşdirilməsi
məhz UNEC-də həyata keçirilib. UNEC-də qiymətləndirmə
ilə əlaqədar yeni mərhələyə qədəm
qoyulub. Bu mərhələdə əsas məqsəd
obyektivliyi, şəffaflığı tam təmin etməkdir.
İnformasiya və kommunikasiya texnologiyalarının UNEC-də
tətbiqi isə təkcə modern təhsilə keçidi
deyil, eyni zamanda, idarəetmə sisteminin şəffaflığını
təmin edib. Ölkədə ilk dəfə olaraq məhz
UNEC-də 7 gün 24 saat fəaliyyət göstərən,
eyni zamanda, zəngin fonda malik, müasir resurslarla təchiz edilən
elektron kitabxana yaradılıb.
Azərbaycan Dövlət İqtisad Universiteti artıq
dünyanın nüfuzlu universitetləri ilə ayaqlaşmaq mərhələsindədir.
UNEC Azərbaycan təhsil sistemində və universitet modelinin
tanıtımında ciddi yeniliklərə imza atmaqla kifayətlənməyən,
öz missiyasını daha irəli götürmək istəyən
bir təhsil brendidir.
Daim beynəlxalq reytinqdə ölkə birincisi olan
UNEC bu günlərdə növbəti dəfə beynəlxalq
miqyasda mühüm uğura imza atıb. "Round University
Rankings 2025" reytinqinə əsasən, UNEC 2022-ci illə
müqayisədə dünyada 960-cı yerdən 855-ci yerə
yüksəlib. Bu nəticə ilə İqtisad Universiteti
ölkə üzrə ikinci yerdədir. UNEC-in
topladığı ümumi bal 42631 olmaqla son 3 ildə 12326 bal
və yaxud 40 faizə yaxın artıb. Universitetin fəaliyyəti
təkcə yüksək ixtisaslı iqtisadçı kadrlar
hazırlamaqla məhdudlaşmır. Bu təhsil müəssisəsi
həm də peşəkar elmi kadrlar hazırlayan, fundamental
elmi tədqiqatlar aparan bir mərkəzə çevrilib. UNEC-də
fəaliyyət göstərən 43 Tədqiqat Mərkəzi
və onların əldə etdiyi elmi nailiyyətlər bu təhsil
müəssisəsinin tədqiqat yönümlü universitetə
çevrilməsinə böyük zəmin yaradıb.
UNEC alimlərinin "Web of Science"də çap
olunan məqalələrinin sayı son 10 ildə 301 dəfə
artıb. Həmin bazada bütün istinadların (özünə
istinadlar istisna olmaqla) 92 faizi də məhz son 10 ilin payına
düşür. 2015-ci illə müqayisədə 2024-cü
ildə UNEC alimlərinin "Scopus"da çap olunan məqalələrinin
sayı 277 dəfə, "Scopus"da məqalələrə
istinad sayı isə 227 dəfə artıb. Həmin məqalələrin
98 faizi, istinadların 98,5 faizi son 10 ilin payına
düşür.
"Web of Science" və "Scopus"da çap
olunmuş məqalələrin və istinadların
sayının artımına görə UNEC dünyada liderdir.
UNEC-də elmi fəaliyyətin təşviq sistemi təkmilləşdirildikdən
sonra 2023-cü illə müqayisədə 2024-cü ildə
"Scopus"dakı məqalələrin sayı 2 dəfə,
"Web of science"dəki sayı 2,5 dəfə artıb.
2024-cü ildə UNEC alimlərinin "Scopus"da
çap olunmuş məqalələrinin 81,2 faizi 123 ölkənin,
"Web of Science"dəki məqalələrin 91 faizi 108
ölkənin alimləri ilə birgə çap olunub.
UNEC sürətli islahatlar aparılan və inkişaf
edən Azərbaycan iqtisadiyyatını lazımi kadrlarla təmin
edən əsas mənbədir. Son zamanlar müəllim və
tələbələrdə öyrətmək və oxumaq həvəslərinin
yeni metodlarla müşayiət olunması, universitetin
reytinqinin hər il artması ictimaiyyət tərəfindən
yüksək dəyərləndirilir.
UNEC-in nüfuzunun günü-gündən daha da
artması bu universiteti seçənlərin sayını ildən-ilə
artırır. UNEC də təhsil almaq, bu universitetin tələbəsi
olmağı hədəfləyənlərin sayı
çoxdur. İldən ilə də bu say artır.
