Zorakılıq, qadağa, yoxsa
qayğı?
Son zamanlar gündəmi zəbt edən mövzulardan
biri də gənc, yeniyetmə qızların erkən yaşlarında
ana olması və evdən qaçmalarıdır.
Ardıcıl şəkildə mart ayında baş verən
iki hadisə - 13 yaşlı qızın ana olması və
üç rəfiqənin evdən qaçması
böyük səs-küyə səbəb oldu. Aparılan
araşdırmaların nəticələri deyir ki, hadisələrin
kökündə valideyn zorakılığı yatır.
Lakin yaxın günlərdə 15 yaşlı qızın erkən
yaşda ailə həyatı qurması və ana olması
tamamilə öz seçimidir. Yeniyetmə yaşını
gizlədərək qarşı tərəfə guya 18
yaşının olduğunu bildirib və evlənməyinə
qarşı çıxan ailəsini dinləməyib. Bəs
bu kimi hallarda valideyn faktoru nə dərəcə rol
oynayır?
Mövzu ilə bağlı fikirlərini bizimlə
bölüşən sosioloq Lalə Mehralı bildirib ki,
valideyn faktoru əksər hallarda əsas səbəb olur:
"Erkən nikaha cəlbedilmə faktlarını
araşdıranda həmin faktların
qaynağlandığı səbəblərə nəzər
salanda məlum olur ki, valideynlər elə körpə
yaşından qızlarını bu istiqamətdə tərbiyə
ediblər. Cehizalma prosesinə erkən yaşlarda başlamaq,
təhsilin əhəmiyyətindən söz açmamaq buna
sübutdur. Xüsusilə, qohum nikahlarında erkən yaşa
cəlbeləmə halları ilə daha çox
rastlaşırıq. Ailədaxili nikahlarda, qohum münasibətlərində
uşaqları elə az yaşlarından bu yönə
istiqamatləndirirlər. Belə fikirlərlə valideynlər
övladlarını təhsildən uzaqlaşdırmağa
çalışırlar. Onların düşüncəsinə
görə, bu addımla onlara yaxşılıq edirlər.
Amma erkən nikaha cəlb etməklə övladlarına ikiqat
zərbə vururlar. Buna görə əsas faktor valideynlərdən
qaynaqlanır".
Sosioloq bu kimi hallar baş verdikdə məsələnin
mahiyyətinə varmadan çox vaxt valideyni uşağın
düşməni kimi qələmə vermək
tendensiyasının müşahidə olunduğuna da diqqət
çəkib: "Bəzən azyaşlı qızlar öz
istəkləri ilə erkən nikaha meyil göstərirlər
və evdən qaçırlar. Düzdür, bəzən bu
hal ailənin uşağa təzyiqi nəticəsində baş verir, amma belə problemlərin
normal tərkibdə ailədə də müşahidə
olunduğunu görürük. Yəni uşaq özü bu qərara
gəlir, az yaşının verdiyi cəsarətə, cahilliyə
görə belə bir addım atır. Biz evdən qaçan
uşaq olan kimi bütün günahı valideynin üstünə
atırıq, "uşağın psixologiyasını
pozublar, uşağa qadağalar tətbiq ediblər, sosial
şəbəbkələrdə üzvlüyə icazə
verməyiblər, uşağın smartfonunu əlindən
alıblar, zorakılıq tətbiq ediblər" kimi
iddialarla bütün günahı valideynlərdə
görürük. Əslində isə heç bir valideyn istəməz
ki, uşağı evdən qaçsın və başına
bir iş gəlsin, zorakılığa məruz qalsın,
tanımadığı bir insanın evində qalsın,
istismar edilsin. Evdən qaçan bütün uşaqların
bu cür təhlükəylə qarşılaşmaları
qaçılmaz haldır. Amma heç kim özünü
valideynin yerinə qoymur. Valideyn bir çox hallarda
övladının yaxşı gələcəyinin
olmasını istəyir. Evdən qaçmaq istəyi olan
uşaqların ailələrini araşdıranda görürsən
ki, əslində ana-ata günahsızdır. Düzdür, bəzi
hallarda uşaqlar erkən nikaha, qohum evliliyinə görə
bunu edirlər. Belə hallarda mən tərəfdarıyam ki,
onlar evdən qaçaraq hüquq-mühafizə orqanlarına
müraciət etsinlər. Amma bəzi hallarda valideyn
övladına telefonu qadağa edirsə, demək ki, nəsə
bir bildiyi var. Əgər zorakılıq tətbiq etməyibsə,
döyməyibsə, parlaq gələcəyi üçün
uşağa bəzi məhdudiyyətlər qoyursa, dərsə
yönləndirirsə və uşaq da bunu bəhanə edib
qaçırsa, bu hal cəmiyyətdə əldə bayraq
edilməməlidir ki, onun azadlığı məhdudlaşdırılıb.
