Qadınlar həyatı
bəzədiyi kimi, tarixdə də fərqlənmişlər
Qadın təbiətin yaratdığı
möcüzələrdən biridir, insan nəslinin
artmasında, davam etməsində onun fövqəladə
iştirakını heç kəs inkar edə bilməz.
Qadına məhəbbət ömrü çiçəkləndirir,
dünyanı idarə edir. İnsana müvəqqəti olaraq
hakim kəsilən və məhəbbətə əks olan
nifrət isə kordur, onu daşıyanın və ətrafındakıların
həyatına zəhər qatır. İnsan heç bir
canlı ilə müqayisə edilə bilməz, onun təkcə
əqlə və hisslərə sahibliyi, təbiətin
yaratdıqlarının hamısından onu fərqləndirir.
İnsan, əqli qabiliyyətinə və hissiyyat zənginliyinə
görə tam başqa varlıqdır və buna görə də
Yer kürəsi bütün planetlərdən seçilməklə,
onun yaşadığı yeganə məkana
çevrilmişdir.
Əlbəttə,
qadın uşaq doğub həyata gətirməkdə vahid
canlı növ deyildir, məməlilərdə də dişi
cinsdən olan heyvanlar bala verməklə, öz növlərinin
yaşamasının davam etməsinə mühüm xidmət
göstərirlər. Lakin qadının təkcə balanı
bədəninin bir hissəsi kimi yetişdirməsi,
doğması, qidalandırması oxşar qaydada baş versə
də, onun övladını böyütməsinə fərqli
qaydada çəkdiyi ağır zəhmətə görə,
o, başqa canlılara heç cür bənzəmir. Dişi
heyvan balanı bətnində gəzdirir, ağrıların əzabına
dözərək onu doğur, ilk andan mayalandırma da daxil
olmaqla onu qidalandırmasını davam etdirir. Lakin yenidən
boğaz olduqdan sonra öz balasının təkcə döş
südü ilə qidalandırmasını kəsmir və
yeni bala doğduqda isə əvvəlkinin ana
qayğısına olan ehtiyaclarını nəinki unudur,
onlarla əvvəlki yaxın əlaqəsini
bütünlüklə dayandırır. Bəziləri hətta
əvvəlki həyat verdikləri varlıqlar ilə birgə
yaşamaqlarını da unudur.
Qadın isə övladlarına öz həyatının,
bütöv dünyasının ayrılmaz bir hissəsi kimi
baxır, diqqətini, əri də daxil olmaqla digər ailə
üzvlərindən daha çox övladına, onun fiziki və
mənəvi cəhətdən sağlam böyüməsinə
yönəldir. Bəzi xalqlarda övlada diqqət, ərə əvvəlki
adi qayğı göstərmək vəzifəsini də
yaddan çıxarır. Misal üçün, çinlilər
bir müddət rus qadınları ilə ailə qurmağa
can atırdılar, onların fiziki gözəlliyi də
çinli kişilərin diqqətini cəlb edirdi. Çində
başqa ölkələrdən fərqli olaraq, kişilərə
nisbətən qadın cinsindən olanlar azlıq təşkil
edir və ona görə də ürəkləri istəyən
qızı tapıb, onunla evlənmək, ailə qurmaq cəhdi
burada o qədər də asan məsələ deyildir.
Hind-Çin yarımadasındakı Tailandda isə iki cins
arasında qızlar, qadınlar çoxluq təşkil edir və
onlar da ər üçün olan kişiləri,
oğlanları çətin tapırlar, çinlilərdən
tam fərqli olan başqa bir problemlə üzləşirlər.
Son vaxtlarda isə çinli kişilərin rus
qızları ilə evlənmək həvəsi xeyli
azalmış, belə nikahların sayı kəskin sürətdə
aşağı düşmüşdür. Çinli ailə
sahibləri digər Şərq xalqlarına məxsus olan
qaydada, arvadın ona daim qayğı göstərməsinə,
qulluq etməsinə, hətta əzizləməsinə ehtiyac
duyurlar. Bunlar icra şəraitində real olaraq öz əksini
tapmadıqda, onlar qadınlarının özlərinə bəslədikləri
münasibəti laqeydlik kimi izah edir və bəzən belə
münasibətə dözməyib, hətta evliliklərinə
son qoyurlar.
