Quş ağlı
("Olmuşlar"dan)
Payızın ilk ayındaca qiymətdə
ağır, çəkidə yüngül nəyim
vardısa, çantaya doldurub üz tutdum doğulub
boya-başa çatdığım rayona, lap dəqiq desəm,
rayon mərkəzindəki ata evimizə. Əslində bu
günün gələcəyini çoxdan gözləyirdim.
Çünki uzun illər şəhərdə yaşasam da,
rayondakı həyətimiz, ata evimiz heç vaxt yadımdan
çıxmırdı və uşaq vaxtı qarğı
atımı çapa-çapa lap elə dünyanın
özü boyda bildiyim bu doğma məkana
dönüşü sıbirsizliklə gözləyirdim.
Görünür, Tanrı uzun illər baxımsız,
sığalsız qalmış həyətimizi təmizləyib
abadlaşdırmaq, tikiləndən bəri bircə dəfə
də təmir olunmamış evimizi dirçəlib, necə
deyərlər, abıra salmaq üçün hansı
yaxşı əməlimə görəsə mənə
şans vermişdi və buna görə mən Allahımdan
yerdən-göyə qədər razı idim. Çünki həyətimiz
səliqəsiz, evimiz təmirsiz olsa da, mənim
üçün dünyanın ən gözəl güşəsi
idi, hər qarışında, hər künc- bucağında
doğmalarımın səsi, həniri, əbədi olaraq
yaddaşıma hopmuş xatirələr yaşayırdı.
Düzünü desəm, Vətən mənim
üçün o hənirlərdən, xatirələrdən,
bir də həyətimizin, evimizin yalnız mənim duya
bildiyim ətrindən, iyindən başlayırdı. Bəlkə
elə buna görə bayramlarda, tətillərdə
uça-uça evimizə gələndə tək-tənha həyətimizin
ortasında dayanıb canavar kimi ulamaq, sonra da uşaq kimi
hönkürüb ağlamaq istəyirdim.
Mən özümü yetirəndə həyətimizdəki
xurma, nar ağaclarının üstü hələ dolu idi.
Onları yığıb yığışdırandan sonra
qollarımı çırmalayıb, cibimin ağzını
açdım və başladım evimizin əyər-əskiklərini
düzəltməyə: artıq öz ömrünü
başa vurmuş gərəksiz tikililəri sökdüm, necə
deyərlər, damımızın yırtıqlarını
yamadım, qaz və su borularını, elektrik xətlərini
dəyişdirdim, həyətdən 2 tondan artıq dəmir-dümür
yığıb metal qəbulu məntəqəsinə təhvil
verdim, nəticədə bir vaxtlar qarğı atımı elədən-belə
çapa-çapa böyüklüyü ilə fəxr
etdiyim həyətimiz sanki bir az da genişləndi. Ağaclar
yarpaqlarını töküb bir dəri, bir sümük
qalanda təcrübəli
bağbana onların hamısını budatdırandan sonra isə
bağımız elə bil üzümə gülməyə
başladı, orda elə bir genişlik yarandı ki,
qarğı at nədir, lap elə doğruçu atı minib
sinə dolusu rahat nəfəs alan həyətdə elədən-belə
çapmaq olardı. Elə bu hekayənin yazılmasına səbəb
olan o yuvanı da boşluqda əsgər kimi sıraya
düzülmüş ağacların altında xəyalən
at çapanda gördüm.
Eyvana yaxın alça ağacının
budaqlarının nisbətən sıx olduğu yerdə
qurulmuş adi quş yuvası idi. Demə, nə qədər
çalışsam da, özünü görmədiyim o naməlum
quş həmişə buradan "pırr" eləyib
uçurmuş. "Ay səni, quş, özünü
görməsəm də, yuvanı tapdım. Elə yuvanın
təhər-töhüründən necə quş olduğunu
da bildim. Sadə, zəhmətkeş, aza qane olan quşsan ki,
özünə belə təm-taraqsız yuva tikmisən.
Yaxşı deyiblər ki, hər kəsin evi onun özünə
oxşayar. Allah bilir dimdiyində saman, çöp, su
daşıya-daşıya nə zillətlə tikmisən bu
yuvanı".
Həmin gündən bu yuvanın təhlükəsizliyi
mənim gündəlik qayğılarımın bir hissəsinə
çevrildi. Eyvana çıxanda, həyət-bacada gəzəndə
tez-tez ona göz qoyurdum ki, görüm külək vurub əyməyib
ki? Hətta bir-iki dəfə ürəyimdən keçdi ki,
nərdivanı qoyub böyür-başından sallanan
çöpləri yerinə bərkidim, yuvanı səliqəyə
salım. Amma təxminən 55 il əvvəl bu həyətdə
başqa bur quş yuvası ilə bağlı başıma gələn
əhvalatı yada salıb istəyimdən vaz keçdim.
Fikirləşirəm ki, o köhnə əhvalatı sizə
danışmasam, indi nəql etdiyim bu əhvalatın da
dadı qaçar.
Onda qulaq asın.