İndi valideyni uşağın düşməni kimi qələmə
verirlər. Bunu edənlər isə bəzi Qərb
institutları, gender bərabərliyi və feminizm
carçılarıdır. Onlar xüsusilə də qız
uşağlarını ailələrinə qarşı
üsyankar şəkildə böyütməyə
çalışırlar ki, evdən qaçmağa meyilli
olsunlar. Onları maraqlandırmır ki, bu qız evdən
qaçsa, başına hansı hadisə gələ bilər.
Onlar dağıtdıqları ailələrə, evdən
qaçan qızlara görə ödəniş alırlar.
Bu, sirr deyil. Bununla bağlı dəfələrlə feministlərin
öz aralarında danışıqları yayımlanıb,
ifşa olunublar. Uşağın daha parlaq gələcəyi
olmasını valideyndən çox heç kim istəyə
bilməz".
"Təmiz Dünya" Qadınlara Yardım
İctimai Birliyinin təsisçisi və sədri Mehriban
Zeynalova erkən nikah hallarının çox olmasını
stereotipləri qıra bilməməyimizdə görür:
"Bilirik ki, Azərbaycan realllığında valideyn
razı olmadan yeniyetmələrin erkən nikaha daxil olması
çox nadir hallarda baş verə bilər. Bu da daha çox
rayonlarda müşahidə olunur. Valideyn belə məsələlərdə
birmənalı olaraq əsas iştirakçıdır. Bu
yaxınlarda 13 yaşlı qızın ana olması ilə
bağlı açılan cinayət işində
oğlanı azad etmək üçün valideynləri
müraciət etmişdilər. Hətta həmin qızı
da buna vadar ediblər. O da ərizəylə müraciət
etmişdi ki, övladımız dünyaya gəlib, buna
görə bizi cinayət məsuliyyətindən azad edin. Biz
bəzi hallarda həm milli adətləri qorumağa, həm də
beynəlxalq standartlara cavab verməyə
çalışırıq. Əgər qanun hər kəs
üçün alidirsə, içində uşaqla
bağlı cinayət məsuliyyəti varsa, bəzi hallarda bu
stereotiplər, düşüncələr bizə mane olur. Mənə
görə həmin hadisə yaxşı nümunə deyildi.
O baxımdan ki, sabah digər ailələr də
övladları ilə qarşı tərəfin birgə
yaşamasına şərait yaradıb deyəcəklər
ki, artıq uşaq oldu və iş işdən keçib. Biz
qanunu rəhbər tuturuqsa, onu olduğu kimi icra etməliyik. Bu
hadisə milli dəyərlərimizə də ziddir. Qanun
qarşısında hamı bərabər olmalıdır. Həmin
hadisələrə tolerant münasibət göstərmək
başqalarına pis nümunə ola bilər".
Mehriban Zeynalovanın fikrincə, ifrat zorakılıq
yeniyetmələrin evdən qaçmalarının əsas səbəbidir:
"Biz müasir dünyaya adaptasiya olmağı öyrənməliyik,
əgər uşaqlarımızın yanımızda
qalmalarını, onların inkişafına dəstək
olmağı, mənfi təsirlərə düşməmələrini
istəyiriksə, bəzi məsələlərdə ifrat
zorakılıq tətbiq etməməliyik. Bu hallar
uşağın evdən qaçmasına gətirib
çıxarır. Onların psixologiyası buna
dözmür. Ona elə gəlir ki, qaçmaqla xilas olacaq və
beləcə, özünü təhlükəyə atır.