Çinli kişilər, rus qadınları ilə birgə
nikahda yaşamasına olan həvəsin bütünlüklə
aradan qalxmasını, həm də arvadlarının övlad
doğduqdan sonra, bütün diqqətlərini və
vaxtlarını ona həsr etdiyi ilə, ərin umduğu təbii
qayğını və xidməti yaddan
çıxardıqları ilə əlaqələndirirlər.
Onlar rus qadınlarında övladın dünyaya gəlməsi
ilə meydana gələn bu metamorfozanı anlamır, başa
düşmək istəmirlər. Ona görə də ailə
münasibətlərində soyuqluq yaranır və laqeydliyə,
arvadının biganəliklərinə dözməyi
bacarmayanlar nikahı pozmaq qərarına gəlirlər.
Çinli kişilər həm də bir cəhəti də əsas
götürürlər ki, rus qadınları uşaq
doğduqdan sonra əvvəlki gözəlliklərini
asanlıqla itirirlər, onlar sürətlə yaşa
dolmağa, qocalmağa başlayırlar, fiquraları da öz
cazibədarlığını itirir, az sonra hətta əvvəlki
gözəllikdən əsər-əlamət də qalmır.
Övlada daha çox bağlılıq, ərə olan hərarətli
münasibətin azalmasına, hətta yoxa
çıxmasına səbəb olduğundan, belə arvadla
birgə yaşamağın çətin olduğu qərarına
gələn kişilər, ailənin dağılması
variantı kimi ağır bir həll yolunu seçirlər.
Çünki onlar hiss edirlər ki, heç də
arvadlarının təbiətini dəyişdirmək
iqtidarında deyillər, çünki arzuladıqları
uşaq dünyaya gəldikdən sonra onlar ana rolunu oynamağa
başladıqda, özlərini əsasən körpəyə
olan vacib qulluğa həsr etməklə, bu yolla ailənin
dağılmasına səbəb olurlar.
Təbiət insanı böyük müxtəliflikdə
yaratdığı kimi, onun ömrünə də müxtəlif
rakurslardan yanaşaraq, bu məsələdə də bəzən
arzu olunmayan rəngarəngliyə yol verir. Kişilər
arasında da, qadınlar kimi sürətlə qocalma
halları mövcuddur, böyük rəssam olan təbiət
onun sifətinə və fizionomiyasına da tutqun yaxmalar əlavə
etməmiş qalmır. Ritorika sahəsində müəyyən
təcrübəyə və istedada malik olan dostum, bu prosesi
"meymunlaşma" adlandırır. Bəlkə də bu,
bir qədər sərt qiymətdir, lakin o, real misalları əsas
götürərək, həyatdakı bir neçə
tanınmış şəxsin canlı nümunəsi barədəki
öz şəxsi müşahidəsini ön plana çəkməklə,
rəyinin təsdiqinə nail olur və bununla
razılaşmamaq hallarını və irəli sürülən
şübhələri aradan qaldıra bilir. Təəssüf
ki, biz stereotiplərə aludəçiliyimizə
görə, tarixi şəxsiyyətlərin aforizmlərinə
daim müraciət etməklə, ətrafımızdakıların
hətta sərrast sözlərinə də
qulağımızı yumur və qəbul etməmək
nişanəsi kimi onlara ağız büzürük.
