Sərhəd məsələsində
Azərbaycanın düzgün qərarı
2019-cu ildən başlayan və sürətlə
bütün dünyaya yayılan pandemiyaya görə dövlətlər
sərhəd nəzarətini gücləndirmək
üçün tədbirlər gördülər. Əlbəttə
ki, virusun daha kütləvi şəkildə
yayılmasının qarşısının
alınmasında önləyici tədbir olaraq bu addım
mühüm əhəmiyyət daşıyırdı.
Ölkələr, eyni zamanda, karantin rejimi tətbiq edirdilər.
Azərbaycan da təbii ki, bu istiqamətdə çox vacib qərarlar
qəbul etdi, tədbirlər həyata keçirdi. Vaxtında
görülən tədbirlər nəticəsində, həmçinin
quru sərhədlərin bağlanması pandemiyanın ölkəmizdə
tüğyan etməsinin qarşısını aldı.
Təbii ki, pandemiyanın getdikcə səngiməsi,
aktiv fazanın geridə qalması ilə ölkəmizdə
sosial izolyasiya tədbirləri də mərhələli şəkildə
aradan qaldırılmağa başladı. Vəziyyətə
uyğun olaraq isə karantin rejimi qüvvədə
saxlanıldı. Buna baxmayaraq, quru sərhədlərin
açılmaması xaricində, bütün fəaliyyətlər
ardıcıl olaraq bərpa edildi.
Quru sərhədlərin bağlı saxlanıması
artıq xeyli müddətdir ki, müxtəlif dairələrdə
müzakirələrə səbəb olub. Xüsusilə
sosial şəbəkələrdə bu məsələyə
qeyri-adekvat reaksiyalar olur. Başqa sözlə, mövcud
reallıqlar nəzərə alınmadan məsələyə
başqa tərəfdən yanaşma cəhdləri edilir. Məlumdur
ki, sərhədlə bağlı qərarın qüvvədə
saxlanılmasının əsasları var. Əgər dövlətin
bildiyi hər hansı risklər, səbəblər olmasa, bu qərar
da ləğv edilərdi. Elə proseslərin axarı da
göstərdi ki, qərar uzaqgörən siyasətə əsaslanır.
İlk növbədə burada təhlükəsizlik, demoqrafik
məsələlər önəm kəsb edir. Yaxın ətrafımızda,
sərhədlərimizdə cərəyan edən hadisələr,
müharibələr, gərginliklər çox ciddi
narahatlıq yaradır.
Dördüncü ildir ki, Rusiya-Ukrayna müharibəsi
davam edir. Yaxın Şərq uzun illərdir gərginlik,
münaqişələr, müharibələr ocağına
çevrilib. İyunun 13-dən başlayan İsrail-İran
qarşıdurması ilə regionda vəziyyət daha da
mürəkkəbləşib. Bu münaqişə yeni və
çox ağır, katastrofik risklər, təhlükələr
deməkdir. Və bütün bunlar Azərbaycanın bir
addımlığında baş verir. Bu riskləri, real təhlükələri
görmək və dərk etmək üçün dərin
siyasi biliklərə malik olmağa ehtiyac yoxdur. Hər şey
göz önündədir.
Prezident İlham Əliyev öz
çıxışlarında dəfələrlə sərhədlərin
bağlı saxlanmasına toxunaraq bunun əsaslı geosiyasi və
təhlükəsizlik səbəbləri ilə bağlı
olduğunu söyləyib. Dövlət
başçısı qeyd edib ki, Azərbaycanın daxili
sabitliyi və ictimai təhlükəsizliyi hər şeydən
önəmlidir və sərhəd məsələsində qərar
verilərkən məhz bu prioritetlər əsas
götürülüb.
Prezident İlham Əliyev VII
çağırış Milli Məclisin ilk
iclasındakı çıxışında deyib: “Mən tam
əminliklə deyə bilərəm ki, son illər ərzində
quru sərhədlərimizin bağlı olması bizi çox
böyük fəlakətlərdən xilas etdi. Hətta bu
gün - sərhədlər bağlı olan vaxtda təhlükəli
hərəkətlər aparılır və bu hərəkətlərin
qarşısı alınır”.
Sərhədlərimizin qorunmasının bizi xarici
risklərdən qoruyacağını qeyd edən dövlət
başçısı bildirib ki, Azərbaycanda daxili risklər
yoxdur: “Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq
uzun illərdir təmin edilir, sabitlik bütün dünya
üçün nümunə ola bilər. Hər kəs bilir
ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf
edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini
və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin,
inkişafın, xarici sərmayənin cəlb edilməsi
üçün başlıca şərtdir”.
