Qula qulluq eləmək
Son günlər oxuduğum tarix kitablarında
rastıma çıxan padşah və qulları kəlməsinin
üzərində daha çox düşünürəm. Təbii
ki, quldarlıq dövrünü hər birimiz bilirik. Amma
yüz il bundan öncəyə qədər padşahların
xalqa "qullarım" deməyi adama bir az qəribə gəlir.
Nədənsə, yüz ili elə də uzaq tarix kimi
görmürəm. Bəlkə də, memarlığın, ədəbiyyatın,
mədəniyyətin, sənətin zirvə dönəmi
olduğuna görə, mənə belə gəlir. Məsələn,
o vaxt səslə oynamaq mümkün deyildi, ya gözəl səsə
sahib idin, ya deyildin. Ya şeir yaza bilirdin, ya da buna istedadın
çatmırdı. Bugünkü kimi kopyalamaq, bənzətmək,
oğurlamaq yox idi.
Yaxınlarda Vilyam Bleykin bir şeiri çıxdı
qarşıma. Əvvəlcə gözlərimə
inanmadım, sonra bir az da dərindən araşdırdım və
məlum oldu ki, həm Azəbaycandan, həm də Türkiyədən
bir neçə şair Bleykin misralarını ələ
keçirib. Əlbəttə, həmin misraları yazmaq fikrim
yoxdur, həm etik deyil, həm də belə şeylərin
mümkün ola biləcəyini qəbul edirəm. Çünki
bu məsələyə tolerant yanaşmağı Oskar Uayld
öyrədib. Ustadın çox sevdiyim sözü var, deyir
ki, "yaxşı yazıçılar borc olaraq alır,
böyük yazıçılar isə oğurlayır".
Padşah və qullara gəldikdə isə, taxta
oturduqları anda özlərini Allah zənn etmələri zənnimcə,
insandakı kibirin, təkəbbürün ən uc nöqtəsidir.
İndi nə o padşahlar var, nə də qulları. Onlardan
günümüzə sadəcə daşlar, betonlar və əməlləri
qalıb.
Yaxınlarda yolumu o dönəmdən qalan xanlardan
(karvansaray) birinə saldım. Kim bilir, həftədə
neçə dənə xan görürəm, təbii ki,
hamısından yazmaq olmaz. Amma hekayəsi və əsrarəngiz
memarlığı olanlara biganə qala bilmirəm.
Ruməli xanı
İstiqlal caddəsinin Taksim istiqamətindəki
girişində, önündən bəlkə də min dəfə
keçdiyim, üzərinə "Cite Roumeli" yazılan
bina var. Bina II Abdulhəmidin mabeyinci başı, yəni saray
sözçüsü olan, eyni zamanda o dönəmin tacirlərindən
sayılan Raqıb Paşa tərəfindən 1876-1894-cü
illərdə inşa edilib. İtalyan memarlar bu binanı elə
gözəl tikib və dizayn ediblər ki, önündən
neçə dəfə keçirsən keç, hər səfərində
ayaq saxlamaq keçir ürəyindən. Raqıb Paşa həmin
ərəfələrdə o ərazidə Ruməli ilə
birlikdə Anadolu və Afrika adlı əlavə iki xan da
tikdirib. O dönəm Osmanlı imperatorluğunun
yayıldığı ərazilərin simvolu olaraq Paşa
xanlara bu adları verib.
Zirzəmi də daxil olmaqla abidə doqquz mərtəbədən
ibarətdir. Lift yoxdur, açığı, gəzərkən
bunun əskikliyini hiss eləmirsən. İçərinin
mistik aurası və maraqlı mənzərələr pilləkənlər
yuxarı çıxarkən insanı yormur. Bütün mərtəbələr
demək olar ki, boşdur. Sən demə, vaxtilə
çoxotaqlı evlərdə yaşamaq üçün
yüksək vəzifəli dövlət adamı olmaq
lazım imiş. Eləcə də, bu xandakı evlərdə...
