95 illik yolda bərabərlik:
UNEC-də "İnklüziv təhsil ili"
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
2015-ci ildən rəsmi olaraq fəaliyyət göstərən
İnklüziv Təhsil Mərkəzi ilə ölkədə
ali təhsildə bərabər imkanların təmin
olunması istiqamətində qabaqcıl mövqeyini qoruyub
saxlayır. İlk gündən inklüzivlik prinsiplərinə
əsaslanan, bərabər hüquqlu, açıq və
müasir təhsil mühitinin yaradılmasını
qarşıya məqsəd qoymuşdur. Mərkəzin əsas
missiyası - əlilliyi olan tələbələrin təhsil
imkanlarını artırmaq, onların sosial və akademik
inteqrasiyasını dəstəkləmək, həmçinin
təhsil ictimaiyyətində inklüzivlik mədəniyyətini
təşviq etmək olmuşdur. Hal-hazırda mərkəzin
dəstəyi ilə əhatə etdiyi sadəcə əlilliyi
olan deyil, bütün həssas kateqoriyadan olan tələbələrdir.
Burda xüsusi ilə vurğulamaq istəyərdim ki,
inklüziv təhsil - müxtəlif əqli və fiziki əlillikləri
olan şəxslərə, qazilərə və şəhid
övladlarına, məcburi köçkünlərə, əcnəbi
tələbələrə, qeyri-ənənəvi cinsi
oriyentasiyaya malik olan insanlara, valideyn himayəsindən məhrum
olunmuş şəxslərə, penitensiar müəssisələrdə
saxlanılan şəxslərə, o cümlədən
HİV-ə yoluxmuş insanlara, çətin həyat şəraitində
yaşayan insanlara, fitri istedadlı şəxslərə,
ucqar kənd yerlərinin sakinlərinə, valideynləri
boşanmış olan uşaqlara və s. - yəni təhsil
prosesində xüsusi yanaşmaların, müxtəlif metod və
üsulların tətbiqi zəruri olan bütün insanlara
şamil olunur.
İnklüziv Təhsil Mərkəzinin ilk illərindən
başlayaraq UNEC-də fiziki mühitin əlçatanlığına
dair ciddi işlər görülmüşdür. UNEC-in tədris
binalarında panduslar, sərbəst hərəkət
üçün uyğunlaşdırılıb, liftlər və
xüsusi sanitar otaqları qurulub. Bəzi binaların memari cəhətdən
dəyişikliklər edilməsi çətin olduğundan,
"external" adlanan səyyar panduslarla da təmin edilib.
UNEC-in III tədris binasında əlçatanlığı
tam təmin edilib.
Rəqəmsal mühitin
uyğunlaşdırılması və xüsusi dəstək
tədbirləri haqqında da bir neçə məqam qeyd etmək
olar. UNEC inklüziv təhsilin inkişafı istiqamətində
rəqəmsal mühitin əlçatanlığını
artırmaq üçün mühüm addımlar
atmışdır. Görmə və eşitmə məhdudiyyətli
tələbələrin tədris prosesinə daha fəal
inteqrasiyası üçün bir sıra xüsusi
texnologiyalar tətbiq olunmuşdur. Bunlara Braille printerləri,
ekran oxuyucu proqram təminatları və digər köməkçi
vasitələr daxildir. Eyni zamanda, UNEC kitabxana resursları
görmə məhdudiyyətli tələbələrin
ehtiyaclarına uyğunlaşdırılmış və
"Audio-kitab" layihəsi çərçivəsində
bir neçə fənnin mühazirələri audio formatda
hazırlanaraq təqdim edilmişdir.
Universitetin rəsmi veb-saytı və onlayn təhsil
platformaları da əlilliyi olan şəxslər
üçün daha əlçatan və istifadəsi asan
hala gətirilmişdir. Bu tədbirlər, təhsildə bərabər
imkanların yaradılması və inklüzivliyin təmin
olunmasına xidmət edir.