Dövlət başçısı 2024-cü il
aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və
Azərbaycan üçün Yaşıl Baxış”
mövzusunda beynəlxalq forumda sərhədlərin
bağlı saxlanılması qərarının bölgədəki
qeyri-sabitlik və artan xarici təhlükələr fonunda Azərbaycanın
milli təhlükəsizliyini qorumaq məqsədilə
atılmış strateji və zəruri addım olduğunu
söyləyib:
“Ətrafımızda qeyri-sabitliyin müxtəlif sahələrini
görürük. Quru sərhədinin bağlı
saxlanması qərarı COVID səbəbi ilə verilib. Biz hələ
də formal olaraq karantin mərhələsindəyik, amma, eyni
zamanda, açıq deməliyik ki, sərhədlərin
bağlı qalması qərarı təkcə buna əsaslanmır.
Biz indi görürük ki, artıq bir müddət
keçdikdən sonra sərhədlərin bağlı
olması Azərbaycanda təhlükəsizliyi gücləndirib.
Əvvəlki dövrlərdə belə hallar çox olub, bəziləri
açıqlanıb, digərlərini ictimaiyyətləşdirməmişik.
Kənardan ciddi təhlükə və problemlərlə
üzləşirdik. Bütün potensial risklərimizin kənardan
ola biləcəyini deyəndə, məhz bunu nəzərdə
tuturdum. Məncə, təfərrüatlara çox varmasam,
başa düşəcəksiniz. Amma Prezident, milli təhlükəsizlik
məsələləri ilə gündəlik məşğul
olan bir şəxs kimi deyə bilərəm ki, biz sərhədlərimizi
bağladıqdan sonra milli təhlükəsizliyimiz
üçün çox böyük faydalar gördük və
bu, reallıqdır. Bəli, insanlar bunu nəzərə
almalıdırlar. Biz başa düşürük ki, Azərbaycanda
insanlar üçün, eləcə də
qonşuluğumuzda yaşayan azərbaycanlılar və
başqa millətlər üçün narahatlıq var, lakin
milli təhlükəsizlik bütün digər hisslərdən
və ya bütün digər səbəblərdən
üstün olmalıdır. Xüsusən də şimal sərhədimizdə
müharibə, cənub sərhədimizdə böhran
olduğu bir vaxtda. Ətrafda isə yağışdan sonra
göbələk kimi yaranan yeni münaqişə zonası
var və mən hesab edirəm ki, Azərbaycan xalqı bunu
başa düşür.”
Bu gün artıq cənub sərhədimizdə də
hərbi qarşıdurma, gərginlik pik həddədir.
İsrail-İran münaqişəsinin daha da genişlənə
biləcəyi, qanlı müharibəyə çevriləcəyi
istisna edilmir. Üstəgəl, müharibə bölgələrindən
qaçqın axını və ya qeyri-qanuni miqrasiya riski təhlükəsi
də qalır. Həmin axının içində
ayrı-ayrı qruplaşmaların üzvlərinin
olacağını da istisna etmək olmaz. Ona görə də
quru sərhədlərin bağlı saxlanılması qərarının
strateji əhəmiyyəti bu gün özünü daha
qabarıq şəkildə göstərir. Milli təhlükəsizliyin
təmin edilməsi eyni zamanda, dövlətçiliyimizin daha
da möhkəmlənməsi, suverenliyimizin, sosial sabitliyin
qorunması deməkdir. Azərbaycana qarşı xarici risklər
hər zaman olub. Hazırda cərəyan edən geosiyasi proseslər
fonunda bu risklər daha da arta bilər. Onların
neytrallaşdırılması, qeyri-qanuni fəaliyyətlərin
qarşısının alınmasında sərhədlərlə
bağlı qərarın qüvvədə olması tam məntiqli
addımdır.
Amma quru sərhədlərin bağlı olması o
demək deyil ki, Azərbaycan bu məsələdə tam təcrid
siyasəti həyata keçirir. Ehtiyac olduqda ölkəmiz
humanitar əsaslarla quru sərhədlərimizdən istifadə
üçün icazə verir. İran-İsrail
qarşıdurması başlayandan sonra çoxsayda xarici
dövlətlərin vətəndaşları, o cümlədən
bir sıra ölkələrin diplomatik korpuslarının
nümayəndələri İran ərazisini məhz Azərbaycan
vasitəsilə təhlükəsiz şəkildə tərk
ediblər. Onların arasında təkcə keçmiş
sovet respublikalarının deyil, Avropa, hətta Latın
Amerikası ölkələrinin də vətəndaşları
var. Ayrı-ayrı dövlətlərin rəsmiləri, xarici
işlər nazirləri bu köməyə, dəstəyə
görə Azərbaycan rəhbərliyinə öz təşəkkürlərini
bildiriblər.
Azərbaycan bu gün Cənubi Qafqazın lider dövləti,
əsas gücüdür və regional təhlükəsizliyin
bərqərar olmasında da vacib rola malikdir. Baş verən
son hadisələr də bir daha onu göstərir ki, quru sərhədlərimizin
bağlı olması məhz Azərbaycanın təhlükəsizliyinə,
ölkəmizdə mövcud sabitliyin dayanıqlı
olmasına xidmət etməklə, milli maraqlarımıza tam
cavab verən qərardır.
PƏRVANƏ
525-ci qəzet .- 2025.- 20 iyun (¹105).- S.6.