Ədalət Muradovun dediyinə görə, son illərdə
UNEC-də bakalavr və magistratura üzrə təhsil
alanların sayı xeyli artıb. MBA üzrə təhsil
alanların sayında xeyli artım var. MBA proqramı üzrə
təhsil almaq istəyən tələbələrin çox
faizi UNEC-i seçir: "Bu da çox qürurvericidir".
Bu günlərdə UNEC MBA proqramı
Sertifikatlaşdırılmış Maliyyə Analitikləri
İnstitutunun (Chartered Financial Analyst - CFA)
akkreditasiyasını qazanıb və institut tərəfindən
tərəfdaş universitet kimi qəbul edilib. UNEC Biznes Məktəbinin
maliyyə, qiymətli kağizlar, risk menecmenti və maliyyə
analitikası ixtisaslaşmaları CFA proqramının tələb
etdiyi Biliklər Məcmusunu (CBOK) əks etdirdiyi, CFA
İnstitutunun Etik Qaydalar və Peşəkar Davranış
Standartlarının tələblərinə cavab verdiyi, eləcə
də tədris proqramları üzrə magistrantlarını
maliyyə və investisiya sahəsində dünyanın ən
nüfuzlu sertifikatı olan Sertifikatlaşdırılmış
Maliyyə Analitiki kvalifikasiyasına tam hazırlaması CFA
İnstitutu tərəfindən təsdiqlənib. CFA
İnstitutunun tərəfdaşı olaraq, hər il UNEC-in 4
magistri və 4 müəllimi hər 3 səviyyədə CFA
proqramının təqaüdlərini əldə edəcək.
Qeyd edək ki, UNEC-in MBA Proqramı CFA
akkreditasiyasından keçən yeganə Azərbaycan
universitetidir. CFA Proqramı maliyyə analitikləri, portfel
menecerləri, investisiya məsləhətçiləri və
dünyada mövcud olan digər investisiya mütəxəssisləri
üçün bacarıq və səriştə standartlarını
və tələbləri təyin edir. CFA kvalifikasiyası
investisiya peşəsinə verilən ən nüfuzlu və
etibarlı sertifikat kimi qəbul edilir. İngilis dilində həyata
keçirilən CFA tədris proqramı və imtahanlar
bütün dünyada eynidir. Proqrama qəbul edilən 5 namizəddən
ən çoxu 1 nəfəri proqramı tamamlayaraq, investisiya
üzrə peşəkarların "qızıl standart"
kimi qəbul edilən CFA tam üzvlüyünü
qazanmağa müvəffəq olur. UNEC-də 2023/2024-cü tədris
ilindən başlayaraq, ACCA və CFA üzrə I, II və III
sertifikatı olan magistrlər müvafiq fənləri dinləməkdən
və yekun imtahanlardan azad edilirlər.
UNEC-də təhsilin idarəetməsi sistemi tamamilə
rəqəmsallaşdırılıb. Tədrisin təşkilində
EDUMAN sistemi tətbiq olunur. Eləcə də 2015-ci ildən sənəd
dövriyyəsi kağız daşıyıcılar üzərindən
deyil, Elektron Sənəd Dövriyyəsi Sistemi vasitəsilə
aparılır. Tədrisin demokratikləşdirilməsi və
himanistləşdirilməsi məqsədilə 100 hibrid
auditoriya yaradılıb. Tələbələr 53 ixtisas fənni
üzrə mühazirə dərslərini istər distant, istərsə
ənənəvi formada dinləyə bilərlər. 13
qeyri-ixtisas fənni üzrə isə mühazirələr
yalnız distant formada aparılır. Tələbələrin
təhsil sənədlərini daha rahat və operativ şəkildə
əldə etmələri üçün 2019-cu ildən
"Bir Pəncərə Xidməti" fəaliyyətə
başlayıb. Bu xidmətin yaradılmasında əsas məqsəd
tələbələrə vahid mərkəzə müraciət
edərək təhsil haqqında arayışları,
transkriptləri, eləcə də digər sənədləri
qısa müddətdə əldə etməkdir. Eyni zamanda tələbələrin
məmnunluğunu təmin etmək, onların əlavə vaxt
itkisinin qarşısını almaq, müraciətlərin
idarə olunmasına nəzarəti daha da gücləndirməkdən
ibarətdir. "Bir pəncərə" vasitəsilə tələbələr
onlara lazım olan təhsil arayışının
hazırlanması üçün şəxsi elektron kabinetlərindən
günün 24 saatı sistemə müraciət edə bilərlər.