Axı hətta, bizim müdrik ifadələrindən
sitat gətirdiklərimiz dahi
şəxslər də öz dövründə
lazımınca qiymətləndirilməmişdi. Böyük
mütəfəkkir Volterə və istedadlı diplomat
Taleyrana qarşı ədalətsiz laqeydlik göstərilirdi,
birincinin Maarifçiliyə töhfələri nəzərə
alınmayıb, dinsizliyinə, ikincisinin isə, Napoleonun məğlubiyyətindən
sonra "legasy" -"irs" terminini ortaya atmaqla,
Fransanın ərazi bütövlüyünü qoruyub saxlamasını
unudulub, yalnız onun müxtəlif sistemlərə xidmət
göstərməsinə görə, belə haqsız
münasibətə əsas uydururdular. Rus
yazıçıları Qoqol, Saltıkov-Şedrin, Çexov
ölkədə kütləvi rüşvətxorluğun
yayılmasını, axmaqlığın və yolların ən
böyük problem olduğunu, itaət, kölə
psixologiyası hesabına insanların həşərata - buqələmuna çevrilməsini
ifşa etsələr də, vəziyyət dəyişmirdi,
düzəlmirdi. Azərbaycanlı böyük qələm
sahibləri Sabir və Cəlil Məmmədquluzadə gerilik
nişanəsi kimi təhsilə iyrənc münasibəti,
dini inamın cəhalətlə əvəz olunmasını tənqid
etdikləri halda, onlara qeyri-loyal münasibət bəslənirdi.
Məşhur dövlət xadimi Uinston Çörçill II
Dünya müharibəsi illərində sözdən silah kimi
istifadə edirdi və bu sahədə böyük uğur
qazanmışdı, lakin müharibənin başa çatmasından
sonra keçirilən seçkilərdə xalq ona etimad
göstərməkdən imtina etdi.
Mən indiki hədəfə dəyən söz
müəllifini dahilərlə müqayisə etməkdən
uzağam, çünki bu, dahilərin uca plankasını
aşağılamaq cəhdi kimi başa düşülərdi.
Yeganə məqsədim ondan ibarətdir ki, qoy ətrafımızdakı
müsbət cəhətlərə də laqeyd yanaşmayaq,
hər kəsə layiq olduğu qiyməti verək, bəzi
titullara aldanıb istedadsızlara, bayağı toy müğənnilərinə
olduğu kimi təzim qılmayaq. Belə münasibət cəmiyyətdəki
sağlam atmosferi oksigenlə zənginləşdirməyə,
heç şübhəsiz, yalnız kömək edərdi.
Əvvəlki söhbətə qayıtdıqda,
ümumiyyətlə, başqa xalqların nümayəndələri
ilə ailə qurmaq sonralar bəzi siyasi və mülki
münaqişələr baş verdikdə, əmələ gələn
çətinliklərdən çıxa bilmədiyindən,
fəlakətlə nəticələnir, ailə
dağılır, günahsız məxluq olan uşaqlar bir tərəfin
himayəsinə qısılmaqla, atadan, ya anadan yetim qalmaqla
üzləşməli olurlar. Qədim yəhudilərin
başqa tayfalara qız verib, almaq barədəki
qadağası, əlbəttə, yəhudilər dünyaya
yayıldıqda, diasporalar meydana gəldikdə çox
hallarda pozulmağa başladı, yəhudi qızları digər
xalqlardan olan kişilərə ərə getdi, yəhudi
oğlanlar da az hallarda da olsa, başqa etnosa xas olan qızlarla,
qadınlarla ailə qurdular.
Afrika ölkələrində avropalılar zənci
qızları ilə evlənib, uşaq sahibi də olurlar. Təəssüf
ki, bu nikah uzun sürmür, ailə dağılır, yetim
uşaq anası ilə qalıb, doğulduğu ölkədə
yaşayır. Uşaqların sifəti kül rəngində
olur, buna görə onu nə ağdərililər, nə də
afrikalılar qəbul edir, bədbəxtlik onları, günahsız
olduqları halda izqoylara çevirir. Mən Konqoda və
Anqolada sifətlərindən məhzunluq yağan belə
uşaqları gördükdə, təbii olaraq, onlara
yazıq gəlmək hisslərini yaşamışam.
Başqa millətin nümayəndələrinə ərə
gedən qızları qınamaq da mümkün deyildir,
axı onları da təbiət xoşbəxt olmaq, nəsli
artırmaq üçün yaratmışdır.