Həssas kateqoriyaya aid olan tələbələrin
psixoloji və fiziki ehtiyacları da nəzərə
alınaraq əlavə dəstək mexanizmləri tətbiq
edilir. Belə ki, panik atak, epilepsiya, yüksək stress və
digər klinik hallar zamanı, mütəxəssis rəyinə
əsasən həmin tələbələrin ara və əsas
semestr imtahanlarını universitetin İnklüziv Təhsil Mərkəzində
- daha sakit və uyğunlaşdırılmış mühitdə
keçirmələrinə şərait yaradılır.
Bundan əlavə, görmə məhdudiyyətli tələbələrin
yazılı imtahanlarının şifahi formatda verilməsi
praktikası UNEC-in imtahanların təşkili qaydalarında
öz əksini tapmışdır. Eləcə də, ciddi əzələ
xəstəlikləri (poliomielit, USİ və s.) olan tələbələr
üçün imtahanların test formatında keçirilməsi
imkanı yaradılmışdır. Bu yanaşmalar UNEC-in təhsildə
fərqlilikləri nəzərə alan, humanist və tələbəyönümlü
siyasətini əks etdirir.
UNEC-də tədris prosesində inklüzivliyin təmin
olunması məqsədilə fərdi yanaşma prinsipi əsas
götürülür. Universitet daxilində fəaliyyət
göstərən müvafiq Mərkəz tərəfindən
mütəmadi olaraq müəllimlər və akademik heyət
üçün inklüziv tədris metodologiyasına dair təlimlər
təşkil edilir. Bu təlimlərin əsas məqsədi
müəllimlərin həssas qruplardan, xüsusilə də əlilliyi
olan tələbələrin tədris ehtiyaclarına uyğun
şəkildə dərs keçmələri və
onların təhsil prosesinə tam şəkildə cəlb
olunmalarını təmin etməkdir. 2025-ci ilin may ayında
"İnklüziv Ali Təhsil" adlı köməkçi
vəsait hazırlanaraq ali təhsil müəssisələrinin
müəllimləri üçün istifadəyə təqdim
olunmuşdur. Bu vəsait inklüziv tədris
metodlarının nəzəri əsaslarını, praktiki tətbiq
yollarını və real təcrübə nümunələrini
əhatə edir. Material tədris prosesinin bütün
iştirakçıları - müəllimlər, inzibati heyət
və tələbələr üçün əlçatan
formada təqdim olunub.
Son 10 il ərzində UNEC-də 300-dən artıq
müəllim və inzibati heyət üzvü inklüziv tədris
və fərdi yanaşma üzrə təşkil olunub təlimlərdə
iştirak edib. Bu göstərici universitetin inklüziv təhsilə
verdiyi önəmin və davamlı inkişaf siyasətinin
bariz nümunəsidir.
UNEC-də tələbələrin yalnız akademik
uğurlarını deyil, həm də psixoloji və sosial
rifahını təmin etmək məqsədilə geniş dəstək
mexanizmləri formalaşdırılıb. Universitetin nəzdində
fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzi
təkcə tədris yönümlü deyil, eyni zamanda
psixoloji və sosial dəstəyi əhatə edən kompleks
yanaşma tətbiq edir. Bu çərçivədə tələbələr
üçün psixoloq xidmətləri, sosial işçilərlə
fərdi və qrup məsləhətləşmələri təşkil
olunub. Bu təşəbbüslər tələbələrin
universitet mühitində özlərini daha güvənli, dəstəklənən
və motivasiyalı hiss etmələrinə şərait
yaradıb. UNEC-də fəaliyyətə başlamış
Psixoloji Dəstək Mərkəzi bu istiqamətdə
görülən işlərin platformasına çevrilib.
Mərkəzin təşəbbüsü ilə həyata
keçirilən "Bərabər Hüquqlu Təhsil",
"Mən də UNEC-liyəm", "Əlçatanlıq
Hər Kəs Üçün" kimi maarifləndirmə
kampaniyaları inklüziv cəmiyyətin qurulmasına yönəlmiş
mühüm sosial çağırışlar kimi
çıxış etmiş, tələbələr və
geniş ictimaiyyət arasında inklüziv təhsilə dair
düşüncə tərzinin formalaşmasına
mühüm töhfə verib.