Raqıb Paşa binanı inşa etdirərkən əməlli-başlı
dəridən-qabıqdan çıxırmış. Bir
gün Sultan Abdulhəmid "Çox yorğun
görünürsən, paşa, nə işlə məşğulsan"
deyə soruşur. Paşa, "qullarınıza
başlarını sala biləcək bir yer tikdirirəm,
hökmdarım" deyə cavab verir. Yuxarıda da bəhs
etmişdim, deməli, padşahdan aşağı olan hamı
qul sayılırmış, fərqi yoxdur vəzirsən, ya da
saray sözçüsü. Padşah da özünü
Tanrı sayıb, səltənətinin sonsuzadək sürəcəyini
zənn edirmiş. Deyim ki, bu bina beynimizdə
canlandırdığımız səviyyədəki
qulların qalacağı yer deyil. Həddən artıq
lüksdür. Elə həm o dönəm, həm də indi
üçün.
Bir-birini qucaqlayan tarix
Əvvəllər xanın yerində məşhur
Bodos və Kevrok adlı şəxslərin odun anbarları
mövcud imiş. Raqıb Paşa məkanı həmin şəxslərdən
satın alaraq bu işə qol qoyur. Xüsusilə 1800-cü
illərdə inşa edilən binalarda sənəti ifadə
edən toxunuşlar dəbdə idi. Burada da o həmin
modanı görmək mümkündür. Fasad qismi neoklassik və
neorenessans tərzində inşa edilib, içərisində
barok, rokoko, renessans izlərini görmək olar, zirzəmidə
isə klassik tərz güclü şəkildə nəzərə
çarpır. Passaj kimi fəaliyyət göstərən
bina Ağa Məscidinin düz yanındadır. Paşanın
binanı abidənin yanında tikdirməsi təsadüf deyil.
Məscidin qarşısından, yəni İstiqlal caddəsindən
hər gün minlərlə insan aşağı-yuxarı
axın edir. Ancaq içi mən qarışıq abidənin
1596-cı ildən bəri fəaliyyətdə olduğunu
bilmirdik. Olduqca kiçik və sadə olan məscidin bir
neçə əsrlik tarixi olduğuna inanmaq çətindir.
İbadətgah Qalata Sarayı ağalarından
Hüseyn Ağa tərəfindən inşa edilib. O qədər
sadədir ki, heç qübbəsi də yoxdur. Amma ilk illərdə
qübbəsinin var olduğunu deyirlər. II Mahmud tərəfindən
iki dəfə təmir edilmişdi, ancaq ondan sonra uzun müddət
gözdən uzaq qalır və xarabalığa çevriləcəkkən
Paşa məsələyə əl atır. Aradan illər
keçir, bu dəfə Vəqflər İdarəsi tərəfindən
restavrasiya edilir. Baxan kimi hiss edirsən ki, mehrabı,
divarları, minarənin gövdəsi keçmişdən
qalıb, qalan hər şeyi təzələnib.
Şadırvan Memar Sinanın əsəri olan Sinan Paşa məscidindən,
fəvvarə isə Eyyub təkkəsindən gətirilib.
Kiçicik bu yerdən azanın səsi əskik olmur.
Görüntüsü də elədir ki, nə çox
gözə girir, nə də arxa planda qalır.
Xalqın üzünü görməmək
üçün tikilən tunel
İndi gələk əsas məsələyə, yəni
məni buraya gətirən səbəbə - Ruməli
xanının 2017-ci ildə restavrasiya olunmaq üçün
qapadılmasına. Bina tarixi olduğu üçün zəlzələyə
qarşı dayanıqlılığını yoxlamaq, problem
varsa, aradan qaldırmaq üçün zirzəmiyə əl
atırlar. Baxırlar ki, içəri zir-zibil və torpaqla
doludur. Yavaş-yavaş təmizləməyə
başlayırlar. Qalaq-qalaq zir-zibil təmizləyəndən
sonra çalışanlar qarşılaşdıqları mənzərəni
görəndə gözlərinə inanmırlar. Sən demə,
üstü pasaj və evlərdən ibarət binanın
bütün sirri zirzəmisində gizlənirmiş. Zirzəmi
deyəndə gözünüzdə qaranlıq, ürək
sıxan, alçaq, boğucu yer canlanmasın. Elə təsəvvür
edin ki, bura hər hansısa qədim sarayın bir
parçasıdır. Uzun dəhlizi,
enli və böyük tağları, tağların içində
otaqları, dəhlizin də öz qolları var. Təbii ki,
bu mənzərə insanın beyninə min fikir gətirir.
