Yazmaq - sağalmaq, sağ qalmaq cəhdi...
Bəzən bir cümlə bir insanı xilas edir. Bəzən
də bir yazı onu yazan adamı. Elə anlar olur ki, dilə gətirə
bilmədiyin hər şey klaviatura sətirlərinə,
köhnə bir dəftərin arasına, bəlkə də,
heç kimə göndərilməyəcək məktubun
sonuna hopur. Yazmaq təkcə sözləri düzümə
qoymaq deyil, yazmaq içini düzənə salmaqdır.
Özünü başa düşmək, özündən
sağ çıxmaq cəhdidir.
Kim deyə bilər ki, yazı yalnız oxucu
üçündür? Elə yazılar olur ki, onları
yazarkən sanki bir psixoloqla söhbət edirsən.
Qorxularını, tənhalığını, itkilərini,
susqunluğunu danışmağa başlayırsan. Sən
danışırsan, kağız dinləyir. Sən duyğularını
tökürsən, o, səni daşıyır. Sonda
baxırsan ki, içini yeyib bitirən o narahatlıq, o qorxu, o
təşviş - hamısı yoxa çıxıb, ruhun
hüzura qovuşmuşcasına sakitləşmisən.
İçindəki burulğan vərəqin bağrına
hopan bir cümləyə çevrilib. Bəzən yalnız
içindəkini kağızla bölüşmək kifayət
edir.
Deyirlər, insan ən çox susanda yazır. Elə
yazılar var ki, onları oxuyanda müəllifin hansı
duyğular içində olduğunu hiss etməyə ehtiyac
qalmır - cümlələrin nəfəsi var. Sanki hər sətir
bir iç çəkiş, hər abzas bir səssiz fəryaddır.
Yazmaq bir növ daxili monoloqdur. Ya da səninlə səni
anlayan sözlər arasında baş tutan gizli bir söhbət.
Ən böyük yazılar da çox vaxt sükutdan
doğur. Danışa bilmədiyimizi yazırıq. Bəzən
utandığımızı, bəzən gizlətməyə
çalışdığımızı, bəzənsə
özümüzə belə etiraf etmədiyimizi. Yazmaq sirr
açmaqdır. Amma bu sirr təkcə oxucuya deyil, ən
çox da müəllifinə açıqlanır.
Bu dünyada nə qədər insan həyatının
müəyyən dövrlərində "dərdinə
kağız kəsib?" Gecənin bir yarısı oyaq
qalıb kiməsə göndərməyəcəyi məktubu
yazanlar, qəlbinə toxunan bir hadisəni hekayəyə
çevirənlər, çəkdiyi acını şeirə
hopduranlar azdırmı?! Yazmaq çox vaxt şəfa deyil,
amma şəfa yoludur. Yaraya məlhəm deyil bəlkə,
amma onu tanımağın, qəbul etməyin ilk
addımıdır.
Bəzən yazmaq yoxluqdan varlıq yaratmaq cəhdidir.
Sözün gücünə inanmaq, sükutu dinlədiyini
sübut etməkdir. Ən əsası içindəki həqiqətə
toxunmaq arzusudur. Yazı başqasını inandırmaq
üçün deyil, özünü tapmaq
üçündür.
Ədəbiyyat tarixində bir çox
yazıçılar elə bu ehtiyacla - sağalmaq
üçün - yazıblar: fransız ekzistensialistləri,
rus klassikləri, hətta Azərbaycan ədəbiyyatında
Mirzə Cəlil, Hüseyn Cavid və ya çağdaş
yazarlarımız... Onların yazdıqları təkcə cəmiyyətə
yox, həm də özlərinə ayna olub. Bəzən cəmiyyət
dəyişməyib, amma yazıçı dəyişib.
Yazmaqla...
Fransız yazıçı Albert Kamyunun
sözüdür: "Yazıçı olmaq cəmiyyətin
və zamanın qarşısında məsuliyyət
daşımaqdır". Amma yazıçının məsuliyyəti
yalnız ictimai deyil, həm də şəxsi yükdür.
Yazıçı, hər şeydən əvvəl,
içindəki xaosu nizama salmağa çalışan adamdır.
Yazmaq beynin və qəlbin qeyri-müəyyənliyini idarə
etmək cəhdidir.
Məsələn, Fyodor Dostoyevskinin "Cinayət və
cəza"sı sadəcə bir cinayət romanı deyil,
günah, əzab, vicdan və özünütanımaya aparan
çətin bir ruhi səyahətdir. Çexovun hekayələri
insanın susqun faciələrinin aynasıdır. Virginia Vulf
öz daxili qırılmalarını və psixoloji dərinliklərini
yazaraq həm oxucunu sarsıdır, həm də özünə
bir az daha yaxınlaşır. Yazmaq onların hamısı
üçün bir az sağalma, bir az da sağ qalma yolu idi.
Sabirin satirasında sosial ağrını, Məmməd
Arazın şeirlərində isə Vətən
yarasının poetik əksini görmək olar. Yazmaq onlar
üçün həm müqavimət idi, həm
mövcudluq.
Bəzən isə bütün bu cəhdlər
boşa çıxar. Yazmaq sağaltmaz, əksinə, daha da dərinləşdirər
hiss etdiklərini, yarana duz basırmışcasına göynədər,
hətta üstünü qaysaq bağlamış yaraları
da amansızcasına qanadar. Qan axar, ağrı artar. Amma bəlkə
də sağalmaq məhz bu ağrıdan keçir. Unutmaq
deyil, xatırlamağın öhdəsindən gəlməkdir
əsas olan? Yazmaq hər zaman sağaltmaz, bəli, amma
heç yazmamaq daha ağırdır yazını özünə
məlhəm seçən üçün.
Yazmamaq qəlbin karlaşmasıdır. Yazmaq isə
heç olmasa, bir pəncərə açmaq cəhdidir. O pəncərədən
ya işıq girər, ya külək. Amma nəfəs almaq
üçün o pəncərə mütləq ki
açılmalıdır. Bu nəfəs bəzən
cılız, bəzən çarəsizdir, amma yenə də
nəfəsdir. Susmaq boğar, yazmaq, az da olsa, rahatladar. Yazmaq
özünü dinləmək, özünü anlamaq,
özünü bağışlamaq cəhdidir. Hər kəsin
yazısı olmasa da, hər kəsin içində
yazılmamış bir kitab var, şübhəsiz. Kimsə
onu yazır, kimsə onu ömrü boyunca qəlbinin ən
mübhəm yerində daşıyır.
Yazmaq sağalmaqdırmı? Mən də bunu dəqiq
bilmirəm. Amma yazmaq sağ qalmaq cəhdidir. Bəlkə də
elə bu cəhdin özü yetərlidir.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 21 iyun (№106).- S.18.