UNEC İnklüziv Təhsil Mərkəzinin həyata
keçirdiyi bu kimi fəaliyyətlər inklüziv ali təhsilin
formalaşmasına, sosial ədalət prinsipinin təbliğinə
və həssas kateqoriyadan olan şəxslərin cəmiyyətə
fəal şəkildə inteqrasiyasına mühüm töhfə
verir.
UNEC İnklüziv təhsil mərkəzi 10 il ərzində
bir çox xarici təşkilatlarla iş birliyini qurub, bir
neçə təşkilatda expert qismində iştirak edir və
bir neçə qurumla memorandumlar imzalanıb. UNEC-də təhsil
alan əlilliyi olan tələbələr Erasmus+ layihəsi
çərçivəsində müxtəlif vaxtlarda xarici
universitetlərdə bir semest ərzində təhsil alıb.
Bu da onların gələcək iş fəaliyyətinə
müsbət təsir göstərir.
UNEC-də təhsil alan əlilliyi olan tələbələrin
universitetdəki tələbə təşkilatlarının
fəaliyyətinə fəal şəkildə cəlb
olunması onların sosial inteqrasiyası baxımından
mühüm rol oynayır. Bu iştirakçılıq prosesi
həmin tələbələrin sosial bacarıqlarının
inkişafına, özünəinam hisslərinin artmasına
və ictimai fəaliyyətlərə daha rahat şəkildə
adaptasiya olunmalarına şərait yaradır. Tələbə
təşkilatlarında müxtəlif layihələrdə, tədbirlərdə,
debatlarda və könüllü fəaliyyətlərdə
yer alan əlilliyi olan gənclər təkcə akademik biliklərlə
deyil, həm də liderlik və əməkdaşlıq
bacarıqları ilə formalaşırlar. Bu da onların
universitetdən sonrakı həyatda - istər peşəkar
mühitdə, istərsə də ictimai sahədə daha fəal
və müstəqil vətəndaş kimi
çıxış etmələrinə imkan verir.
UNEC-də təhsil alan əlilliyi olan tələbələr
arasında da bu cür istedadlı gənclər mövcuddur.
Universitet olaraq biz, bu gənclərin yaradıcı fəaliyyətlərini
təşviq etmək və onları daha geniş auditoriyaya tanıtmaq
məqsədilə müxtəlif dəstək layihələri
həyata keçirmişik. Belə ki, bir neçə tələbənin
müəllifi olduğu ədəbi əsərlərin -
şeir kitablarının və detektiv romanların nəşrinə,
onların təqdimat mərasimlərinin təşkilinə dəstək
göstərilmişdir. Bu nəşrlər gənclərin
daxili dünyasını, düşüncə tərzini və
ifadə imkanlarını cəmiyyətə çatdırmaq
baxımından xüsusi əhəmiyyət
daşıyır.
Eyni zamanda, istedadlı tələbələrin rəssamlıq
sahəsindəki uğurlarına da xüsusi diqqət
yetirilmişdir. Onların əl işlərindən ibarət
fərdi və kollektiv rəsm sərgiləri təşkil
olunmuş, bu sərgilər vasitəsilə tələbələrin
bacarıqları daha geniş ictimayyətə təqdim
edilmişdir. Belə təşəbbüslər gənclərin
motivasiyasını artırmaqla yanaşı, onların cəmiyyətə
inteqrasiyasını da sürətləndirir və şəxsi
inkişaflarına töhfə verir.
Bu fəaliyyətlər bir daha göstərir ki, həssas
qrupdan olan gəncləri yalnız sosial yardım
yönümlü layihələrlə deyil, həm də
onların istedadlarının inkişafına yönəlmiş
proqramlarla dəstəkləmək vacibdir. Çünki bu gənclər
həm öz həyatlarını mənalı şəkildə
qurmaq, həm də cəmiyyətə dəyər qatmaq
potensialına malikdirlər. UNEC İnklüziv Təhsil Mərkəzi
daim onları nəzərdə saxlayır və dəstək
göstərir.