Düşünürsən ki, yaşayış
üçün nəzərdə tutulan binanın altında
bu cür dəbdəbəli, sanki birazdan padşah keçəcəkmiş
kimi qurulan, dizayn edilən tunelin məqsədi nə imiş? Sən
demə, bu gizli tunel üç Xanı bir-birinə keçid
etmək üçün nəzərdə tutulubmuş.
O vaxt xalqa qarışmaq istəməyən üst təbəqədən
olan soylu və varlı adamlar həm binalar arasında, həm
də çıxışlarda bu gizli tunellərdən istifadə
edirmişlər. Sütunu xalq olanların da xalqa yuxarıdan
aşağı baxmaqları lap komediyadır. Dinəndə də,
Paşa Sultana deyir ki, "Bəs hökmdarım qullarına
başlarını sala biləcəkləri dam tikirəm".
Deyilənə görə, Paşanın ömrü vəfa
etsəymiş, Avstraliya və Amerika adlı iki xan tikdirməyi
planlaşdırırmış.
Peyam Safadan Sait Faiqə qədər...
Ruməli xanı, Osmanlı və Türkiyənin
tarixində önəmli hadisələrə şahid və səhnə
olub. Dönəmin sənətçilərinin, dövlət
adamlarının, siyasətçilərinin, ədəbiyyatçılarının
bir növ görüş nöqtəsi imiş. Abdulhəmidin
yavərlərindən olan Qəni bəyi vuran Hafiz Paşadan,
Rəfi Cavad Ulunaya, Xalid Fəxridən sonralar buradan
çıxmayacaq olan Peyami Safaya qədər bir çox fərqli
sahələrdən gələni-gedəni varmış. Hətta
Sait Faiq Abasıyanıq Burqazadada canını
tapşırmadan bir gün əvvəl bütün
dostlarını burada toplayaraq yeyib içibmişlər. Bu
hadisədən sonra xan bir müddət insanların beynində
"son axşam yeməyi" kimi qalır. Sonra bu da unudulur, hər
şey kimi...
Binanın ev kimi nəzərdə tutulmuş
otaqları demək olar ki, tamamilə boşdur. Heç ofis
kimi də istifadəyə verilmir. Sadəcə pasajı aktiv
şəkildə işləyir. Restoran, kafe, ofis və
mağazaların fəaliyyətindədir. Lap üstə isə
böyük terras var. Bütün Bəyoğlu, Uzaqdan
görünən Şişli ayaqlarının altında
qalır. Bəzən həddən artıq yalın, tənha
olan bina təkliyə çəkilmək, düşünmək,
fərqinə varmaq üçün əla yerdir. Eyni zamanda
İstanbulun betonlara necə təslim olduğunu buradan daha dəqiq
görmək mümkündür.
Əslində Paşanın tikdirdiyi abidələrin
hamısı bir-birindən gözəldir. Onlardan digəri
Kadıköydə, Caddəbostanda yerləşən məşhur
Raqıb Paşa Köşküdür. Şəhərin ən
möhtəşəm abidələrindən olan bu
köşk 1906-cı ildə Paşa tərəfindən
Avqust Casmunda inşa etdirilib. Bu köşkü 2 il əvvəldən
gözaltı etmişəm, amma ziyarətə
açılmır ki, açılmır. Yenə də
ümidliyəm, bəlkə bir gün...
Qeyd edim ki, təzəlikcə, yəni Rumeli
xanındakı tunel kəşf edildikdən sonra ziyarətçilərin,
tiktoker və blogerlərin buraya axını başlayıb.
Zirzəminin mədəniyyət və sənət fəaliyyətlərində
də istifadə edilməsi planlaşdırılır.
Türkan TURAN
525-ci qəzet .- 2025.- 21 iyun (№106).- S.19.