Qarışıq tərkibli mühitdə onlar öz millətindən
olanlar barədə az seçim imkanına malik olduğundan,
dini, dili ayrı olana ərə getməklə, əslində
sonralar öz xalqı ilə əlaqəsini müəyyən
qədər itirmiş olur.
Milli münasibətlərin kəskinləşməsi
zəminində qarışıq milli tərkibli ailənin
dağılması, təkcə ərlə arvad
üçün deyil, uşaqlar üçün də əsl
fəlakət xarakteri daşıyır. Təəssüf ki,
ailə münasibəti də milli zəmində yaranan
nifaqın qurbanına çevrilir. Çox hallarda bu nikah
başlanğıcda əsl insani sevgiyə əsaslanırdı,
milli siyasət kəskinləşdikdə isə, millətçilik
ilk ağır zərbəsini məhz həmin
qarışıq milli tərkibli ailələrə vurur.
Ümumi təzyiqə boyun əyərək, kişi nəinki
arvadını, hətta bəzən uşaqlarını da onların
yaşadığı yeni ölkəyə yola salmalı olur.
İki xalqın düşmənçiliyi, bunun
meydana gəlməsində isə onlardan biri daha çox
qatı millətçiliyin girovuna çevrilməklə, daha
böyük günaha batır, bəzi əclafların
şovinist çağırışlarına boyun əyməklə,
təkcə sıx qonşuluqda yaşadıqları xalqa
qarşı düşmənçiliyə rəvac verməklə
kifayətlənməyib, ailə üzvləri arasında da əvvəlki
mühüm xoş münasibətlərin pozulmasına, ailənin
özünün bilavasitə təqsiri olmadan, onun
dağılmasına səbəb olur.
Hitler Almaniyasında hətta babası yəhudi
olanlarla ailə qurmaq və ya intim yaxınlıq etmək
qadağan edilmişdi. Ari irqinin təmizliyini qoruyub saxlamaq
çağırışı yəhudilərin kütləvi
sürətdə məhv edilməsinə gətirib
çıxarmışdı. İrqçilik siyasəti əvvəllər
nisbətən yumşaq tədbirlər təklif edirdi, yəhudilərin
Madaqaskar adasına sürgün edilməsini nəzərdə
tuturdu. Lakin 1930-cu illərin sonunda yəhudilərə
qarşı cəza siyasəti daha sərt xarakter aldı və
Hitlerin irəli sürdüyü Yeni Qayda əslində
Almaniyada yaşayan yəhudilərlə yanaşı,
işğal edilmiş ərazilərdə bu millətə məxsus
olanların hamısının məhv edilməsini nəzərdə
tuturdu. Hitlerin dünyaya ağalıq etmək istəyi baş
tutmasa da, onun ən mənfur ideyasının reallaşması
kimi Holokostun həyata keçirilməsi yolu ilə, 6 milyon yəhudi
vəhşicəsinə qırğına məruz qaldı.
Qadın və kişi, hansı millətə mənsub
olmalarından asılı olmayaraq, təbiət tərəfindən
bəşər nəslini artırmaq vəzifəsini həyata
keçirmək üçün nəzərdə
tutulmuşdur. Burada geterocinslər arasında nəsli
artırmağa imkan verməyən hansısa təbii
bağlanma kodu mövcud deyildir. Heç bir milli fərq bu
vacib prosesin icrasına mane olmaq gücündə,
iqtidarında deyildir. Ona görə də milli fərqlər
bu münasibətlərdə heç cür mənfi rol oynaya
bilməz və oynamamalıdır. Hətta faraonların ailə
qurmaq qaydalarının mövcud olduğu Misirdə belə bu
qaydalar pozulurdu. Misir çarı, əslində
özünü faraon hesab edən XII Ptolomey misirli qıza evləndiyi
halda, özü yunan mənşəli idi. Ona görə də
sonuncu Misir çariçası VII Kleopatranın valideynləri
başqa xalqların nümayəndələri idi, özü
isə hər iksi romalı olan Yuli Sezardan oğul, Mark Antonidən
isə cəmi üç, o cümlədən ekiz uşaq
doğmuşdu.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 21 iyun (№106).- S.22.