UNEC İnklüziv Təhsil Mərkəzinin dəstəyi
və universitetin inklüziv təhsil strategiyası çərçivəsində
son 10 il ərzində 200-dən artıq əlilliyi olan tələbə
ali təhsilini uğurla başa vurmuşdur. Bu məzunların
bir hissəsi hazırda dövlət və özəl sektorda
müxtəlif sahələr üzrə fəaliyyət
göstərir, bəziləri isə inklüzivlik, hüquq bərabərliyi
və sosial müdafiə sahələrində fəal ictimaiyyət
nümayəndələrinə çevrilib. Onların şəxsi
inkişaf hekayələri və peşəkar uğurları
digər tələbələr, xüsusilə də həssas
kateqoriyadan olan gənclər üçün motivasiya və
ümid mənbəyi olub.
Lakin bütün bu uğurlara baxmayaraq, əlilliyi olan
məzunların məşğulluq imkanları sahəsində
hələ də ciddi problemlər mövcuddur. Onların əmək
bazarına inteqrasiyası, işlə təmin olunmaları və
peşəkar bacarıqlarının tanınması məsələləri
gündəmdə qalır. Bir çox işəgötürənlər
hələ də əlilliyi olan şəxsləri işə
qəbul etməkdən çəkinir, onların peşəkarlığı
və iş mühitinə uyğunlaşa bilmə qabiliyyətinə
dair əsassız şübhələr bəsləyirlər.
Bu isə nəticə etibarilə bu gənclərin öz
ixtisaslarına uyğun layiqli iş tapmalarına mane olur,
onların gələcək həyat fəaliyyətinin
dayanıqlılığı baxımından ciddi risklər
yaradır.
Mövcud vəziyyət göstərir ki, əlilliyi
olan gənclərin məşğulluğu sahəsində
sistemli yanaşmaya, konkret icra planlarına və həm
dövlət, həm də özəl sektor səviyyəsində
məqsədyönlü proqramlara ciddi ehtiyac var. Bu proqramlar həm
işəgötürənlərin maarifləndirilməsini, həm
də əlilliyi olan şəxslərin peşə
bacarıqlarının artırılmasını və əmək
bazarına adaptasiyasını əhatə etməlidir.
Cəmiyyətdə inklüziv mədəniyyətin
formalaşdırılması müxtəlif elmi sahələrin
biliklərinin inteqrasiyasını tələb edən kompleks
və çoxşaxəli bir prosesdir. İnklüzivlik
anlayışını təhsil, əmək bazarı və
ümumi ictimai həyat səviyyəsində dərindən dərk
etmək, onun nəzəri və praktiki əsaslarını
müəyyənləşdirmək ali təhsil müəssisələrinin
əsas vəzifələrindən biridir. Müasir tədqiqatlar
sübut edir ki, inklüziv mühitin qurulması təkcə
etik və əxlaqi məsuliyyət deyil, eyni zamanda təşkilati
performansın yüksəldilməsi, innovasiyaların təşviqi
və sosial ədalətin təmin olunması baxımından
strateji əhəmiyyət daşıyır.
Son olaraq UNEC-in rektoru, profesor Ədalət Müradovun
sözləri ilə bitirmək istəyirəm:
"İnklüziv təhsil təkcə əlilliyi olan tələbələr
üçün deyil, bütövlükdə universitet dəyərlərinin
ayrılmaz hissəsidir. İnklüzivlik bizim
üçün sosial məsuliyyət deyil, strateji inkişaf
istiqamətidir. Hər bir tələbə - fərqi olmadan - bərabər
imkanlara layiqdir".
UNEC İnklüziv ali təhsildə artıq bir model
olaraq öz töhfələrini verməyə davam edəcək.
Sevinc MƏHSİMOVA
UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru
525-ci qəzet .- 2025.- 20 iyun (№105).- S.10.