Bir müddət əvvəl UNEC ölkədə ilk dəfə
olaraq, ProQuest Dissertations & Theses Global (PQDT) platformasına
qoşulub. Platforma vasitəsilə UNEC tədqiqatçıları
3100-dən çox institutda istifadə olunan və 4 milyondan
çox tədqiqatçı tərəfindən təhlil
edilən 3,6 milyon tammətnli dissertasiyaya
çıxış imkanı əldə edərək,
yüksək keyfiyyətli akademik resurslarla tanış ola biləcəklər.
Bu, tədqiqatçıların öz sahələrindəki ən
son inkişafları izləməsini və ən yüksək
istinad almış dissertasiyalara asanlıqla
çatmasını təmin edəcək.
PQDT-də yerləşdirilən dissertasiyalar, "Web
of Science"ın yeni "ProQuest™ Dissertations & Theses
Citation Index" indeksinə daxil edilir və müəlliflərin
"Web of Science" profilinə əlavə olunur. UNEC-in PQDT
platformasına qoşulması, universitetin beynəlxalq akademik əlaqələrini
gücləndirmək və tədqiqat sahəsindəki
uğurlarını daha da artırmaq məqsədini
daşıyır.
Sessiya müddətində, hər həftənin şənbə
günü İctimai Nəzarət Şurasının
üzvlərinin iştirakı ilə rektorun
"Açıq qapı" günləri keçirilir.
"Açıq qapı" günlərində imtahan
sessiyası ilə bağlı tələbələrin, eləcə
də onların valideynlərinin müraciətləri dinlənilir
və müvafiq qaydalar çərçivəsində
onların həlli ilə bağlı tapşırıqlar
verilir. Bəzi məsələlər isə yerindəcə həll
olunur. Tələbələrin sərbəst şəkildə
problemlərini rektora çatdırmaları, haqlarını
müdafiə etmələri universitetdə onlar
üçün yaradılan səmimi mühitdən irəli
gəlir.
Sessiya dövründə UNEC-in 1846 Qaynar xətti və
rəsmi sosial şəbəkələr tərəfindən
müraciətlər operativ şəkildə
cavablandırılır. Sessiyanın sonuna kimi UNEC-dəki
kitabxana və oxu zalları axşam saat 22:00-dək işləyir.
Eyni zamanda tələbələr 24/7 kitabxanada fasiləsiz
olaraq imtahana hazırlaşa bilirlər. Bundan əlavə,
imtahana hazırlaşarkən yaranan sıxlığın
aradan qaldırılması üçün bütün tədris
binalarında fasiləsiz internetlə təmin edilən
xüsusi auditoriyalar ayrılır.
UNEC rektoru, professor Ədalət Muradov deyir ki, bu
gün Prezident İlham Əliyevin onun və universitetin
qarşısında qoyduğu "Azərbaycan Dövlət
İqtisad Universiteti dünya səviyyəli universitetə
çevrilməlidir" vəzifəsini şərəflə
yerinə yetirməkdədir: "Bu vəzifənin icrası
naminə əzmlə çalışan UNEC ailəsinin
böyük zəhməti göz önündədir.
Qazandığımız uğurlar gənclərə yeni
bilik və bacarıqlar qazandıraraq, onların həyatında
yeni səhifələr açmaqda davam edir. Atılan hər
addım, göstərilən səy, çəkilən zəhmət
bizə inanan hər bir gəncin gələcək həyatında
uğura aparan yolun təməlini qoyur".
Azərbaycan Dövlət İqtisad Universiteti son illərdə
sürətli inkişaf yolu keçərək, yalnız bir
iqtisad təmayüllü ali məktəb deyil, həm də
müasir universitet modeli kimi formalaşıb. Bu
inkişafın əsas memarı isə UNEC rektoru, professor Ədalət Muradovdur.
Rektorun rəhbərliyi dövründə UNEC çox
böyük inkişaf yolu keçib, mühüm yeniliklərə,
uğurlara imza atıb. Demək olar ki, universitet tamamilə
yenilənib. Şəffaf idarəetmə sistemi bərpa olunub,
tələbələrin biliyinin qiymətləndirilməsində
şəffaflıq və obyektivlik ön plana çəkilib.
UNEC-də rəqəmsal təhsil modelinə keçid, beynəlxalq
reytinqlərə daxilolma, ikili diplom proqramları, startap və
innovasiya ekosisteminin qurulması və müəllim-tələbə
münasibətlərində şəffaflığın
artırılması kimi bir sıra mühüm islahatlar həyata
keçirilib. UNEC bu gün artıq təkcə təhsil məkanı
deyil, araşdırma, innovasiya və əmək bazarına
inteqrasiya üçün platforma rolunu oynayır.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 19 iyun (¹104).- S.8.