Bağımızın sağ tərəfində
hündür bir cır xurma ağacımız vardı və
o ağacın lap kəlləsində bir quş hər
gün, yaxud günaşırı hər səhər
"pırr" eləyib yuvasına qonur, axşamüstü
də eyni qaydada harasa uçub gedirdi. Səsindən,
qanadlarının şappıltısından balaca quşa
oxşamırdı. Ağac hündür və qollu-budaqlı
olduğuna görə nə qədər əlləşsəm
də, o quşu görə bilmirdim ki, bilmirdim. İsti yay
günlərinin birində quş yuvasını tərk edəndən
sonra qərara gəldim ki, özünü görməsəm
də, heç olmasa yuvasını görüm.
Düzdür, o vaxt mənə macəra axtaran, risk etməyi
xoşlayan qoçaq uşaq demək olmazdı. Amma həmin o
məqamda hansısa sehrli bir qüvvə məni necə
ruhlandırdısa, bir də gördüm ağacın təpəsindəyəm.
Sağ əlimlə budaqları aralayanda quşun yuvası
yalan olmasın, burnumun ucuna dirəndi. Geniş, səliqəli
bir yuva idi, içində də qoz boyda bir yumurta. Əgər
o yumurta yuvanın içində olmasaydı, mən
sürüşə-sürüşə ağacdan enib gedərdim
öz işimin-gücümün dalınca və 55 ildən
sonra bu əhvalatı da danışmağa lüzum
olmazdı. Amma lənətə gəlmiş şeytan
qılığıma girib məni çox asanlıqla yoldan
çıxartdı, elə bil qulağıma
pıçıldadı ki, yumurtanı götür,
küçədə dostlarına göstərib lovğalan
ki, görün nə gözəl yumurta tapmışam. Sonra
apardığın kimi gətirib qoyarsan yerinə. Sol əlimlə
yumurtanı götürüb ehmallıca şalvarımın
cibinə qoydum və başladım ayaqlarımı dizdən əyə-əyə,
dizlərimlə ağacın budaqlarına dayaqlana-dayaqlana
aşağı enməyə. Ayaqlarım yerə dəyən
kimi sol əlimi cibimə saldım ki, yumurtanı
çıxardıb qaçım küçəyə.
Yumurta nə gəzirdi - əzilib xıncım-xıncım
olmuşdu. Cibimi çevirib yumurtanın qabıqlarından,
sarısı ağına qarışmış mayedən təmizlədim
və qaçdım küçəyə futbol oynamağa.
Necə böyük bir qələt elədiyimin fərqinə
varmasam da, hər halda yaxşı iş
tutmadığımı başa düşürdüm. Ona
görə də səksəkə içində idim...
Havalar çox isti keçdiyindən gecələr
eyvanda yatırdıq. Həmin axşam və gecənin əvvəli
rahat ötüşdü, fikirləşdim ki, deyəsən,
xətər sovuşdu. Amma...
Amma sübh tezdən o vaxta və o vaxtdan da bu günə
qədər eşitmədiyim qeyri-adi bir hayqırtı səsi
elə yuxuda ikən qulaqlarımdan girib içimdəki xətircəmliyi
darmadağın elədi: elə bil kimsə ağı deyirdi,
amma sözlə yox, səslə, inilti ilə. O səsin
canına hopmuş çarəsizliyin yanğısına
dözmək çətin idi. Evdəkilər də təəccüb
və heyrətdən donub qalmışdılar.
Başımı qeyri-ixtiyari səs gələn tərəfə
çevirəndə yumurtasını götürüb
tifaqını dağıtdığım quşu axır ki,
gördüm - ağacın başına dövrə vura-vura
ağlayırdı. Damarlarımda qanım dondu, bədənimi
soyuq tər basdı, içimdən çölə
püskürən qəhəri boğazımda birtəhər
cilovlayıb ayaqyoluna qaçdım və içəri girməyimlə
dana kimi böyürməyim bir oldu...
Uşaq olsam da, eşitdiklərimdən,
oxuduqlarımdan başa düşürdüm ki, günah
iş tutmuşam, əlim o quşun hələ
doğulmamış balasının qanına batıb və
qanı yumaq üçün bəlkə də bir
ömür bəs eləməyəcək.
Quş yarım saat aramsız həmin o yanıqlı
hayqırtılarla günahkarı sorğuya tutdu, cavab verən
olmadığını görəndə isə qatili - yəni məni
qarğıya-qarğıya uçub həyətdən
getdi...
Aradan 55 il keçəndən sonra Allah məni yenə
həyətimizdə quş yuvasına tuş gətirmişdi.