Əgər valideyn övladını təhlükələrdən
qorumağa çalışırsa, onları izah etməyə
çalışmalıdır, ona qadağalar
qoymamalıdır. Uşağa özünü qoruma
metodlarını öyrətməliyik, zorakılıq əks-təsir
göstərir".
Klinik psixoloq Rövşən Nəcəfov bildirib ki,
evdən qaçmaq bəzən emosional təzyiqlərdən
qaçış üçün yeganə
çıxış yolu kimi qəbul olunur: "Erkən
yaşda ana olan və ya ailədən uzaqlaşmaq məqsədilə
evdən qaçan qızların əksəriyyəti dərin
emosional ehtiyacların və daxili boşluqların təsiri ilə
səhv qərarlar verir. Bu qərarların kökündə
çox zaman ailə mühitində formalaşan
aşağı özünədəyər hissi,
görünməz qalmaq qorxusu və emosional güvən
çatışmazlığı dayanır. Uşaqlıq
dövründə tez-tez tənqidə, mənfi müqayisələrə,
məsxərəyə və şərtli sevgiyə məruz
qalan uşaqların psixikasında zədələyici izlər
qalır. Belə ailələrdə sevgi ya şərtlərlə
verilir, ya da ümumiyyətlə, emosional laqeydlik və ya
zorakılıq şəklində təzahür edir. Nəticədə,
uşaqda dəyərlilik hissi zəifləyir, şəxsiyyətində
çatlar yaranır və həyatın qarşısında
təklənmiş hiss edir. Evdən qaçmaq bəzən bu
emosional təzyiqlərdən qaçış
üçün yeganə çıxış yolu kimi qəbul
olunur, bu isə, əslində, çarəsizliyin son həddidir.
Valideynlər övladlarını yalnız fiziki olaraq
böyütməklə kifayətlənməməlidirlər.
Onlar uşaqlarını dinləməli, anlamalı və hər
yaşda şəxsiyyət kimi qəbul etməlidirlər.
Sevgi və hörmətin şərtsiz verilməsi
uşağın sağlam psixoloji inkişafı
üçün əsas şərtdir. Valideyn-övlad
münasibətləri uşağın gələcək
şəxsiyyətinin və psixoloji
dayanıqlığının təməlini
formalaşdıran ən mühüm faktorlardan biridir. Bəzi
ailələrdə bu münasibətlər ya emosional laqeydlik,
ya da həddindən artıq nəzarət kimi zidd qütblərdə
təzahür edir. Hər iki halda da uşaqda dəyərsizlik,
sevgidən məhrumluq və anlaşılmama kimi hisslər
formalaşır. Belə emosional boşluqda böyüyən
qız uşaqları sevgi, diqqət və qəbul
ehtiyacını ailə xaricində kompensasiya etməyə
çalışır. Bu isə çox zaman onları
qeyri-sabit, manipulyativ və psixoloji cəhətdən zərərli
münasibətlərə aparır. Bu cür münasibətlərdə
qızlarda "sevilmək üçün nəyisə
sübut etməliyəm" kimi zərərli bir inanc
formalaşır. Ailəsində görünməz, dəyəri
tanınmamış və hissləri nəzərə
alınmamış bir uşaq, zamanla yalnız
başqasının sevgisi və diqqəti vasitəsilə
özünü var hiss etməyə başlayır. Bu ehtiyac
onu çox zaman emosional cəhətdən riskli münasibətlərə
yönəldir. Belə münasibətlər isə yeni travmalar,
psixoloji çökmə, özgüvənsizlik və
uzunmüddətli depressiv vəziyyətlərlə nəticələnir.
Hər bir valideyn bilməlidir ki, uşağı dinləmək,
anlamağa çalışmaq belə çox şey dəyişə
bilər. Sevgi və anlayışla yetişdirilən bir
uşaq, həyatın qarşısında dayanıqlı,
sağlam və öz dəyərini bilən bir fərd olaraq
formalaşır".
Ləman İLKİN
525-ci qəzet .- 2025.- 20 iyun (№105).- S.11.