Görəsən niyə? Bəlkə günahımı yumaq
üçün mənə şans verirdi? Əgər belə
idisə, gərək mən də öz rolumu ləyaqətlə
oynayaydım. Allaha yalvarırdım ki, quş qayıdıb gələnə
kimi o yuvadan heç bircə çöp də əskik
olmasın. İnanın, qar, yağış yağanda gedib
yuvanın üstünə çətir tutmaqdan
özümü zorla saxlayırdım. Nə yolla olursa olsun,
bu yuvanın sakininə, yiyəsinə xoş bir sürpriz
hazırlamaq, onu nə iləsə sevindirmək istəyi ilə
alışıb yanırdım. Və yazın xoş
havasının burnuma dəydiyi ilk gündə bircə saniyənin
içində istəyimi reallaşdırmağın yolunu
tapdım. Kəşfim mənə o qədər cəlbedici,
uğurlu göründü ki, çırtıq
çalıb həmin ağacın başına dolana-dolana
oynamaqdan özümü zorla saxladım. Qınayan olmasaydı
evdən çıxıb yaxınlıqdakı zoomağazaya
da çırtıq çala-çala gedərdim. Necə
olmuşdu ki əvvəldən ağlıma gəlməmişdi?
İndi o quşa elə gözəl, rahat, möhkəm bir
evcik hədiyyə edim ki, qayıdanda köhnə yuvasına
heç gözünün ucu ilə də baxmasın.
Evə taxta və faner parçalarından zövqlə
hazırlanmış möhkəm bir quş evciyi ilə
qayıtdım. Damını elə düzəltmişdilər
ki, kənara sürüşdürüb içinə baxmaq
olurdu. Ora yupyumşaq saman doldurulduğunu görəndə lap
sevindim. Bundan da rahat yuva ola bilərdimi?
Təzə yuvanı köhnənin yayında
budaqların arasında yerləşdirib səbirsizliklə
gözləməyə başladım. Nədənsə mənə
elə gəlirdi ki, bu hədiyyəni görəndə
quşun necə deyərlər, uçmağa qanadı
olmayacaq və mənim də neçə illər əvvəl
batdığım günah xeyli yüngülləşəcək.
Artıq yaz gəlmiş, alçalar çiçəkləmiş,
nərgizgülləri, bənövşələr
açmışdı. Bağımızda hər gün
konsert verən quş orkestrinin tərkibi genişləndikcə
səs palitrası da da zənginləşirdi.
Bir axşam o melodiyaların fonunda son dərəcə
qəribə və xaric bir səs eşidəndə
dalağım sancdı, cəld səs gələn tərəfə
cumdum və öz yuvası ilə peşkəş yuva
arasında budaqda oturub hirslə ötən quşu
gördüm.
Rayon yerində böyüsəm də, quşlardan,
güllərdən başım o qədər də
yaxşı çıxmır. Ona görə də quşun
hansı quş olduğunu müəyyənləşdirə
bilmədim. Bir az kənarda dayandım ki, məni görüb
hürkməsin. Amma bu məsafədən də onun nəyə
görəsə narahat, hətta hirsli olduğunu hiss edirdim.
Tez-tez gah öz yuvasına, gah da evciyə baxıb
qırıq-qırıq səslər
çıxarırdı. Təxminən bir dəqiqə belə
keçdi və quş qəfildən budaqdan qopub
üç-dörd metr uçandan sonra dövrə vurub
şığıyaraq özünü evciyə
çırpanda tüklərim biz-biz oldu. Başa
düşdüm ki, bu dilsiz-ağızsız quş mənim
hədiyyəmi boykot edir, evciyi vurub yerə salmaq istəyir.
Onun sonrakı cəhdi də uğursuz oldu və quş bir az
nəfəsini dərəndən sonra harasa uçub bir azdan
sonra özü kimi iki quşla qayıdanda tüklərim əvvəlkindən
daha mükəmməl şəkildə biz-biz oldu, hətta
başımdakı kepkanın sürüşüb yerə
düşməməsi üçün əlimi işə
salası oldum. Yerə düşən isə üç
quşun eyni vaxtda şığıyıb axır ki yerindən
tərpədərək aşağı yuvarlatdıqları
evcik oldu. Bundan sonra həmın quşlar uçub getdi, "mənim"
quşum isə sakitləşib öz yuvasında oturdu.
Yolunu səbirsizliklə gözlədiyim quş hədiyyəmi bax beləcə
başıma olmasa da, yerə çırpdı.
Həmin dramatik anlarda içimdə cürbəcür
hisslər bir-birinə qarışmışdı: bir yandan
yaman pərt olmuşdum və bu pərtliyi öz sadəlövhlüyümə
gülməklə yumşaltmağa
çalışırdım - atamın halal zəhməti, əlinin
qabarı ilə tikdiyi evi dünyanın ən gözəl
villasına dəyişməyəcəyim halda necə olmuşdu
ki, o quşun dimdiyində saman, çöp
daşıya-daşıya tikdiyi yuvanı mağazadan
aldığım hazır yuvaya asanlıqla dəyişəcəyinə
inanmışdım?
Digər tərəfdən, quşun məğrurluğu
ilə yanaşı, uzaqgörənliyi məni heyrətə
salmışdı: o, nəinki bu bər-bəzəkli
"quş villasını" qəbul edirdi, hətta bu
hazıra nazir çıxacaq hansısa quşla
qonşuluğu belə özünə
sığışdırmırdı.
Sən demə, quşların da vətəni min bir əziyyətlə
tikdikləri doğma yuvalarından başlayırmış.
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet .- 2025.- 20 iyun (№105).- S.13.